Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2376/2026 12.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə 12.000 manat məbləğində pul və 126 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir.
2. Qətnamə ilə razılaşmayan cavabdeh elektron kabinet vasitəsilə apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə ona go ndərilmişdir. Lakin səhhətindəki ciddi problemlər (dişlərini çəkdirmiş və implant əkdirmiş, bir ay ev şəraitində xəstəliyi ilə əlaqədar daimi müalicə almış) səbəbindən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddət buraxılmışdır. Həmçinin elektron kabinet barədə anlayışı olmaması səbəbindən qeyd olunan qətnamədən apellyasiya şikayəti vermək üçün qanunla müəyyən olunmuş müddət buraxılmışdır. Buna görə də, hesab edir ki, göstərilənlər üzrlü hallardır və buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilməlidir.
4. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə cavabdeh Cavabdeh apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş, onun həmin məhkəmənin ##.##.2026-cı i il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Cavabdeh qərardaddan şikayət verərək onun ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadını əsaslandıra bilməmişdir. Məhkəmə qərardadında yazmışdır ki, o, həmin müddət ərzində xəstə olsa belə, nümayəndəsi vasitəsi ilə apellyasiya şikayəti verə bilərdi. Məhkəmənin həmin dəlilləri ilə razılaşmır. Məhkəmə nəzərə almamışdır ki, onun vəkillə müqavilə bağlamağa və etibarnamə verməyə maddi imkanı olmamışdır. Həmin qətnamədən apellyasiya şikayəti vermək istəsə də, səhhətində ciddi problemlər, dişlərində ağrılar olduğu üçün İlqar həkimə müraciət etmiş, çürük dişlərini çəkdirmiş, damaq düzəltdirmiş, 1 ay iynə vurdurmuş, soyuğa verməmək şərti ilə evdən çıxmamışdır. Habelə qətnaməni götürdüyü zamanlarda ev şəraitində xəstəliyi ilə əlaqədar daimi müalicə alması səbəbindən şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Bu barədə fotoşəkilləri və reseptin surətini ərizəsinə əlavə etmişdir. Hazırda səhhətilə bağlı vəziyyəti nisbətən yaxşılaşdığından həmin qətnamədən şikayət vermək istəyir. Müddətin buraxılması onun iradəsindən asılı olmayaraq, hüquqi savadsızlığı, elektron kabinet barədə anlayışı olmaması, səhhətində yaranan problemlər, ev şəraitində aldığı müalicələrlə bağlı olmuşdur. Üzrlü səbəbdən apellyasiya şikаyəti vеrmək üçün prosessual müddəti buraxmışdır. Onun indiyədək elektron kabineti, “ASAN imza”sı olmamışdır.
7. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. İş materiallarından aydın olur ki, məhkəmənin ##.##.2026-cı il tarixli qətnaməsi cavabdehin iştirakı ilə keçirilmiş məhkəmə iclasında elan edilmiş, qətnamə poçt vasitəsilə cavabdehə göndərilmiş və sonuncu tərəfindən ##.##.2026-cı il tarixində qəbul olunmuşdur. Prosessual qanunvericiliklə müəyyən edilmiş müddətdə apellyasiya şikayəti daxil olmadığından qətnamə ##.##.2026-cı il tarixdə icraya yönəldilmişdir.
13. Qətnamədən cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir.
14. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən cavabdehə qətnamə mülki-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq rəsmi qaydada təqdim edilmiş, qanunvericiliklə nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti daxil olmamışdır.
15. Kollegiya qeyd edir ki, cavabdehin şikayətində istinad etdiyi hallar (dişlərin çəkilməsi və implantasiya əməliyyatının aparılması) qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilməsinə əsas vermir. Ümumiyyətlə, cavabdeh bununla bağlı hər hansı mötəbər sübut da təqdim etməmişdir.
16. “X7 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № *****/**, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38).
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.