Məhkəmə qərarları › İş №2(3-6)-2454/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2454/2026

07.07.2026 · Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2454/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X10 Pərviz qızına qarşı “mənzilə istifadə hüququnun itirilməsi”tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “istifadə hüququnun itirilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi X1,, Cavabdehlər cavabdeh2 və X10 Pərviz qızının iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və X10 Pərviz qızına qarşı “mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər ##.##.1973- cü il təvəllüdlü X3 və ##.##.1999-cü il təvəllüdlü X4 ona məxsus Bakı şəhəri Yasamal rayonu, Salatın Əsgərova küçəsi ** saylı evin * saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı mülkiyyətçisidir. ##.##.2011-ci il tarixdə ünvan 1 ünvanda yerləşən daşınmaz əmlaka Əmlak Məsələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti tərəfindən öz adına Seriya MA ******* nömrəli reyestrdən çıxarış almışdır. Cavabdehlər onun yaxın qohumudur. Belə ki, cavabdeh2 onun qızıdır, X4 isə nəvəsidir. Cavabdehlərin öz evləri vardır, qızı ailə qurduqdan sonra bu evdə yaşamır. Həmçinin digər cavabdeh ümumiyyətlə heç vaxt bu evdə yaşamamışdır. O, cavabdehlərə məhkəmədən kənar qaydada mübahisənin həll edilməsi barədə müraciət etsə də, cavabdehlər cavabdeh2 və X4 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ** saylı evin, * saylı mənzilindən yaşayş yeri üzrə qeydiyyatdan çıxmamışlar. Mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ** saylı evin, * saylı mənzilindən vətəndaşlar cavabdeh2 və X4 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına dair ərizə ilə Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Yasamal rayon Polis Idarəsinə müraciət etmişdim və müraciətində göstərmişdir ki, “vətəndaşlar cavabdeh2 və X4 ona məxsus Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ** saylı evin, * saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatından çıxarılsın”. Lakin onların qeydiyyatdan çıxarılması mümkün olmamışdır.

3. Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Kərim Xudayev) iddia tələbi qismən təmin edilmiş, cavabdeh cavabdeh2 ünvan 2 ünvanında yerləşən * saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, bu qətnamənin cavabdehlər cavabdeh2 və X10 Pərviz qızının ünvan 2 ünvanında yerləşən * saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi müəyyən edilmişdir.

4. Iddiaçı və cavabdeh cavabdeh2 Nurullayeva qətnamə ilə razılaşmış, onu mübahisələndirməmiş, cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsi yaşayış sahəsindən istifadə hüququnun itirilməsi məsələsini həll edərkən mülki qanunvericiliyinin tələblərini düzgün tətbiq etməmişdir. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün yalnız şəxsin həmin ünvanda faktiki yaşamaması kifayət etmir. Bu hüququn itirilməsi üçün şəxsin həmin yaşayış sahəsindən könüllü imtina etməsi, daimi olaraq başqa yaşayış yerinə köçməsi və həmin hüquqdan istifadə etmək niyyətinin olmaması sübuta yetirilməlidir. Iş materiallarında cavabdehin yaşayış sahəsindən könüllü imtina etməsini təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Rayon məhkəməsi iş üzrə əhəmiyyətli olan araşdırmamışdır: 1.Cavabdehin həmin mənzildə qeydiyyatda qalmasının səbəbləri müəyyən edilməmişdir; 2.Cavabdehin başqa yaşayış sahəsinin olub-olmaması və həmin sahənin daimi yaşayış üçün yararlılığı araşdırılmamışdır; 3.Cavabdehin ailə üzvü kimi həmin mənzildən istifadə hüququnun davam edib-etməməsi məsələsinə qiymət verilməmişdir. Mübahisəli mənzil onun valideyinlərinin birgə nigah dövründə əldə etdiyi əmlak olduğundan anası rəhmətə gedəndən sonra onun vərəsə olaraq həmin mənzildə pay hüququ var. Bildirir ki, onun qeydiyyatda olduğu mənzildən heç vaxt əlaqəsi kəsilməmiş və bu gündə davam edir. Son bir ilə qədər atasına o qulluq edib, mənzilin gündəlik təmizlik işlərinin görüb. Hesab edir ki, bir vətəndaş olaraq onun konstitusion hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd edilənlərə əsasən, qətnamənin qismən – təmin edilən hissədə ləğv edilməsini və həmin hissədə də iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, bildirdi ki, 1979-cu ildən mübahisəli mənzildə yaşamışdır, 1997-ci ildə ailə həyatı qurduqdan sonra ünvan 3 ünvanında yerləşən qaynatasının evində qalıblar. Indi isə Abşeron rayonu, Fatmayı ünvanında o, əri və qaynanası birgə yaşayır. Həmin ev onun oğluna bağışlanmışdır. Anası 2019-cu ildə rəhmətə gedəndən sonra altı il atasının yanında olmuş, ona köməklik göstərmişdir.

7. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 Nurullayeva da cavabdehin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və qeyd etdi ki, 2025-ci il ildən nikaha daxil olub, Şövkət Məmmədova 51 ünvanında yaşayır.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi F.Vəliyeva apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətə etiraz etdi və təmin edilməməsinini xahiş etdi və göstərdi ki, cavabdeh 1997-ci ildə ailə qurduqdan sonra ər evinə köçmüş, həmin vaxtdan da ərinə aid evdə yaşayır, ara-sıra gəlib atasına baş çəkmiş, digər cavabdeh isə heç vaxt həmin evdə yaşamamışdır, atası xəstədir, hazırda mənzildə özü uşaqları və atası birlikdə yaşayırlar, atasına da o özü baxır. Sübutların tədqiqi:

9. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, cavabdeh2 və Nurullayeva Səbinə Pərviz qızı Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 59 ünvanında ##.##.2005-ci il tarixdən qeydiyyatdadırlar.

10. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 59 ünvanında yerləşən mənzil İddiaçı adına ##.##.2011-ci il tarixdə qeydiyyata alınmışdır.

11. Yasamal rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli *-**-**/*-V-***** nömrəli İddiaçı müraciətinə cavab məktubundan müəyyən olur ki, iddiaçıya mülkiyyətində olan ünvan 1 ünvanından cavabdeh2 və Məmmədova Səbinə Pərviz qızının qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etməsi bildirilmişdir.

12. Mülki iş materiallarında olan ##.##.2025-ci il tarixli aktdan müəyyən olur ki, X5, X7, X2, X6 və X8 imzaları ilə təsdiq edirlər ki, ünvan 1 İddiaçı mülkiyyətindədir və həmin mənzildə qeydiyyatda olan cavabdeh2 1997-ci ildə ailə qurub ər evinə gedib və həmin zamandan bu günə kimi bu evdə yaşamır, onun qızı Məmmədova Səbinə Pərviz qızı da ailə qurub ər evində yaşayır, bu evdə yaşamır. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası

13. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

14. Maddə 29.III. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

15. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:

16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

17. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

18. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

19. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

20. ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi

21. Maddə 53. Icarədarın ailə üzvlərinin hüquq və vəzifələri

22. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

23. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.

24. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

25. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

26. Maddə 54. Icarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ

27. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.

28. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.

29. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

30. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması

31. Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

32. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması

33. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir.

34. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

35. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli Qərarı:

36. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

40. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

41. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

42. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

43. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

44. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

48. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

49. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

52. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh cavabdeh2 apellyasiya şikayətinə əsasən iddia tələbinin ona aid təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

53. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

54. Belə ki, mülki işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Əsgərova küçəsi, ev 59 ünvanında yerləşən * saylı mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh cavabdeh2 onun qızı və X11 isə onun nəvəsidir. Cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadırlar. Cavabdeh cavabdeh2 iddiaçının ailə üzvü olmaqla mübahisəli mənzildə istifadə hüququ olmuşdur. Iddiaçının nəvəsi olan digər cavabdeh ümumiyyətlə iddiaçıya məxsus mənzildə yaşamamışdır.

55. Hazırkı işin hallarından o da müəyyən edilmişdir ki, cavabdeh cavabdeh2 1997-ci ildə nikaha daxil olana qədər iddiaçıya məxsus evdə yaşamışdır. Həmin tarixdən sonra başqa daimi yaşayış yeri olmuşdur.

56. Rayon məhkəməsi iddia tələbini cavabdeh cavabdeh2 aid hissədə təmin edərək, onun mübahisəli mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsini və qətnamənin cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğunu qət etmiş, digər cavabdehə münasibətdə iddia tələbinin təmin edilməməsini həmin cavabdeh – iddiaçının nəvəsi qeyd edilən mənzildə heç vaxt yaşamadığından istifadə hüququnun da yaranmamasına əsaslanmışdır.

57. Qətnamə ilə razılaşmayan cavabdeh cavabdeh2 apellyasiya şikayəti vermiş və şikayətinin dəlili kimi qeyd etmişdir ki, 2019-cu ildə anası rəhmətə getdikdən sonra son bir ilə qədər atasının yanında olmuş, atasına o qulluq etmişdir.

58. Məhkəmə cavabdehin şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, apellyatorun özünün və iddiaçının nümayəndəsinin izahatlarından da müəyyən olduğu kimi apellyator 1997ci ildə nikaha daxil olduqdan sonra qeydiyyatda olduğu mübahisəli mənzildən köçüb getmiş, daimi başqa yaşayış yeri olmuşdur. Cavabdeh apellyasiya şikayətində anası vəfat etdikdən sonra - 2019-cu ildən atasına qulluq etdiyini qeyd etsə, o, həmin tarixdən atasının yanına köçməsi, onunla yaşamasına dair sübutlar verə bilməmiş, onun həmin dəlili öz təsdiqini tapmamışdır, hətta bu halın təsdiq edilməsi belə, cavabdehin itirilmiş istifadə hüququnun bərpası və ya yenidən həmin mənzilə hüququn əldə edilməsi üçün əsas vermir.

59. Beləliklə, Məhkəmə hesab edir ki, ##.##.2009-ci il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin tələbləri baxımından cavabdehin icarədarın ailə tərkibi kimi mübahisəli mənzildən istifadə hüquqlarının yaranmasına baxmayaraq, həmin hüquqdan istifadə etməməsi və iradəvi olaraq onun yaşamaq üçün başqa yaşayış yeri seçməsi ilə əlaqədar bu hüququnu itirmişdir. Demək ki, rayon məhkəməsinin cavabdeh cavabdeh2 iddiaçıya məxsus mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

60. Məhkəmə yuxarıda qeyd edilən əsaslara görə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

61. Odur ki, cavabdeh cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsassızdır və şikayət təmin edilə bilməz. Nəticə:

62. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

64. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

66. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar