Məhkəmə qərarları › İş №2(3-6)-2639/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2639/2026

20.07.2026 · Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2639/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə iddiaçı İddiaçı iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi haqqında məlumat

1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan və Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən 3 “B” saylı özbaşına tikili olan evə cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, mübahisəli tikili iddiaçının valideynləri tərəfindən 1977-ci ildə inşa edilmiş və onların vəfatından sonra iddiaçının istifadəsinə keçmişdir, baxmayaraq ki, “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmamışdır. Tikili özbaşına tikili hesab edilir. İddiaçının övladı İlham Orucov ##.##.2010-cu il tarixdə cavabdeh ilə nikaha daxil olmuş və cavabdeh həmin tikiliyə gəlin köçmüşdür. Nikahdan bir uşağın doğulmasına baxmayaraq İlhamla cavabdehin münasibətləri pozulmuş, onlar ər-arvad münasibətlərini kəsərək, ayrılmışlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə nikahın pozulması, azyaşlı uşağın anasının – hazırki iş üzrə cavabdehin yanında saxlanılması qət edilmişdir. Göründüyü kimi cavabdehin mübahisəli tikiliyə yaşamaq üçün köçməsinə səbəb, cavabdehin iddiaçının oğlu ilə nikaha daxil olaraq ailə qurması olmuş, hazırda isə həmin səbəb aradan qalxmış, bununla da, cavabdehin həmin tikilidə yaşamasının hüquqi əsası hazırda mövcud deyil. Belə ki, cavabdeh, həmin tikilinin inşa edilməsində və ya sonradan onu yaxşılaşdırılmasında maliyyə cəhətdən iştirak etməmişdir. Buna və uzun müddətdir ki, tikilidə yaşamamasına baxmayaraq, cavabdeh, nikahın pozulmasından sonra yaşayış yeri üzrə tikilidən qeydiyyatdan çıxmamış, özünə məxsus əşyaları aparmamışdır, baxmayaraq ki, iddiaçı bunu cavabdehdən dəfələrlə tələb etmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsinə verdikləri izahatlar haqqında məlumat

3. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

4. Cavabdehin vəkili (nümayəndəsi) Vəkil elektron kabinet vasitəsilə Rayon Məhkəməsinə ərizə təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, cavabdeh və qətnamə ilə yanında saxlanılmış ##.##.2017-ci il təvəllüdlü övladı mübahisə tikilidə yaşayış yeri üzrə qeydiyyatdadırlar və deməli onların həmin tikilidən istifadə hüquqları var. Belə olan halda həmin hüquqa kompensasiya ödəmədən xitam verilməsi mümkün deyil. c) birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə haqqında məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın təmin edilməsini, cavabdehin mübahisəli tikiliyə istifadə hüququnun olmamasının müəyyən edilməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmamış və həmin tikili üzərində hər hansı şəxsin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Bununla yanaşı, iş materialları ilə iddiaçının uzun müddət həmin ünvanla faktiki və hüquqi əlaqəsinin olması, tikilidən yaşayış sahəsi kimi istifadə etməsi və həmin ünvanda qeydiyyatda olması müəyyən edilmişdir. Cavabdehin mübahisəli tikiliyə köçməsinin ayrıca mülki-hüquqi əqd və ya yaşayış sahəsi üzərində müstəqil əşya hüququnun yaranmasına səbəb olan digər hüquqi əsasdan deyil, onun iddiaçının övladı ilə mövcud olmuş ailə münasibətlərindən irəli gəldiyi nəzərə alınmalıdır. Belə olan halda cavabdehin həmin tikilidə yaşamasına ailə münasibətləri çərçivəsində razılıq verilməsi onun mübahisəli tikili üzərində müstəqil və müddətsiz istifadə hüququ əldə etməsi kimi qiymətləndirilə bilməz. d) apellyasiya şikayəti haqqında məlumat

7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdr ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı, bu kimi iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyil. Çünki mübahisəli tikili özbaşına tikilidir və tikili üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa qeyd edilməlidir ki, cavabdeh iddiaçının övladı ilə 2010-cu ildə nikaha daxil olaraq həmin tikiliyə yaşamaq üçün iddiaçının razılı ilə köçmüş və nikah pozulana kimi həmin tikilidə yaşamışdır. Göründüyü kimi cavabdehin həmin tikiliyə köçməsi müvəqqəti xarakter daşımamışdır. Tikili özbaşına tikili olduğundan hazırkı mübahisə analogiyaya uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin tələbi baxımından həll edilməli, onun istifadə hüququ daimi hüquq kimi qiymətləndirilməli və bu hüquqa xitam verilməsi üçün iddiaçı tərəfindən cavabdehə müvafiq kompensasiya ödənilməlidir. Çünki cavabdeh ilə iddiaçı arasında olan nikahın pozulması həmin hüququn avtomatik olaraq aradan qalxmasına səbəb ola bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin həmin tikilidə hazırda yaşamaması iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz, çünki cavabdeh məcburiyyət qarşısında həmin tikilini tərk etmişdir. Cavabdehin özünün və övladının əşyalarının əksəriyyətinin həmin tikilidə qalması da onu təsdiq edir ki, cavabdehin həmin tikili ilə faktiki əlaqəsi kəsilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, cavabdeh hazırda Cilov adasında yerləşən məktəbdə müəllim işləyir və övladı ilə birlikdə həmin adada yataqxanada yaşayır ki, bu da, yaşayış yerinin daimi olaraq dəyişilməsi kimi qiymətləndirilə bilməz. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və verdikləri izahatlar haqqında məlumat

9. Apellyasiya baxışının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir.

10. Cavabdehin vəkili (nümayəndəsi) Mübariz Yolçuyev ərizə ilə Məhkəməyə müraciət edərək, eyni tarixdə və saatda başqa məhkəmə iclasının olması ilə əlaqədar apellyasiya baxışı iclasında iştirak edə bilməyəcəyini, hazırkı iclasın təxirə salınmasını və iclasın təxirə salınmasından əvvəl tarix və saat barədə vəkillə əlaqə saxlanılmasını xahiş etmişdir. O bu xahişinin başqa məhkəmə prosesi ilə bağlı olduğunu bildirsə də, bu halı təsdiq edə biləcək müvafiq sübutlarını Məhkəməyə təqdim etməmişdir.

11. Məhkəmə hesab etmişdir ki, işə cavabdehin və onun vəkilinin iştirakı olmadan baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376-ci maddəsinin tələbləri baxımından mümkündür. Belə ki, cavabdeh gəlməməsinin səbəbini bildirmədiyindən bu halın məhz üzürlü səbəbdən baş verməsini müəyyən etmək mümkün olmamışdır. Cavabdehin vəkili (nümayəndəsi) isə ərizəsində qeyd etdiyi başqa məhkəmə iclasının hazırkı işi üzrə iclasın təyin edilməsindən əvvəzl təyin edildiyini təsdiq edə biləcək sübutları (məsələn: məhkəmə bildirişlərini) Məhkəməyə təqdim etməməşdir. MPM-in 376-ci maddəsinin tələbinə görə isə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.

12. Apellyasiya baxışı iclasında iştirak etmiş iddiaçı, apellyasiya şikayətinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, həmçinin iddia tələbinin məzmununa uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Belə ki, işin mübahisəsiz hallarından müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, mübahisəli tikili iddiaçının valideynləri tərəfindən təxminən 50 il bundan əvvəl inşa edilmiş və onların vəfatından sonra iddiaçının istifadəsinə keçmişdir. Tikili “Daşınmaz əmlakın dövlət reyestrində” qeydiyyata alınmamışdır. Tikili özbaşına tikilidir. İddiaçının övladı İlham Orucov ilə cavabdeh ##.##.2010-cu il tarixdə nikaha daxil olmuş və cavabdeh iddiaçının razılığı ilə həmin tikiliyə gəlin köçmüşdür. Tikilidə yaşadığı dövrdə cavabdeh yaşayış yeri üzrə həmin tikiliyə qeydiyyata alınmışdır. Nikahdan bir uşağın doğulmasına baxmayaraq İlhamla cavabdehin münasibətləri pozulmuş, onlar ər-arvad münasibətlərini kəsərək, ayrılmışlar. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)- ****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2024-cü il tarixli qətnamə ilə nikahın pozulmasını, azyaşlı uşağın anasının – hazırki iş üzrə cavabdehin yanında saxlanılmasını, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün alimentin tutulmasını qət etmişdir.

15. İşin hallarından həmçinin müəyyən edilir ki, cavabdeh ilə iddiaçının övladı İlham Orucovun arasındakı nikahın pozulması ərəfəsində cavabdeh həmin tikilini tərk etmişdir. O hazırda Cilov adasında yerləşən məktəbdə müəllim işləyir və bu səbəbdən Cilov adasında yataqxanada yaşayır.

16. İşin mübahisəli halı isə cavabdehin həmin tikiliyə istifadə hüququnun yaranıbyaranmaması və yaranıbsa bu hüquqa xitam verilməsinin hansı qaydada həyata keçirilməsindən ibarətdir.

17. Məhkəmə qeyd edir ki, mübahisəli tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması hazırkı mübahisənin həlli zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun mövcud olmaması şəraitində tərəflərin hüquqi vəziyyəti qeydiyyata alınmış mülkiyyət hüququnun mövcud olduğu yaşayış sahəsinə dair münasibətlərlə eyniləşdirilə bilməz. Bununla belə, tikilinin dövlət qeydiyyatında olmaması həmin tikili ilə bağlı faktiki sahiblik və istifadə münasibətlərinin mövcudluğunu özlüyündə istisna etmir.

18. İşin hallarından müəyyən edilir ki, cavabdehin mübahisəli yaşayış sahəsinə köçməsi onunla iddiaçının övladı İlham Orucovla nikaha daxil olaraq ailə qurması ilə bağlı olmuşdur. Cavabdehin mübahisəli tikilini əldə etməsi, həmin tikilinin və ya onun hər hansı bir hissəsinin inşa etdirməsi, tikilinin şəraitinin yaxşılaşdırması və ya həmin tikili üzərində ayrıca əşya hüququ əldə etməsi barədə hüquqi əsas müəyyən edilmir.

19. Mübahisəli tikilinin özbaşına tikili olmasını, cavabdehin həmin tikiliyə yaşamaq üçün iddiaçının oğlu İlham Orucov ilə ##.##.2010-cu il tarixdə nikaha daxil olduqdan sonra köçməsini nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 139cu maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə, daşınmaz əmlaklara dair bütün hüquqlar dövlət qeydiyyatına alınmalı və həmin qeydiyyat daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilməlidir (maddə 139.). Özbaşına tikintiyə hər hansı əmlak hüquqlarının əldə edilməsi qeyri-mümkündür (maddə 180.2.).

20. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdehin apellyasiya şikayətində bildirdiyi dəlillər – onun uzun müddət ərzində mübahisəli tikilidə yaşaması, orada iddiaçı və iddiaçının oğlu ilə birlikdə ümumi təsərrüfat aparması, özünə və övladına məxsus əşyaların hazırda da mübahisəli tikilidə yerləşməsi və sair bu kimi dəlilər cavabdehin həmin tikili üzərində istifadə hüququnun davam etdirilməsi üçün əsas deyil. Çünki, qanunverici ümumiyyətlə bu kimi hallar mövcud olduğu halda da özbaşına tikiliyə hər hansı hüququnun yaranmasını nəzərdə tutmamışdır.

21. Buna görə də, Məhkəmə, hazırkı iş üzrə tərəflər arasında mövcud olan mülki mübahisənin analogiyaya uyğun olaraq Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4cü maddəsinin müddəaları baxımından həll edilməsini mümkün hesab edir, baxmayaraq ki, cavabdeh, onunla iddiaçı arasındakı bu mübahisənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbləri baxımından həll edilməsini xahiş edir.

22. Məhkəmə bu kimi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli qərarı ilə əsaslandırır.

23. Belə ki, həmin qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən ##.##.2009-cu il tarixinədək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

24. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbinə görə isə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

25. Buna görə də, Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməkdə faktlar nöqteyi-nəzərindən haqlı olmuşdur. Çünki mübahisəli tikili 50 ilə yaxın müddətdir ki, iddiaçının ailəsinin istifadəsindədir, cavabdeh iddiaçının ailə üzvü sayılmır və cavabdehin mübahisəli tikiliyə köçməsinə səbəb onun iddiaçının övladı ilə nikaha daxil olması olmuşdur ki, hazırda da həmin nikaha xitam verilmişdir. Cavabdehin qeyd edilən tikilidən istifadə hüququ yoxdur. Bu kimi hüquq olmadığından iddiaçı tərəfindən cavabdehə kompensasiya ödənilməməlidir.

26. Eyni zamanda Məhkəmə hesab edir ki, cavabdeh hazırkı dövrdə yataqxanadakı mənzildə yaşasa və həmin mənzil cavabdehə məxsus sahə olmasa da bu hal iddianın rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz. g) apellyasiya baxışının nəticəsi

27. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

28. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Buna görə də şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

30. Odur ki, MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-nin tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar