Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-249/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Eyvazov (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 5854/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi olaraq 3620 manat pulun, həmçinin vəkil xidmətlərinin göstərilməsi üçün ödənilmiş 320 manat və ödənilmiş dövlət rüsumuna görə 57 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-cı il tarixdə saat 11:10 radələrində X9 etibarnamə əsasında idarə etdiyi, İddiaçı Məhhəmədəli qızının mülkiyyətində olan “Chevrolet Malibu” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, C.Səlimov küçəsində hərəkətdə olan zaman X9 ilə eyni istiqamətdə sol zolağda hərəkətdə olan “Kamaz” markalı KA-255-QQ dövlət qeydiyyat nişanlı avtomaşın sağa dönmə manevr hərəkəti apararkən manevr qaydalarını pozaraq S.Abbasovun idarə etdiyi avtomobillə toqquşmuşdur. X1 idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobilin sol yan tərəfini əzmiş və iddiaçıya maddi ziyan dəymişdir. Hadisə ilə bağlı aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Kamaz” markalı KA-255-QQ dövlət qeydiyyat nişanlı avtomaşın Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülkiyyətindədir və sürücü vəzifəsində işləyən X5 yol vərəqi əsasında həmin nəqliyyat vasitəsini idarə etmişdir. Faktla bağlı Bakı şəhər DYPİ-də araşdırma aparılmış və xx.xx.2025-ci il TP ******* nömrəli qərara əsasən X5 xx.xx.2025-ci il tarixdə 11:30-da Nəsimi rayonu, C.Səlimov küçəsində “Kamaz” markalı KA-255-QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə “40” manat məbləğində cərimə edilməsi haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. “Kamaz” markalı KA-255-QQ dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığortası olmadığından S.Abbasovun idarə etdiyi iddiaçının mülkiyyətində olan “Chevrolet Malibu” markalı, 77-VC901 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığorta şirkəti tətəfindən qarşılanmamışdır. “X13” MMC-nin xx.xx.2025-ci il tarixli yekun ziyan aktına əsasən xx.xx.2025-cı il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Malibu” markalı, **-VC-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 3620 manat maddi ziyan dəymişdir. Baş vermiş hadisə ilə bağlı iddiaçıya vurulmuş zərərin məhkəmədən kənar ödənilməsi üçün cavabdehə pretenziya göndərilmiş, lakin cavab verilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5854/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddia təmin olunaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyindən İddiaçı mülkiyyətində olan “Chevrolet Malibu” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 3620 (üç min altı yüz iyirmi) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manat və dövlət rüsumu olaraq ödənilmiş 57 (əlli yeddi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, zərərin çox hesablanması, məhkəməyə təqdim olunmuş zərər aktının, sonradan əldə olunmuş müstəqil qiymətləndirici rəyi ilə servisin verdiyi dəymiş zərərə dair rəyin eyni olması, zərərin hesablanması zamanı cavabdehin iştirakının təmin olunmaması, bundan başqa yol nəqliyyat hadisəsi barədə protokol və qərardan sürücünün məsuliyyət daşıması müəyyən olunsa da, məhkəmə tərəfindən video müşahidə tələb olunaraq ona baxış keçirilməməsi, təqsirin dərəcəsinin müəyyən olunmaması, məhkəmə tərəfindən sübutlara düzgün hüquqi qiymət verilməməsi, nəticədə ədalətli məhkəmə araşdırması hüququnun pozulması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Apellyasiya baxışında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayəti müdafiə edərək, orda göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsini yalnız dəymiş zərərin həcminin müəyyən olunması hissəsində mübahisələndirdiklərini, servizin verdiyi rəylə müstəqil qiymətləndiricinin rəyinin faktiki eyni olması, bunun da əsaslı şübhə doğurması, hazırda dəymiş zərərin həcminin az olmasına dair hər hansı sübutlarının olmaması, birinci instansiya məhkəməsindəki icraat zamanı məlumatlı olmalarına baxmayaraq iştirak edə bilmədiklərini və s. bildirərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya baxışında iştirak etmiş iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olması, cavabdeh nazirliyin sürücüsünün təqsirinə görə yol nəqliyyat hadisəsinin baş verməsi, nəticədə iddiaçıya zərərin dəyməsi, zərərin cavabdeh tərəfindən könüllü olaraq aradan qaldırılmaması, iddiaçı tərəfindən avtomobilin təmir olunması, dəymiş zərərə dair rəylərin təqdim olunması, məbləğin şişirdilməməsi, əksinə təmir zamanı iddiaçı tərəifndən daha çox məbləğdə pulun xərclənməsi və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçının mülkiyyətində olan və etibarnamə əsasında X9 tərəfindən idarə edilən “Chevrolet Malibu” minik markalı, ** VC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin işçisi X6 tərəfindən idarə edilən və Müdafiə Nazirliyinin mülkiyyətində olan “Kamaz-Yük” markalı, KA 255 QQ dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arasında xx.xx.2025-ci il tarixdə yol nəqliyyat hadisəsinin baş verməsi, hadisədə cavabdehin işçisi X4 təqsirli bilinməsi, onun barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun və eyni tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın tərtib olunması, nəticədə 40 manat məbləğində cərimə edilməsi işin mübahisə olunmayan hallarıdır. Bundan başqa, iddiaçı tərəfindən təqdim olunmuş “X13” MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, iddiaçıya məxsus ** VC *** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobilə dəymiş zərərin ümumi məbləği 3620 manat təşkil etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 541/E nömrəli mütəxəssis rəyinə əsasən, ** VC *** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobilə dəymiş zərərin usta xərcləri ilə birlikdə ümumi məbləği 3620 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyin mülkiyyətində olan və işçisi X6 tərəfindən təqsirli yol nəqliyyat hadisəsi törədilmiş, hadisəyə dair protokol və İ.Məmmədov barəsində inzibati tənbeh tətbiq olunmuş, X13 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli qüsur aktı və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 541/E nömrəli mütəxəssis rəyinə əsasən, ** VC *** dövlət qeydiyyat nömrə nişanlı, “Chevrolet Malibu” minik markalı avtomobilə dəymiş zərərin ümumi məbləği 3620 manat təşkil edir. Belə olan halda, İ.Məmmədovun əməlinə görə cavabdeh Nazirliyin birbaşa təqsiri müəyyən olunmasa da, o hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Təqsirsiz məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. İşəgötürənin tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından, həmçinin işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri, ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, əlavə olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 1096.1-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 21.2-ci maddəsinə əsasən əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. MM-nin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. MM-nin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. MM-nin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsulyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Qanunvericliyin qeyd olunan tələblərindən göründüyü kimi, öhdəliyin yaranması əsaslarından biri də hüquq pozuntusudur (deliktdir). Delikt nəticəsində, vurulmuş zərərdə təqsiri olan şəxslər mülki hüquqi məsuliyyət daşıyır. Lakin, qanunverici bəzi hallardan şəxsin vurulmuş zərərə görə təqsirsiz məsliyyət daşıya biləcəyini də nəzərdə tutmuşdur ki, bu hallardan biri də işçinin vurduğu zərərə görə işəgötürənin məsuliyyət daşımasıdır. Belə ki, işçi işəgötürənin nəzarəti altında, onun əmr, tapşırıq və təlimatları ilə işləyir, işgötürənin isə işçisinin fəaliyyətinə nəzarət etməlidir. Eyni zamanda, işəgötürənin iqtisadi üstünlüyünü nəzarə alaraq, dəymiş zərərin daha tez aradan qaldırılması mümkündür. Yuxarıda da qeyd edildiyi kimi, işdə olan sübutlarla İ.Məmmədov cavabdeh Müdafiə Nazirliyinin işçisi olmaqla, Nazirliyin mülkiyyətində olan nəqliyyat vasitəsilə təqsirli olaraq müvafiq yol-nəqliyyat hadisəsini (deliktin) törətmiş və nəticədə iddiaçının mülkiyyətində olan avtomobilə zərər dəymişdir (cavabdeh tərəf bu halı mübahisələndirməmişdir). Cavabdeh tərəfin etirazı (apellyasiya şikayətinin dəlilləri) əsasən zərərin məbləği ilə bağlı olmuşdur. Halbuki, işdə olan sübutlardan (“X13” MMC-nin və "xxxx" MMC-nin qüsur aktı və mütəxəssis rəyi və s.) açıq aşkar müəyyən edilir ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar iddiaçıya məxsus avtomobilə dəymiş zərərin ümumi məbləği 3620 manat təşkil etmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu (zərərin şişirdilməsi, zərərin daha az olması və s. istiqamətində) məhkəməyə təqdim etməmiş, dəlillərini formal mülahizələri ilə əsaslandırma çalışmışdır. Zərərin məbləği ilə bağlı iddiaçının təqdim etdiyi sübutla, məhkəmənin təyin etdiyi mütəxəssis rəyində analoji məbləğlərin müəyyən edilməsi isə vəziyyəti dəyişdirməməklə həmin sübutların etibarlılığını şübhə altına ala bilməz (cavabdeh tərəf bu istiqamətdə də məhkəməyə hər hansı sübut təqdim etməmişdir). Göründüyü kimi cavabdeh etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, "Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X15rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bəyan etmişdir ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə mürajiət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinji instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericiliyin qeyd olunan normalarından aydın olur ki, birinci instansiya məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsində baxılan hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 5854/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 5854/2025 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-249/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-249/2026
17.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver