Məhkəmə qərarları › İş №2(3-6)-2560/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-2560/2026

21.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2560/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia tələbi üzrə (Açar sözlər: borcun etirafı, borcun ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlundan və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Cavabdeh ##.##.2025-ci il tarixdə yazdığı əlyazmada göstərmişdir ki, “Mən Cavabdeh İddiaçı 5000 manat borca pul almışam. ##.##.2025-ci il tarixində pulu (tam məbləği) qaytaracam. Qaytarmadığım təqdirdə hər cür hüquqi məsuliyyət daşımağı öhdəliyimə götürürəm. ##.##.2025. Cavabdeh - imza var; İddiaçı – imza var”.

2. İddiaçı Cavabdeh ünvanladığı ##.##.2025-ci il tarixli pretenziya məktubunda, ##.##.2025-ci il tarixdə borc müqaviləsi bağlandığı, lakin öhdəliyin pozularaq ödəniş olunmadığı qeyd edilərək, 5000 manat pulun qaytarılması tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur.

3. Cavabdeh İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli “pretenziya məktubuna cavab məktubu”nda aşağıdakıları bildirmişdir: “...Cənab İddiaçı – mən sizdən 2024-cü ilin iyul-avqust aylarında xırda-xırda 3 min manat faizə pul almışam. Sizə cəmi 7541 manat pul qaytarmışam. Bundan əlavə məni dəfələrlə qorxutmusan, hədə qorxu gəlmisən, öldürməklə hədələmisən. Bu barədə disk mövcuddur. Məni məhv edəcəyini bildirərək məndən hədə-qorxu ilə iltizam almısan. Sizin faizə pul verməyiniz barədə mən həm sizin işlədiyiniz təşkilata, həm də dövlət orqanlarına müraciət edəcəyəm.

4. Cavabdeh məxsus “Leobank” kartından 416973******** nömrəli “Kapital Bank” kartına pul köçürülməsi əməliyyatlarına dair çıxarışlardan görünür ki, Cavabdeh tərəfindən ##.##.2024 - ##.##.2024-cü il tarixləri aralığında 416973******** nömrəli “Kapital Bank” kartına müxtəlif məbləğlərdə pul köçürmələri həyata keçirilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehin ondan aldığı 5000 manat borcun ondan alınıb geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh maddi vəziyyətinin ağır, pula ehtiyacı olduğunu və bir müddət sonra aldığı pulu qaytaracağını bildirərək ondan müxtəlif vaxtlarda borc pul almış və toplam 5000 (beş min) manat borcu yaranmış, dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Cavabdehin ona olan etibarından suiistifadə etdiyini gördükdə, onunla ## ###### 2025-ci il tarixdə yazılı borc müqaviləsi bağlayaraq borcunu geri qaytarmasını tələb etmişdir. Borc müqaviləsinin şərtlərinə görə Cavabdeh ## #### 2025-ci il tarixə kimi sözügedən beş min manat pulu geri qaytarmaq öhdəliyi götürmüşdür. Lakin bundan sonra borclu onun zənglərinə cavab verməmiş və borcunu qaytarmamışdır. Onun ünvanına gedərək pulu tələb etdikdə qapıya gəlməmiş, qapını onun bacısı və qardaşı açaraq borcu qaytarmayacaqlarını bildirmişlər. Borcalanın qardaşı onu hədələyərək, “get nə bilirsən et, sənə pul verməyəcəyik” demişdir. Cavabdeh pretenziya məktubu göndərmiş, borcalan # #### 2025-ci ildə cavab məktubu ilə borcu qaytarmaqdan imtina etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, izahatında həmçinin bildirmişdir ki, cavabdeh daha əvvəl də ondan borc almış və qaytarmışdır, iş materiallarına əlavə edilmiş bank kartı ilə olan ödənişlər də cavabdehin ondan daha əvvəl aldığı həmin borclara aiddir, hazırda tələb etdiyi məbləğ isə qaytarılmayan borcdur və əvvəlki borclara heç bir aidiyyəti yoxdur.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin əsassız olduğunu bildirərək izahatında bildirmişdir ki, iddiaçı ilə ortaq tanışları vasitəsilə tanış olmuş, pula ehtiyacı olduğu üçün ondan bir dəfə 1500 manat, bir dəfə də 1000 manat olmaqla, ümumilikdə 2500 manat borca pul almış, həmin pulları faizə götürmüş və faizinə görə ödənişlər etmiş, lakin bir müddət işləməməsi səbəbilə ödənişləri tam edə bilməmiş, indiyədək iddiaçıya 8000 manata yaxın pul qaytarmışdır. Bunu təsdiq edən bank köçürmələrinə dair qəbzləri vardır, iş materiallarında olan borcun etiraf edilməsi ilə bağlı ərizəni həqiqətən də özü yazmış və imzalamış, lakin bunu iddiaçının təhdid etməsi və qorxutması səbəbi ilə etmişdir. Bu halı təsdiq edən hər hansı sübutu yoxdur, bununla bağlı hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməmişdir.

9. Birinci instansiya məhkəməsinin ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.

10. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan 5000 manat məbləğində borc pul aldığını və həmin borcu ##.##.2025-ci il tarixdə tam ödəyəcəyini yazılı qaydada etiraf etmiş, həmin yazılı etirafın cavabdehin özü tərəfindən yazılması cavabdehin izahatı ilə öz təsdiqini tapmışdır. Cavabdehin həmin borcun qaytarılması ilə bağlı sübut kimi təqdim etdiyi bank köçürmələrinə dair qəbzlərə münasibətdə qeyd olunmalıdır ki, həmin pul köçürmələri ##.##.2024 - ##.##.2024-cü il tarixləri arasında həyata keçirilmişdir, hazırda tələb olunan 5000 manat borcun etirafı barədə sənəd isə cavabdeh tərəfindən həmin tarixdən sonra, yəni ##.##.2025-ci il tarixində yazılmış və həmin etirafda da cavabdeh 5000 manat məbləğində borcunun olduğunu və ##.##.2025-ci il tarixində qaytaracağını qeyd etmişdir. Göründüyü kimi cavabdehin borcu qaytardığı barədə etirazı ilə iş materialında olan etiraf arasında ziddiyət mövcuddur ki, bu ziddiyət də hər hansı başqa sübutlarla aradan qaldırılmamışdır. Habelə, cavabdeh həmin etirafı iddiaçının hədə-qorxusu və təzyiqi ilə yazdığını bildirsə də, bunu təsdiq edən hər hansı mümkün və mötəbər sübut təqdim etməmiş, məhkəmə araşdırması ilə də belə hal müəyyən edilməmişdir.

11. Gəldiyi nəticəni məhkəmə, Mülki Məcəllənin 390.1-ci, 390.4-cü, 425-ci, 442-ci, 448.1ci, 739.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

12. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddianın rədd olunmasını xahiş etmiş, şikayətini aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “Bildirirəm ki, mən iddiaçıdan 2024-cü ilin ortalarında 1-ci dəfə 1500 manat, daha sonra 1000 manat - cəmi 2500 manat pulu faizlə borc almışam və hər ay üçün 500 manatdan olmaqla ümümilikdə 7541 manat pulu faizi ilə birlikdə iddiaçıya ödəmişəm. Bunu pulun ##.##.2024- ##.##.2024-cü il tarixlərində ödənilməsinə dair “Leo Bank” tərəfindən verilmiş çıxarışlar da sübut edir. Hərdən əlavə pul lazım olanda iddiaçıdan 200-300 manat alırdım və 2-3 gündən sonra üstündə 100 manat əlavə olaraq qaytarırdım. Bu şəkildə borc almağım bir neçə dəfə olub. Maddi çətinlik səbəbindən tərəfimdən iddiaçıya 2024-cü ilin sonlarına yaxın və 2025-ci ilin yanvar ayında pul ödəyə bilməmişəm. İddiaçının təqdim etdiyi WhatsApp yazışmaları qərəzli şəkildə və qısa formada təqdim edilmişdir, çünki təqdim edilmiş həmin yazışmalarda pulun məbləğindən söhbət getmir. Bizim əvvəllər olan səsli söhbətlərimizdə mən ona 5000 manatlıq qəbzi hədə-qorxu və təzyiq nəticəsində yazdığımı, pulu və onun faizini artıqlaması ilə ödədiyimi dəfələrlə bildirmişəm. Lakin həmin danışıqlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməyib. Məhkəmə zamanı hakim iddiaçıdan pulu faizlə veribvermədiyini soruşanda, iddiaçı əvvəlcə pulu faizə vermədiyini, daha sonra isə guya 50-60 manatı faizlə verdiyini boynuna almışdır. Məhkəmə zamanı gedən video çəkilişlərdə bu epizodlar qeydə alınmışdır. Hamımız bilirik ki, heç kim pulu borc verəndə onun çox bir az hissəsini faizlə, digər hissəsini isə faizsiz borc vermir, dünya təcrübəsində indiyədək belə borc verildiyinə hələ rast gəlinməyib. Əgər iddiaçı pulun bir hissəsini faizlə verdiyini boynuna alırsa, deməli o, bütün məbləği - 2500 manatı faizlə borc vermişdir. Lakin məhkəmə işin bu hallarını obyektiv şəkildə araşdırmadan və dəyərləndirmədən əsassız qətnamə çıxarmışdır. Eyni zamanda, iddiaçının təhdidi, yəni qardaşlarımın yanına gedəcəyi, məni hər yerdə biabır edəcəyi ilə bağlı hədə-qorxu gəlməklə mənim tərəfimdən yazılmış ##.##.2025-ci il tarixli əlyazmadakı “qaytarmadığım təqdirdə hər cür hüquqi məsuliyyət daşımağı öhdəmə götürürəm” cümləsi də mənim tərəfimdən yazılmayıb və iddiaçı saxtakarlıq edərək həmin cümləni sonradan əlyazmaya daxil edib. Bundan əlavə, qətnamədə göstərilir ki, iddiaçı iş materiallarına əlavə edilmiş bank kartı ilə olan ödənişlərin də cavabdehin ondan daha əvvəl aldığı həmin borclara aid olduğunu, hazırkı məbləğin isə qaytarılmayan borc olduğunu və onlara heç bir aidiyyatı olmadığını, hazırda cavabdehin ona 5000 manat məbləğində borcun olduğunu bildirmişdir”. Məhkəmənin gedişatı zamanı hakim bu epizodu araşdırsaydı, həqiqət tamamilə üzə çıxa bilərdi. Çünki mən iddiaçıdan borcu 2024-cü ilin ortalarında almışam və dərhal da faizi ilə birlikdə borcu ödəməyə başlamışam. Ödədiyim pulların əvvəlki borclara aid olduğunu bildirən iddiaçı tamamilə yalan danışır, belə ki, mən əvvəllər ondan borc alıb onu tam ödəməsəydim, iddiaçı mənə heç bir halda yenidən borc verməzdi. Mənim ##.##.2024-##.##.2024-cü il tarixlərində 7541 manat pulu iddiaçıya “Leo Bank” tərəfindən verilmiş pulun ödənilməsinə dair çıxarışlar da mənim haqlı olduğumu sübut edir. Lakin təəssüf ki, hakim bu sübutlarımı qiymətləndirməmişdir. Hesab edirik ki, qətnamə çıxarılan zaman qanunvericiliyin maddi-hüquq normaların tələblərinə tam şəkildə əməl edilməmişdir. İşin İ instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında - 2024-cü ilin ortalarında borc münasibəti yaranmış, həmin il ərzində iddiaçı cavabdehə hissə-hissə olmaqla cəmi ümumilikdə 2500 manat borc pul vermişdir. İddiaçı qeyd edilən tarixdə 5000 manat məbləğində pulun verilməsinə dair cavabdehə təzyiq edərək ##.##.2025-ci il tarixdə əlyazma şəklində qəbz yazdırmış və əlyazmadakı “qaytarmadığım təqdirdə hər cür hüquqi məsuliyyət daşımağı öhdəmə götürürəm” cümləsini saxtakarlıq edərək sonradan əlyazmaya daxil etmişdir. İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut qismində özü ilə cavabdeh arasında olan “whatsapp” yazışmalarını redaktə edilmiş formada məhkəməyə təqdim etmişdir. Həmin yazışma məhkəmə iclasında tədqiq edilmişdir. Həmin yazışmadan öncə tərəflər aralarında telefon danışığı olmuş və iddiaçının təqdim etdiyi yazışmaların da məzmunundan görünür ki, iddiaçı borcun nə qədər olmasından ümumiyyətlə danışmır, yalnız borcu nə vaxt ödəyəcəyi ilə maraqlanır, çünki yazışmalarda borcun məbləği söhbəti açılsaydı, mən həmin borcun necə yaranması barədə etirazlarımı bildirəcəkdim, bu isə iddiaçının maraqlarına qətiyyən uyğun deyildi. Bu səbəbdən də, iddiaçı yazışmalarda borc məbləği barədə ümumiyyətlə söz açmır. Göründüyü kimi, iddiaçının iş materiallarına əlavə etdiyi yazışmalarda iddiaçının cavabdehə məhz 2024-ci ilin ortalarında cəmi 5000 manat məbləğində pul vəsaitini borc verməsini təsdiq edəcək etiraflar öz əksini tapmamışdır. Səs yazısında cavabdehin iddiaçıya borclu olması ilə bağlı ümumi danışıq əks olunmuş, konkret tarix və məbləğlə bağlı hər hansı danışıq qeydə alınmamışdır. Məhkəmə, yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının məzmununa istinadla qeyd etməyi zəruri hesab edir ki, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Hazırkı mübahisə üzrə sübut etmə yükü bilavasitə iddiaçının üzərindədir və iddiaçı irəli sürdüyü hüquqi mövqeyini müdafiə etməsi üçün əsaslandığı dəlillərini sübut etməyə borcludur. Lakin iş materiallarından da göründüyü kimi, mənə 2024-ci ilin ortalarında 1500 və 1000 manat, cəmi 2500 manat məbləğində pul vəsaitini borc verməsi faktını sübuta yetirmək vəzifəsi üzərinə düşən iddiaçı qeyd edilən halı təsdiq edə biləcək etibarlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Hədə-qorxu ilə yazdırılmış qəbzin sonuncu cümləsini isə iddiaçı sonradan özü əlavə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə əsasən, “borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır”. Qeyd edilən müddəanın mənasından aydın olur ki, borc verən tərəfindən pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin əsas şərtlərindəndir. Borc müqaviləsi mahiyyətcə konsensual müqavilə olsa da, qeyd edilən şərt bu müqavilənin qüvvəyə minməsinə də birbaşa təsir göstərir. Digər bir tərəfdən, borc müqaviləsinin daha bir xüsusiyyəti tərəflərin öhdəliyinin yaranma anı ilə bağlıdır. Qeyd edilən müddəadan göründüyü kimi, borc alanın öhdəliyi (borcu geri qaytarmaq) borc predmetinin onun mülkiyyətinə verildiyi andan sonra yaranır. Mənə faizlə borc verən iddiaçı heç bir halda müqavilə bağlamağa razı ola bilməzdi. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qayda müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. Bundan başqa, məhkəmə nəzərə almalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətəə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. … Hesab edirik ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iddiaçının əsl niyyətinin pulu faizə vermək olduğunu, iddia tələbinin əsl mahiyyətinin faizlə bağlı olduğunu və borca faizlə verilmiş pulun artıqlaması ilə ödənildiyini araşdırmamışdır. Bu halın məhkəmənin gəldiyi nəticəyə ciddi təsiri vardır”.

Apellyasiya şikayətinə qarşı etiraz

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

14. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, iddiaçı isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

16. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

17. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

20. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir.

21. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

23. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

24. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

25. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir.

26. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

27. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

28. Maddə 740.3. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa və müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin məbləğ bu Məcəllənin 439.3-cü maddəsinə əsasən hesablanır.

29. Maddə 740.4. Faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır.

30. Maddə 740.5. Müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

31. Maddə 740.6. Borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır.

32. Maddə 740.7. Borc müqaviləsi üzrə borcverənin borcalandan qəbul etdiyi hər hansı ödənişin borc üzrə sonrakı günlərin birində qəbul edilmiş ödəniş kimi hesab edilməsi yolverilməzdir.

33. Maddə 740.8. Kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir.

34. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

35. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

44. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

45. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

46. İddiaçı, cavabdehlə aralarında əvvəllər də borc münasibətləri olduğunu, həmin borcların cavabdeh tərəfindən qaytarıldığını, hazırda tələb etdiyi 5000 manatı isə 2025-ci ildə verdiyini və cavabdeh tərəfindən qaytarılmadığını bildirir.

47. Cavabdeh isə 2024-cü ildə iddiaçıdan borc aldığını və müxtəlif tarixlərdə fazlərlə birlikdə borcunu qaytardığını, hazırda iddiaçıya heç bir borcunun olmadığını, borcun etirafına dair sənədin onun tərəfindən, lakin iddiaçının təhdidi ilə imzalandığını bildirir.

48. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc və borcun etirafı müqavilələri ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı, cavabdehin şikayətinin dəlilləri kontekstində borcun etirafına dair sənədin etibarlılığı məsələsinə qiymət verilməlidir.

49. Tərəflərin izahatları, iş materiallarına əlavə edilmiş ödəniş qəbzləri tərəflər arasında əvvəllər də borc münasibətlərinin olduğunu təsdiq edir; belə ki, ##.##.2024-##.##.2024-cü il aralığında olan tarixlərdə Cavabdeh tərəfindən İddiaçı məxsus 416973******** nömrəli “Kapital Bank” kartına ümumilikdə 8122 manat məbləğində pul köçürülmüşdür.

50. ##.##.2025-ci il tarixli əlyazma ilə Cavabdeh İddiaçı 5000 manat borcunun olduğunu və həmin borcu ##.##.2025-ci il tarixində tam məbləğdə qaytaracağını etiraf etmiş, həmin əlyazma hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.

51. Cavabdeh əlyazmanın hədə-qorxu, təhdid nəticəsində yazıldığını qeyd etsə də bu dəlilini təsdiq edən heç bir sübut təqdim etməmişdir.

52. Sözügedən sənədin etibarsızlığına dəlalət edən digər hallar (aldatma, yanılma, görünüş üçün bağlanma və s.) da müəyyən olunmur.

53. Borcu olmadığı halda cavabdehin təhdid altında 5000 manat borcu olduğunu etiraf etməsi və pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə və ya digər orqanlara müraciət etməməsi ağlabatan deyildir.

54. Cavabdeh iddiaya etiraz olaraq irəli sürdüyü həmin halı mötəbər və biri-digərini tamamlayan sübutlarla təsdiq edə bilməmişdir və işdəki sübutlar, ağlabatan mühakimə əsasında onun iddiaçıya borclu olduğu qənaətinə gəlməyə imkan verir.

55. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir.

56. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ## ###### 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin III hissəsindən və 71-ci maddəsinin II hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi.

57. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

58. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Azad İmanov

Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar