Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-268/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi; təmir xərci) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1363/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2022 saylı, 07 aprel 2022-ci il tarixli qərardadı ilə İddiaçı məhkəmə icraatına (adi cəlbetmə) üçüncü şəxs qismində cəlb edilmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 600 kv.m olan 135 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakn Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-73/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2022 nömrəli, 20 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1564/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-73/2024 saylı iş üzrə 16 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. “X1” MMC-nin 19 sentyabr 2025-ci il tarixli ETM047/TQ/25 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 600 kv.metr olan 135 saylı bağ sahəsinin girişdən sağ və sol hissəsində (küçə tərəfdə) yerləşən sərhəd hasarının, eləcə də bağ sahəsini girişdən sol hissədə əhatə edən qonşu sərhəd hasarının inşa edilməsi üçün yerinə yetirilmiş tikinti işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 2186,0 (iki min yüz səksən altı) manat məbləğində müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 600 kv.m olan 135 saylı bağ sahəsi üzərində çəkdiyi xərclərə görə 3600 (üç min altı yüz) manat məbləğində pulun və 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, “1974-cü ildən 1996-cı ilədək Bakı Şin Zavodunda müxtəlif vəzifələrdə işləmişəm. 1987-ci ildən əvvəl zavod işçiləri tərəfindən “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyəti yaradılmış, mən də həmin cəmiyyətin üzvü olmuşam. 1987-ci ildə Xalq Deputatları İcraiyyə Komitəsinin 17/310 saylı qərarına əsasən mən də daxil olmaqla həmin zavodun 200 nəfər işçisinə Zirə qəsəbəsi bağlar massivində torpaq sahələri ayrılmış və mənə də 6 sot torpaq sahəsi verilmişdir. Həmin vaxt zavodun digər işçiləri Qəzənfər Mehdiyev, İdris Əliyev və isgəndər Əliyevə də torpaq sahələri ayrılmış və həmin şəxslər mənim qonşum olmuşlar. Bizə torpaq sahələrinin bölgü sxemi verilmişdir ki, həmin sxemə əsasən mənə 135, qonşularıma isə müvafiq olaraq 134 və 136 nömrəli sahələr verilmişdir. Torpaq sahələri mənə və qonşularım Qəzənfər, İdris və İsgəndərə yerində ölçülüb təhkim edikdikdən sonra mən və həmin qonşularım hər birimiz ayrıayrılıqda mərzlənmə işləri apararaq, özümüzə ayrılmış torpaq sahələrini məftillə hasara almışıq. Bundan savayı, mən özümə ayrılmış torpaq sahəsindən 7 kamaz iri ölçüdə daşları yığaraq təmizləmişəm və torpaq sahəsinə 6 kamaz münbit qara torpaq töküb əkin üçün yararlı vəziyyətə gətirmişəm. Belə ki, torpaq sahəsinin ərazisi qayalıq olmuş, mən traktorla həmin ərazidən qayalıqları sökdürmüşəm və əraziyə torpaq sahəsi tökdürmüşəm. Digər tərəfdən, mən Bakı Şin Zavodunda işlədiyim dövrdə "Şinçi” bağçılıqyoldaşlıq cəmiyyəti üçün transformator alınması və cəmiyyətə suyun çəkilməsi üçün əmək haqqımdan müvafiq olaraq 100 və 50 rubl məbləğində pul ödəmişəm. Bundan sonra 2009cu ildə torpaq sahəsini dörd tərəfdən 3 metr hündürlükdə 40 sm qalınlığında qoşa mişar daşı ilə daş hasara aldırmışam. 2014-cü ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən torpaq sahəsinə dair kadastr-reyestr sənədi almışam. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək torpağa dair çıxarış almaq istəmişəm. Lakin müraciətimin təmin edilməsindən imtina edilmişdir. Səbəb isə Cavabdeh və mənim eyni torpaq sahəsinə iddia etməyimiz olmuşdur. Belə ki, iş üzrə Cavabdeh “bağ sahəsinə hüquqlar qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsinə” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4147/2022 saylı qərarı ilə Cavabdeh iddiası edilmiş və Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 600 kv.m olan 135 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bundan sonra mən qəbul edilmiş qərarla razılaşmayaraq, Bakı Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-73/2024 saylı qərarı ilə apellyasiya şikayətim təmin edilməmiş və Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)- 4147/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etsəm də, AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1564/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə şikayətim təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(103)-73/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd etdiyim kimi, mən özümə ayrılmış torpaq sahəsindən 7 kamaz iri ölçüdə daşları yığaraq təmizləmişəm və torpaq sahəsinə 6 kamaz münbit qara torpaq töküb əkin üçün yararlı vəziyyətə gətirmişəm. Digər tərəfdən, mən Bakı Şin Zavodunda işlədiyim dövrdə “Şinçi” bağçılıq-yoldaşlıq cəmiyyəti üçün transformator alınması və cəmiyyətə suyun çəkilməsi üçün əmək haqqımdan müvafiq olaraq 100 və 50 rubl məbləğində pul ödəmişəm. Bundan soma 2009-cu ildə torpaq sahəsini dörd tərəfdən 3 metr hündürlükdə qoşa mişar daşı ilə daş hasara aldırmışam. Torpaq sahəsində gördüyüm işlərə 3600 manat pul xərcləmişəm. Hesab edirəm ki, həmin pul vəsaiti cavabdehdən tutularaq mənə ödənilməlidir.”
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1363/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 600 kv.m olan 135 saylı bağ sahəsinə çəkilmiş xərc kimi 2186 (iki min yüz səksən altı) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manatın alınaraq İddiaçı xeyrinə ödənilməsi, ekspertiza xərci kimi Cavabdeh 200 (iki yüz) manat alınaraq “X1” MMC-nin hesabına (X1” MMC; VÖEN: **********; Bank Rekvizitləri: Azər-Türk Bank ASC AZ1022, Azərbaycan, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193 VÖEN: ********** Kod: 507699 M/h: AZ02NABZ******************** S.W.İ.F.T: AZRTAZ22 H/h: AZ69AZRT********************) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1093.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 88, 103.1, 115.0.1, 119.1, 124.3, 218.3, 227, 233 və 360-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə prosesində olarkən iddiaçı tərəfindən yalnız yol tərəfdən hasar olduğunu etiraf etmişdir. Qalan iki tərəfin hasarı isə digər bağ qonşuları olan Əliyev İdris və Qəzənfər tərəfindən çəkilmişdir. Daha doğrusu hər iki qonşu öz torpaq sahələrini hasara almış, nəticədə onun torpağı sərhəd qonşusu olaraq hasarlanmışdır. Lakin iddiaçı torpaq sahəsini bütövlükdə onun tərəfindən hasara alındığını bildirmiş, cavabdehin təkzib etməyinə baxmayaraq iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Onu da qeyd edir ki, məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilərkən israrla ekspertizanın onun iştirakı ilə keçirilməsini tələb etsə də, ekspert iştirakı olmadan, yalnız iddiaçının iştirakı ilə 135 saylı bağ sahəsinə baxış keçirtmiş, nəticədə iddiaçı özünün birtərəfli etdiyi hasarı deyil, qonşuların öz vəsaiti ilə etdiyi digər hasarı göstərməklə ekspertə düzgün olmayan informasiya vermiş, nəticədə düzgün olmayan qiymətləndirmə rəyi verilmişdir. Onu da qeyd edir ki, iddiaçı tərəfindən edilmiş bir tərəfli hasarın belə dəyərini ödəməyi qəbul etmir. Hesab edir ki, iddiaçı əsassız olaraq bağ sahəsinin bir hissəsini hasara almışdır. Hasara gözlə baxış keçirilən zaman belə bəlli olur ki, digər qonşular ilə olan sərhəd hasarları köhnəlmiş, iddiaçı tərəfindən edilmiş hasar isə yeni mişar daşı ilə edilmiş və bu da açıq-aşkar kənardan görünür. İddiaçı tərəfindən edilmiş hasar cavabdehə lazım deyil, sökülüb aparmasını etiraz etmir. Məhkəmə iş üzrə sübutlara düzgün qiymət verməmiş, ifadəsini təhrif etmiş, iddiaçıya aid olmayan hasarın tikintisi barədə çəkilmiş xərclərə əsasən qanunsuz və ədalətsiz qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
16. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
17. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
18. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
19. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
20. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
21. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda cavabdeh qətnaməni tam mübahisələndirərək ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etsə də, hazırki halda qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1363/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş plan və ölçüyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 600 kv.m torpaq sahəsi olan 135 saylı bağ sahəsinə sahiblik etmiş, həmin bağ sahəsində müəyyən yaxşılaşdırma işləri görmüş, hasar çəkdirmişdir. Bununla belə, tərəflər arasında olan inzibati mübahisəyə dair məhkəmə araşdırması zamanı iddiaçıya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hüquqmüəyyənedici sənəd kimi qəbul edilməmişdir. Bununla belə, hazırki iş üzrə Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X2 cəlb edilməklə) «bağ sahəsinə hüquqlar qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi»nə dair iddia tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4147/2022 nömrəli, 20 dekabr 2022ci il tarixli qərarı ilə onun iddiası təmin edilərək, iddiaçı Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 600 kv.m olan 135 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, bu barədə dövlət reyestrindən çıxarışın və “Torpaq sahəsinin planı və ölçüsü”nün verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Qeyd olunan Qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-73/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1564/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
35. Əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin (MM m.1091) Şərh olunan maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma dedikdə bir şəxsin heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməsi anlaşılır. Əsassız varlanma heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına zənginləşməni ehtiva edən hüquqazidd hərəkətdir. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran əsas qanunda və ya müqavilədə nəzərdə tutulmamış olsun. Əsassız varlanma yalnız hüquqi və ya müqavilə əsası olmadan varlanma ilə məhdudlaşmır, eyni zamanda həyata keçirilməmiş və ya sonradan aradan qalxmış hüquqi əsaslar mövcud olduqda da tətbiq edilir.
36. Mülki Məcəllənin 1092-ci maddəsinə əsasən isə əsassız varlanmış şəxs əldə etdiklərini əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Bunun nəticəsində əsassız varlanmış şəxs hüquqazidd yolla əldə etdiklərindən məhrum olur, onlardan əsassız məhrum olmuş şəxs isə itirdiklərini əldə etmiş olur və qanunçuluq bərpa edilir. Əldə edilənləri vermək mümkün olmadıqda onların dəyəri ödənilir.
37. Qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün isə aşağıdakı şərtlər müəyyən edilməlidir: - cavabdehin əmlak əldə etməsi; - həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi.
38. Kollegiya apellyasiya şikayətinə münasibətdə hesab edir ki, mübahisəli bağ sahəsinin cavabdehə məxsus olması (onun bağ sahəsinə dair mülkiyyət hüqularının dövlət reyestrində qeydə alınmalı olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olması), həmin bağ sahəsinin yaxşılaşdırılmasına iddiaçı tərəfindən xərc çəkilməsi, sonuncunun bağ sahəsinin təmiri üçün çəkilmiş xərclər həddə mülkiyyətçiyə qarşı tələb hüququ yaradır. İddiaçının öz vəsaiti hesabına cavabdehə məxsus əmlakın dəyərini artırdığından, o, çəkdiyi xərclərinin əvəzinin ödənilməsini tələb etməklə haqlı olmuşdur. İş materiallarından göründüyü kimi bağ sahəsinin təmir edilməsi işin mübahisəsiz halıdır. Cavabdeh apellyasiya şikayətində iddiaçıya aid olmayan digər hasarların tikintisi barədə çəkilmiş xərclərin əsassız olaraq ondan tutulmasını və məhkəmə iclasında verdiyi izahatın təhrif olunmasını qeyd etsə də, istinad etdiyi halı təsdiq edən sübutlar təqdim etməmişdir. Cavabdeh tərəfindən iddiaçının mübahisəli sahəyə yaxşılaşdırma etməklə xərc çəkməsi təkzib olunmur.
39. İş materiallarında olan “X1” MMC-nin 19 sentyabr 2025-ci il tarixli ETM047/TQ/25 saylı mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 600 kv.metr olan 135 saylı bağ sahəsində inşa edilmiş daş hasarlar üzrə tədqiqat aparılmış, tədqiqatın aparılması üçün həmin bağ sahəsinə 15 sentyabr 2025-ci il tarixdə baxış keçirilərək ölçü işləri aparılmış və fotoşəkillər çəkilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan bağ sahəsi bir tərəfdən küçə ilə, digər tərəflərdən isə qonşu bağ sahələri ilə əhatə olunmuşdur. Bağ sahəsinin sərhəd hasarları 20 sm qalınlığında mişarlanmış əhəng daşları ilə hörülmüş, (40x40 sm) ölçüdə 11 ədəd tumba, giriş hissədə (90x40 sm) ölçüdə 2 ədəd tumba inşa edilmişdir. Tədqiq olunan bağ sahəsinin girişdən sağ və sol hissəsində (küçə tərəfdə) inşa edilmiş sərhəd hasarının ümumi uzunluğu 15,0 metr, bağ sahəsini girişdən sol hissədə əhatə edən qonşu sərhəd hasarının uzunluğu 30,0 metr, hasarın hündürlüyü 2,0 metr təşkil edir. Aparılan hesablamalar nəticəsində, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 600 kv.metr olan 135 saylı bağ sahəsinin girişdən sağ və sol hissəsində (küçə tərəfdə) yerləşən sərhəd hasarının, eləcə də bağ sahəsini girişdən sol hissədə əhatə edən qonşu sərhəd hasarının inşa edilməsi üçün yerinə yetirilmiş tikinti işlərinin orta bazar qiymətlərinə uyğun ümumi dəyəri 2186,0 (iki min yüz səksən altı) manat məbləğində müəyyən edilmişdir.
40. Kollegiya hesab edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, ekspert rəyi daha mötəbər sübut qismində qiymətləndirilir.
41. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilini təsdiq edən sübutlar cavabdeh tərəfindən təqdim edilməmişdir. Ona görə də apellyasiya şikayətində qeyd olunanlar əsaslı hesab oluna və faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
42. Beləliklə, dəymiş maddi ziyanın həddini müəyyən edərkən birinci instansiya məhkəməsi ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək haqlı olaraq hesab etmişdir ki, həmin rəy sübut kimi qəbul edilməli, cavabdehə məxsus əmlakın təmirinə-yaxşılaşdırılmasına iddiaçı tərəfindən çəkilmiş xərcin məbləği 2186 (iki min yüz səksən altı) manat həddində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Kollegiya məhkəmə xərclərinə münasibətdə də birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
47. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
48. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1363/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.