Məhkəmə qərarları › İş №2(3-6)-2692/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2692/2026

06.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2692/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ### 2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ona borclu olduğu 4300 manat pulun ondan alınıb iddiaçıya ödənməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbi barədə iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını və ərizə ilə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasına dair iddiaçı İddiaçı ərizəsi təmin edilməmiş, iddiaçı İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı şikayət vermiş və məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci iltarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddəti bərpa etmək üçün məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə ərizəsini təmin etməmiş, ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardad qəbul edərək, ötürülmüş prosessual müddətin bərpasını üzürlü hesab etməmişdir. Hesab edir ki, məhkəmə işin faktiki hallarına düzgün qiymət verməmiş və tibbi sənədlərimin məhkəmədən çox sonralar verildiyini əsas gətirmişdir. Qeyd edir ki, o 2025-ci ilin əvvəllərindən özünü çox narahat hiss etmişdir, maddi imkanı xəstəxanalarda müalicə almağa yetmədiyindən mütəmadi olaraq evdə müalicələr qəbul etmişdir. Bunun nəticəsində hərəkəti məhdudlaşmış, yeriməyində çətinliklər yaranmışdır. Bu səbəbdən məhkəmə prosesi zamanı poçta yaxınlaşıb hər hansı xəbərnamə göndərmək imkanı da fiziki cəhətdən olmamamışdır. Sonra yaxınlarının köməyi ilə xəstəxanaya aparılaraq tibbi sənədlərdə göstərilən xəstəliklər onda aşkar edilmişdir. Həmin sənədləri ona görə məhkəməyə təqdim etmişdir ki, uzun sürən xəstəliyimin nəticəsi məhz o sənədlərlə təsdiq olunurdu. TSQ044saylı sənəddə də qeyd edilmişdir ki, beyindaxili qanaxmanın nəticəsində mənim sağ və sol ayaqlarımda problemlər yaranmış və bu problemlər artıq 1 ildir ki, müşayiət olunur. Yəni bu tarix də 2025-ci ilin əvvəllərini əhatə edir. Ona görə bu faktlara xüsusi önəm vermək lazım idi. Məhkəmə isə bu faktlara diqqət yetirməyib, ona görə ərizəsinin təmin edilməməsi haqqında əsassız qərardad qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 135.5-cı maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, iddiaçı ərizəyə məhkəmə iclasında baxılması barədə vəsatətlə müraciət etsə də, məhkəmə kollegiyası vəsatəti əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan ilk növbədə iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin araşdırılması zəruridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmasın. “Məhəmmədov və digərləri Rusiyaya qarşı” Insan Hüquqları üzrə Avropa Məhkəməsinin ##.##.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir. Daha sonra həmin qərarda qeyd edilmişdir ki, müəyyən müddət keçdikdən sonra və inandırıcı olmayan əsaslara görə icraata götürülmüş apellyasiya şikayətinin verilməsi üçün müddətin uzadılması ilə nəticələnən hər hansı müddətin bərpa edilməsi Konvensiyanın 6-cı maddəsinə əsasən hüquqi müəyyənlik prinsipini və ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Məhkəmə kollegiyası hazırki şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin qərardadından göründüyü kimi məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı yekun məhkəmə aktı çıxarılan zaman, yəni ##.##.2025-ci il tarixdə sonuncu məhkəmə iclasında iştirak etmiş, qətnamə ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Iddiaçının şikayətə əlavə etdiyi tibbi sənədlərdən görünür ki, iddiaçının xəstəliyi ilə bağlı diaqnozun müəyyən edilmə tarixi ##.##.2025-ci il olmuşdur. Yəni sözügedən qətnamə çıxarılmamışdan əvvəl ona diaqnoz qoyulmuş və iddiaçının sağlamlığı məhkəmə iclasında iştirak etməyə imkan vermişdir. Həmçinin, iddiaçının xəstəlik sənədlərindən və izahatından görünür ki, o, stasionar yox, ambulator müalicə almışdır. Bununla da məhkəmə müəyyən edir ki, iddiaçının qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddətdə şikayət vermək imkanı olmuşdur. Lakin apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə vermişdir. Belə olduğu halda, iddiaçı İddiaçı apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddəti ötürmüşdür. Odur ki, iddiaçının müddətin buraxılmasının üzrlü səbəbi kimi qeyd etdiyi halı məhkəmə üzrlü hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və belə qənaətə gəlir ki, iddiaçının iş üzrə qəbul edilmiş qərardaddan şikayət vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti üzrlü səbəbdən ötürməsinə dəlalət edən hal, eləcə də qərardadın ləğvi üçün əsaslar müəyyən edilmir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə ##.##.2025-ci il tarixində yerləşdirilmiş, qətnamədən apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə səkkiz aya yaxın vaxt keçdikdən sonra ##.##.2026-cı il tarixində məhkəməyə təqdim edilmişdir. Kollegiya, prosessual müddətin üzrlü səbəblərə görə buraxılması qənaətinə gəlmək üçün iddiaçının şikayətinin dəlillərini isə kifayət qədər əsaslı hesab etmir. Beləliklə də, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla qərardadın ləğvinə əsas ola bilməz. Odur ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Şərh olunanlara əsasən və və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Iddiaçının şikayəti təmin edilməsin. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli buraxılmış müddətin bərpa edilməməsinə dair qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar