Məhkəmə qərarları › İş №2(3-6)-274/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-274/2026

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-274/2026 30.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-2477/2025 nömrəli qərardadından cavabdehin şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları 1.Hazırkı iş üzrə Sabunçu RM-nin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, cavabdehdən iddiaçının xeyrinə borc kimi 1.300 manat, dövlət rüsumunun əvəzi kimi 33 manat tutulsun. 2.Qətnamə xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirilib. Həmin vaxt cavabehin elektron kabineti olmayıb, ona görə də qətnamə poçt vasitəsilə cavabdehin özünün göstərdiyi ünvana göndərilib, habelə poçt göndərişinin üzərində cavabdehin mobil telefon nömrəsi yazılıb, lakin poçt göndərişi poçt rabitəsi tərəfindən üzərində hər hansı qeyd yazılmadan məhkəməyə geri qaytarılıb. Cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində elektron kabinet yaratmaqla qeydiyyatdan keçib. Bundan başqa, cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəmənin binasında qətnamənin surətini məhkəmədən alıb, bu barədə qəbz imzalayıb. 3.Cavabdeh qətnamədən iki dəfə apellyasiya şikayəti verib. Birinci apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilib. Sabunçu RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayətinin geri qaytarılması qərara alınıb, qərardad şikayətvermə müddətinin keçməsi ilə əsaslandırılıb. Qərardaddan 10 günlük şikayətvermə müddəti müəyyən edilib, qərardad xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilib və həmin tarixdən şikayətvermə müddətinin axımı başlayıb. Cavabdeh bu qərardaddan 1 ay 22 gün sonra - xx.xx.2025-ci il tarixdə şikayət verib, yəni şikayətvermə müddətini ötürüb. Sabunçu RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin şikayətin geri qaytarılması qərara alınıb, qərardad şikayətvermə müddətinin keçməsi ilə əsaslandırılıb. Qərardaddan 10 günlük şikayətvermə müddəti müəyyən edilib və qərardad xx.xx.2025-ci il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilib. Cavabdeh qərardaddan şikayət verməyib, qərardadı aldıqdan 10 gün sonra - xx.xx.2025-ci tarixdə qətnamədən ikinci apellyasiya şikayəti verib, eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verib. Birinci instansiya məhkəməsində icraat 4.Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəni onunla əsaslandırıb ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunda müəyyən edilmiş 1 aylıq müddəti ötürməyib. 5.Sabunçu RM-nin xx.xx.2025-ci il tarixli qərardadı ilə qərara alınıb ki, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə təmin edilməsin və qətnamədən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi müddətini üzrlü səbəb olmadan ötürüb. 6.Cavabdeh bu qərardaddan şikayət verərək tələb edib ki, qərardad ləğv olunsun. Birinci instansiya məhkəməsi şikayətə baxaraq onu təmin etməyib və şikayəti işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərib. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 7.Birinci, Sabunçu RM-nin daha əvvəl qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi müddətini ötürdüyü müəyyən olunub, cavabdeh bu qərardaddan qanunla müəyyən edilmiş müddətdə şikayət verməyib, nəticədə qərardad qanuni qüvvəyə minib. Göründüyü kimi, qanuni qüvvəyə minmiş qərardadla müddətin ötürüldüyü müəyyən edilsə də, cavabdeh müddətin bərpası barədə ərizəni müddəti ötürmədiyi ilə əsaslandırıb. 8.İkinci, şərti olaraq hesab olunsa ki, xx.xx.2025-ci il tarixli qərardad qanuna uyğun olmayıb, belə halda cavabdeh ağlabatan müddətdə yenidən apellyasiya şikayəti verməli idi. Lakin cavabdeh həmin qərardadı aldıqdan (xx.xx.2025-ci il tarixdən) 1 ay 22 gün sonra (xx.xx.2025-ci il tarixdə) qərardaddan şikayət verib, 2 ay 23 gün sonra (xx.xx.2025-ci tarixdə) isə qətnamədən ikinci apellyasiya şikayəti verib. Göründüyü kimi, cavabdeh apellyasiya şikayəti verilməsi müddətini ötürüb. 9.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsinin üzrlü səbəbi müəyyən olunmur. Ona görə də birinci instansiya məhkəməsi müddətin bərpasından imtina etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. 10.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(008)-2477/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar