Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-2752/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin halları:
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 5000 (beş min) manat pulunun alınıb ona verilməsi və ödənilmiş 70 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə yaxın qohumluq münasibətindədir, o baldızı oğludur. ##.##.2023-cü il tarixdə cavabdeh ona zəng edərək, mərhum qardaşı X1 məxsus olan evi onun arvadı X6 adına sənədləşdirmək üçün təcili olaraq 5000 (beş min) manat pul lazım olduğunu bildirdi. Onun bu qədər pulu verməyə maddi imkanı çatmırdı. Ancaq cavabdeh bir neçə dəfə zəng etdi, pul verməyini təkid etdi. O da məcbur olub, qohumlardan 5000 (beş min) manat pul alıb düzəltdi. ##.##.2023-cü il tarixdə, cavabdeh axşam saat 22:00 radələrində Sumqayıt şəhərinə, yaşadığı mənzilə gəldi və 5000 (beş min) manat pulu həyat yoldaşı X8 və qardaşının arvadı X2 yanında, onların iştirakları ilə ona verdi. Cavabdeh pulu alıb bildirdi ki, pulu yaxın vaxtlarda geri qaytaracaqdır. Bir müddət keçmiş eşitdi ki, cavabdeh mərhum qardaşına məxsus onun arvadının adına sənədləşdirməmiş, əksinə öz adına sənədləşdirmişdir. Bu səbəbdən də, cavabdehlə X7 arasında narazılıq baş vermiş və qarşı tərəf cavabdehdən şikayət etmişdir. Bundan sonra cavabdehdən 5000 (beş min) manat pulu verməyi tələb etdi, lakin o pulu verməkdən imtina etdi və telefon zənglərinə cavab vermədi. Cavabdehin pulu vermədiyini nəzərə alaraq, 2024-cü ilin aprel ayında Sumqayıt ŞPI-nə ərizə ilə müraciət etdi və ##.##.2024-cü il tarixdə Sumqayıt ŞPI-nin 3-cü PB-si tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Onun şikayətindən sonra rədd qərarı Sumqayıt şəhər Prokurorluğu tərəfindən ##.##.2024-cü il tarixdə ləğv edilərək, əlavə araşdırma aparılması üçün Sumqayıt ŞPI-nin IŞ-nə göndərildi. Sumqayıt ŞPI-nin IŞdə fakt üzrə heç bir ətraflı araşdırma aparılmadı və ##.##.2024-cü il tarixdə yenidən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildi. Dəfələrlə rədd qərarının ləğv edilməsi ilə bağlı şikayətlər versə də, nə Sumqayıt şəhər prokurorluğu, nə də Baş Prokurorluq şikayəti təmin etmədi. Eyni zamanda X6 aramsız şikayətlərindən sonra 2024-cü ilin avqust ayında Bakı şəhəri, Suraxanı RPI-ni IŞ-si tərəfindən AR CM-nin 178.3.2 maddəsi ilə cavabdeh barəsində ********* saylı cinayət başlanıldı və cavabdeh barəsində həbs qətimkan tədbiri seçilərək, tutuldu. Onun çoxsaylı müraciətlərindən sonra ərizəsi üzrə çıxarılmış rədd qərarı Sumqayıt şəhər prokurorluğu tərəfindən ləğv edilərək, 2024-cü ilin dekabr ayının axırında AR Baş Prokurorluğuna göndərildi. 2025-ci ilin yanvar ayında rədd materialı Bakı şəhəri Prokurorluğu vasitəsi ilə Suraxanı RPI-nin IŞ-nə göndərildi və ##.##.2025-ci il tarixdə materialın araşdırılması Suraxanı RPI-nin IŞ-nin müstəntiqi Nizami Məhərrəmova həvalə edildi. Lakin ##.##.2025-ci il tarixdə cavabdeh barəsində AR CM-nin 178.3.2 maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinə AR CM-nin 39.1.2-ci maddəsinə əsasən, müstəntiq N.Məhərrəmov tərəfindən xitam verilməsi səbəbindən rədd materialının cinayət işi də birgə icraatda birləşdirilməsi mümkün olmadı. Bundan sonra ərizəsi üzrə Suraxanı RPI-nin IŞ-də təhqiqat araşdırması aparıldı və ##.##.2025-ci il tarixdə müstəntiq N.Məhərrəmov tərəfindən AR CM-nin 39, 11, 85 və 212-ci maddələrinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edildi və maddi ziyanla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququ ona izah edildi. Cavabdeh Cavabdeh ona verdiyi 5000 (beş min) manat pulumu qaytarmamış və qaytarmaqdan da imtina edir. Onun telefon zənglərinə cavab vermir. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Fuad Babaşov) ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 5000 manat məbləğində pul vəsaiti və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı ödənilməsi qərara alınmışdır.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir, belə ki, natamam orta təhsillidir, cəmi dörd sinif bitirib, Gürcüstan Respublikasında məktəbin rus bölməsində oxuyub. Ona görə də azərbaycan dilində danışsa da, sərbəst oxuyub yaza bilmir. Bu hallar Gürcüstan Respublikasının LEPL X15 kəndi * nömrəli Dövlət məktəbi tərəfindən verilmiş MES 5 26 ********** nömrəli ## ##### 2026-cı il tarixli arayışı ilə təsdiq olunaraq sübuta yetirilir. O, azərbaycan dilinin latın əlifbasında sadə mətnləri oxuyub yazır. Iri mətnləri isə xüsusilə hüquqi məzmunlu mətnləri qavramaqda ciddi çətinlikləri çəkir. Ona görə də iddia ərizəsində göstərilən X6 adından barəsində verilmiş şikayətlər üzrə bütün araşdırmalarda və əvvəlki mülki icraatlarda o, yalnız vəkilin iştirakı ilə polis qurumlarına getmişdir. Iddiaçının şikayətləri üzrə araşdırmalar üzrə daha əvvəl «Cinayət işinin başlanmasının rədd olunması» barədə qərarlar qəbul olunduğundan, sonrakı hər hansı icraatlar barədə məlumatlar ona verilməmişdir. Nəticədə Suraxanı Rayon Polis Idarəsinin Istintaq şöbəsinin müstəntiqi Nizami Məhərrəmov tərəfindən barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə aparılan cinayət işi üzrə ## ###### 2025-ci il tarixdə bəraətverici əsaslarla xitam verilmişdir. Ona görə də bir müddət keçəndən sonra, N.Məhərrəmov ona yenidən zəng vurub bir izahatında texniki səhvə yol verdiyini, həmin səhvi aradan qaldırmaq üçün protokolu yenidən imzalamalı olduğunu, əks halda barəsində xitam verilmiş cinayət işin arxivə verib bağlaya bilməcəyini, sonra vaxtının olmayacağını, ona görə də dərhal gəlmək lazım olduğunu demişdir. Vəkili həmin anda məhkəmədə olduğundan onunla danışa bilməmiş, ona görə də bu dəfə özü tək Suraxanı RPI-ə getmişdir. Müstəntiq N.Məhərrəmov barəsində cinayət işinə xitam verdiyi üçün ona inanmış və protokol dediyi sənədi oxumadan imzalamışdır. Lakin polis idarəsində imzaladığı sənədin Gülmirə Kərimovanın şikayəti üzrə yox, məhz iddiaçının şikayəti ilə əlaqəli olduğu barədə ona izah və məlumat verilməmiş, sonradan isə ##.##.2025-ci il tarixli qərarın surəti ona təqdim olunmamışdır. Bu barədə müvafiq məlumatı yalnız Sabunçu Rayon Məhkəməsinə müraciət edib hazırkı mülki işin materialları ilə tanış olandan sonra xəbərdar olub. O, iddiaçıdan hər hansı pul vəsaiti almayıb, onun evində cəmi bir dəfə olub. Səbəbi isə əvvəl unutduğu gödəkçənin öz xahişi ilə yol üstü onlara verməyi olmuşdur. Iddiaçı şikayət vermiş G.Kərimovanın atasının həm qohumu, həm də qeyri-rəsmi köməkçisi olmuş, ondan etdiyi şikayətləri ilə isə G.Kərimovaya ondan qisas almaq üçün kömək edirdi. Sonradan barəsində cinayət işinin başlanmasını görüb fürsət bilib əsassız varlanmaq niyyət güdürdü. Odur ki, qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edillməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
7. Sumqayıt RPI-nin IŞ-nin cinayət işi üzrə icraata xitam verilməsi barədə ## ###### 2025-ci il tarixli qərarından müəyyən olur ki, təqsirləndirilən şəxs qismində cəlb eidlmiş və dindirilmiş Cavabdeh izahatında biıdirmişdir ki, mərhum Zaur Kərimov qardaşıdır. Gülmira Kərimova isə qardaşı arvadıdır. X3 2023-cü ilin noyabr ayının 25-də intihar edərək özünü öldürmüşdür. Intiharla bağlı Suraxanı prokurorluğuna müraciət etdikdən sonra Gülmira Kərimova və atası Sahil Alpaşayev onun barəsində müraciət etməyə başlamışlar. X5 demişdir ki, "sən mənim barəmdə şikayət etdin, buna görə peşman olacaqsan, səni Azərbaycandan didərgin salacağam". Sahil Alpaşayevin dediyinə görə Zaur Kərimovun ona xeyli borcu olubdur, həmin pulu belə əsaslandırır ki, o, Zaurun bir neçə borcunu ödəyibdir. Ona görə də evi öz adlarına sənədləşdirib satmaq istəyirlər. Qardaşı Zaurun dəfnindən 3 gün sonra Vəzirağa Həmidov onlara gələrək Zaurun ölümünə görə ona başsağlığı vermişdir. Həmin vaxtı Vəzirağa Həmidov ona demişdır ki, mərhum Zaur Kərimov yaşadığı evi ona satandan sonra aralarında razılıq olubdur ki, nə qədər ki, Zaur ailəsi ilə həmin evdə yaşayacaqdır, evin ipoteka kreditini də özü verəcəkdır. Lakin mərhum Zaur Kərimov evin kreditini verə bilmədiyinə görə bank tərəfindən ona təzyiqlər olmasını və bu səbəbdən də evi satıb adını kredit öhdəliyindən çıxartmaq istədiyini demişdir. O da mərhum qardaşı Zaurun evi başqasına qismət olmasın deyə həmin evi özü almaq qərarına gəlmişdir. ##.##.2024-cü il tarixdə Nizami rayonunda yerləşən ** saylı notarial kontorda Vəzirağa Həmidov ilə aralarında alqı-satqı müqaviləsi bağlanmış və 175.000 (yüz yetmiş beş min) manat pul ödəyərək ünvan 1 ünvanda yerləşən, mərhum qardaşı X9 satdığı fərdi yaşayış evini almışdır. Həmin alqı-satqı zamanı mərhum qardaşı Zaurun həyat yoldaşı Gülmira Kərimova və sonuncunun yaxın qohumları da gəlib iştirak etmişlər. Onlar Vəziraġa Həmidova təsir göstərmişlər ki, evi Gülmira Kərimovanın adına keçirtsinlər. X10 yaxın qohumları Vəzirağa Həmidovun atasının evinə gedərək onunla bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunmasını və evin onlara satılmasını təklif etmişlər. Vəzirağa Həmidova evin alqı-satqısı zamanı 175.000 manat pulu bir dəfəyə notariusda verərək evi alqı-satqı etmişdir. Həmin vaxt Tosif adlı şəxslə gedərək Sahil Alpaşayevdən 60.000 manat pul götürmüş, pulu ona görə götürmüşdür ki, Sahil Alpaşayev mərhum X3 tərəfindən Vəzirağa Həmidova satılmış Qaraçuxur qəsəbəsi, Etibar Bəkirli küçəsi 102 F ünvanda yerləşən evi almaqda ona köməklik göstərmişdir və borcun qaytarılması ilə bağlı heç bir şərt qoymamışdır. Lakin münasibətlər pozulandan sonra Sahil Alpaşayevin evin onun qızı Gülmira Kərimovanın adına keçirilməsi barədə tələblər irəli sürməyə başlamışdır. Sahil Alpaşayev iddia etməyə başlamışdır ki, həmin evin tikintisinə azı 140.000 manatdan artıq pul xərcləmişdir və ona görə də evin qızının adına keçirilməsini tələb etmişdır. Sahil Alpaşayev əvvəldən bilmişdir ki, mərhum X3 ölümündən əvvəl qeyd dəftərçəsində Sahil tərəfindən həyatından bezdirilməsi barədə qeydlər etmişdir. Lakin onlar bunu bilməmişlər. Bu səbəbdən də Sahildən şikayətçi olmamışlar. Güman edirlər ki, Sahil 60.000 manat pulu verməklə onların könlünü almaq istəmişdir. X4 ölümündən sonra Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma zamanı bu məsələlər ortalığa çıxmağa başlayanda münasibətləri pozulmuşdur. O da bu barədə ona görə bildirməmişdir ki, Sabunçu rayon məhkəməsinin hakimi Nilufər Cəfərovanın icraatında olan eyni məsələ ilə bağlı mülki iş üzrə Iddiaçı olan Kərimova Gülmira bunları öyrənib ona qarşı başqa cür hazırlanmış uydurma mövqe ilə çıxış eləməsin. Çünki o, polis əli ilə sübut toplamağa çalışır və bu günə qədər vəkilinin iştirakı ilə mülki iş üzrə məhkəmə dəfələrlə təxirə salınıb, çünki özləri heç bir sübut toplaya bilmirlər.
8. Sumqayıt ŞPI-nin IŞ-nin ## #### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən müəyyən edilmişdir ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işi başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilsin.
9. Sumqayıt ŞPI-nin IŞ-də araşdırma zamanı izahatı alınmış Cavabdeh göstərmişdir ki, mərhum Zaur Kərimov onun qardaşıdır. Gülmira Kərimova isə mərhum X3un arvadıdır. X3 2023-cü ilin noyabr ayının 25-də intihar edərək özünü öldürmüşdür. Bundan sonra mərhum qardaşı Zaurun dostu Vəzirağa Həmidov ona demişdir ki, Z.Kərimov yaşadığı evi ona satandan sonra aralarında razılıq olub ki, nə qədər ki, Zaur ailəsi ilə həmin evdə yaşayacaqdır, evin ipoteka kreditini də özü verəcəkdir. Lakin Z.Kərimov evin kreditini verə bilmədiyinə görə bank tərəfindən ona təzyiqlər olmasını və bu səbəbdən də evi satıb adını kredit öhdəliyindən çıxartmaq istədiyini demişdir. Buna görə də Zaurun evi başqasına qismət olmasın deyə həmin evi özü almaq qərarına gəlmişdir. ##.##.2024-cü il tarixdə Nizami rayonunda yerləşən ** saylı notarial kontorda V.Həmidov ilə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır və 175.000 (yüz yetmiş beş min) manat pul ödəyərək ünvan 1 ünvanda yerləşən mərhum qardaşı Zaurun V.Həmidova satdığı fərdi yaşayış evini almışdır. Həmin vaxtı evi girovluqdan çıxartmaq üçün pulu çatmadığına görə qohumlarından və tanışlarından borc pul yığmışdır ki, banka ödəyib mərhum qardaşının evini girovluqdan çıxartsın. Bildirmişdir ki, sonra işləyib borclarını qaytaracaqdır. 2023-cü il dekabr ayının sonlarında bu məqsədlə bibisinin əri İddiaçı 5000 (beş min) manat borc pul istəmiş və evi girovluqdan çıxartdıqdan sonra borcu qaytaracağına söz vermişdir. Evi öz adına alqı-satqı edəndən sonra mərhum qardaşı Zaurun ailəsi, yəni qayınatası Sahil Alpaşayev və arvadı Gülmira ilə aralarında narazılıqlar yaranmışdır və həmin şəxslər onun barəsində polisə şikayət etmişlər. Bu işlərlə bağlı olaraq öz şəxsi işlərindən kənarda qalmağa məcbur olmuşdur. Buna görə də pul qazana bilməmiş və İddiaçı aldığı borcu qaytara bilməmişdir. 2024-cü ilin avqust ayının 8-də isə barəsində həbs qətimkan tədbiri seçilmişdir və 2025ci ilin # ###### tarixinə kimi həbsdə saxlanılmışdır. Bu müddət ərzində isə borc qaytara bilməsi imkansız olmuşdur. Hazırda sürücülük edərək ailəsinə çörək pulu qazanmağa çalışır. İddiaçı 5000 manat pulunu o əvəzsiz olaraq götürməmişdir. Sadəcə öz iradəsindən asılı olmayan səbəbə görə vaxtında qaytara bilməmişdir və söz verir ki, onun borcunu yaxın vaxtlarda qaytaracaqdır.
10. Bakı şəhəri Suraxanı RPI-nin IŞ-nin ## ###### 2025-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara əsasən müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə icraata ##.##.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azarbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, ünvan 2 qeydiyyatda olan və faktiki həmin ünvanda yaşayan Cavabdeh Azarbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata onun əməlində cinayət tərkibi olmadığına görə xitam verilmiş, təqsirləndirilən şəxs Cavabdeh barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin ##.##.2025-ci il tarixdə bitməsi ilə əlaqədar qətimkan tədbiri qüvvədən düşmüş, cinayət işi üzrə icraata Azarbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə olan hissədə oğurluq cinayəti hadisəsinin olmamasına görə xitam verilmişdir.
11. Mülki işin materiallarında olan ##.##.2025-ci il tarixli,********** nömrəli qəbzdən görünür ki, iddiaçı 70 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
14. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
15. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır.
18. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.
19. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
20. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
21. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiyada).
22. Maddə 739.3. Borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin borc müqaviləsinin predmetinə sərəncam hüququnun yarandığı gün borcun verildiyi gün hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada verildikdə, borcun verildiyi gün borc məbləğinin borcalanın, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın (və ya onun göstərdiyi üçüncü şəxsin) hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcalanın və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun verildiyi gün hesab edilir. (##.##.2023-cü il tarixədək qüvvədə olan redaksiyada)
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı. Beləliklə, fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
24. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
30. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.
31. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
32. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
34. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
35. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
36. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
38. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
40. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
42. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
43. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
44. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili onun iddiaçıdan pul almaması, aralarında borc münasibətlərinin olmamasıdır.
45. Məhkəmə cavabdehin apellyasiya şikayətinin borcun olmaması barədə dəlili üzrə qeyd edir ki, ## #### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan göründüyü kimi cavabdeh həmin vaxt Polis Bölməsində verdiyi izahatda iddiaçıdan 5000 (beş min) manat borc pul almasını etiraf etmişdir.
46. Cavabdeh Gürcüstan Respublikasının LEPL X15 kəndi * nömrəli Dövlət məktəbi tərəfindən verilmiş MES 5 26 ********** nömrəli ## ##### 2026-cı il tarixli arayışı həm rayon məhkəməsində təqdim etmiş, həm də apellyasiya şikayətinə əlavə etmişdir. Cavabdeh həmin arayışa əsaslanaraq, orta məktəbi rus bölməsində oxuduğundan azərbaycan dilini yaxşı bilməməsini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin mübahisələndirdiyi həmin məsələ hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir.
47. Məhkəmə kollegiyasının iclasında cavabdeh savadsızlığından PB-də sənədi baxmadan imzaladığını bildirsə də, Məhkəmə hesab edir ki, cavabdehin bununla bağlı bildirdikləri mülahizə xarakterlidir, buna dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda apellyasiya şikayətinin dəlili üzrə də kifayət qədər əsaslı və mötəbər sübutlar verə bilməmişdir.
48. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarına əsasən, ... fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır.
49. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
51. ... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.
52. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
53. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.
54. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin edərək düzgün qənaətə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterlidir, əsassızdır və təmin edilə bilməz.
55. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
56. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
57. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
59. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
60. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDI:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.