Məhkəmə qərarları › İş №2(3-6)-2956/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2956/2026

15.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2956/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi ziyan” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)- ****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh PHŞ-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadına əsasən ərizənin formasına riayət edilmədiyindən və iş materiallarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd olmadığından iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır.

3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə müraciət edilərkən şəxs iddia ərizəsinə və ya onun verilməsinə dair Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş formaya, həmin sənədlərə dair müəyyən edilmiş tələblərə əməl etməlidir. Belə ki, ərizənin başlığı “müraciət” olaraq qeyd edilmiş, xahiş etdi hissəsində cavabdehlərdən müştərək qaydada pul tələb olunması qeyd olunsa da, cavabdeh olaraq yalnızca Cavabdeh publik hüquqi şəxsi qeyd etmişdir. Eyni zamanda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərkən dövlət rüsumunu ödəməsini təsdiq edən sənədləri, habelə dövlət rüsumu ödəməkdən azad olduğu halda bunu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

4. Məhkəmə gəldiyi nəticəni MPM-nin 149.2.2, 149.2.3, 150.1.1, 152.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

5. İddiaçı İddiaçı Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia ərizəsində hər iki cavabdehin ünvan və eyniləşdirmə məlumatları göstərilmiş, həmçinin Mülki Məcəllənin 1096, 1097, 1100 və 1112ci maddələrinə əsasən onların birgə (solidar) məsuliyyət daşıdığı xüsusi qeyd edilmişdir. Bundan başqa, iddia ərizəsinin əlavələr hissəsində “Ödəniş çeki məhkəmə üçün” və “1.200 manat ödəniş çekinin surəti” qeyd edilmişdir. Əgər məhkəmə dövlət rüsumunun ödənilməsi barədə əlavə aydınlaşdırmaya ehtiyac duyurdusa, MPM-in məqsədlərinə uyğun olaraq ərizənin dərhal geri qaytarılması əvəzinə nöqsanların aradan qaldırılması üçün müddət müəyyən edə bilərdi. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin məhkəmə müdafiəsi hüququ vardır. Məhkəməyə çıxış hüququ formal prosessual tələblərin həddindən artıq sərt tətbiqi nəticəsində məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məqsədi mübahisələrin mahiyyəti üzrə həll edilməsidir. Təqdim edilmiş iddia ərizəsində tələbin mahiyyəti, cavabdehlər, hüquqi əsaslar və sübutlar aydın şəkildə göstərilmişdir. Məhkəmə tərəfindən göstərilən hallar iddianın mahiyyəti üzrə baxılmasına mane olan və ərizənin geri qaytarılmasını zəruri edən pozuntu hesab edilə bilməz.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-**)-****/**** saylı qərardadından verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə): - 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. - 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. - 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. - 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. - 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi və s. Hallarda dövlət rüsumu ödənilməlidir.

9. Dövlət rüsumundan azad olma halları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələri ilə tənzimlənir.

10. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını, birinci instansiya məhkəməsinin qərardadını, şikayətin dəlillərini və tətbiq edilməli olan prosessual hüquq normalarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bununla yanaşı, həmin hüququn həyata keçirilməsi qanunla müəyyən edilmiş prosessual qaydalara riayət olunmaqla təmin edilir. Məhkəməyə müraciət etmək hüququ şəxsi prosessual qanunvericiliklə müəyyən edilmiş forma və qaydalara əməl etmək vəzifəsindən azad etmir. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyanın 6-cı maddəsi ilə də ədalətli məhkəmə araşdırması hüququ təmin edilir. Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə məhkəməyə çıxış hüququ mütləq hüquq deyildir və dövlətlər məhkəmə icraatının səmərəli həyata keçirilməsi, hüquqi müəyyənliyin təmin edilməsi və məhkəmə sisteminin normal fəaliyyətinin qorunması məqsədilə prosessual qaydalar müəyyən edə bilərlər. Həmin qaydalar qanuni məqsəd daşıdığı və şəxsin məhkəməyə müraciət etmək hüququnun mahiyyətini aradan qaldırmadığı halda Konvensiyanın 6-cı maddəsinə zidd hesab edilə bilməz.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair məcburi tələblər müəyyən edilmiş, 150-ci maddəsində isə iddia ərizəsinə əlavə edilməli olan sənədlərin siyahısı göstərilmişdir. Həmin normaların məqsədi məhkəmənin iddianı icraata qəbul etməsi üçün zəruri olan prosessual şərtlərin mövcudluğunu yoxlamaq, mübahisənin predmeti, tərəfləri və tələbin həcmini aydın müəyyən etmək, habelə məhkəmə baxışının səmərəli təşkil edilməsini təmin etməkdir. Mülki Prosessual Məcəllənin 150.1.1-ci maddəsinə əsasən həmin Məcəllədə nəzərdə tutulmuş sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu norma imperativ xarakter daşıyır və hakimə belə hallarda fərqli qərar qəbul etmək səlahiyyəti vermir. 13.İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənəd prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, təqdim edilmiş sənəd “iddia ərizəsi” deyil, “müraciət” adlandırılmışdır. Bundan başqa, ərizənin nəticə hissəsində cavabdehlərdən müştərək qaydada pul vəsaitinin tutulması tələb edilsə də, cavabdeh qismində yalnız Cavabdeh publik hüquqi şəxsi göstərilmişdir. Bu isə iddianın subyektlərinin müəyyən edilməsində ziddiyyət yaratmış, tələbin kimlərə qarşı yönəldiyini dəqiq müəyyən etməyə imkan verməmişdir.

14. Apellyasiya instansiyası qeyd edir ki, cavabdehlərin dəqiq müəyyən edilməsi mülki prosesin əsas elementlərindən biridir. Məhkəmə yalnız iddia ərizəsində göstərilmiş cavabdehlərə münasibətdə məhkəmə baxışı apara bilər. İddia tələbi ilə cavabdehlərin göstərilməsi arasında uyğunsuzluq mövcud olduqda məhkəmə həmin ziddiyyəti iddiaçının əvəzinə aradan qaldıra və ya cavabdehlərin dairəsini öz təşəbbüsü ilə müəyyən edə bilməz. Eyni zamanda, iş materiallarında dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd mövcud deyildir. İddiaçı dövlət rüsumunun ödənilməsindən qanunla azad olunduğunu təsdiq edən hər hansı sübut da təqdim etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa və Mülki Prosessual Məcəllənin tələblərinə əsasən dövlət rüsumunun ödənilməsi və ya həmin öhdəlikdən azad olunmanın təsdiq edilməsi məhkəməyə müraciətin prosessual şərtlərindən biridir. Bu tələb formal xarakter daşımayıb, məhkəmə icraatının qanunauyğun başlanmasını təmin edən mühüm prosessual institutdur.

15. Apellyasiya instansiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən etdiyi prosessual pozuntulara düzgün hüquqi qiymət vermişdir. Məhkəmə tərəfindən iddia ərizəsinin mahiyyəti üzrə araşdırma aparılmamış, yalnız onun qanunla müəyyən edilmiş prosessual tələblərə uyğunluğu yoxlanılmışdır. Prosessual şərtlər təmin edilmədiyindən iddianın icraata qəbul edilməməsi qanunvericiliyin tələblərinə tam uyğundur. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması həmin iddia üzrə məhkəmə müdafiəsi hüququnun itirilməsi demək deyildir. Əksinə, qanun iddiaçıya müəyyən edilmiş nöqsanları aradan qaldırdıqdan sonra eyni tələblə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ verir. Buna görə də iddia ərizəsinin geri qaytarılması iddiaçının Konstitusiyanın 60-cı maddəsi və Konvensiyanın 6-cı maddəsi ilə təmin olunmuş məhkəməyə çıxış hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticənin qanunsuz və ya əsassız olmasını təsdiq edən mötəbər hüquqi arqumentlərlə əsaslandırılmamışdır. Şikayətdə göstərilən hallar prosessual nöqsanların mövcudluğunu aradan qaldırmır və məhkəmənin Mülki Prosessual Məcəllənin imperativ normalarını tətbiq etməsinin qanunsuz olduğunu göstərmir.

16. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, gəldiyi nəticə iş materiallarına və qanunvericiliyin tələblərinə uyğundur. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar