Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-30/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağından istifadəyə yaradılan maneənin cavabdehə və digər şəxslərə qadağan olunması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “maneənin cavabdehə və digər şəxslərə qadağan olunması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-3440/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdehnə qarşı “çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağından istifadəyə yaradılan maneənin cavabdehə və digər şəxslərə qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Mahal MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağından istifadəyə yaradılan maneənin cavabdehə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” formatında 5 il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl edilməklə, ünvan 2 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 2314.66 kv.metr torpaq sahəsi Cavabdeh MTK-nın daimi istifadəsinə verilmişdir. Müqavilə bağlandıqdan sonra 2314.66 kv.metr torpaq sahəsi sonuncunun daimi istifadəsinə verilmiş və öhdəliyin icrasına nəzarət bağlanmış xx.xx.2017-ci il tarixli Müqaviləyə əsasən Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə düşmüşdür. Həmçinin Nazirlər Kabinetinin həmin Qərarından görünür ki, “Pilot layihə” 5 il müddətinə nəzərdə tutulmuşdur. Cavabdeh MTK ünvan 3 ünvanında inşa etdiyi 4 girişli, 18 mərtəbəli, çoxmənzilli yaşayış binasını Pilot layihə əsasında 5 il müddətinə təhvil verməli olduğu halda, bu günədək təhvil verməmişdir. Bina sakinlərinin iştirakı ilə birlikdə 2021-ci il tarixdə İddiaçı yaradılmış və 2024-cü il tarixdən Ümumi Yığıncağın qərarı ilə X1. ünvan 3 ünvanında inşa edilmiş 4 girişli, 18 mərtəbəli, çoxmənzilli yaşayış binasında İddiaçı MMMC fəaliyyət göstərməsinə baxmayaraq, həmin binanın inşasını həyata keçirmiş Cavabdeh MTK mənzil mülkiyyətçilərinin binanın zirzəmi hissəsində yerləşən avtomobil dayanacağında avtomobil saxlanılması üçün ayrılmış yerləri aylıq 100 (bir yüz) manata icarəyə verir. İcarə haqqı verməyən mənzil mülkiyyətçilərinə binanın zirzəmisində yerləşən avtomobil saxlanılması üçün ayrılmış yerə daxil olmasına maneçilik törətmək üçün maneə dirəyi yerləşdirməklə mənzil mülkiyyətçilərinin istifadə hüquqlarını pozmuşdur.
3. Cavabdehin nümayəndəsi və vəkili K.Əİəkbərov tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, Bakı şəhəri Binəqədi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 8 nömrəli Qərarına əsasən rayonun ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində “Pilot layihə” formatında müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli 174 saylı Sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, 18-ci Dağlıq küçəsində yerləşən, istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan 01 nömrəli yataqxana binasının və onun ətrafında olan qeyri-yaşayış sahələrinin sökülməsi və yerində müasir standartlara cavab verən, çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının inşaası Cavabdeh MTK-ya həvalə olunmuşdur. Bu məqsədlə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci il tarixdə təsdiq olunmuş ayrıc aktına əsasən sözügedən ünvanda yerləşən 2314.66 kv.metr torpaq sahəsi Cavabdeh MTK-ya ayrılmışdır. Həmin torpaq sahəsinin hüdudları daxilində də 4 bloklu, 18 mərtəbəli yaşayış binası tikilmiş, binanın həyət hissəsində isə AR Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş və AR FHN-nin müvafiq idarəsində ekspertiza olunmuş lahiyə əsasında 2 mərtəbəli yeraltı avtomobil dayanacağı tikilmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016cı il tarixli, 8 saylı Qərarının icrası məqsədi ilə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında 14 iyul 2017-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən sözügedən ərazidə sökülən mənzillərin və qeyri-yaşayış sahələrinin əvəzində həmin ərazidə tikiləcək yaşayış binasında mənzillərin və qeyriyaşayış sahələrinin verilməsi öhdəliyini Cavabdeh Mənzil Tikinti Kooperativi öz üzərinə götürmüşdür. Müvafiq sərəncamın və müqavilənin icrası ilə bağlı tikilmiş yaşayış binasının əvvəllər ərazisində mövcud olmuş 20 qarajın əvəzində onların mülkiyyətçilərinə halhazırda tikilmiş yeraltı avtomobil dayanacağında əvəzləşmə qaydasında qarajlar verilmişdir və həmin qarajlar hal-hazırda onların mülkiyyətindədir. Digər qarajlar isə artıq dövlət reyestrində qabaqcadan qeydiyyata alınaraq ayrı-ayrı fiziki şəxslərin mülkiyyətinə verilmişdir. Bununla bağlı sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin qaraj mülkiyyətçiləri də öz hüquqlarından istifadə edərək özlərinə məxsus qaraj sahələrini digər üçüncü şəxslərə (onların içində bina sakinləri də mövcuddur) icarəyə verirlər. Həmçinin qaraj sahibləri tərəfindən öz vəsaitləri hesabına yeraltı avtomobil dayanacağına kənar avtomobillərin daxil olmasının qarşısını almaq və avtomobillərin mühafizəsini təmin etmək məqsədi ilə dayancağın giriş hissəsinə nömrə tanınma sistemi ilə təchiz olunmuş şlaqbaum quraşdırılmışdır. Həmçinin həmin avtomobil dayanacağının təmiz saxlanması və işıqlandırılması da qaraj mülkiyyətçilərinin vəsaiti hesabına həyata keçirilir. Həmçinin məhkəmənin nəzərinə çatdırırıq ki, yeraltı avtomobil dayanacğında yerləşən sahələrin mülkiyyətçilərinin əksəriyyəti bina sakinləridir və sahələri icarəyə götürən şəxslər də bina sakinləri olmaqla yanaşı İddiaçı MMMC-nin üzvləridir. Sözügedən ərazidə yerləşən yeraltı avtomobil dayanacağında yerləşən dayanacaq sahələri Cavabdeh MTK-nın balansında deyil, ayrı-ayrı şəxslərin mülkiyyətində və sərəncamındadır (bununla bağlı müqavilələr və hüquqların qabaqcadan qeydiyyatı barədə arayışlar əlavə olunmuşdur). Hazırki iddia həmin şəxslərin mülkiyyət hüquqlarının və öz əmlakları üzərində sərəncam vermək hüquqlarına toxunur. Qaraj sahələrinin mülkiyyətçilərinin ortaq razılaşmasına əsasən artıq 1 ilə yaxındır ki, qaraja girişdə quraşdırılmış şlaqbaum qurğusunun idarə edilməsi üçün nəzərdə tutulmuş əlavə pult iddiaçı tərəfindən təyin edilmiş mühafizə xidmətinin əməkdaşlarına zəruri hallarda istifadə üçün təqdim edilmişdir. Bundan başqa qeyd olunmalıdır ki, binanın -1 və -2-ci mərtəblərində binanı su ilə təchiz edən su ambarları, su nasosları, binanı rabitə xidməti ilə təchiz edən server otağı yerləşir ki, cəmiyyət üzvləri həmin sahələrə birbaşa nəzarət edir və nəzarəti həyata keçirmək üçün də maneəsiz avtomobil dayanacağı mərtəblərinə girişçıxış edirlər. Əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152-ci maddəsində mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010cu il tarixli qərarında mülkiyyət hüququnun məzmununu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: “Mülki və torpaq qanunvericiliyinin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında göstərmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı, həmçinin Mülki Məcəllənin 157.1-ci maddəsində öz əksini tapmışdır. Bununla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.5-ci maddəsində isə göstərilmişdir ki, bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir. Bu mənada “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.2-ci maddəsində nəzərdə tutulmuş qayda mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmiş mülkiyyətçinin mülkiyyət hüququnun tanınması tələbini gələcəkdə həyata keçirməsi üçün əlavə təminat kimi qəbul edilməlidir.
4. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3440/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddia təmin edilməmişdir.
5. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. İddiaçı apellyasiya şikayəti verərək bildirmişdir ki, qətnamə maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Rayon məhkəməsi Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacaqlarının Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli sərəncamına əsasən Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” formatında ünvan 2 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintinin aparılması məqsədi ilə Cavabdeh MTK-nın daimi istifadəsinə verilmiş 2314.66 kv.metr torpaq sahəsində MTK tərəfindən ünvan 3 ünvanında inşa etdiyi 4 girişli, 18 mərtəbəli, çoxmənzilli yaşayış binasının layihəsinə aid olmadığı barədə yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən binaya yerli baxış keçirilərkən müəyyən olunmuşdur ki, 4 bloklu, 18 mərtəbəli yaşayış binasının su təchizatı ilə təmin olunması üçün inşa edilmiş su anbarı, su nasosları, ümumi binaya xidmət edən sair qurğular binanın altında inşa edilmiş dayanacağın mənfi 2-ci mərtəbəsində yerləşir ki, bura da daxil olmaq üçün nəzərdə tutulmuş girişin qarşısında maneə (şlaqbaum) quraşdırılmışdır. Lakin birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində göstərir ki, Məhkəmə tərəfindən mübahisəli ünvanda yerində müayinə keçirilmiş, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin təsir dairəsinə düşən ümumi istifadədə olan sahələrə mənzil mülkiyyətçilərinə həmin sahələrdən istifadə edilməsinə MTK tərəfindən hər hansı bir məhdudiyyətin qoyulması, maneələrin yaradılması öz təsdiqini tapmamışdır. Bu səbəbdən, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək göstərdi ki, cavabdeh binanı tikib və təhvil verib, sakinlər isə həmin binanın qarajından istifadə edirdilər, sonradan isə həmin binanın altında yeraltı dayanacağın tikilməsi ilə bağlı məsələ yarandı, cavabdehin sonradan inşa etdiyi həmin yeraltı dayanacaqlar da həmin binanın sakinlərinin istifadəsinə verilməlidir və həmin qaraj sahələri də sakinlərin ümumi mülkiyyəti olmalıdır. Odur ki, şikayətin təmin olunmasını xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, həmin qarajların bir hissəsi sökülmüş qaraj sahiblərinə verilib və onların mülkiyyətindədir, digər qarajların da bir hissəsi bina sakinlərinə məxsusdur. Həmin binanın iddiaçı MMMC tərəfindən təşkil olunmuş mühafizəsi var ki, onlarda da iki ədəd şlaqbaumun pultu var. Həmçinin həmin şlaqbaumun istifadəsi üçün üz tanınma sistemləri də yaradılmışdır və sakinlər istifadə edə bilirlər, sakinlərin qarajlarından istifadəyə hər hansı maneə yoxdur. Qaraj sahələrinin ümumi mülkiyyətə aid olmasına dair iddiaçının bildirdikləri əsassızdır. Şlaqbaumun quraşdırılmasını qaraj sahibləri özləri təşkil ediblər, əgər şlaqbaum olmasa, ətrafdakı bütün avtomobillər qaraja daxil olacaqlar və bu da sakinlərin marağına uyğun deyil. Sakinlər və qaraj sahibləri bu vəziyyətdən razıdırlar. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi:
9. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarından görünür ki, “Pilot layihə” formatında 5 il müddətinə ünvan 5 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintinin aparılması məqsədi ilə 2314.66 kv.metr torpaq sahəsini Cavabdeh MTK-nın daimi istifadəsinə vermişdir.
10. Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti ilə Cavabdeh MTK arasında müqavilə bağlanmış və həmin müqavilənin predmetini – Şirkət tərəfindən ünvan 6 ünvanında yerləşən binaların (yaşayış və qeyriyaşayış sahələri olmaqla) tikintisi üçün NK-Qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və Rayon İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina (yaşayış və qeyri-yaşayış sahələrinin) layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilənin imzalanması təşkil edir. ünvan 6 ünvanında tikiləcək binaların (yaşayış və qeyri-yaşayış sahələri olmaqla) RİH tərəfindən layihələrinə razılıq, həmin binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaq sahələrinin daimi istifadəyə və icarəyə verilməsi, həmin ərazidəki sakinlərlə Şirkət arasında razılaşmalar əldə olunduqdan və müqavilələr imzalandıqdan sonra veriləcəkdir.
11. Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 174 saylı “Çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair” Sərəncamından görünür ki, həmin sərəncama əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 yanvar 2016-cı il tarixli 8 saylı “Bakı şəhəri, Binəqədi və Qaradağ rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarı ilə “Pilot layihə” formatında 5 il müddətinə Binəqədi Rayon İcra Hakimiyyətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl edilməklə, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının sökülməsi, sakinlərin mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədilə çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi tapşırılmış, ünvan 2 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə 2314.66 kv.metr torpaq sahəsi Cavabdeh MTK-nın daimi istifadəsinə verilmişdir. ünvan 2 ünvanında yeni çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədilə Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında mövcud yataqxananın ətrafında yerləşən 2314.66 kv.metr torpaq sahəsinin Cavabdeh MTK-nın daimi istifadəsinə verilməsi, Cavabdeh MTK-nın ona ayrılmış torpaq sahəsini yerində qəbul etməsi və onun sanitar vəziyyətinə nəzarət etməsi, ayrılmış torpaq sahəsinə Cavabdeh MTK tərəfindən qanunda nəzərdə tutulmuş qaydada istifadə hüququnun əldə edilməsi və sair qərara alınmışdır.
12. Cavabdeh MTK ilə X12 arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli 08 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən vətəndaş (gələcəkdə "xxxx" adlandırılacaq) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 15 dekabr 2011-ci il tarixdə tərtib edilmiş Texniki Pasporta əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 1 saylı binanın yanında yerləşən, ümumi sahəsi 21.6 kv.metr təşkil edən qaraj sahəsini Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 7 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsinin -1-ci mərtəbəsində, ümumi sahəsi 40 kv.metr təşkil edən qaraj sahəsini “Vətəndaş”ın (gələcəkdə "xxxx" adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür.
13. MTK ilə X18 arasında bağlanmış 05 dekabr 2017-ci il tarixli 51 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən vətəndaş (gələcəkdə "xxxx" adlandırılacaq) Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2004-cü il tarixli texniki pasporta əsasən mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 160 saylı evin qarşısında yerləşən, ümumi sahəsi 29 kv.metr qeyri-yaşayış sahəsini (daş qaraj) qarşılıqlı razılaşma əsasında 19000 qiymətləndirərək Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 7 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsinin -1-ci mərtəbəsində, ümumi sahəsi 36 kv.metr təşkil edən qaraj sahəsini “Vətəndaş”ın (gələcəkdə "xxxx" adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür.
14. MTK ilə X13 arasında bağlanmış 18 sentyabr 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən vətəndaş (gələcəkdə "xxxx" adlandırılacaq) ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 18.5 kv.metr qeyriyaşayış sahəsini (daş qaraj) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 7 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının altında yerləşən 2 mərtəbəli qaraj sahəsinin -1-ci mərtəbəsində, ümumi sahəsi 28 kv.metr təşkil edən qaraj sahəsini “Vətəndaş”ın (gələcəkdə "xxxx" adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür.
15. MTK ilə X15 arasında bağlanmış 07 dekabr 2023-cü il tarixli 216 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqaviləyə əsasən vətəndaş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli texniki pasporta əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 156 saylı binanın qarşısında yerləşən, faktiki ümumi sahəsi 48.9 kv.metrdən ibarət olan qeyriyaşayış sahəsini (daş qaraj) Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 7 ünvanında nəzərdə tutulmuş layihənin həyata keçirilməsi üçün “Kooperativ”in mülkiyyətinə verir və müvəqqəti icarəyə götürəcəyi yer üçün verilməsi nəzərdə tutulan aylıq vəsaitdən imtina edir, “Kooperativ” isə bunun əvəzində həmin ərazidə tikintisi nəzərdə tutulmuş yeni layihə tam başa çatdıqdan sonra həmin layihə üzrə yaşayış binasının -2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 70 kv.metr təşkil edən qaraj sahəsini “Vətəndaş”ın (gələcəkdə "xxxx" adlandırılacaq) mülkiyyətinə verməyi öz öhdəsinə götürür.
16. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyəti başçısına ünvanlanmış 30 dekabr 2021-ci il tarixli, XO-xx-xx-2021-08332 №-li məktubun surətindən görünür ki, ünvan 10 ünvanında Cavabdeh MTK tərəfindən tikintisi nəzərdə tutulan yaşayış binalarına dair təqdim olunmuş layihə sənədlərinin razılaşdırılması barədə xx.xx.2021-ci il tarixli, 01/13-10-11-R-72/2/071/2 nömrəli məktuba Komitə tərəfindən baxılmış, bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 01 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının 4.3-cü bəndinin və “Bakı şəhərində dövlət şəhərsalma fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında” 29 noyabr 2019cu il tarixli 868 nömrəli Fərmanının 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən xx.xx.2016-cı il tarixli 8 nömrəli qərarı 17 dekabr 2019-cu il tarixli 482 nömrəli qərar ilə ləğv edilmiş, habelə həmin qərarın 4-cü bəndi ilə bu məktubun 2-ci abzasında qeyd olunan Nazirlər Kabinetinin qərarına uyğun olaraq 01 avqust 2018-ci il tarixinədək tikintiyə icazə icraatı başlanmış və ya layihələndirilməsi barədə Sərəncam qəbul edilmiş tikinti layihələrinə münasibətdə səlahiyyətlər Binəqədi Rayon İcra Hakimiyyətinə aid edilmişdir. Eyni zamanda, qeyd edilmişdir ki, sözügedən ünvanda Cavabdeh MTK-nın daimi istifadəsində olan torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının tikilməsi məqsədilə icazənin verilməsi üzrə “Pilot Layihə” çərçivəsində təqdim edilmiş binanın tikinti layihəsinin memarlıq-planlaşdırma həllində edilmiş dəyişikliklər (əlavə -1 və -2 səviyyəsində yeraltı avtomobil dayanacağı) Komitə tərəfindən razılaşdırılır.
17. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X6 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli 32726 №-li ekspertiza rəyindən görünür ki, sifarişçi Cavabdeh MTK-nın sifarişi əsasında və Binəqədi rayon İcra Hakimiyyətinin 28 yanvar 2022-ci il tarixli xx/xx-1011/R-5-071 nömrəli məktubu ilə MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvan 7 ünvanında yeraltı avtomobil dayanacağının tikinti layihəsi ekspertizadan keçirilmiş, nəticə olaraq ünvan 7 ünvanında yeraltı avtomobil dayanacağı üzrə tikinti layihəsi razılaşdırılmışdır.
18. AR Ədliyyə Nazirliyi X2 Reyestrindən Çıxarışdan görünür ki, İddiaçı MMMC 14 yanvar 2-21-ci il tarixdə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədinin yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsininin tələb edilməsi müəyyənləşdirilmiş, qeydiyyata alınmasının hüquqi əsası kimi ümumi yığıncağın 03 dekabr 2024-cü il tarixli qərarı və sənədlər göstərilmiş, hazırki qanuni təmsilçisi X8r.
19. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMMC 22 yanvar 2025-ci il tarixdə qeydiyyata alınmışdır.
20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2025ci il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh MTK-nın adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair 18.047.2025 tarixli ********** qeydiyyat nömrəli müraciətə əsasən daşınmaz əmlak aşkar edilməmişdir.
21. Mülki iş materiallarında olan 12 sentyabr 2025-ci il tarixli yerində müayinə protokolundan görünür ki, həmin tarixdə sözügedən mübahisəli ünvanda, yəni ünvan 11 müayinə keçirilmiş, həmin ünvanda yerləşən çoxmənzilli yaşayış binasının zirzəmisinə, yəni binanın -1 və -2-ci mərtəbələrinə vizual baxış keçirilmiş, sənədlərlə mövcud vəziyyət və layihə sənədləri tədqiq edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası:
22. Maddə 13. a. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. b. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
23. Maddə 29.
24. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
25. Maddə 71
26. İİ. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyalar götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
31. Maddə Yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur.
32. Maddə 227.2. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin.
33. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
34. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
35. Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
36. 35.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərara əsasən çoxmənzilli binada ümumi mülkiyyət obyektləri digər şəxslərin istifadəsinə verilə bilər, bu şərtlə ki, belə qərar vətəndaşların və hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini pozmasın. Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu:
37. 17.2-ci maddəsinə müvafiq olaraq tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər.
38. Həmin Qanunun 17.5-ci maddəsinə əsasən bu Qanunun 17.2-17.4-cü maddələrində nəzərdə tutulmuş qaydalar tikintisi başa çatdırılmış binanın da tərkib hissələrinə şamil edilir.
39. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 - ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”.
40. V.Q. Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1 hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur.
44. Maddə 76.2. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
46. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
47. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
48. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
49. Maddə Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
52. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
56. Hazırkı halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
57. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
58. İddiaçı Mənzil Məcəlləsinin 35.1 və 35.2-ci maddələrinə əsaslanaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən Mahal MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağından istifadəyə yaradılan maneənin cavabdehə və digər şəxslərə qadağan olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
59. Rayon məhkəməsi iddia tələbini təmin etməyərək öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf ünvan 1 ünvanında yerləşən Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının altında yerləşən avtomobil dayanacağından istifadəyə cavabdeh tərəfindən hər hansı maneənin yaradılmasını sübut edə bilmədiyindən, sözügedən avtomobil dayanacağı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla razılaşdırılaraq inşa edildiyindən və Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin dairəsinə, yəni ümumi istifadədə olan sahəyə aid edilmədiyindən iddia tələbi təmin edilməməlidir.
60. Məhkəmə qeyd edir ki, mülki iş materiallarında olan MTK-ya məxsus layihə sənədlərinə əsasən iddiaçının mübahisələndirdiyi sahə ümumi istifadədə olan sahə olmamaqla yanaşı, layihə sənədlərində avtomobil dayanacağı (qaraj) kimi qeyd edilmiş, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X6 Dövlət Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli 32726 №-li ekspertiza rəyi ilə təsdiq edilmişdir ki, sifarişçi Cavabdeh MTK-nın sifarişi əsasında və Binəqədi rayon İcra Hakimiyyətinin 28 yanvar 2022-ci il tarixli xx/xx-1011/R-5- 071 nömrəli məktubu ilə MTK tərəfindən təqdim edilmiş sənədlər əsasında ünvan 7 ünvanında yeraltı avtomobil dayanacağının tikinti layihəsi ekspertizadan keçirilmiş, nəticə olaraq ünvan 7 ünvanında yeraltı avtomobil dayanacağı üzrə tikinti layihəsi razılaşdırılmışdır.
61. Həmçinin rayon məhkəməsi tərəfindən mübahisəli ünvanda yerində müayinə keçirilmiş və ümumi istifadədə olan sahələrdən mənzil mülkiyyətçilərinin istifadə etməsinə MTK tərəfindən hər hansı bir məhdudiyyətin qoyulması, maneələrin yaradılması öz təsdiqini tapmamışdır.
62. Mülki iş materiallarında olan MTK ilə fiziki şəxslər arasında bağlanmış 14 noyabr 2017-ci il tarixli 08 nömrəli, 05 dekabr 2017-ci il tarixli 51 nömrəli, 18 sentyabr 2018-ci il tarixli, 07 dekabr 2023-cü il tarixli 216 nömrəli müqavilələrdən görünür ki, qeyri-yaşayış sahələri digər üçüncü şəxslərin mülkiyyətində olmaqla onların bu sahələrə olan hüquqları dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan da müəyyən olur ki, cavabdeh MTK-nın mülkiyyətində daşınmaz əmlak aşkar edilməmişdir.
63. Bu da onu göstərir ki, mübahisə predmeti olan avtomobil dayanacağı (qaraj) cavabdehin etiraz ərizəsində qeyd etdiyi və məhkəmə kollegiyasının iclasındakı izahatında da bildirdiyi kimi tikilmiş yaşayış binasının əvvəllər ərazisində mövcud olmuş 20 qarajın əvəzində onların mülkiyyətçilərinə hal-hazırda tikilmiş yeraltı avtomobil dayanacağında əvəzləşmə qaydasında qarajlar verilmiş və həmin qarajlar hal-hazırda onların mülkiyyətindədir. Digər qarajlar isə dövlət reyestrində qabaqcadan qeydiyyata alınaraq ayrı-ayrı fiziki şəxslərin mülkiyyətinə verilmişdir. Hansı ki, həmin qarajların bəziləri də bina sakinləri tərəfindən icarəyə götürülmüşdür.
64. Məhkəmə hesab edir ki, belə olan halda hazırki iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcud deyildir, ümumiyyətlə isə iddiaçının hazırkı iddianı verməkdə nəyə nail olmaq istədiyini də müəyyən etmək olmur. İddiaçının nümayəndəsi hazırkı iddianı sakinlərin maraqları üçün verildiyini bildirsə də, hər hansı səbəbdən sakinlərin özlərinin belə bir tələblə çıxış etməmələrini, ən azından onların buna dair iradəsinin olduğuna dair məhkəmələrə hər hansı sübut verə bilməmişdir. Eyni zamanda da iddiaçının qarajlara girişdə quraşdırılmış şlaqbaumların götürülməli olması barəsindəki mövqeyi də anlaşılan olmamışdır. Çünki son illərin reallığı ondan ibarətdir ki, nəinki yeni inşa edilmiş binaların qarajlarında, hətta köhnə binaların da girişlərində sakinlər öz təşəbbüsləri ilə şlaqbaum quraşdırırlar ki, öz həyətlərini kənar avtomobillərin yığılmasında və müvafiq olaraq da həyətdə xaotik vəziyyətin yaranmasından özlərini mühafizə edə bilsinlər. Məlum məsələdir ki, hazırda Bakı şəhərinin istənilən yerində avtomobillərin saxlanılması - park edilməsi olduqca ciddi bir problemdir və sürücülər imkan olan istənilən yerdə maşınlarını park edirlər. Bu isə öz növbəsində qaraj sahiblərinin, eləcə də həyət sakinlərinin narahatlıqlarına səbəb olur. Belə bir vəziyyətdə yeni inşa edilmiş binanın qarajının girişində quraşdırılmış müasir şlaqbaumun qaraj sahiblərinin hansı marağına uyğun olmaması başa düşülən deyildir. Demək ki, iddiaçı tərəfin bununla bağlı bildirdikləri aşkar əsassızdır.
65. İddiaçı tərəfin əsas tələbində istinad etdiyi Mənzil məcəlləsinin 35.1-ci maddəsinin tələbinə gəldikdə isə Məhkəmə xüsusi olaraq qeyd edir ki, həmin normada yalnız birdən çox sahəyə xidmət edən obyektlərin mənzil sahələrin - pilləkən qovşaqları, liftlərin yerləşdiyi sahələr, elektirik və qaz şitlərinin, su anbarının və binaya xidmət edən digər texniki xidmət sahələrinin ümumi mülkiyyət hesab edildiyi təsbit edilmişdir. Bu da tam məntiqli və başa düşüləndir.
66. Lakin hazırkı halda olduğu kimi, yeni tikilən binaların altında və ya əhatəsində inşa edilmiş avtomobil dayanacaqları - qarajlar onların təyinatı baxımından istinad olunan normanın təsiri altına düşmür, həmin qarajlar ayrıca alqı-satqının predmeti olmaqla ayrıayrı şəxslərin mülkiyyət və istifadəsində olur və heç bir halda mənzil mülkiyyətçilərinin ümumi mülkiyyəti sayıla bilməz.
67. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 343/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarında mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 178.8-ci maddəsinin 01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyasına görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Lakin həmin maddənin hazırkı redaksiyasına əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Göründüyü kimi, qanunverici hazırda çoxmənzilli yaşayış binalarında mənzillərin satılması ilə münasibətləri tikinti şirkətinin təşkilatı-hüquqi formasından asılı olmadan podrat münasibətləri kimi qiymətləndirir.
68. Beləliklə də, qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağından istifadəyə cavabdeh tərəfindən hər hansı maneənin yaradılması aşkar olunmur, iddia tələbi əsassızdır. Odur ki, rayon məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır və mahiyyət etibarilə düzgün olan qətnamənin ləğvinə səbəb ola bilməz.
69. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
70. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bəraqərar edildiyi də aydın görünməlidir”. Nəticə:
71. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
73. Məhkəmə hesab edir ki, şikayət təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçıya aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-3440/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.