Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3049/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (AR Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliynə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə bəraət almağı nəzərə alınaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 10 000 (on min) manat məbləğində maddi ziyanın ödənilməsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və Azərbaycan Respublikası Cianayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək həbsdə saxlandığı iki gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət təyin edilmiş cəzadan çıxılaraq üzərində 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırıması cəzası saxlanılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 1(003)- 862/2024 nömərli hökmündən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə apellyasiya şikayəti təmin olunmuş, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmağına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli hökmü ləğv olunmuş, iddiaçının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir.
3. Sonradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, iddiaçı İddiaçı vurulmuş mənəvi zərərə görə 1.000 (bir min) manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı qanunsuz və əsassız yerə kifayət qədər uzun müddət ərzində törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilməsi, şübhəli şəxs qismində tutulması ilə azadlığının əlindən alınması işin mübahisəsiz halıdır. Məhkəmə iddiaçının iddia tələbinin xahiş edirəm hissəsində maddi ziyanın ödənilməsi tələbini qeyd etməsi ilə bağlı hesab edir ki, iddiaçının həmin ifadəsi əslində ona mənəvi zərərin ödənilməsi kimi qiymətləndirilməlidir. Belə ki, həm iddiaçının tələbinin mahiyyəti, iddia ərizəsinin dəlilləri və möcvud məhkəmə təcrübəsi bunu müəyyən etməyə imkan verir. Təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, iddiaçı İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar doğrudur və ona yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyanın vurulması aşkardır. Məhkəmə, iddiaçının qanunsuz və əsassız yerə istintaqa cəlb edilməsi, şübhəli şəxs qismində tutulması nəticəsində mənəvi iztirab çəkməsi ilə bağlı dəlillərinə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və iddiaçının xeyrinə ona vurulmuş mənəvi ziyana görə ədalətli həddə pul vəsaiti tutulmalıdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, İddiaçı barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılarkən, sonuncu, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, ##.##.2024-cü barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə bəraət hökmü isə ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə, İddiaçı şübhəli şəxs qismində tutulduğu müddətin 02 gün, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçildiyi müddətin 03 ay 20 gün olmasını nəzərə alaraq həmin dövr üçün ümumilikdə iddiaçının xeyrinə 1.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını qanuni və ədalətli hesab edir. Məhkəmə iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini ümumilikdə 1.000 manat müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə alır. İddia ərizəsinin məzmunundan və təqdim edilmiş sənədlərdən aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə törətmədiyi əməldə təqsirləndirilərək, həbs olunmuş, rahatlığı əlindən alınmış, uzun müddət mənəvi iztirab çəkmiş, təqsiri olmadan çətin dönəmdən keçmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı İddiaçı vurulmuş mənəvi zərərə görə 1.000 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci, 1096, 1101.1, 1101.2-ci maddələri; “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 6, 5, 7, 12-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli ** №-li qərarına istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
5. İddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin təmin edilməyən hissədə ləğv edilməsini, həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmışdır.
7. Həmçinin qətnamədən cavabdeh AR Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi olaraq hesab edirik ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsi, həmçinin məhkəmə tərəfindən həmin iddia tələbinin təmin edilməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Nazirlik iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir. İşə baxan məhkəmə də bu məsələ ilə bağlı konkret qanunverciliyə söykənməmişdir. Mövcud qanunvericilikdə zərər vurulmuş şəxsə dövlətin adından ziyanın ödənilməsi öhdəliyi heç bir halda Maliyyə Nazirliyinə aid edilməmişdir. Analoji məhkəmə təcrübəsindən göründüyü kimi (məsələn: yerli icra hakimiyyəti orqanlarının hərəkət və hərəkətsizliyi ilə bağlı iddia tələbləri üzrə məhkəmə işlərində və s.) ziyanı vuran qurum delikt törədən şəxs kimi müəyyən edilməklə, ziyanın əvəzinin ödənilməsi öhdəliyi həmin qurumun üzərində qalır. Qanunsuz həyata keçirilmiş təhqiqat, habelə istintaq fəaliyyəti ilə bağlı zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf müvafiq hüquq-mühafizə orqanıdır. Lakin məhkəmə praktikasında bu məsələ hər dəfə Nazirlik tərəfindən qaldırılsa da məhkəmələr tərəfindən nədənsə buna əhəmiyyət verilmir və belə olanda iddiaçıya ziyan vurmuş həqiqi şəxslər məsuliyyətdən kənarda qalır. Qəbul edilmiş məhkəmə qərarlarında həqiqi ziyanı vurmuş şəxslərin kimliyi barədə izah belə verilmir. Bu məsələdə ziyan vuran şəxsin “dövlət” və ya “Azərbaycan Respublikası” məfhumu ilə eyniləşdirilməsi isə kökündən səhv yanaşmadır. Həqiqi ziyan vurmuş qurumun və şəxslərin məsuliyyətdən kənarda qalması yolverilməz hesab olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası hüquq münasibətlərində orqanları (qurumları) vasitəsilə təmsil olunur. Bu mənada yalnız Maliyyə Nazirliyi dövləti təmsil etmir. Hər bir dövlət orqanı (qurumu) müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların sifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları(hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. İddia ərizəsində iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasında tərəflər iştirak etməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən İddiaçı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmış və üzərində 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.
12. Həmin hökmdən görünür ki, İddiaçı ##.##.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və ##.##.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, apellyasiya şikayəti təmin olunmuş, İddiaçı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli hökmü ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilmiş, barəsində seçilmiş "polisin nəzarəti altında vermə" qətimkan tədbiri ləğv edilmiş, İddiaçı bəraət alması ilə əlaqədar cinayət təqibi orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmuşdur.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin təmin olunmayan hissədə ləğv olunması və həmin hissədə iddia tələbinin tam təmin olunması, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində isə iddianın rədd olunması xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
16. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmünə əsasən isə əməlində cinayət tərkibi olmadığına görə ona bəraət verilmiş, barəsində seçilmiş "polisin nəzarəti altında vermə" qətimkan tədbiri ləğv edilmiş, İddiaçı bəraət alması ilə əlaqədar cinayət təqibi orqanının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmuşdur.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. -1101.1-ci madəsinin tələblərinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. -1101.2-ci madəsinin tələblərinə görə təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
18. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya suiistifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 5-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. 7-ci maddəsinin tələbinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. 12-ci maddəsinin tələbinə əsasən fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
19. Məhkəmə kollegiyası «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il ## ##### tarixli Qərarlarını nəzərə alaraq hesab edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” ##.##.2025-ci il tarixli ** №-li qərarı: - 4.43. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri, habelə təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin inzibati xətalara dair işlər üzrə icraat çərçivəsində yol verdikləri qanunsuz hərəkətləri ilə vurulmuş zərərin ödənilməsinə dair işlərə baxılarkən pozuntunun növü və pozuntuya yol vermiş subyektlərin dairəsindən asılı olaraq tələbin maddi hüquqi əsasının fərqli olduğu nəzərə alınmalıdır. - 4.44. Belə ki, təhqiqat orqanı hesab olunmayan dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxslərinin başladığı inzibati xətalara dair işlər üzrə icraata şəxsin əməlində inzibati xəta hadisəsinin (tərkibin) olmaması və ya müvafiq qərar qəbul edildiyi zaman əsas götürülmüş halların sübuta yetirilməməsi əsası ilə xitam verildiyi halda, zərərin ödənilməsi tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1100-cü maddəsi təşkil edəcəkdir. - 4.45. Bundan fərqli olaraq, təhqiqat, prokurorluq və məhkəmə orqanlarının inzibati xətalara dair işlər üzrə eyni xarakterli və dairəsi qanunla nəzərdə tutulmuş digər qanunsuz əməlləri nəticəsində vurulmuş zərərin kompensasiyası tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 1101- ci maddəsi, habelə “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - bu paraqrafda istinad edilən Qanun) təşkil edəcəkdir. - Bu zaman nəzərə alınmalıdır ki, mənəvi zərərə səbəb olan hüquqazidd əməl dedikdə, orqanların səhvi və ya sui-istifadəsi başa düşülməlidir. - 4.46. İlk növbədə qeyd edilməlidir ki, qeyd edilən orqanların bütün növ qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərə görə Azərbaycan Respublikası birbaşa məsuliyyət daşıyır (təqsirsiz məsuliyyət). - 4.47. Dairəsi Mülki Məcəllənin 1101.1-ci və bu paraqrafda istinad edilən Qanunun 1ci maddələrində nəzərdə tutulmuş qanunsuz hərəkətlərə görə Azərbaycan Respublikası həmin orqanların vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq məsuliyyət daşıyır. - 4.50. Azərbaycan Respublikasının cavabdehlik daşıdığı bu iddialar üzrə ibtidai araşdırma orqanının və ya məhkəmənin qanuni qüvvədə olan qərarları ilə təsbit edilmiş pozuntunun zərərçəkənə vurduğu mənəvi zərərin həddinin müəyyənləşdirilməsi və onun dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı məsələ həll edildiyindən, cavabdeh qismində məhz dövlət büdcəsi vəsaitindən istifadə və digər aidiyyəti məsələlər üzrə dövlət nəzarətinin həyata keçirilməsini təmin edən, mərkəzi icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyi cəlb edilməlidir. - 4.51. Bu halda qəbul edilən qətnamənin nəticə hissəsində mənəvi zərərin əvəzinin Maliyyə Nazirliyindən tutulması deyil, Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Maliyyə Nazirliyi vasitəsilə ödənilməsi göstərilməlidir. - 4.52. Məhkəmələr nəzərə almalıdırlar ki, Mülki Məcəllənin 1100 və 1101-ci maddələri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri baxımından qanunsuz cinayət təqibinə görə mənəvi zərərin ödənilməsini tələb etmək hüququ bəraət hökmünün, yaxud cinayət işinə bəraətverici əsaslara xitam verilməsi və ya şəxsin tam reabilitasiya olunması barədə qərarın qəbul edilməsindən sonra yaranır. Bundan fərqli olaraq, qanunsuz əməliyyat-axtarış tədbirləri nəticəsində vurulmuş mənəvi zərərin ödənilməsini tələb etmək hüququ isə belə tədbirlərin həyata keçirilməsindən dərhal sonra yaranır. 21.Beləliklə, işin faktiki hallarına əsasən, iddiaçı İddiaçı qanunsuz və əsassız yerə kifayət qədər uzun müddət ərzində törətmədiyi cinayət əməli ilə bağlı istintaqa cəlb edilməsi, şübhəli şəxs qismində tutulması ilə azadlığının əlindən alınması işin mübahisəsiz halıdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, İddiaçı barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılarkən, sonuncu, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuş, ##.##.2024-cü barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş üzrə bəraət hökmü isə ##.##.2025-ci il tarixdə qəbul edilmişdir. Məhkəmə kollegiyası İddiaçı şübhəli şəxs qismində tutulduğu müddətin 02 gün, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçildiyi müddətin 03 ay 20 gün olmasını nəzərə alaraq həmin dövr üçün ümumilikdə iddiaçının xeyrinə 1.000 manat məbləğində mənəvi zərərin əvəzinin tutulmasını qanuni və ədalətli hesab edir.
22. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, şikayətin təmin edilməsi üçün əsaslar mövcud deyil və birinci instansiya məhkəməsi tərəfindən maddi-prosessual pozuntuya yol verilməmişdir. 23.İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko İtaliyaya qarşı” işdə “tənhalıq və kimsəsizlik hisslərinə”, “Younq, Cames və X1rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlərə” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin “Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları”nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. 24.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı İddiaçı vəzifəli şəxslərin qanunsuz hərəkəti nəticəsində baş verməsi, həmin hərəkətlə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir.
25. Məhkəmə kollegiyası, iddiaçının ona dəymiş mənəvi zərərə görə 10000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən ##.##.2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarında göstərilmişdir ki, mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır. Həmçinin mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür. 26.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya ödənilməli mənəvi ziyanın həcmini müəyyən edərkən, bütün diqqətəlayiq məqamları nəzərə almışdır. Məhkəmə kollegiyası vurğulayır ki, azadlıq hər insan üçün ən dəyərli nemət olmaqla, onu heç bir maddi nemətlə əvəz etmək mümkün deyil. İddiaçının qanunsuz olaraq bir gün də olsa azadlığı məhdudlaşdırılmaqla ona həqiqətən də inamsızlıq, narahatlıq, məyusluq hissləri və stress yetirməsi işin mübahisəsiz halıdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mənəvi ziyanın ödənilməsi hissəsində əsaslı hesab edərək qismən təmin etməklə və iddiaçının məhrum olduğu 1000 manat məbləğində mənəvi ziyanın əvəzinin iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. 27.Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçılara kompensasiya qismində pul vəsaiti Dövlət büdcəsi hesabına Dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və Dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən ödənilməlidir. Yəni, hazırki halda Maliyyə Nazirliyi iddiaçıya bilavasitə zərərvuran şəxs olaraq deyil, Dövlətin adından Dövlət vəsaitini idarə edən orqan qismində məsuliyyət daşıyır. Bu səbəbdən Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunması və iddianın ona münasibətdə təmin olunması ilə hüquq normaların pozulmasına səbəb olmamışdır. 28.Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 29.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov