Məhkəmə qərarları › İş №2(3-6)-3100/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3100/2026

25.08.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3100/2026 25.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Rəfail qızının cavabdeh Cavabdeh qarşı "əmlaka zərər vurulmasının qarşısının alınması öhdəliyinin qoyulması və dəymiş zərərin ödənilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli qətnamədən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özü və onun vəkili (nümayəndəsi) Vəkil/Nümayəndə oğlunun, iddiaçı İddiaçı nümayəndəsi (əri) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə” ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov küçəsi, ** nömrəli evin 113-cü mənzilinin sahibi Cavabdeh mənzilindən alt mərtəbədə yerləşən və İddiaçı Rafael qızına məxsus *** saylı mənzilə axan çirkab suyunun qarşısının alınması üçün tədbirlər görməsi, çirkab suyunun mütəmadi axması nəticəsində mənzilə dəymiş 3300 manat zərərin, mənzilin yararsız vəziyyətə düşməsi ilə əlaqədar olaraq 4550 manat itirilmiş faydanın, tərəfindən ödənilmiş 300 manat məbləğində ekspertiza xərcinin və 83 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2 ildən artıq bir müddətdir ki, ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilinin üst mərtəbəsində yerləşən, Cavabdeh məxsus *** nömrəli mənzildən mütəmadi olaraq onların evinə kanalizasiya suyu axır. Bunun nəticəsində ev, demək olar ki, yararsız vəziyyətə düşmüşdür. Dəhliz, mətbəx və vanna otağını bir neçə dəfə təmir etdirmişlər. Lakin qonşu Cavabdeh başına axan bu çirkab suyunun qarşısını almaq üçün heç bir tədbir görmür. Bununla əlaqədar olaraq ##.##.2025ci il tarixdə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə, ##.##.2025- ci il tarixdə isə Yasamal rayon ** saylı MKİS-nin rəhbərliyinə yazılı müraciət etmişdir. Sahə müvəkkili, R Ağadadaş Tağızadə və ** saylı MKİS-nin mühəndisi E.Miriyev, sahə nəzarətçiləri R.Quliyev və V.Rüstəmov tərəfindən mənzilə baxış keçirilmiş və bu barədə ##.##.2025-ci il tarixdə müvafiq Akt tərtib edilmişdir. 113-cü mənzilin sahibi Cavabdeh xəbərdarlıq edilmiş və o, qısa müddət ərzində bu məsələni həll edəcəyinə söz vermişdir. Lakin aşağı axan suyun qarşısını almaq üçün Cavabdeh öz mənzilində heç bir iş görməmişdir. Əksinə, evə bir neçə dəfə çirkab suyu yenidən axıdılmışdır. Artıq mənzilin tavanı, mətbəxdəki mebel, divar kağızları yararsız vəziyyətdədir. ##.##.2025-ci il tarixdə yenidən Yasamal rayon ** saylı MKİS-nin rəhbərliyinə müraciət edərək yaranmış vəziyyətlə əlaqədar onlara kömək etmələrini xahiş etmişdir. MKİS-nin əməkdaşları və sahə müvəkkili mənzilə yenidən baxış keçirərək, yeni Akt tərtib etmiş və onlara məhkəməyə müraciət etmələrini tövsiyə etmişdilər. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 2 ildən artıqdır su basması nəticəsində ümumilikdə onlara dəymiş zərər və subasmasının nəticələrini aradan qaldırmaq üçün lazım olan vəsait 3500 manat təşkil edir. (2023-cü ilin payızında – 500 manat, 2024-cü ilin fevral ayında – 800 manat, hal-hazırda 1.500 manat, mətbəx mebeli – 700 manat). Bildirmək istəyir ki, 2024-cü ilin fevral ayında Cavabdeh dəymiş zərərə görə bizə 200 manat pul ödəmişdir. Onu da qeyd etmək istəyir ki, o,hal-hazırda işləmir. Ailə üzvləri 4 nəfərdən ibarətdir. Övladı talassemiya xəstəsidir. Yalnız həyat yoldaşı işləyir, onun da aldığı əmək haqqı ailənin ehtiyaclarını ödəmir. Onlar həmin mənzili kirayə verərək dolanışıqlarını təşkil edirdilər. Yaranmış vəziyyətlə əlaqədar olaraq 8 aydır ki, mənzili kirayəyə vermək mümkün deyildir. Bu gün həmin mənzilin real kirayə haqqı aylıq 350-400 manatdır. Əgər həmin mənzili 8 ay kirayə versəydilər, 2.800 manat qazancı, faydası olardı (350 manat x 8 ay = 2.800 manat). Onlar indi həmin faydanı da itirmişdirlər.

b) birinci instansiya icraatı zamanı tərəflərin verdikləri izahatlar barədə məlumat

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə Rayon Məhkəməsinə verdiyi izahatda iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir ki, onlara zərər dəymişdir. Ev bərbad gündədir. Evi kirayə verə bilmədikləri üçün qazanc əldə edə bilmirlər. Verilən suala cavab olaraq bildirmişdir ki, evi əvvəllər kirayəyə verməmişdirlər.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh Rayon Məhkəməsinə verdiyi izahatda iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o, mənzili təmir etdirməmişdir. Kafel parçası kanalizasiya borusunda qaldığı üçün su axıdırdı. Problem orada idi, lakin 2 ildir məhkəməyə müraciət etmirdilər. Bu problem ümumi kanalizasiya problemidir. O orada yaşamadığı halda qış günü onu çağırıblar. O vaxt evində problem olmadığını görmüşdür.

c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə cavabdeh Cavabdeh 2.829 manat maddi zərər, 300 manat ekspertiza tədqiqatının dəyəri və 48,29 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı Rəfail qızına ödənilməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir. Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla iddiaçıya məxsus *** saylı mənzilə cavabdehə məxsus *** saylı mənzildən 2024–2025-ci illərdə bir neçə dəfə su axması və nəticədə iddiaçının mənzilinə zərər dəyməsi müəyyən edilir. Dəymiş maddi zərərin məbləğini müəyyən edərkən Rayon Məhkəməsi “xxxx” MMCnin ##.##.2026-cı il tarixli, CC/QH-***-**** nömrəli qiymətləndirmə hesabatını əsas götürmüşdür. Həmin hesabatda *** saylı mənzildə su sızması nəticəsində yaranmış zədələrin aradan qaldırılması üçün tələb olunan təmir işlərinin bazar dəyəri 2.829 manat müəyyən edilmişdir. Məhkəmə bu hallara əsaslanaraq iddiaçının əmlakına vurulmuş 2.829 manat məbləğində zərərin cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. İddianın su axmasının qarşısının alınmasına dair hissəsini Rayon Məhkəməsi təmin etməmişdir. Məhkəmə bu nəticəyə gələrkən Yasamal Rayon Sukanal İdarəsinin ## ###### 2025-ci il tarixli məlumatına əsasən kanalizasiya xəttində yaranmış tutulmanın aradan qaldırılmasını, dikdayağın dəyişdirilməsini və baxış zamanı *** saylı mənzilin kanalizasiya xəttində axıntının olmadığının müəyyən edilməsini nəzərə almışdır. İddianın əldən çıxmış faydanın tutulması barədə hissəsi də sübut edilmədiyindən rədd edilmişdir.

d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işdə olan sübutları tam və qarşılıqlı əlaqədə araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və su axması faktı ilə həmin su axmasının cavabdehin təqsiri nəticəsində baş verməsi məsələsini əsassız olaraq eyniləşdirmişdir. Şikayətçinin mövqeyinə görə, onun konkret hansı hüquqa zidd hərəkətinin və ya hərəkətsizliyinin iddiaçıya dəymiş zərərə səbəb olduğu müəyyən edilmədən onun üzərinə zərərin ödənilməsi vəzifəsi qoyulmuşdur. Şikayətçi bu dəlilini, ilk növbədə, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Yasamal Rayon Sukanal İdarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-*/*-****/** nömrəli məktubuna əsaslandırmışdır. Həmin məktubda *** saylı mənzilin daxilində olan kanalizasiya dikdayağında birinci və ikinci mərtəbələr arasında yuxarıdan atılmış bərk tullantı nəticəsində tutulmanın baş verdiyi, tutulmanın *** saylı mənzilin sahibi tərəfindən aradan qaldırıldığı və dikdayağın onun vəsaiti hesabına dəyişdirildiyi göstərilmişdir. Şikayətçi həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyinə istinad etmişdir. Həmin rəydə *** saylı mənzilin hamam və ayaqyolu hissəsinin təmirli olması, su-kanalizasiya borularının görünən hissələrində nasazlıq müşahidə edilməməsi səbəbindən *** saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, həmin sübutlar nəzərə alındıqda kanalizasiya xəttində yaranmış tutulmanın məhz cavabdehin təqsirli davranışı nəticəsində baş verdiyi müəyyən edilmir. Buna görə də şikayətçi Mülki Məcəllənin 1096.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinin düzgün tətbiq edilmədiyini bildirmişdir.

e) apellyasiya baxışının hədləri

7. Məhkəmə qeyd edir ki, qətnamə ilə iddianın bir hissəsi təmin, digər hissəsi isə rədd edilmişdir. Apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyindən qətnamənin iddianın təmin edilmiş hissəsinin qanuniliyi və əsaslılığı apellyasiya baxışının predmetini təşkil edir. Qətnamənin iddianın rədd edilmiş hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir və həmin hissə hazırkı apellyasiya baxışının predmeti deyildir. Bu səbəbdən hazırkı apellyasiya icraatında həll edilməli əsas məsələ iddiaçıya məxsus mənzilə zərər dəyməsi faktının mövcud olub-olmaması deyil, müəyyən edilmiş zərərin məhz cavabdeh Cavabdeh mülki hüquq pozuntusu nəticəsində yaranmasının iş üzrə mötəbər və kifayət edən sübutlarla təsdiq edilib-edilməməsidir.

f) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

8. Apellyasiya baxışı iclasında iştirak edən apellyator – cavabdeh və onun vəkili (nümayəndəsi) Vəkil/Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin məzmununa uyğun izahat verdilər.

9. İddiaçının nümayəndəsi (əri) Nümayəndə apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi.

g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını apellyasiya baxışının hədləri daxilində araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməklə iddianın birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş hissəsi rədd olunmalıdır.

11. Belə ki, hazırkı mübahisənin düzgün həlli üçün iddiaçıya maddi zərərin dəyməsi faktı ilə həmin zərərə görə məhz cavabdehin mülki-hüquqi məsuliyyət daşımasının hüquqi əsasları bir-birindən fərqləndirilməlidir. İş materiallarında iddiaçıya məxsus *** saylı mənzildə su axması nəticəsində müəyyən zədələrin yaranmasına dair sübutların mövcud olması özlüyündə cavabdehin həmin zərərə görə delikt məsuliyyətinin yaranması mənasına gəlmir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir — hərəkət və ya hərəkətsizlikdir. Həmin normanın mənasına görə, delikt öhdəliyinin yaranması üçün yalnız zərərin mövcudluğu kifayət deyildir. Bununla yanaşı, zərərvuran şəxsin hüquqa zidd davranışı, həmin davranışla yaranmış zərər arasında səbəbli əlaqə və qanunun tələb etdiyi hallarda təqsir elementinin mövcudluğu müəyyən edilməlidir.

13. Başqa sözlə, zərərin mövcudluğu məsuliyyətin mümkün nəticəsini, cavabdehin hüquqa zidd və təqsirli davranışı ilə zərər arasında səbəbli əlaqə isə həmin nəticənin konkret şəxsin üzərinə qoyulmasının hüquqi əsasını təşkil edir. Bu baxımdan iddiaçıya məxsus mənzilə suyun hansı istiqamətdən daxil olması ilə həmin su axmasına səbəb olan hüquqa zidd davranışın kim tərəfindən törədilməsi eyni fakt kimi qəbul edilə bilməz.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

15. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iddianın təmin edilmiş hissəsi üzrə gəldiyi nəticə həmin normaların tələblərinə uyğun deyildir. Belə ki, Yasamal Rayon Sukanal İdarəsinin ## ###### 2025-ci il tarixli, *-**-*-*/*-****/** nömrəli məktubu hazırkı mübahisənin həlli baxımından mühüm sübutdur. Həmin sənədlə kanalizasiya dikdayağında tutulmanın olması ilə yanaşı, onun yaranma səbəbi barədə də məlumat verilmiş və tutulmanın birinci və ikinci mərtəbələr arasında yuxarıdan atılmış bərk tullantı nəticəsində yarandığı göstərilmişdir. Bununla belə, həmin məktubda tullantının məhz cavabdeh Cavabdeh tərəfindən atıldığı, tutulmanın onun kanalizasiya sistemindən düzgün istifadə etməməsi nəticəsində yarandığı və ya cavabdehin hər hansı digər konkret hərəkətinin, yaxud hərəkətsizliyinin kanalizasiya xəttinin tutulmasına səbəb olduğu müəyyən edilmir. Əksinə, həmin məktubdan müəyyən edilən digər hal yaranmış tutulmanın cavabdeh tərəfindən aradan qaldırılması və dikdayağın onun vəsaiti hesabına yenisi ilə əvəz edilməsidir.

16. Məhkəmə qeyd edir ki, cavabdehin yaranmış nasazlığı aradan qaldırması onun həmin nasazlığın yaranmasında təqsirli olmasının sübutu kimi qəbul edilə bilməz. Şəxsin yaranmış nasazlığın nəticələrinin aradan qaldırılması üçün tədbir görməsi, həmin nasazlığı doğuran hüquqa zidd davranışın məhz həmin şəxs tərəfindən törədildiyini təsdiq edən digər mötəbər sübutlar olmadıqda, özlüyündə onun delikt məsuliyyətinin yaranmasına əsas vermir.

17. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının nəticəsi də Rayon Məhkəməsinin cavabdehin məsuliyyətinə dair nəticəsini təsdiq etmir.

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ##### 2026-cı il tarixli, **/*** nömrəli ekspert rəyində *** saylı mənzilin hamam və ayaqyolu tikilisinin təmirli olması, su-kanalizasiya borularının gözlə görünən hissələrində nasazlığın müşahidə edilməməsi səbəbindən *** saylı mənzilə su sızmasının texniki səbəbini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir.

19. Beləliklə, xüsusi bilik tələb edən məsələ üzrə aparılmış ekspert tədqiqatı belə su sızmasının konkret texniki səbəbini müəyyən edə bilməmişdir. Rayon Məhkəməsi isə ekspert rəyinin həmin nəticəsinin cavabdehin hüquqa zidd davranışı və səbəbli əlaqə baxımından hüquqi əhəmiyyətini lazımi qaydada qiymətləndirməmiş, faktiki olaraq suyun *** saylı mənzildən daxil olmasını cavabdehin zərərə görə məsuliyyət daşıması üçün kifayət hesab etmişdir. Məhkəmə bu yanaşma ilə razılaşmır.

20. Suyun cavabdehin mülkiyyətində olan *** saylı mənzildən iddiaçıya məxsus *** saylı mənzilə daxil olmasının müəyyən edilməsi özlüyündə həmin su axmasının cavabdehin təqsirli və hüquqa zidd hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq etmir. Əks yanaşma mülki hüquq pozuntusuna görə məsuliyyəti şəxsin konkret hüquqa zidd davranışından deyil, yalnız zərərin mənbəyi kimi göstərilən əmlak üzərində mülkiyyət hüququnun mövcudluğundan irəli gətirmiş olardı ki, bu da Mülki Məcəllənin 1096.1-ci maddəsində müəyyən edilmiş delikt anlayışının məzmununa uyğun deyildir.

21. “xxxx” MMC-nin ## #### 2026-cı il tarixli, CC/QH-***-**** nömrəli qiymətləndirmə hesabatında *** saylı mənzildə yaranmış zədələrin aradan qaldırılması üçün təmir işlərinin bazar dəyəri 2.829 manat müəyyən edilmişdir. Lakin həmin qiymətləndirmə hesabatının müəyyən etdiyi hal zərərin məbləğidir. Hesabat su axmasının texniki səbəbini, həmin səbəbin cavabdehin konkret davranışı ilə bağlılığını və cavabdehin təqsirini müəyyən etmir. Odur ki, zərərin məbləğinin sübuta yetirilməsi həmin zərərin məhz cavabdehin delikti nəticəsində vurulmasının sübuta yetirilməsi ilə eyniləşdirilə bilməz.

22. İş materiallarında olan sübutların məcmusu iddiaçıya məxsus *** saylı mənzilə su axmasını və həmin mənzildə maddi zərərin yaranmasını təsdiq etsə də, cavabdehin hansı konkret hüquqa zidd hərəkət və ya hərəkətsizliyinin həmin nəticəni yaratdığını, habelə belə davranışla zərər arasında səbəbli əlaqənin mövcudluğunu təsdiq edən kifayət qədər mötəbər sübut müəyyən edilmir.

23. MPM-in 77.1-ci maddəsi ilə müəyyən edilmiş sübutetmə yükü baxımından iddia tələbinin əsasını təşkil edən həmin halların sübuta yetirilməməsinin prosessual nəticəsini onları sübut etməli olan tərəf daşımalıdır. Məhkəmə bu səbəbdən belə nəticəyə gəlir ki, Rayon Məhkəməsi zərərin mövcudluğunu cavabdehin delikt məsuliyyətinin mövcudluğu ilə eyniləşdirmiş, bununla da iş üzrə sübutetmə predmetinə daxil olan mühüm hallara — cavabdehin hüquqa zidd davranışına və həmin davranışla zərər arasındakı səbəbli əlaqəyə düzgün hüquqi qiymət verməmişdir.

24. MPM-in 88-ci maddəsində nəzərdə tutulmuş sübutların obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymətləndirilməsi məhkəmədən yalnız iddia tələbini təsdiq edən sübutların deyil, gəlinmiş nəticəni şübhə altına alan sübutların da digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməsini tələb edir. Hazırkı halda Sukanal İdarəsinin məktubunda göstərilən tutulma səbəbi və məhkəmə ekspertizasının su sızmasının texniki səbəbini müəyyən edə bilməməsi Rayon Məhkəməsinin cavabdehin məsuliyyətinə dair nəticəsinin əsaslılığına bilavasitə təsir edən sübutlar olsa da, onların hüquqi nəticələri qətnamədə lazımi qaydada nəzərə alınmamışdır. Belə sübut vəziyyətində cavabdehin delikt məsuliyyətinin yaranmasına dair nəticə ehtimala əsaslana bilməz.

25. İddia tələbinin əsasını təşkil edən cavabdehin hüquqa zidd davranışının və həmin davranışla dəymiş zərər arasında səbəbli əlaqənin mövcudluğunun sübuta yetirilməməsi maddi zərərin cavabdehdən tutulmasına dair tələbin təmin edilməsini istisna edir. Buna görə də Rayon Məhkəməsinin cavabdeh Cavabdeh 2.829 manat maddi zərərin tutulması barədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara və delikt məsuliyyətini tənzimləyən maddi hüquq normasına uyğun deyildir.

26. Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə 300 manat ekspertiza tədqiqatının dəyəri və 48,29 manat dövlət rüsumunun əvəzi tutulmuş, həmçinin cavabdehin üzərinə iş üzrə keçirilmiş ekspertizaların xərclərinin ödənilməsi vəzifəsi qoyulmuşdur.

27. Maddi zərərin tutulmasına dair əsas tələb apellyasiya baxışının nəticəsinə əsasən rədd edildiyindən, həmin tələbin təmin edilməsinin nəticəsi olaraq cavabdehin üzərinə qoyulmuş məhkəmə xərclərinin onun üzərində saxlanılması üçün də hüquqi əsas qalmır.

28. Buna görə Rayon Məhkəməsinin qətnaməsinin cavabdehdən iddiaçının xeyrinə 300 manat ekspertiza tədqiqatının dəyərinin və 48,29 manat dövlət rüsumunun əvəzinin tutulması, habelə iş üzrə ekspertiza xərclərinin cavabdehin üzərinə qoyulması barədə hissələri də ləğv edilməlidir. h) Apellyasiya instansiyası məhkəməsinin nəticəsi

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsinin tələbləri baxımından Rayon Məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməsi üçün əsaslar mövcuddur. Rayon Məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallara tam hüquqi qiymət verməmiş, müəyyən edilmiş faktiki hallardan işin nəticəsinə uyğun olmayan hüquqi nəticə çıxarmış və mübahisəli hüquq münasibətinə tətbiq edilməli maddi hüquq normasını iş üzrə mövcud sübutlarla düzgün əlaqələndirməmişdir. 30 İş üzrə əlavə araşdırma aparılmasına zərurət yoxdur. Mübahisənin həlli üçün əhəmiyyətli olan sübutlar iş materiallarında mövcuddur və onların düzgün hüquqi qiymətləndirilməsi əsasında apellyasiya instansiyası məhkəməsində mübahisəni mahiyyəti üzrə həll etmək mümkündür.

31. Bu səbəbdən MPM-in 384-cü maddəsində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərindən çıxış edilməklə Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul olunaraq iddiaçının Rayon Məhkəməsi tərəfindən təmin edilmiş tələbləri rədd edilməlidir.

32. Bununla yanaşı, Rayon Məhkəməsinin qətnaməsi ilə iddianın əldən çıxmış faydanın tutulması və su sızmasının qarşısının alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə hissələri rədd edilmişdir. İddiaçı həmin hissələrdən apellyasiya şikayəti verməmişdir. Buna görə qətnamənin həmin hissələri apellyasiya baxışının predmeti deyildir və onlara toxunulmamalıdır. Cavabdehin apellyasiya şikayətinin tam deyil, qismən təmin edilməsi də bununla əlaqədardır. Belə ki, cavabdeh qətnamənin ləğvini və iddianın rədd edilməsini tələb etsə də, qətnamənin iddianın rədd edilməsi barədə hissəsi onun hüquq və qanuni mənafelərini pozmur və həmin hissənin ləğv edilməsi üçün prosessual əsas mövcud deyildir. Odur ki, qətnamə bütövlükdə deyil, yalnız cavabdehin əleyhinə qəbul edilmiş və apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilməlidir.

33. Beləliklə, iş üzrə müəyyən edilmiş faktiki halları, Mülki Məcəllənin delikt öhdəliklərinə dair müddəalarını, Mülki Prosessual Məcəllənin sübutetmə və sübutların qiymətləndirilməsinə dair normalarını, habelə apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini nəzərə alan Məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməlidir.

34. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı İddiaçı Rəfail qızının cavabdeh Cavabdeh qarşı iddiasının birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş hissəsi rədd edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh iddiaçı İddiaçı Rəfail qızının xeyrinə tutulmuş 2.829 manat maddi zərər, 300 manat ekspertiza tədqiqatının dəyəri və 48,29 manat dövlət rüsumunun əvəzinə dair hissələr ləğv edilsin. Həmin qətnamə ilə cavabdeh Cavabdeh üzərinə qoyulmuş iş üzrə ekspertiza xərclərinin ödənilməsi vəzifəsi ləğv edilsin. Qətnamənin apellyasiya baxışının predmeti olmayan hissəsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar