Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3157/2026 24.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər Bakı Şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti və cavabdeh1 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan cavabdehlərdən biri olan cavabdeh1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, o, cavabdeh cavabdeh1 ilə razılığa gələrək, sonuncuya məxsus torpaq sahəsinin 50 kv.metr hissəsini almış və orada ev inşa etdirmişdir. Buna ümumilikdə 12.000 ABŞ dolları və 22.000 manat məbləğində xərci çıxmışdır. Hazırda cavabdeh1 bildirir ki, həmin torpaq sahəsi və ev onun özünə məxsusdur. Mübahisə həllini tapmır. Qaradağ Rayon İcra Hakimiyyəti də həmin torpaq sahəsini və evi onun (iddiaçının) adına rəsmiləşdirmir. Buna görə də, o, qeyd edilən xərcin əvəzinin cavabdehlərdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsinə dair mülki işə baxılan zaman cavabdehlərdən biri olan cavabdeh1 vəkili (nümayəndəsi) vəkil2 vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, mülki işin baxılması üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı yaşayış yeri üzrə Sumqayıt şəhərində, cavabdeh cavabdeh1 isə Bakı şəhərinin Səbail rayonunda qeydiyyatdadır. İddiaçı cavabdehdən pul tələb edir və bildirir ki, guya cavabdeh cavabdeh1 torpaq sahəsini və evi ona satıb. Göründüyü kimi, iddia ərizəsinin məzmunundan da görünür ki, iddia ərizəsində digər cavabdeh kimi qeyd edilən Qaradağ RİH-nin iddiaçı ilə cavabdeh cavabdeh1 arasında yaranmış mülki mübahisəyə heç bir aidiyyəti yoxdur. Qaradağ RİH-nin iddia ərizəsində cavabdeh1 ilə birlikdə cavabdeh göstərilməsinin səbəbini iddiaçı açıqlamır və açıqlaya da bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 40.1-ci maddəsinə görə isə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsini icraata götürmüş və iddia tələbinə mahiyyəti üzrə baxan Rayon Məhkəməsi isə bunları nəzərə almamış, ərazi aidiyyətinə görə Səbail Rayon Məhkəməsinə aid olan iddianı icraata götürmüşdür. Vəsatətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardad ilə vəsatətin təmin edilməməsini qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən pul tələbi hər iki cavabdehə, o cümlədən hüquqi ünvanı Qaradağ rayonu ərazisində yerləşən Qaradağ RİH-ə qarşı irəli sürülmüşdür. MPM-in 36.2-ci maddəsinə görə isə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Bu səbəbdən də, vəsatət əsaslı hesab edilə və təmin oluna bilməz. Cavabdeh cavabdeh1 vəkil (nümayəndə) vasitəsi həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və cavabdeh cavabdeh1 vəkili (nümayəndəsi) tərəfindən verilmiş “işin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” vəsatətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, MPM-in tələblərinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər (maddə 36.2). Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir (maddə 40.1.). İş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi aidiyyəti üzrə başqa məhkəmədə baxmağa verir (maddə 44.2.2.). Məhkəmə eyni zamanda qeyd edir ki, “hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ” və “şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasının yolverilməzliyi” konstitusion prinsiplərdir (Azərbaycan Respublikasının Konstitusiyanın 62-ci maddəsi) və bu kontekstdə qeyd olunmalıdır ki, aidiyyət qaydalarına əməl edilmədən aparılan istənilən prosessual addım qanunsuz olmaqla məhkəmə aktının ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının qanunvericiliyi aidiyyətin pozulmasına qadağa qoyur. İş materiallarından görünür ki, iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü iddia tələbi pulun cavabdehlərdən tutularaq iddiaçıya verilməsi barədədir. İddiaçı iddia ərizəsində bildirir ki, cavabdeh cavabdeh1 torpaq sahəsini və evi ona satıb, lakin hazırda bunu inkar edir. İddia ərizəsinin məzmunundan da görünür ki, iddia ərizəsində digər cavabdeh kimi qeyd edilən Qaradağ RİH-nin iddiaçı ilə cavabdeh cavabdeh1 arasında yaranmış mülki mübahisəyə heç bir aidiyyəti yoxdur. Qaradağ RİH-nin iddia ərizəsində cavabdeh1 ilə birlikdə cavabdeh göstərilməsinin səbəbini iddiaçı açıqlamır. İddiaçı bildirir ki, Qaradağ RİH həmin torpaq sahəsini və evi onun (iddiaçının) adına rəsmiləşdirmir. Lakin iddiaçı tərəfindən RİH-nin hərəkət və ya hərəkətsizliyi ilə bağlı iddia irəli sürülməmişdir. Beləliklə də müəyyən edilir ki, iddiaçı, bilərəkdən və ya bilməyərkdən hazırkı işin ərazi aidiyyətini pozmuşdur. Çünki iddiaçı ilə aralarında mübahisə yaranmış və iddiaçının dediyinə görə torpaq sahəsini ona sataraq ondan pul məbləğini almış cavabdeh cavabdeh1 Bakı şəhərinin Səbail rayonunda qeydiyyatdadır. Belə olan halda iddia ərizəsini icraata qəbul edilməsi zamanı Rayon Məhkəməsi nəzərə almalı idi ki, məsələn Naxçıvan şəhərində yaşayan cavabdehə qarşı “pul tələbi barədə” iddia irəli sürülərkən, həmin cavabdeh ilə yanaşı istənilən inzibati ərazi üzrə Rayon İcra hakimiyyəti və ya başqa hüququ və ya fiziki şəxs göstərilməklə, iddianın ərazi aidiyyətini pozmaq mümkün olar kı, bu da MPM-in 40.1-ci maddəsinə görə yolverilməzdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh cavabdeh1 şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad ləğv edilsin və cavabdeh cavabdeh1 işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə vəsatətinə yenidən baxılması üçün mülki iş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(3-6)-3157/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3157/2026
24.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver