Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3458/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı İddiaçı, Cavabdeh cavabdeh1 və onun nümayəndəsi-vəkili İsmayılov Mehman Akif oğlunun iştirakları ilə İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Cavabdeh cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində, 10iyul 2025-ci il tarixində, saat 08:40 radələrində “BYD K9UD” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmuş, beləliklə, İddiaçı mülkiyyətində olan "X1" markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə ilə bağlı aparılmış təhqiqat araşdırmasının yekununda yol-nəqliyyat hadisəsinin cavabdeh1 təqsirli hərəkətləri nəticəsində baş verdiyi müəyyən edilmiş, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilsə də, cavabdeh1 əməllərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmişdir. Hazırda hadisə nəticəsində zərərçəkmiş avtomobilin sahibi olan iddiaçı hadisənin baş verməsində birbaşa təqsiri müəyyən edilən cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən avtomobilə dəymiş zərərin ödənilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı İddiaçı əmlakına vurulmuş 12165,24 manat məbləğində maddi zərərin və ödənilmiş 127 manat məbləğində dövlət rüsumunun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən və cavabdeh cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixində, saat 08:40-da Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, ona məxsus **-EN-*** dövlət qeydiyyat nişanlı “X1” markalı avtomobili etibarnamə əsasında idarə edən oğlu X3 istiqamətində hərəkət edərkən “xxxx” MMC-yə məxsus, **-JS- *** dövlət qeydiyyat nişanlı, BYD markalı, * nömrəli marşrut üzrə hərəkət edən avtobus Füzuli küçəsindən Ş.Qurbanov küçəsinə dönərkən, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qarşı hərəkət zolağına çıxmış və avtomobilə çırpılmışdır, nəticədə zəncirvari yol-nəqliyyat hadisəsi baş vermişdir. Fakt hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qeydə alınmış, müvafiq araşdırma aparılmışdır. Yasamal Rayon Polis İdarəsinin TŞ-də aparılmış araşıdırma nəticəsində avtobus sürücüsü, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olan cavabdeh1 təqsirli olması öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh1 hadisədə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmçinin sürücünün təqsiri cinayət işinin başlanılmasının rədd edilməsi barədə Yasamal RPİ-nin TŞ-nin baş təhqiqatçısı Əli Məmmədovun ##.##.2025-ci il tarixli qərarı ilə öz təsdiqini tapmışdır. Qəza nəticəsində nəqliyyat vasitəsinə 13.466 manat məbləğində zərər vurulmuşdur. İcbari sığorta çərçivəsində “Qala Sığorta’' ASC tərəfindən yalnız avtomobilə dəymiş zərərin 1800,75 manatdan ibarət hissəsinin ödənilməsi həyata keçirilmişdir. Yerdə qalan məbləğin ödənilməsi ilə bağlı “xxxx” MMC-yə rəsmi müraciət etsə də, sürücü ilə aralarında bağlamış olduqları maddi məsuliyyətlə bağlı müqaviləyə istinad edərək zərərlə bağlı işçinin məsuliyyət daşımalı olması göstərilmiş və zərərin ödənilməsindən imtina olunmuşdur. Oğlunun 500 manat dəyərində optik eynəyi hadisə zamanı yararsız hala düşmüşdür. Hadisə nəticəsində ona təcili tibbi yardım göstərilmiş, xəstəxanaya yerləşdirilmiş və şəxsi vəsaiti hesabına bir gecə stasionar qaydada xəstəxanada müayinə və müalicə olunmuşdur. Sözügedən hallar polisin araşdırma materialları, protokol, zərərçəkən digər şəxslərin izahatları ilə öz təsdiqini tapır. Hüquqi müəyyənlik prinsipi baxımından zərərvuran təqsirli şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olan cavabdeh1 qanunsuz, hüquqa zidd hərəkəti onun barəsində tətbiq olunmuş inzibati tənbeh tətbiq etmə barədə qərarla, cinayət işinin rədd qərarı, tərəflərin izahatları və digər araşdırma materialları ilə təsdiq və sübut olunur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən birgə qaydada avtomobilə dəymiş maddi zərər 9000.24 (doqquz min manat, iyirmi dörd qəpik) manat pul vəsaitinin tutularaq Şixəmirov Mədəd Aydın oğluna ödənilməsi, cavabdehlər cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən birgə qaydada 110 (yüz on) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Şixəmirov Mədəd Aydın oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mütəxəssis tədqiqatının dəyəri 300 (üç yüz) manat məbləğində pul vəsaitinin cavabdehlər cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən birgə qaydada tutularaq Şixəmirov Mədəd Aydın oğluna ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsasladırmışdır ki, iddiaçı İddiaçı məxsus olan avtomobilə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsində cavabdeh cavabdeh1 təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materialları əsasında müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması–ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi–təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulmasıqanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması–zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdeh cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətmiş və törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, o, idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Məhkəmə cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş zərərin məbləğini, yəni mülki məsuliyyətin həcmi ilə bağlı qeyd etmişdir ki, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən aparılmış hesablamalar və təhlillərə əsasən "X1" markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği təmir işləri ilə birlikdə orta bazar qiyməti: ehtiyyat hissələrinin cəmi 6.451 manat, əmək haqqı cəmi 4.350 manat, ümumi cəmi 10.801 manat təşkil edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək yol-nəqliyyat hadisəsi nəticəsində sığorta təşkilatı tərəfindən ona 1800.76 manat məbləğində pul ödənildiyini, dəymiş zərərin yerdə qalan hissəsinin cavabdehlərdən birgə qaydada tutularaq ona ödənilməsinin təmin edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidmət) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürənin işçiyə qarşı reqress tələb hüququ vardır. Həmçinin yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və s.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İddiaçı hazırda nəqliyyat vasitəsinə vurulmuş zərərin həm işəgötürəndən, həm də yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsdən tələb edilməsini irəli sürür. Məhkəmə qeyd etmişdir ki, “xxxx” MMC ilə digər cavabdeh cavabdeh1 arasında əmək müqaviləsinin mövcudluğu işin mübahisəsiz hallarındandır. Hazırkı iş üzrə işəgötürənə məxsus nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə iddiaçı qarşısında işəgötürən məsuliyyət daşıyır. Həmçinin avtobusu idarə edən şəxs yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə etmək səlahiyyətinə malik olduğundan, yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti də daşıyır. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını Mülki Məcəllənin maddələrinə uyğun işəgötürənin üzərinə düşən məsuliyyətə görə düzgün müəyyənləşdirməyib və burada onun da müştərək məsuliyyətini müəyyən edib. Hesab edir ki, hava şəraitinin yağışlı olması, avtomobilin təkərlərinin texniki cəhətdən saz vəziyyətdə olmaması, avtomobilin idarəetməsində sükanında problemlər olması bu qəzanın baş vermə səbəblərindəndir. Bu məsələləri dəfələrlə birinci instansiya məhkəməsində qaldırsa da, məhkəmə onların araşdırılmasında maraqlı olmamışdır. Hesab edir ki, bu halların araşdırılması iş üzrə ədalətli qətnamə qəbul edilməsi üçün zəruridir. İşəgötürən yüksək təhlükə mənbəyi olan şəhər daxilində tıxaclarda, böyük sərnişin tutumu olan avtobusların texniki sazlığını, idarə edilməsində hər hansı xırda nöqsanların belə olmaması üçün məsuliyyət daşıyır. O, isə bu avtobusun sürücüsüdür, sürücü kimi onun öz məsuliyyəti var, yol hərəkəti qaydalarına əməl edilməsi ilə bağlı, hər hansı baş verə biləcək qəza şəraitindən yayınmaq və avtobusun qaydalar çərçivəsində idarə edilməsi ilə bağlı. Baş vermiş hadisəyə dair video görüntüləri dəfələrlə tələb etsə də onlar məhkəməyə təqdim olunmadı. Belə ki, “xxxx” MMC-nin bütün avtobuslarının dörd bir tərəfi kameradır və hər anı qeydə alınır. Bu video görüntülərdə onun hər hansı təqsirinin kobud qanun pozuntu olsaydı onu çoxdan “xxxx” əlində şüar edərdi. Lakin həmin görüntülərdən aydın görünür ki, avtomobili döngədə sükanı tam döndərməyinə baxmayaraq avtomobil idarə olunmur, yəni dönməsi alınmadı, qəza da belə baş verdi. Bu halın araşdırılması hesab edir ki, iş üzrə düzgün hüquqi nəticəyə gəlməyə əsas verə bilər. Çünki hadisənin baş verməsi onun hansısa kobud qanun pozuntusu törətməyi səbəbindən olmamışdır. Hadisənin baş verməsi avtobusun idarə olunmasında olan nöqsan səbəbindən baş vermişdir. Həmin avtobusun hər gün xəttə buraxılmamışdan texniki sazlığı yoxlanılmalı, buna görə də “xxxx” MMC aidiyyatı mütəxəsisləri məsuliyyət daşımalıdır. Bu hal onu göstərir ki, onun da iddiaçının tələbində göstərilən məbləğin ödənilməsində müştərək cavabdeh olmağı əsaslı deyil. Çünki bu iddiaya işəgötürən və nəqliyyat vasitəsinin sahibi cavabdehlik daşıyır. O, əmək müqaviləsi ilə işləyən sürücüdür, hadisə iş vaxtı və xidməti vəzifəni yerinə yetirərkən baş verib? Avtobus “xxxx”-ın mülkiyyətindədir. Bu səbəbdən: zərərçəkən qarşısında birbaşa məsuliyyət şirkətə aiddir, onun məsuliyyəti yalnız daxili (regress/subroqasiya) qaydasında yarana bilər. İşin hallarından aydın olur ki, zərərə görə birbaşa məsul şəxs “xxxx” şirkətidir, əgər “xxxx” zərəri ödəsə, sonra ona qarşı regress (geri tələb) iddiası qaldıra bilər, hazırki tələbdə isə onlar müştərək cavabdeh olaraq bu pulu ödəmələri qət olunub. Bu artıq işçi ilə işəgötürən arasında münasibətdir, üçüncü şəxs (zərərçəkən) ilə yox, ona görə də hesab edir ki birinci instansiya məhkəməsinin bununla bağlı mövqeyi qanuni və əsaslı olmamışdır. Əgər işəgötürən ona qarşı iddia qaldırsa onda yüksək təhlükə mənbəyi olan avtobusların texniki sazlığına cavabdeh şəxslər və iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halar araşdırılaraq məsələyə qiymət verilməlidir ki, bu da artıq 3cü şəxsə yəni zərərçəkənə heç bir aidiyyatı yoxdur, işçi ilə işəgötürənin arasında olan mübahisədir. Məhkəmə, “xxxx” MMC özünə haqq qazandırmaq üçün istinad etdiyi “Tam maddi məsuliyyət haqqında müqavilə” də düzgün qiymət verməyib. Belə ki, bu müqaviləyə istinadən bütün günahı onun üzərinə qoyub, onu da müştərək cavabdeh kimi tanınmağı və üçüncü şəxslər qarşısında məsuliyyətinin müəyyən edilməsi düzgün deyil. “xxxx” MMC ilə aralarında bağlanmış müqavilə yalnız daxili əmək münasibətlərini tənzimləyir, bu müqavilə üçüncü şəxslər qarşısında məsuliyyət yaratmır. Qeyd olunan xüsusatlara dair geniş izahatlar versə də məhkəmə bu xüsusatları araşdırmamışdır. Məhkəmə faktiki olaraq bu müqavilənin nəticələrini üçüncü şəxsə tətbiq etmişdir ki, bu da hüquqa ziddir. Hesab edir ki, qətnamənin müştərək məsuliyyət hissəsi ləğv edilməli, “zərərin yalnız “xxxx” MMC-dən tutulması” qət olunmalıdır. O burada yalnız gələcəkdə reqres qaydada məsuliyyət daşıya bilər, o da təqsir sübuta yetirilmiş olsa. Bu da tamamilə əsassızdır və onun Azərbaycan Respublikası Konstitussiyası ilə nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Bundan başqa işçi əmək vəzifələrini yerinə yetirərkən üçüncü şəxsə vurduğu zərərə görə işəgötürən məsuliyyət daşıyır. İş materiallarından açıq şəkildə görünür ki: 1) O “xxxx” MMC-nin işçisdir, 2) Hadisə xidməti vəzifəni yerinə yetirərkən baş vermişdir, 3) Nəqliyyat vasitəsi “xxxx” MMC-yə məxsusdur və xüsusi mülkiyyətindədir. Bu halda qanuna görə zərərçəkən qarşısında birbaşa məsuliyyət işəgötürənin üzərinə düşür. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, əmək münasibətləri mövcuddur, nəqliyyat vasitəsi işəgötürənə məxsusdur. Buna baxmayaraq, həm işəgötürəni, həm də işçini müştərək məsuliyyətə cəlb etmişdir ki, bu da Mülki Məcələnin 1099-cu maddəsinə və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə ziddir. Yüksək təhlükə mənbəyi üzrə məsuliyyət işin hallarına düzgün tətbiq olunmamışdır. Belə ki, maddi hüquq normasının tələbinə əsasən nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi hesab olunur və bu mənbənin vurduğu zərərə görə onun sahibi məsuliyyət daşıyır, sürücü deyil. Avtobusun sahibi “xxxx” MMC-dir. Məhkəmə isə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarında açıq göstərilir ki, əmək münasibətləri olduqda, işçi tərəfindən törədilən zərərə görə işəgötürən məsuliyyət daşıyır. Məhkəmə bu hüquqi mövqeni düzgün tətbiq etməmiş, onu, yəni Akif Qənbərovu birbaşa zərərçəkən qarşısında cavabdeh kimi tanımışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 və onun nümayəndəsi-vəkili İsmayılov Mehman Akif oğlu ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia ərizəsinin təmin edilən cavabdeh cavabdeh1 aid hissəsi mübahisələndirildiyindən, Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə apellyatora aid hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyəborcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2022-ci il tarixli qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər (yol nəqliyyat hərəkəti qaydalarını pozma) nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə zərər dəyməsi iş materialları əsasında müəyyən edilsə də, cavabdeh apellyasiya şikayətində baş vermiş hadisə zamanı təqsirinin olmamasını göstərmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2025ci il tarixli qərara əsasən vətəndaş X4 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “BYD K9UD” markalı **-JS-*** dövlət nömrə nişanlı avtobusun sürücüsü cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Bununla yanaşı iddiaçı İddiaçı məxsus olan avtomobilə zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsində cavabdeh cavabdeh1 təqsirli olduğu müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan İXP ******* saylı ##.##.2025-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və TP7533971 saylı ##.##.2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, cavabdeh1 Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi baş vermiş hadisə zamanı avtobus sürücüsü, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olan cavabdeh1 təqsirli olması öz təsdiqini tapmışdır. Bu səbəbdən Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin müzakirə edilən dəlilləri əsassız olmuşdur. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə işin hallarını Mülki Məcəllənin maddələrinə uyğun işəgötürənin üzərinə düşən məsuliyyətə görə düzgün müəyyənləşdirməyib və burada onun da müştərək məsuliyyətini müəyyən edib. Məhkəmə Kollegiyası bununla bağlı hesab edir ki, cavabdehin qeyd edilən dəlilləri də əsassız olmuşdur. Belə ki, iş materiallarında görünür ki, cavabdeh cavabdeh1 mülki hüquq pozuntusu (delikt) törətmiş və törətdiyi əmələ görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, o, idarə etdiyi avtobusla yol hərəkəti qaydalarını pozmuş, nəticədə iddiaçının avtomobilinə maddi zərər vurulmuşdur. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidmət) vəzifələrinin icrası ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürənin işçiyə qarşı reqress tələb hüququ vardır. Həmçinin yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və s.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Göründüyü kimi “xxxx” MMC ilə digər cavabdeh cavabdeh1 arasında əmək müqaviləsinin mövcudluğu işin mübahisəsiz hallarındandır. Hazırkı iş üzrə işəgötürənə məxsus nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə iddiaçı qarşısında işəgötürən məsuliyyət daşıyır. Həmçinin avtomobili idarə edən şəxs yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə etmək səlahiyyətinə malik olduğundan, yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti də daşıyır. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, Mülki Məcəllənin 1113.1-ci maddəsinə əsasən birlikdə zərər vurmuş şəxslər zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. Qanunun mənasına görə zərərçəkmiş şəxs zərərin əvəzinin ödənilməsini həmin şəxslərdən birindən, bir neçəsindən və ya hamısından tələb etmək hüququna malikdir. İş materiallarından göründüyü kimi iddiaçı hazırda nəqliyyat vasitəsinə vurulmuş zərərin həm işəgötürəndən, həm də yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsdən tələb edilməsini irəli sürür. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, hazırda işəgötürənə məxsus nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə iddiaçı qarşısında işəgötürən məsuliyyət daşıyır, həmçinin avtobusu idarə edən şəxs yüksək təhlükə mənbəyini qanuni əsaslarla idarə etmək səlahiyyətinə malik olduğundan, yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti də daşıyır. Hadisənin baş verməsi avtobusun idarə olunmasında olan nöqsan səbəbindən baş verməsi, həmin avtobusun hər gün xəttə buraxılmamışdan texniki sazlığı yoxlanılmaması, buna görə də “xxxx” MMC aidiyyatı mütəxəsisləri məsuliyyət daşımalı olmasına dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu halların mövcudlğuna dair sübutlar təqdim edildiyi halda apellyatorun iddiaçının tələbində göstərilən məbləğin ödənilməsində müştərək cavabdeh olmamağı müzakirə oluna bilərdi. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları mübahisələndirilən hissədə düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissəsində iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh cavabdeh1 tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.