Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-355/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsrəfilzadə Şahnaz Rasim qızının cavabdeh Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı İsrəfilzadə Şahnaz Rasim qızının iştirakı ilə, İddiaçı İsrəfilzadə Şahnaz Rasim qızının cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İcarəyə verən İsrəfilzadə Şahnaz Rasim qızı ilə icarəçi Cavabdeh MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli, № İM ****/**** nömrəli “Satınalma şərti ilə İcarə müqaviləsi”nə əsasən icarəyə verən səhnə və şou kostyumlarını İcarəçiyə icarəyə verməyi, icarəçi isə bunun müqabilində Müqavilədə qeyd edilən məbləğdə və qaydada icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilələrin 1.4-ci bəndinə əsasən icarə müddətinin sonuna qədər ödənilmiş aylıq məbləğin yarısı icarə predmetinin satınalma dəyərinə hesablanır və müddətin sonunda icarə predmeti icarəçi tərəfindən satın alınmış olur.
2. Müqavilənin 2.1-ci bəndində icarə predmeti üçün aylıq icarə haqqı vergilər daxil olmadan 750 manat təşkil etməsi müəyyən edilmiş və həmin müqavilənin 2.2-ci bəndində qeyd edilmişdir ki, icarəçi tərəfindən müqavilənin bağlandığı gündən başlayaraq hər ayın sonunadək icarə haqqından 14% ödəmə mənbəyində vergi tutularaq büdcəyə, qalan hissəsi isə İcarəyə verənə nağd və ya köçürmə yolu ilə onun bank hesabına ödənilir. İcarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğin 1 faiz miqdarında əlavə ödəniş etməlidir.
3. Həmçinin müqavilənin 3.1-ci və 3.2-ci bəndinə əsasən müqavilənin müddəti 6 ay müəyyən olunmuşdur, müqavilə uzadıla bilməz və nəzərdə tutulmuş müddət bitmədən müqaviləyə xitam verilə bilməz.
4. İsrəfilzadə Məhəmməd Rasim oğlu tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xəbərdarlıqdan görünür ki, qeyd olunan müqavilə üzrə ona ödənilməli olan 3 ay üçün ödənilməli 2.250 manat icarə haqqı, icarə haqqının gecikdirilməsinə görə icarə haqqının 1 faiz miqdarında pulun ödənilməsi xahiş olunmuşdur. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, tərəflər müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərinə və lazımınca yerinə yetirmədiklərinə görə mülki-hüquqi məsuliyyət daşıyırlar və bunun nəticəsində digər tərəfə dəymiş zərərin əvəzini ödəməlidirlər.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İsrəfilzadə Şahnaz Rasim qızı cavabdeh Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Cavabdeh MMC-dən 2.250 manat icarə haqqının və 1.350 manat dəbbə pulunun, habelə ödənilmiş 56 manat dövlət rüsumunun və 1.000 manat hüquqi yardım haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh MMC ilə ##.##.2024-cü il tarixli, № İM ****/**** saylı yazılı, möhürlü və qüvvəyə minmiş “Satınalma şərti ilə İcarə Müqaviləsi” bağlamışdır. Müqavilə 2024-2025-ci illəri əhatə edən dövr üçün kostyumların icarəsini nəzərdə tutmuş və aylıq icarə haqqı razılaşdırılmışdır. Belə ki, ##.##.2024-cü il tarixli, № İM ****/**** saylı icarə müqaviləsi üzrə 1 ədəd 400 manat dəyərində Funtik, 1 ədəd 400 manat dəyərində Ninja, 1 ədəd 200 manat dəyərində R Amerika, 1 ədəd 430 manat dəyərində Şamplena, 1 ədəd 190 manat dəyərində Knuckles (animator), 1 ədəd 190 manat dəyərində Pokcmon (animator), 1 ədəd 190 manat dəyərində Patrul (animator), 1 ədəd 1.000 manat dəyərində Teddy Şou (3 metr) səhnə və şou kostyumları verilmişdir. İcarəçi tərəfindən İcarəyə verənə ##.##.2024-cü il tarixli, № İM ****/**** saylı icarə müqaviləsi üzrə 6 ay müddətinə gecikmə faizi 01% olmaqla aylıq 750 manat pul vəsaitinin ödənilməsi razılaşdırılır. İcarəçi tərəfindən İcarəyə verənə icarə müqaviləsi üzrə 3 ay – 2.250 manat ödənilmişdir. Hazırda İcarəçi tərəfindən İcarəyə verənə 3 ay – 2.250 manat icarə haqqı ödənilməlidir. Digər tərəfdən, İcarəçi tərəfindən icarə haqlarının vaxtında ödənilməməsi nəticəsində, İcarəyə verən həmin vəsaitlə planlaşdırdığı digər maliyyə öhdəliklərini yerinə yetirə bilməmiş, biznes fəaliyyətinə zərər dəymiş və əldən çıxmış fayda yaranmışdır. Əldən çıxmış fayda olaraq İcarəçi tərəfindən İcarəyə verənə ümumilikdə 1.350 manat pul vəsaiti ödənilməldir.
7. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.M.Əhmədova) iddia tələbi qismən təmin edilmiş, İsrəfilzadə Şahnaz Rasim qızı və Cavabdeh MMC arasında bağlanılmış ##.##.2024cü il tarixli, № İM ****/**** saylı müqavilə üzrə 3 ay üzrə ödənilməmiş icarə haqqı kimi 2.250 manat pulun, icarə haqqının gecikdirildiyi üçün hesablanmış 112,50 manat əlavə ödənişin, hüquqi yardım üçün ödənilmiş 300 manat xidmət haqqının və ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh Cavabdeh MMC-dən tutularaq İsrəfilzadə Şahnaz Rasim qızına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış icarə müqaviləsinə əsasən İsrəfilzadə X4 № *-də göstərilən 8 adda əşyaları icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığına müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. ##.##.2024-cü il tarixli müqavilənin müddəti 6 ay müəyyən edilmiş, hazırda müqavilə üzrə müəyyən olunmuş müddət bitmiş, lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və icarə haqqı tam şəkildə ödənilməmiş, cavabdeh iddiaçının tələb etdiyi vəsaitlərin ödənilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir.
9. Həmçinin, cavabdehin nümayəndəsi və vəkili icarə predmeti olan 8 adda əşyanın cəmiyyətə təhvil verilməsinə dair iş materiallarına akt əlavə olunmadığını qeyd etmişdir. Məhkəmə qeyd edir ki, adıçəkilən müqavilə üzrə müəyyən aylar üzrə ödənişlər edilmişdir. Məhkəmə icarə haqqı ödənişi edildiyi halda, cavabdehin nümayəndəsi və vəkilinin icarə obyektlərinin cavabdehə təhvil verilməməsi ilə bağlı mövqeyini əsassız hesab edir, əgər həmin əşyalar həqiqətən cəmiyyətə təhvil verilməsə idi, icarə ödənişlərinin edilməməsi səbəbi əşyaların ümumiyyətlə cavabdehə təhvil verilməməsi olardı.
10. Eyni zamanda məhkəmə cavabdehin vəkili və nümayəndəsinin “müqavilənin ##.##.2025-ci il tarixində bitməsi, eyni zamanda pretenziyanın çatdırılmasına dair sübutun olmaması, müqavilə münasibətlərindən irəli gələn mübahisələrdə məhkəmədən qabaq pretenziya qaydasına riayət edilməsinin şərti olması, pretenziyanın iddiaçı tərəfindən deyil, aidiyyəti olmayan şəxs İsrafilzadə Məhəmməd tərəfindən göndərilməsi” dəlillərinə qiymət verərək qeyd edir ki, tərəflər arasında ##.##.2024-cü il tarixli müqavilə 6 ay müddətinə bağlanılmış və müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilməz. Hazırda müqavilənin müddəti ##.##.2025-ci il tarixdə bitmiş, pretenziya isə ##.##.2025-ci il tarixdə qarşı tərəfə göndərilmişdir. Göründüyü kimi müqavilənin müddəti pretenziya göndərilən və məhkəmədə iddia qaldırılan zaman artıq bitmişdir. Buna görə də hazırki iş üzrə müqavilənin ləğv edilməsi üçün pretenziyanın göndərilməsinin zəruri olması barədə cavabdeh tərəfin dəlilini məhkəmə əsassız hesab edir.
11. Qeyd edilənlərə əsasən məhkəmə bildirmişdir ki, cavabdeh Cavabdeh MMC icarə müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən iddiaçının tələbi əsasında cavabdehdən ##.##.2024-cü il tarixli müqavilə üzrə 3 ay üçün müqavilədə nəzərədə tutulmuş icarə haqqı olaraq vergilər daxil olmadan 2.250 manat məbləğində pul tutularaq İsrəfilzadə Şahnaz Rasim qızına ödənilməlidir.
12. Məhkəmə iddia tələbinin “icarə haqqının gecikdirilməsinə görə 1.350 manat pulun tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə 3 aylıq icarə haqqı ödənilsə də, sonrakı 3 ay ərzində ödənişlər edilməmişdir. Müqavilənin müddəti bitmişdir.
13. Məhkəmə qeyd etmişdir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. Bu səbəbdən müqavilə müqavilə azadlığı prinsipinə uyğun olaraq bağlanmış, tərəflər arasında bağlanmış adıçəkilən müqavilənin 2.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğinin 1 faiz miqdarında əlavə ödəniş etməli olması müəyyən edilmişdir.
14. Məhkəmə işin hallarını nəzərə alaraq hesab etmişdir ki, 1.350 manat miqdarında cərimə pulu 2250 manat məbləğinə uyğun deyil və həmin məbləğ azaldılaraq 112,50 manat müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
15. Məhkəmə iddia tələbinin “hüquqi yardım üçün ödənilmiş 1.000 manat xidmət haqqının cavabdehdən tutulması hissəsi” ilə bağlı bildirmişdir ki, iş materiallarına əlavə edilmiş 1000 manat hüquqi yardımın göstərilməsi ##.##.2025-ci il tarixli qəbz ilə öz təsdiqini tapmışdır. Hazırda məhkəmə qeyd edir ki, hazırki mülki iş hüquqi mahiyyət etibarı ilə mürəkkəbliyi ilə seçilmir, məhkəmə iş üzrə iddiaçının vəkili və nümayəndəsi ümumilikdə 3 məhkəmə iclasında iştirak etmiş, onun tərəfindən iş üçün əhəmiyyətli olan sübutlar təqdim edilmiş, vəkil tərəfindən hər hansı vəsatət qaldırılmamış, məhkəmə iclası uzun müddət davam etməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, göstərilən hüquqi yardıma görə cavabdehdən iddiaçının xeyrinə 300 manat məbləğində pul tutulmalıdır.
16. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 56 manat dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 56 manat dövlət rüsumunun 50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 6 manatı isə iddiaçıya aid edilməlidir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 448.1-ci, 700.1-ci, 700.2-ci, 704-cü, 685.1, 685.2.1, 690-cu maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsini İ bəndinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin dövlət rüsumu, dəbbə pulu və hüquqi yardım haqqına dair hissədə ləğv edilməsini və iddia ərizəsinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olmaqla onunla əsaslandırılmış, həmçinin göstərilmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin icarə haqqının gecikdirilməsinə görə 1.350 manat dəbbə pulu hissəsini tam təmin etməmiş, həmin məbləği 112,50 manatadək azaltmış, eləcə də faktiki ödənilmiş və sübut olunmuş 1.000 manat hüquqi yardım haqqını 300 manat həcmində müəyyən etmişdir. İddiaçı tərəf hesab edir ki, məhkəmə bu hissədə müqavilə azadlığı prinsipini, tərəflərin iradə sərbəstliyini düzgün qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Belə ki, cavabdehin icarə haqqını uzun müddət ödəməməsinin iddiaçıya vurduğu real maliyyə zərəri və bu gecikmənin nəticələri qiymətləndirilməmişdir. Məhkəmə dəbbə pulunun azaldılması zamanı gecikmənin müddətini, borcun davamlı xarakter daşımasını və cavabdehin müqavilə öhdəliklərini qəsdən icra etməməsini nəzərə almamışdır. Həmçinin müqavilədə nəzərdə tutulmuş dəbbə pulunun tərəflər üçün hüquqi əhəmiyyəti araşdırılmamışdır. Faktiki ödənilmiş hüquqi yardım haqqının və dövlət rüsumunun həcmi və göstərilən hüquqi xidmətin məzmunu tam qiymətləndirilməmişdir. Bu hallar məhkəmənin gəldiyi nəticənin əsaslandırılmış və obyektiv olmasına mane olmuşdur. Birinci instansiya məhkəməsi dəbbə pulunun tənasübsüz olması barədə nəticəyə gəlsə də, bu halı təsdiq edən heç bir konkret sübuta istinad etməmişdir. Məhkəmə 1.350 manat məbləğində dəbbə pulunun iddiaçının maraqlarına nisbətdə həddindən artıq olması faktını sübutlarla əsaslandırmamışdır. Həmçinin, hüquqi yardım haqqının 300 manata endirilməsinin zəruriliyini təsdiq edən hər hansı obyektiv meyar və ya sübut iş materiallarında mövcud deyil. Cavabdeh tərəfindən dəbbə pulunun azaldılmasını və hüquqi yardım haqqının şişirdildiyini təsdiqləyən sübutlar təqdim edilməmişdir. Buna baxmayaraq, məhkəmə sübut edilməmiş halları əsas götürərək qərar qəbul etmişdir. Bu isə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr iş üzrə müəyyən edilmiş faktiki hallarla uzlaşmır. Məhkəmə cavabdehin müqavilə öhdəliklərini uzun müddət və tam həcmdə icra etmədiyini müəyyən etsə də, bu halların hüquqi nəticələrini düzgün tətbiq etməmişdir. Müqavilədə açıq şəkildə nəzərdə tutulmuş dəbbə pulunun faktiki gecikmə müddətinə uyğun hesablanmasına baxmayaraq, onun əsassız şəkildə azaldılması işin hallarına ziddir. Eyni zamanda faktiki ödənilmiş və sənədlərlə təsdiq olunmuş hüquqi yardım haqqının azaldılması məhkəmənin özünün müəyyən etdiyi hallarla uyğun gəlmir. Cavabdehin etirazlarını təsdiq edən sübutlar olmadan həmin etirazların nəticəyə əsas kimi götürülməsi obyektivlik prinsipini pozur. Bu səbəbdən qətnamənin göstərilən hissələri işin real halları ilə uzlaşmır. Hazırkı iş üzrə apellyasiya instansiyasına birinci instansiya məhkəməsinə təqdim edilməmiş hər hansı yeni sübut təqdim edilmir. İş üzrə əhəmiyyət kəsb edən bütün yazılı sübutlar, o cümlədən icarə müqaviləsi, ödənişləri təsdiq edən sənədlər, dövlət rüsumu və hüquqi yardım haqqına dair qəbzlər birinci instansiya məhkəməsinə vaxtında təqdim edilmişdir. Birinci instansiya məhkəməsi həmin sübutları qəbul etmiş və iş materiallarına əlavə etmişdir. Lakin təqdim olunmuş sübutlara düzgün və tam hüquqi qiymət verilməmişdir. Apellyasiya şikayəti yeni sübutlara deyil, mövcud sübutların yanlış qiymətləndirilməsinə əsaslanır. Bu səbəbdən apellyasiya baxışı mövcud iş materialları əsasında aparılmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia qismən təmin olunduğundan, apellyasiya şilkayətinin məzmununa əsasən qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissələrində mübahisələndirildiyindən qətnamənin əsaslılığı yalnız həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası iddiaçı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəbbə pulu və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş xərclə bağlı hissələrdə dəyişdirilməli, qətnamə mübahisələndirilən digər – dövlət rüsumu ilə bağlı hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. İşdən görünür ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli, № İM ****/**** nömrəli satınalma şərti ilə icarə müqaviləsi üzrə cavabdeh Cavabdeh MMC üzərinə düşən ödəniş öhdəliyini lazımi qaydada icra etməmişdir. Müqaviləyə əsasən aylıq icarə haqqı 750 manat müəyyən edilmiş, icarə müddəti 6 ay nəzərdə tutulmuş, lakin cavabdeh yalnız 3 ay üzrə ödəniş etmiş, qalan 3 ay üzrə 2250 manat borcu ödəməmişdir. Beləliklə, cavabdehin müqavilə öhdəliyini pozması iş materialları ilə təsdiq olunur və əsas borcla yanaşı, dəbbə pulunun da tutulması üçün kifayət qədər hüquqi və faktiki əsas mövcuddur.
29. Müqavilənin 2.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsində gecikmə yarandığı təqdirdə, icarəçi hər gecikmiş günə görə aylıq məbləğinin 1 faiz miqdarında əlavə ödəniş etməli olması müəyyən edilmişdir.
30. Kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsi dəbbə pulunu ciddi şəkildə azaltmış, bununla da, müəyyən edilmiş məbləğ gecikmənin nəticələrini tam əks etdirməmişdir.
31. Məhkəmə kollegiyası tənasüblülük prinsipini nəzərə alaraq, gecikməyə görə tutulmalı olan dəbbə pulu məbləğinin 300 manat həcmində müəyyən edilməsini ağlabatan hesab edir.
32. Kollegiya vəkilin göstərdiyi hüquqi yardım xərcləri ilə bağlı tələbə münasibətdə qeyd edir ki, iddiaçının hüquqi xidmətlərin göstərilməsi ilə əlaqədar 1.000 manat ödəməsi iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli qəbz ilə öz təsdiqini tapmışdır.
33. Kollegiya iddiaçının bununla bağlı tələbini qismən əsaslı hesab edərək qeyd edir ki, iddia qismən təmin edildiyindən və Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddələrinin tələbləri baxımından iddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş məbləğin 500 manatı cavabdehdən onun xeyrinə tutulmalıdır.
34. Kollegiya dövlət rüsumu xərcləri ilə bağlı mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, məhkəmənin mövqeyi Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğundur.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İsrəfilzadə Şahnaz Rasim qızının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəbbə pulu və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş xərclə bağlı hissələrdə dəyişdirilsin. İsrəfilzadə Şahnaz Rasim qızı və Cavabdeh MMC arasında bağlanılmış ##.##.2024-cü il tarixli, № İM ****/**** nömrəli müqavilə üzrə cavabdeh Cavabdeh MMC-dən tutularaq İsrəfilzadə Şahnaz Rasim qızına ödənilməli olan icarə haqqının gecikdirildiyi üçün hesablanmış əlavə ödəniş (dəbbə pulu) 300 manat, hüquqi yardım üçün ödənilmiş xidmət haqqı 500 manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 14 manatı cavabdeh Cavabdeh MMC-dən tutularaq İsrəfilzadə Şahnaz Rasim qızına ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Məhəmməd Rüstəmli Fuad Abdıyev Günay Axundova