Məhkəmə qərarları › İş №2(3-6)-37/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-37/2026

17.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-37/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə; iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı “kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair ilkin; ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı “borcun ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi” tələbinə dair qaeşılıqlı iddia üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2202/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında xx.xx.2021-ci il tarixdə 2021/00935 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Məmmədovaya 32000 (otuz iki min) manat məbləğində kredit vəsaiti 36 ay müddətinə və illik 32% faizlə verilmişdir.

2. Kredit müqaviləsinin icrasının təminatı məqsədilə xx.xx.2021-ci il tarixdə 2021/00935-İP saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh2 məxsus ünvan 1 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43,30 kv.m. ümumi sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzil "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

3. Kredit müqaviləsi üzrə İddiaçı tərəfindən müxtəlif tarixlərdə ödənişlər həyata keçirilmiş, lakin müqavilə üzrə bütün öhdəliklər tam şəkildə icra edilməmişdir.

4. İşin birinci instansiya məhkəməsində baxışı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyul 2025-ci il tarixli 9/2227 saylı ekspert rəyinə əsasən birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə (1-ci sualda soruşulan tarixə) banka olan borcu ümumilikdə 8446,63 manat məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2024-cü il tarixə (1-ci sualda soruşulan tarixə): əsas borc üzrə 7.991,98 manat; faiz borcu üzrə 454,65 manat. İkinci sual üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixədək ümumilikdə 43.034,00 manat məbləğində ödəniş edilmişdir. Üçüncü sual üzrə: İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən edilmiş ödənişlər hazırki tədqiqatla kredit müqaviləsinin şərtlərinə uyğun olaraq silinmişdir. Dördüncü sual üzrə: Qeyd edilir ki, hazırki tədqiqatla İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən edilmiş 24.008,02 manat məbləğdə ödənişlər əsas borca, 19.025,98 manat məbləğdə ödənişlər işə faiz borcuna silinmişdir. Beşinci sual üzrə: Bundan başqa qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ödənişlərdə müəyyən gecikmələr olmuşdur. Yuxarıda göstərilən cəvdəl məlumatlarından da göründüyü kimi kredit üzrə ödənişlər 30 gün müddəti keçdiyi təqdirdə gecikmiş hesab olunur. Həmin kredit müqaviləsi üzrə aparılmış ödənişlər üzrə gecikdirilən günlər yuxarıdakı cədvəl məlumatlarında öz əksini tapmışdır.

5. İşin birinci instansiya məhkəməsində baxışı zamanı alınmış “X4 Mərkəzi” MMC-nin YDQM 004-060/2025 saylı, xx.xx.2025-ci il tarixli hesabatına əsasən aparılmış hesablamalar nəticəsində ünvan 1 ünvanında 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43,30 kv.m. ümumi sahəsindən ibarət 2 otaqlı 28 nömrəli mənzilin likvid dəyəri yuvarlaqlaşdırılaraq 95.000 (doxsan beş min) manat təşkil etdiyi müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli 4715 saylı hesabdan çıxarışa əsasən 61.40,67 (altı min yüz qırx manat 67 qəpik) manat borcun silinməsi, tərəflər arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə xitam verilməsi və kredit müqaviləsinin təminatı kimi 2021/00935-İP saylı xx.xx.2021-ci il tarixli İpoteka müqaviləsi üzrə "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.3 kv.m. ümumi sahəsindən ibarət olan 2 otaqlı 28 nömrəli mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında illik 32% faizlə, 36 ay müddətinə 32.000 (otuz iki min) manat olmaqla 2021/00935 saylı xx.xx.2021-ci il tarixli Kredit müqaviləsi bağlanmış və kredit müqaviləsinin təminatı kimi 2021/00935-İP saylı xx.xx.2021-ci il tarixli İpoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.3 kv.m. ümumi sahəsindən ibarət olan 2 otaqlı 28 nömrəli mənzil "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ödəniş qrafikinə əsasən aylıq 1.393,74 manat ödəniş edilməklə kreditin bitmə tarixinə 32000 manat əsas borc, 18.174,67 manat faiz borcu olmaqla ümumilikdə 50.174,67 manat pul "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməlidir. Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli 4715 saylı hesabdan çıxarışa əsasən onun tərəfindən "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə ümumilikdə 44.034 manat məbləğində ödənişlər edilmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixli 4715 saylı hesabdan çıxarışdan görünür ki, onun "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə 6140,67 (altı min yüz qırx manat 67 qəpik) manat qalıq borcu vardır (32.000+18.174,67=50.174,67; 50.174,67- 44.034=6.140,67). Qeyd etmişdir ki, o, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyətinə olan kredit öhdəliklərini vaxtlı-vaxtında icra etmişdir və onun tərəfindən dəfələrlə böyük məbləğlərdə (2.000 azn, 2.000 azn, 4.100 azn, 1.600 azn, 4.400 azn və 1.600 azn) ödənişlər edilmiş, lakin həmin məbləğlər əsas borcdan silinməli olduğu halda əsassız olaraq faiz və cərimə borcuna silinmiş və düzgün silinmə aparılmadığından nəticədə əsas və faiz borcu şişirdilərək qalıq borc kimi yaranmışdır.

8. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və qarşılıqlı iddia üzrə Cavabdeh2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı “borcun silinməsi, kredit müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiasının rədd edilməsi; qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsi üzrə 10.687,76 (on min altı yüz səksən yeddi manat yetmiş altı qəpik) manat əsas, 66,50 (altmış altı manat əlli qəpik) manat faiz və 8.992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə olmaqla, cəmi 19.746,26 (on doqquz min yeddi yüz qırx altı manat iyirmi altı qəpik) manat kredit borcunun tutularaq "xxxx" MMC–yə ödənilməsi; tələbin qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilnə yönəldilməsi; göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 19.746,26 (on doqquz min yeddi yüz qırx altı manat iyirmi altı qəpik) manat məbləğində kredit borcunun, bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqı və 149,24 (bir yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixində imzalanmış 2021/00935 saylı kredit müqaviləsinə əsasən, İddiaçı 36 (otuz altı) ay müddətinə, illik 32% (otuz iki) faiz olmaqla 32.000 (otuz iki min) manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsinin təminatı olaraq xx.xx.2021-ci il tarixində 2021/00935-İP saylı İpoteka müqaviləsi bağlanaraq, Cavabdeh2nın mülkiyyətində olan ünvan 1, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzil "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın Reyestr nömrəsi **********23-05101- 093056, Qeydiyyat nömrəsi-**********, Qeydiyyat tarixi: xx.xx.2021). Lakin İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. Belə ki, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə 10.687,76 (on min altı yüz səksən yeddi manat yetmiş altı qəpik) manat əsas, 66,50 (altmış altı manat əlli qəpik) manat faiz və 8.992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə olmaqla, cəmi 19.746,26 (on doqquz min yeddi yüz qırx altı manat iyirmi altı qəpik) manat məbləğində borcu yaranmışdır.

10. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə ərizə təqdim edərək bildirmişdir ki, qarşılıqlı iddia ərizəsinin xahiş etdi hissəsinin ikinci abzasında faiz borcu 66,50 (altmış altı manat əlli qəpik) manat texniki olaraq səhv qeyd edilmişdir. Faiz borcu 05 mart 2025-ci il tarixli, 4965 nömrəli maliyyə arayışında qeyd edildiyi kimi 893,02 (səkkiz yüz doqsan üç manat sıfır iki) manat kimi qəbul edilməsini və oxunmasını xahiş etmişdir.

11. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli arayışa əsasən İddiaçı "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsi üzrə 7.991,98 (yeddi min doqquz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas, 454,65 (dörd yüz əlli dörd manat altmış beş qəpik) manat faiz, 504,50 (beş yüz dörd manat əlli qəpik) Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) faiz və 8.992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə olmaqla, cəmi 17.943,13 (on yeddi min doqquz yüz qırx üç manat on üç qəpik) manat məbləğində borcu yaranmışdır. Buna görə də qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsində zərurət yaranmışdır. Buna görə də ilkin iddia üzrə İddiaçı “borcun silinməsi, kredit müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi” tələbinə dair iddiasının rədd edilməsi; qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli 2021/00935 saylı Kredit müqaviləsi üzrə 7.991,98 (yeddi min doqquz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas, 454,65 (dörd yüz əlli dörd manat altmış beş qəpik) manat faiz, 504,50 (beş yüz dprd manat əlli qəpik) Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) faiz və 8992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə olmaqla, cəmi 17.943,13 (on yeddi min doqquz yüz qırx üç manat on üç qəpik) manat kredit borcunun tutularaq "xxxx" MMC–yə ödənilməsi; tələbin qarşılıqlı iddia üzrə Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş ünvan 1, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilnə yönəldilməsi; göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" MMC-yə 17.943,13 (on yeddi min doqquz yüz qırx üç manat on üç qəpik) manat məbləğində kredit borcunun, bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqı və 149,24 (bir yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2202/2025 nömrəli, 28 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilmsi, cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə 6.991,98 (altı min doqquz yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat əsas, 454,65 (dörd yüz əlli dörd manat altmış beş qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 504,50 (beş yüz dörd manat əlli qəpik) manat faiz və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 8.151,13 (səkkiz min yüz əlli bir manat on üç qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh2 mülkiyyətində olan ünvan 1, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 95.000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində mənzilin boşaldılması, ödənilmiş 149,24 (yüz qırx doqquz manat iyirmi dörd qəpik) manat dövlət rüsumunun 70,30 (yetmiş manat otuz qəpik) manat hissəsinin və ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat xidmət haqqının cavabdeh İddiaçı tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə ödənilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2 iyul 2025-ci il tarixli 9/2227 saylı ekspert rəyinə əsasən X3 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC arasında bağlanmış 2021/00935 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı tərəfindən edilmiş ödənişlər hazırkı tədqiqatla kredit müqaviləsinin şərtlərinə uyğun olaraq silinmiş və iddiaçının ödənilməmiş borcu qalmışdır. Buna görə də, iddiaçının ödənilməmiş borcu qaldığından ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə qarşı kredit müqaviləsinə xitam verilməsi, borcun silinməsi və mənzilin ipoteka yüklülüyündən azad edilməsi barədə iddia tələbi əsassızdır.

14. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilən məbləğlərin bir hissəsi — xüsusilə də dəbbə və faiz hesablamalarının tam həcmdə əsaslandırılmadığı, müqavilə müddətindən sonrakı dövr üzrə hesablanmaların bir hissəsinin həddindən artıq olduğu müəyyən edilmişdir. İddia tələbi gecikdirilmiş vaxt üçün illik 5% dərəcəsi nəzərə alınmaqla xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə 504,50 manat məbləğində pulun tutulması hissəsində də təmin edilməlidir.

15. Həmçinin, məhkəmə, cavabdeh İddiaçı tərəfindən götürülmüş kredit məbləğinin miqdarını və hesablanmış cərimənin götürülmüş kreditə münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh İddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, yəni 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir.

16. Məhkəmə həmçinin iddia tələbinin tutmanın ipoteka ilə yüklü edilmiş, ünvan 1, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilə yönəlməsi, göstərilən daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılması, daşınmaz əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsaitin kredit borcuna yönəlməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.

17. Məhkəmə eyni zamanda iddia tələbinin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 51 (əlli bir) manat məbləğində rüsumun və xidmət haqqının ödənilməsi hissəsinə münasibət bildirərək hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən görünür ki, iddiaçı tələbin ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 51 (əlli bir) xidmət haqqı ödəmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, ipoteka nüqaviləsi ilə ipoteka predmeti olan mənzilin bazar dəyəri müəyyən edilsə də, həmin müqavilədə əmlakın likvid dəyəri müəyyən edilməmişdir. Lakin iş üzrə təyin olunmuş əmtəəşünaslıq ekspertizasından görünür ki, “X4 Mərkəzi” MMC tərəfindən ipoetka predmetinin likvid dəyəri müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə ipoteka müqaviləsində qeyd olunan məbləğ mötəbər sübut kimi qəbul edilməməli və ipoteka predmetinin ilkin satış qiyməti ekspertiza rəyinə əsasən “X4 Mərkəzi” MMC tərəfindən müəyyən edilmiş əmlakın likvid dəyəri əsas tutulmaqla müəyyən edilməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti (likvid dəyər) – 95.000 manat nəzərə alınmaqla göstərilməlidir.

19. Məhkəmə qanunvericiliyin müvafiq tələblərini əsas tutalaraq həmçinin hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinə tutma yönəldildikdən sonra həmin mənzil boşaldılmalıdır. İpoteka predmeti olan ünvan 1, 5 mərtəbəli binanın 5-ci mərtəbəsində yerləşən 43.30 kv.m. ümumi sahədən ibarət 2 otaqlı 28 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan ən geci 1 (bir) ay ərzində mənzili könüllü surətdə tərk etmədikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalıdır.

20. İş üzrə “X4 Mərkəzi” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ödənilmiş 350 manat məbləğində pul qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin özünə aid edilmişdir.

21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.5, 269.7, 317.1, 319.1, 385.1, 421.1, 442, 443.1, 448.1, 449.1, 528 və 739.1 -ci maddələrinə; “İpoteka haqqında” AR Qanununun 1.0.1, 1.0.8, 3.1, 4.2, 12.1, 14.1.1, 15.1, 33, 34.1, 39.1, 39.3.3, 48.1.2 və 59.3.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

22. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2202/2025 saylı xx.xx.2025-cü tarixli qətnaməsini qismən ləğv edərək, qarşılıqlı iddia tələbinin 8.992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə hissəsində təmin edilməsi, iş üzrə “X4 Mərkəzi” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri - ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pulun və hazırki apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş 75 manat dövlət rüsumunun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir.

23. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, məhkəmənin gəldiyi nəticəişin hallarına uyğun olmamışdır. Bildirir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin apardığı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində İddiaçı gecikmə günlərinin sayı açıq aydın qeyd edilmiş və həmin gecikmə günlərinin ümumilikdə 1080 gün olduğu görsənir. Yəni İddiaçı bu və ya digər, əsaslı və ya əsasız səbəbdən kredit üzrə öhdəliyini 1080 gün yəni 2 il 11 gün gecikdirib. Bu da o deməkdir ki, təşkilat haqlı olaraq və kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, 8.992 manat cərimə hesablayıb. Məhkəmə işinin materiallarında olan və AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin apardığı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən, borcalan İddiaçı öhdəlik üzrə gecikmə günlərinin sayı dəqiq şəkildə müəyyən edilmiş və ümumilikdə 1080 gün təşkil etdiyi ekspert rəyi ilə təsdiqlənmişdir. Bu rəydə gecikmə müddəti hesablama qaydası və nəticələr aydın göstərilmiş, rəydə hər hansı uyğunsuzluq vəya qeyri-müəyyənlik qeyd olunmamışdır. 1080 gün faktiki olaraq təxminən 2 il 11 gün gecikmə deməkdir. Bu isə borclunun kredit müqaviləsi üzrə öhdəliyini uzun müddət yerinə yetirmədiyini və müqavilə şərtlərinin ciddi şəkildə pozulduğunu bir daha sübut edir. Kredit müqaviləsinin 3.1-ci bəndinə əsasən, borcalan öhdəliyi gecikdirdiyi halda təşkilatın dəbbə pulu hesablaması hüququ təsbit olunmuşdur. Müqavilə şərtləri hüquqi baxımdan tərəflər üçün məcburidir və borclu gecikdiyi hər gün üçün müəyyən edilmiş dəbbə pulunu ödəməyə borcludur. Bu müddəa borclunun məsuliyyətini artırmaqla yanaşı, kreditorun gecikdirilmiş icra səbəbindən məruz qaldığı maliyyə risklərini və dövriyyə vəsaitinin dəyər itkisini kompensasiya etmək məqsədi daşıyır. Buna baxmayaraq məhkəmə 8.992 manat dəbbə pulu məbləğini AR Mülki Məcəlləsinin 467-ci maddəsini əsasə gətirərək kəskin azaltmaqla təşkilatın maliyyə risklərini artırır. Məhkəmə yalnız qanunvericiliyin bir maddəsinə istinad etməklə dəbbə pulunu kəskin şəkildə və əsassız olaraq azaldıb. Halbuki Mülki Məcəllə borclunun maddi vəziyyətinə görə dəbbə pulunun azaldılmasını nəzərdə tutmur. Maddənin məqsədi borclunu sosial müdafiə etmək deyil, tərəflərin balanslaşdırılmış maraqlarını qorumaqdır. Bu işdə məhkəmə yalnız borclunun mənafelərini əsas götürərək, kreditorun maraqlarını tamamilə nəzərə almadan dəbbə pulunu 8.992 manatdan 200 manata endirmişdir. Bu isə MM-nin 467-ci maddəsinin tələblərini pozur, çünki maddəyə görə məhkəmə hər iki tərəfin maraqlarını tarazlaşdırmalı, kreditorun əmlak və iqtisadi itkilərini, müqavilə intizamının pozulmasını və borclunun 1080 günlük gecikmə ilə yaratdığı riskləri mütləq şəkildə nəzərə almalı idi. Məhkəmənin bu yanaşması nəticədə yalnız İddiaçı maraqlarına xidmət edir və onun uzun müddət —1080 gün öhdəliyi yerinə yetirməməsini faktiki olaraq sanksiyasız qoyur. Əksinə, kreditorun — təşkilatın uzunmüddətli gecikmə səbəbilə məruz qaldığı maliyyə itkiləri, dövriyyə vəsaitinin dəyər itkisi, kredit portfelinin intizamına vurulan zərər və digər iqtisadi maraqları ümumiyyətlə nəzərə alınmamışdır. Xərclərin bölüşdürülməsi zamanı tərəflərin prosesual davranışı, ekspertizanın zəruriliyi, onun hansı iddianın həlli üçün aparılmasıvə nəticələrin kimə xidmət etməsi nəzərə alınmamışdır. Bu halda ekspertiza məhz qarşı tərəfin iddialarının sübutu üçün aparıldığından, həmin xərclərin "xxxx" BOKT MMC-nin üzərinə qoyulması təşkilatın xərc balansını əsassız olaraq pozur, tərəflər arasında xərclərin bölgüsünü isə qanunvericiliyin tələb etdiyi mütənasiblik prinsipindən kənara çıxarır. Beləliklə, məhkəmə tərəfindən ekspertiza xərclərinin aid edilməsi məsələsində Mülki Prosessual Məcəllənin xərclərin bölüşdürülməsi ilə bağlı tələbləri tam nəzərə alınmamış, nəticədə iddiaçı təşkilatın üzərinə əsassız maliyyə yükü qoyulmuşdur.

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 27.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 28.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

29. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin 8992 (səkkiz min doqquz yüz doxsan iki) manat dəbbə hissəsində təmin edilməsi, iş üzrə “X4 Mərkəzi” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri - ödənilmiş 350 (üç yüz əlli) manat məbləğində pulun İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsi xahiş edilir. Beləliklə də kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin yuxarıda qeyd edilən hissələrinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30.21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 31.269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. 32.317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 33.319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 34.319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. 35.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 36.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 37.421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 38.421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

39. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 40.442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 41.443.1 və 443.2-ci maddələrinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 42.445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 43.448.1-ci və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 44.460-cı maddəsinə uyğun olaraq, öhdəliklərin icrası, o cümlədən kredit müqaviləsi üzrə borc öhdəliyinin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 45.462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 46.739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

47.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 48.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.1 və 14.2-ci maddə). 49.Barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir (58-ci maddə).

50. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri). 51.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (107). 52.Şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir (115.0.1). 53.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilməlidir.

55. Hazırda apellyasiya baxışının predmetini təşkil edən qətnamənin “dəbbə pulunun tutulması” hissəsi üzrə məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, kredit müqaviləsi üzrə borclunun əsas vəzifəsi aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətdə faizləri və (və ya) müqavilədə nəzərdə tutulan digər ödənişləri ödəmək şərtilə borcverənə qaytarmaqdan ibarətdir.

56. Mülki qanunvericiliyə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımi qaydada icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi hallarda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

57. Dəbbə pulunun hüquqi mahiyyəti də ondan ibarətdir ki, o, qanunda və ya müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri olmaqla pul tənbehi kimi çıxış edir. Bu tənbeh, müəyyən hədlərdə borclunun hüquqlarına təsirsiz ötüşmür.

58. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Bununla belə, işin hаllаrı nəzərə аlınmaqla məhkəmə tərəfindən təyin edilmiş dəbbə pulunun məbləği tənаsübsüz surətdə yüksək olduqda onun аzаldılması mümkündür. Tənаsüblülük müəyyən edilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütövlükdə tərəflərin mənаfeləri nəzərə аlınmalıdır.

59. Belə ki, dəbbə pulu ilə bağlı tələblərə baxılarkən yalnız kreditorun deyil, həm də borclunun maraqlarının qorunması təmin edilməli, onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, qanunverici vicdanlılıq prinsipini rəhbər tutmaqla məhkəmənin işin hallarını, o cümlədən borclunun məsuliyyət dərəcəsini nəzərə alaraq yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azaltmaq səlahiyyəti vermişdir.

60. Hazırki işdən göründüyü kimi tərəflər müqavilə üzrə öhdəliklərin icra edilməməsi halında dəbbə pulunun tətbiqini əvvəlcədən müəyyən etmiş və bununla da cavabdehə münasibətdə maliyyə sanksiyasının tətbiqini razılaşdırmışlar. Birinci instansiya məhkəməsi də qanunvericiliyin məhkəməyə yalnız aşkar surətdə tənasübsüz hesab edilən dəbbə pulunun azaldılması imkanını verdiyini və belə hallarda dəbbə pulunun tamamilə tutulmasından imtina edilməsini və ya onun tam ləğvini nəzərdə tutmadığını nəzərə alaraq cavabdehdən tutulmalı olan dəbbə pulunun məbləğini 200 manat həddində müəyyənləşdirmişdir.

61. Kollegiyanın qənaətinə görə, həmin məbləğin iddiaçıya dəymiş zərərin məbləği ilə mütənasib olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı hesab edilə bilməz.

62. Bu baxımdan kollegiya qətnamənin “dəbbə pulunun ödənilməsi” hissəsi üzrə belə qənaətə gəlir ki, tutulması tələb edilən dəbbə pulunun məbləği tənasüblülük prinsipi baxımından yenidən qiymətləndirilməli və həmin məbləğ 700 manat həddinədək artırılmalıdır. Belə ki, Mülki Məcəllənin 466.1-466.2-ci maddələrinə görə, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər.

63. Göründüyü kimi, kollegiya tərəfindən müəyyən edilmiş məbləğdə dəbbə pulunun cavabdehdən tutulması həm ədalət və mütənasiblik prinsiplərinə, həm də Mülki Məcəllənin 466-cı maddəsinin məzmununa tam uyğundur. Belə ki, bu məbləğ cavabdehin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində iddiaçının məruz qaldığı maddi itkiləri nəzərə alır və eyni zamanda cavabdeh üçün əsassız və həddindən artıq maliyyə yükü yaratmır.

64. Apellyasiya baxışının predmeti olan digər hissə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən xərc işə baxılması ilə əlaqədar məsrəflər olmaqla məhkəmə xərclərinin tərkibinə daxildir.

65. Mülki Prosessual Məcəllənin 107, 115.0.1, 117.1, 119.1 və 220.5-ci maddələrinin mənasına görə, ekspertlərə və mütəxəssislərə gördükləri işə görə ödənilən məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə, yəni məhkəmə xərclərinə aid edilir. Məhkəmə qətnaməsinin nəticə hissəsində iddianın təmin və ya rədd edilməsi barədə nəticəyə gəlinməklə yanaşı, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi də həll edilməlidir.

66. Bu məsələlərin həlli məqsədilə qanunvericiliklə müəyyən edilmişdir ki, ekspert və mütəxəssislərə ödənilməli olan məbləğ, habelə iş üzrə digər zəruri xərclər həmin xərclərin çəkilməsini xahiş etmiş tərəf tərəfindən əvvəlcədən məhkəmənin depozit hesabına köçürülməlidir. İstinad olunan prosessual hərəkətlər məhkəmənin təşəbbüsü ilə həyata keçirildikdə və ya tərəflərin hər ikisi belə xahişlə çıxış etdikdə ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər müvafiq hərəkətlərin həyata keçirilməsi üçün tələb olunan məbləğ tərəflər tərəfindən bərabər qaydada məhkəmənin depozit hesabına köçürülməlidir.

67. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri, həmçinin məhkəmənin təşəbbüsü ilə mülki iş üzrə mütəxəssis rəyinin alınmasına tərəflərdən heç birinin etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, “X4 Mərkəzi” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 350 manat məbləğində xərc tərəflər arasında bərabər qaydada bölüşdürülməlidir.

68. Mülki-Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

69. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2202/2025 nömrəli, 28 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Qarşılıqlı iddia bu hissədə qismən təmin edilsin. Cavabdeh İddiaçı xx.xx.2021-ci il tarixli 2021/00935 saylı kredit müqaviləsi üzrə dəbbə pulu kimi 700 (yeddi yüz) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 350 manatın 175 manatı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, qalan 175 manat məbləği isə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən tutularaq “X4 Mərkəzi” MMC-nin (VÖEN **********) hesabına köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 75 manatın 37,5 manatı ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tutularaq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar