Məhkəmə qərarları › İş №2(3-6)-373/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-373/2026

16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-373/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «kredit borcu») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2355/2025 saylı, 01 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 061A********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə, ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 manat xx.xx.2023-cü il tarixli 061A********** saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə, ödəniş cədvəli üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilib.

2. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 061A********** saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi bağlanıb.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Rəşad Habil oğlu və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı QSC-nin xeyrinə xx.xx.2022-ci il tarixli 061A********** saylı kredit razılaşması üzrə 16642.63 manat məbləğində kredit borcu, 823.19 manat məbləğində faiz borcu və 207.37 manat məbləğində cərimə olmaqla, cəmi 17673.19 manat, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2023cü il tarixli 061A********** saylı kredit razılaşması üzrə 5662.82 manat məbləğində kredit borcu, 447.45 manat məbləğində faiz borcu və 76.11 manat məbləğində cərimə olmaqla, cəmi 6186.38 manat, ümumilikdə cəmi 23859 (iyirmi üç min səkkiz yüz əlli doqquz) manat 57 (əlli yeddi) qəpik məbləğində borcun və ödənilmiş 161.58 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

4. İddiada göstərilib ki, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 061A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 1.25% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Götürdüyü kredit borcundan 13357.37 manat ödəniş etmiş və onun iddiaçıya 16642.63 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 95 gün üçün hesablanmış faiz borcu 823.19 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 95 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 207.37 manat təşkil edir. Bundan başqa, Cavabdeh1 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 061A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh1 aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Kredit borcundan 4337.18 manat ödəniş etmiş və onun iddiaçıya 5662.82 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 96 gün üçün hesablanmış faiz borcu 447.45 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 96 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 76.11 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2355/2025 saylı, 01 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbinin təmin edilərək xx.xx.2022-ci il tarixli 061A********** saylı kredit razılaşması üzrə 16642.63 manat məbləğində kredit borcu, 823.19 manat məbləğində faiz borcu və 207.37 manat məbləğində cərimə olmaqla, cəmi 17673.19 manat pulun Cavabdeh1 tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi; xx.xx.2023-cü il tarixli 061A********** saylı kredit razılaşması üzrə 5662.82 manat məbləğində kredit borcu, 447.45 manat məbləğində faiz borcu və 76.11 manat məbləğində cərimə olmaqla, cəmi 6186.38 manat pulun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi; iddiaçı tərəfindən ödənilmiş 161.58 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2022-ci və xx.xx.2023-cü il il tarixli kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Həmçinin müəyyən olundu ki, (zamin) Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti qarşısında öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçının iddia ərizəsində göstərdiyi dəlillər sübuta yetirilmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh1 apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib göstərir ki, ilkin kredit borcunu o, ardıcıl olaraq ödəmişdir, lakin 2024-cü ilin dekabr ayından onun əmək fəaliyyətində problemlər olduğundan bu barədə Kredit Təşkilatının əməkdaşlarına məlumat vermişdir və o, qısamüddətli fasilədən sonra müqavilə ilə nəzərdə tutulmuş kredit borcunu qaytaracağını bildirmişdir. O zaman Kredit təşkilatının əməkdaşları ona kömək edəcəklərini bildirmələrinə baxmayaraq, bir müddətdən sonra məhkəməyə müraciət edərək ondan kredit məbləğini, kredit məbləğinə hesablanmış faizləri və cəriməni tələb etmişlər. Kredit müqaviləsi 48 ay müddətindədir və bu müddət başa çatmadan cavabdehin məhkəməyə müraciət etməsi əsassızdır. Belə ki, o, əmək fəaliyyəti göstərir və onun əmək fəaliyyətində fasilənin yaranması o demək deyil ki, o, kredit öhdəliklərini icra etməyəcək. İkinci müqavilə üzrə o, bankdan götürdüyü 10.000 manat kreditin 50%-ni ödəmişdir. Hər iki kredit müqaviləsi üzrə ödənişdə yaranmış fasilələrin səbəbləri aydınlaşdırılmadan məhkəmə qətnaməsi qəbul edilməsi əsassızdır. Bankdan götürdüyü krediti qaytarmağa çalışır. Lakin bank tərəfindən kredit müqavilələri müddəti başa çatmadan məhkəməyə müraciət edilməsi onu çətin vəziyyətə salmışdır. Mübahisəli iş üzrə məhkəmə proseslərində o, obyektiv səbəblərdən iştirak edə bilməmişdir. Belə ki, yaşadığı ünvan üzrə dəyişiklik olduğundan məhkəmə bildirişləri ona çatmamışdır. O, mübahisəli iş üzrə məhkəmə qətnaməsindən işin icra mərhələsində xəbər tutmuşdur və həmin vaxtı ona məlum olmuşdur ki, Cavabdeh2 2-ci kredit müqaviləsi üzrə ona zamin durduğu və hazırda ödənişlərin 50% qaldığı halda, icra şöbəsi Cavabdeh2 bütün əmlaklarının üzərinə həbs qoydurub. Halbuki Cavabdeh2 onun banka olan 5666 manat borcuna görə zaminlik daşıyır. Eyni zamanda Bakı şəhəri Nizami rayon Məhkəməsinin qətnaməsi üzrə ondan həm faiz borcu, həm də cərimə tutulması qət edilmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi üzrə ondan cərimə və böyük məbləğdə faiz tutulması düzgün deyildir. Bank təşkilatı ona kredit verərkən aylıq 1.25% olmaqla yüksək faiz dərəcəsi tətbiq etmişdir. O zaman bunun mahiyyətini başa düşməmişdir. Bankın onun maddi çətinliklərindən istifadə etməklə yüksək faiz müqabilində ona kredit verməsi halları məhkəmədə araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.

8. İddiaçı QSC-nin nümayəndəsi X1 elektron kabinet vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinə qarşı yazılı etirazda şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş edib etirazını bununla əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, hər hansı pozuntuya yol verilməmişdir. Borc məbləği müqavilə şərtlərinə uyğun hesablanmışdır. Kredit müqaviləsinə əlavə edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş planından da görünür ki, borclunun müqavilə şərtlərinə uyğun olaraq ödəməli olduğu aylıq məbləğlərin həm faiz borcundan, həm də əsas borcdan silinməsi razılaşdırılmış, ödəniş gecikdiriləcəyi təqdirdə isə cərimə borcu hesablanması nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Borclu müqavilə şərtlərini pozmuş, öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmişdir. Ona görə də bank məhkəməyə müraciət edərək qalıq borcun, ona hesablanmış faiz və cərimə borclarının tələb edilməsində haqlı olmuşdur. Birinci instansiya məhkəməsi də əsaslı olaraq iddianı təmin etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərələr məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlərr. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə İddiaçı QSC-nin nümayəndəsinin və cavabdehlər Rəşad Habil oğlunun, Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2 (xx.xx.2023-cü ilədək qüvvədə olan). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

12. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.

13. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

15. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

16. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

17. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

18. Əvvəla cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəlikdən azad etmir. Çünki qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği,növü, müqavilənin müddəti, faiz dərəcəsi və digər mühüm şərtlər dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır.

19. Cavabdeh iddiaçı ilə arasında kredit müqavilsi üzrə öhdəliklərini yerinə yetirsə idi, tərəflər arasında mülki mübahisə də yaranmazdı. Mübahisə olmasaydı iddiaçı da məhkəməyə müraciət etməzdi.

20. Cavabdehin göstərdikləri iddianın əsassızlığını təsdiq etmir. Çünki iddia cavabdehin müqavilədən irəli gələn öhdəliklərini yerinə yetirmədiyinə görə irəli sürülmüşdür. Cavabdeh isə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyinin olmasını bilməmiş deyildir. Demək, bu dəlillər sırf şikayət xatirinə göstərilən formal mülahizələr olmuşdur.

21. Belə ki, cavabdeh banka ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində bank tərəfindən rəsmi internet səhifəsində yerləşdirilmiş bank xidmətlərinin təqdim edilməsinə dair xx.xx.2019-ci il tarixdən etibarlı olan ümumi ofertanın şərtlərini qəbul etmiş və bütün öhdəliklərini vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəyini öhdəsinə götürmüşdür. Cavabdehin yazdığı bu ərizə və ümumi oferta müqaviləsinin surəti işdə mövcuddur. İddiaçının müqavilə öhdəliklərini icra etməsi də mübahisələndirilmir.

22. İş üzrə ekspertizanın keçirilməsi üçün də əsas və zərurət yoxdur. Çünki tələb edilən əsas, faiz borcu və cərimə müqavilə şərtlərinə uyğun və əsas borca adekvat olmuşdur. Cavabdeh öhdəliyini hansısa formada icra etmiş olsaydı, yəqin ki, apellyasiya baxışındada buna dair sübut təqdim edə bilərdi, ancaq etmədi.

23. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2355/2025 saylı, 01 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi

qətetdi:

Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-2355/2025 saylı, 01 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar