Məhkəmə qərarları › İş №2(3-6)-377/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-377/2026

30.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-377/2026 30.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1663/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1663/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, mülki işin materiallarından görünür ki, məhkəmənin 2(003)-1663/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025ci il tarixdə Cavabdeh2 sifarişli poçt xidməti vasitəsi ilə göndərilmiş, cavabdehin qətnaməni almasını təsdiq edən xəbərnamədən görünür ki, xx.xx.2025-ci il tarixdə o qətnaməni qəbul etmişdir,qətnamə icraya yönəldikdən sonra - xx.xx.2026-cı il tarixdə cavabdeh qəbzə qol çəkməklə qətnaməni təkrarən əldə etmiş və xx.xx.2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi isə bu hallara heç bir hüquqi qiymət verməyərək, apellyasiya şikayətini mülki işin materiallarına əlavə edərək baxılması üçün apellyasiya instansiyasına göndərməklə kifayətlənmişdir. Bundan əlavə qeyd edilməlidir ki, qətnamənin digər Cavabdeh1 çatmasını təsdiq edən hər hansı sənəd iş materiallarında müəyyən edilməmişdir. Beləliklə, Cavabdeh1 qətnamə rəsmi qaydada təqdim edilmədiyindən onun qətnamədən şikayət vermək hüququ pozulmuş və mülki iş Cavabdeh2 apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiyanın mümkünlüyünə qiymət verərkən müəyyən prosessual müddətlər həddində tərəfin qətnamədən şikayət vermək hüququ gözlənilmədən (məlumat verilmədən) qanunvericiliyin tələbinə riayət edilmədiyini aşkar etmişdir. İşdə iştirak edən şəxslərin şikayət vermək hüquqlarını məhdudlaşdıran prosessual hərəkət (hərəkətsizliklər) işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların mövcudluğunu istisna edən və (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir. Diqqətə çatdırılmalıdır ki, şikayət vermək hüququ üzrə tərəfə məlumat verməklə gözləntiləri birinci instansiya məhkəməsi təmin etməli və səlahiyyət daxilində onların qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlamalı, o cümlədən təqdim edilən apellyasiya şikayətinin prosessual müddətlərdə verilməsinə qiymət verməlidir. Hazırki mərhələdə apellyasiya icraatının hədlərinin müəyyən edilməsi və işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar müəyyən edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsasların olmadığı qənaətinə gələn məhkəmə kollegiyası hesab edir ki, o, qəbul olunmamış hesab edilməli və səlahiyyətləri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364,395, 396-cı maddələrinin tələblərinə riayət edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. 134.1. Məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.1. iddia ərizəsini; 134.1.2. qarşılıqlı iddia ərizəsini;134.1.3. iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini;134.1.4. məhkəmə bildirişini; 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını;134.1.6. iş üzrə icraatın qurtardığını göstərən qərardadı;134.1.7. məhkəmə əmrini;134.1.8. apellyasiya şikayətinin surətini;134.1.9. kassasiya şikayətinin surətini.134.2. Zəruri hallarda məhkəmə işə aid olan digər məhkəmə sənədlərini də rəsmi qaydada verə bilər. 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. 135.4. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 146.Məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 357.1.Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şikayət verilərkən birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və məzmun tələblərinə riayət edilməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilmədən, qanuni qüvvəsini almiş (icraya yönəlmiş) qətnamənin mübahisələndirilməsi mümkünlüyü araşdırılmamışdir, digər tərəfdən hazırki mərhələdə qətnamədən digər Cavabdeh1 şikayət vermək hüququ təmin edilmədən Cavabdeh2 tərəfindən məhkəmənin qətnaməsindən verilmiş şikayətə baxılması apellyasiya baxışının həddi (həcmi) baxımından mümkün deyildir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 357, 360-366, 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1663/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinin tələblərinə müvafiq apellyasiya şikayətinə qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi (elektron məhkəmə informasiya sistemi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar