Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-385/2026 16.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «zərərin əvəzinin ödənilməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2341/2025 saylı, 28 oktyabr 2025ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxarkən təqdim edilmiş sübutlara əsasən işin halları ilə müəyyən edilir ki: buraxılış ili 2016-cı il olan, “X1 SX” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin adına qeydə alınmışdır.
2. xx.xx.2022-ci il tarixli etibarnamə ilə "xxxx" QSC (əvvəlki hüquqi adı "xxxx" QSC) İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, LM3xx/xx-2018-02 nömrəli daxili maliyyə lizinqi müqaviləsi üzrə 01 ədəd “X1 SX” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixinədək İddiaçı MMC-nin səlahiyyətləndirdiyi şəxslər tərəfindən Azərbaycan Respublikasının hüdudlarında idarə edilməsini ona etibar etmişdir.
3. İddiaçı MMC xx.xx.2022-ci il tarixli etibarnamə ilə sahibliyində olan “X1 SX” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2022-ci il tarixinədək Cavabdeh həvalə edilmişdir.
4. İddiaçı MMC xx.xx.2022-ci il tarixli etibarnamə ilə sahibliyində olan “X1 SX” yük markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti xx.xx.2023-cü il tarixinədək Cavabdeh həvalə edilmişdir.
5. xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 19:15-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “X1 SX” yük markalı, **- JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş 18054 manat maddi ziyanın və ödənilmiş 145 manat dövlət rüsumuna görə xərcin əvəzinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
7. Tələbdə göstərib ki, "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən, avtomobilə ümumilikdə 18054 manat məbləğində ziyan dəymişdir. Dəfələrlə cavabdehə dəymiş ziyan məbləğinin ödənilməsinə dair xəbərdarlıq edilsə də, hazırkı tarixə kimi heç bir ödəniş etməmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2341/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fəridə Rzayeva) iddia tələbinin qismən təmin qismən təmin edilərək Cavabdeh 15300 (on beş min üç yüz) manat və 135.9 (yüz otuz beş manat doxsan qəpik) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi; yazılı mütəxəssis məsləhətinin alınması üçün çəkilmiş 300 (üç yüz) manat məbləğində qiymətləndirmə xərcinin Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına (Hesab № AZ84AİİB********************) ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 1) törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 2) əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 3) törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 4) zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı). “X1 SX” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının sahibliyində olmaqla, həmin nəqliyyat vasitəsini idarə etmək hüququ hər dəfə 1 ay müddətinə, sonuncu dəfə xx.xx.2023-cü il tarixinədək cavabdehə etibar edilmişdir. Cavabdeh etibarnamə əsasında xx.xx.2022-ci il tarixdə, saat 19:15-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “X1 SX” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsi, bu hadisə nəticəsində iddiaçının qanuni sahibliyində olan nəqliyyat vasitəsinə zərər vurulması, zərərin məhz cavabdehin təqsirli hərəkətlərinin nəticəsində meydana gəlməsi və zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması cavabdeh tərəfindən mübahisə edilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən iş materialları "xxxx" MMC-yə göndərilmiş və iş üzrə yazılı mütəxəssis məsləhətinin verilməsi vəzifəsi müstəqil qiymətləndirici – mütəxəssisə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 405/E nömrəli yazılı mütəxəssis məsləhətindən müəyyən olunur ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qanuni sahibliyində olan “X1 SX” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği usta xərci ilə birlikdə 15300 manat məbləğində qiymətləndirilmişdir. Həmin qiymətləndirmə aktı (yazılı mütəxəssis məsləhəti) əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsi – qiymətləndirici təşkilat tərəfindən qiymətləndirmə fəaliyyəti haqqında qanunvericiliyin tələbləri əsas götürülməklə tərtib edilmişdir. Müvafiq aktda nəqliyyat vasitəsinin fərdi xüsusiyyətləri (markası, modeli, buraxılış ili və s.), qiymətləndirmənin hansı meyarlar üzrə aparılmasına dair kifayət qədər məlumatlar əks olunmuş, akt əmlak bazarında analoji qiymətləndirmə obyektlərin təhlili və qiymətləndirilən nəqliyyat vasitəsinin aid olduğu bazarın tədqiqi əsasında tərtib edilmişdir. Digər tərəfdən, cavabdeh tərəfindən vurulmuş zərərin həcmi barədə mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, yazılı mütəxəssis rəyində qeyd edilən məlumatların həqiqəti əks etdirməməsinə dair etiraz mövqeyi məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, təqdim edilmiş sübutların hər birini aidlik, mötəbərlik və mümkünlük nöqteyi-nəzərindən, bütün sübutların məcmusunu isə iş üzrə sübuta edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirən məhkəmə hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qanuni sahibliyində olan nəqliyyat vasitəsinə vurulmuş zərərin əvəzi olan (ehtiyat hissələri və təmir xərcləri daxil olmaqla) ümumilikdə 15300 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməməsini xahiş edib göstərir ki, iddiaçının tələb etdiyi 18.054 manat məbləğində zərər "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli qüsur aktına əsaslanmışdır. Lakin iddiaçı tərəfindən tələb edilən zərərin məbləği məhkəmədə də şübhə doğurduğundan, məhkəmə öz təşəbbüsü ilə hadisə nəticəsində vurulmuş zərərin həcminin düzgün müəyyən edilməsi üçün "xxxx" MMC-dən xx.xx.2025 tarixdə 405/E nömrəli yazılı mütəxəssis məsləhəti almışdır. 405/E nömrəli yazılı mütəxəssis məsləhətinə əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının sahibliyində olan «X2 SX» markalı, 99JS188 dövlət qeydiyyat nişanlı yük avtomobilinə dəymiş ziyanın ümumi məbləği usta xərci ilə birlikdə 15300 manat məbləğində qiymətləndirilmişdir. Lakin "xxxx" MMC tərəfindən müəyyən edilmiş zərər məbləği də qanuni hesab edilə və iddia tələbinin əsasını təşkil edə bilməz. Belə ki,qiymətləndirici verdiyi rəyin qanuni və əsaslılığına görə cinayət məsuliyyəti barədə xəbərdar edilmədiyindən onun verdiyi rəy də qanuni hesab edilə və iddia tələbinin əsasına qoyula bilməz. Digər tərəfdən, qiymətləndirici iddiaçının sahibliyində olan «X2 SX» markalı,99JS188 dövlət qeydiyyat nişanlı yük avtomobilinə bilavasitə baxış keçirmədən, "xxxx" MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli qüsur aktını əsas götürüb avtomobilə 15300 manat məbləğində zərər vurulduğu nəticəsinə gəlmişdir. Məhkəmə iclasında iştirak barədə ona heç bir bildiriş, habelə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər göndərilməmiş və təqdim edilməmişdir. Yalnız bir dəfə məhkəmə iclasının vaxtı barəsində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonuna SMS göndərilmiş və ona məhkəmə iclasında yalnız bir dəfə iştirak etmək imkanı yaradılmışdır. O həmin məhkəmə iclasında məhkəmənin diqqətinə avtomobilə dəymiş zərərin əsassız olaraq bir neçə qat artıq hesablandığını çatdırdı və daha sonra bildirdi ki, hadisədən sonra o, "xxxx" MMC-nin qaraj müdiri ilə birlikdə Bakı şəhərinin Bakıxanov qəsəbəsi ərazisində bir-neçə avtomobil təmiri məntəqəsində olub, həmin avtomobilə baxış keçirilməsini təşkil etdilər və onlara bildirildi ki, bütün xərclər daxil avtomobili tam saz vəziyyətdə onlara təhvil verilməsi üçün 4500 manat xərc tələb olunur. Lakin Cəmiyyətin rəhbərliyi ona avtomobili şəxsən təmir etdirmək imkanı vermədi və onun sürücülük vəsiqəsini əlindən alıb ona eyni markalı avtomobil təyin edərək, həftənin qeyri-iş günləri də daxil olmaqla bütün günləri istirahətsiz onu işlədib, iki ilə yaxın müddətdə ona hər ay hesablanmış əmək haqqından onun əmək haqqı kartına ayda yalnız 40-90 manat arası köçürmə etmişlər və əmək haqqının qalan hissəsini isə avtomobilə dəymiş zərərin əvəzi olaraq götürmüşlər. Qeyd etdiyi halı yoxlamaq mümkündür. Çünki onun əmək haqqı kartları hazırda özündədir və məhkəmədən bu halın müəyyən edilməsi üçün iddiaçıdan hadisənin baş verdiyi gündən işdən azad edilənədək aylar üzrə ona nə qədər əmək haqqı hesabdlandığı, hesablanmış əmək haqqının hansı məbləğinin onun kart hesabına köçürüldüyü və hansı hissəsinin isə Cəmiyyət tərəfindən zərərin əvəzi olaraq çıxıldığını müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibat ekspertizasının təyin edilməsini xahiş edir. Çünki avtomobilə dəymiş ziyan iddiaçı tərəfindən onun əmək haqqından tam olaraq çıxılmışdır. Əgər belə olmasaydı, işdən çıxarkən ondan zərər tələb edilərdi və sürücülük vəsiqəsi özünə qaytarılmazdı. Bu məqsədlə onun sürücülük vəsiqəsi əlindən alınmışdı. Bununla belə, iddiaçının göstərməsinə baxmayaraq, işdən çıxdıqdan sonra da və məhkəməyə qədər iddiaçı tərəfindən dəymiş ziyan məbləğinin ödənilməsi barədə ona heç bir xəbərdarlıq edilməmiş və hadisənin baş verdiyi gündən keçən iki ildən artıq müddət ərzində ona qarşı məhkəmə qaydasında tələb irəli sürülməmişdir. Çünki iddiaçının ona qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələb irəli sürmək üçün əsası olmamışdır. Buna görə də iddiaçının ona qarşı zərərin əvəzinin ödənilməsi barədə irəli sürdüyü tələb əsaslı və qanuni hesab edilə bilməz. İddiaçının sahibliyində olan “X2 SX” markalı, 99JS188 dövlət qeydiyyat nişanlı yük avtomobili 2016-cı il buraxılışlı olub, onun idarəsinə verilərkən tam nasaz vəziyyətdə olmaqla, əsaslı təmirə ehtiyacı olmuşdur. O, həmin avtomobilin gündəlik baxım və cari təmir işlərini özü şəxsən yerinə yetirirdi ki, iddiaçının işlərində gecikmələr və axsamalar olmasın.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
11. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, cavabdeh səhhtində baş vermiş ağırlaşma ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də göstərdiyinə dair ərizəsinə sübut əlavə etməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddia tələbinin təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Təmin edildiyi hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edildiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
21. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
22. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
23. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
24. Əvvəla, cavabdeh tələb edilən zərər əvəzinin qüsur aktına və məhkəmənin qət etdiyi məbləğin isə öz təşəbbüsü ilə aldığı qiymətləndirici rəyinə əsaslandığını, lakin qiymətləndiricinin verdiyi rəyin qanuni və əsaslılığına görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunmadığına, eləcə də avtomobilə baxış keçirmədiyinə görə qanuni olmadığını göstərsə də bu dəlillər şikayəti əsaslı etmir. Çünki cavabdeh iddiaçının təqdim etdiyi qüsur aktındakı, eləcə də məhkəmənin əldə etdiyi qiymətləndirici rəyindəki məbləğlə razılaşmırdısa, iddiaçının işin nəticəsində qanunsuz marağı olduğunu düşünürdüsə bununla bağlı, yəni zərərin daha az miqdarda olduğuna dair özü məhkəməyə hansısa sübut təqdim edərdi, ancaq etməyib. Yəni cavabdeh yeni bir hala istinad edirsə, bəyan etdiyi halı özü sübuta yetirməlidir. Çünki bəyan etdiyi halı sübut etmək yükü artıq onun üzərinə düşür.
25. Məhkəmə də iddiaçının tələb etdiyi zərər məbləğini deyil, özünün müəyyən etdiyi, yəni daha az məbləğin tutulmasını qət edib. Qiymətləndiricinin rəyin qanuni və əsaslılığına görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunmaması da verdiyi rəyin qeyri-mötəbər olması demək deyil. Başqa sözlə, cinayət məsuliyyəti barədə xəbərdar olunmama qiymətləndircini rəy verərkən cinayət əməli törətməsinə görə cinayət məsuliyyətindən azad olunmaq üçün əsas deyildir. Yəni, cavabdeh qiymətləndiricinin bilə-bilə qəsdən yalan rəy verdiyini düşünürsə bununla əlaqədar istintaq orqanlarına müraciət edə bilər. Bir daha qeyd olunur ki, cavabdeh qüsur aktı və qiymətləndirici rəyindəki məbləğlərlə razılaşmırdısa özü zərərin daha az olmasına dair müstəqil qiymətləndiricinin rəyini əldə edib məhkəməyə təqdim edə bilərdi, ancaq etmir yaxud etmək istəmir. Demək ki, göstərdikləri də formal olduğu üçün təkzib olunur.
26. Cavabdehin rəsmi qeydə alındığı ünvana məhkəmə tərəfindən sifarişli poçt vasitəsilə məhkəmə bildirişi göndərilib, eləcə də SMS bildirişlə xəbərdar olunub. Məhkəmə bildirişləri ünvanın tam yazılmaması əsası ilə geri qaytarılıb. Apellyasiya şikayətindən də görünür ki, cavabdeh qeydə alındığı ünvanda yaşamır, faktiki olaraq başqa ünvanda yaşayır. Özünün də qeyd etdiyi kimi hələ 22 aprel 2025-ci il tarixdə ilk hazırlıq iclasında onunla telefon vasitəsi ilə əlaqə saxlanılıb və iş üzrə qiymətləndirici mütəxəssis rəyinin alınmasına etirazı olmadığını göstərib(i.v.40). Demək ki, məhkəmə iclaslarından xəbərdar və məlumatlı olub, ancaq iştirak etmək istəməyib. Bu cür vəziyyətdə məhkəmə onun məhkəmə iclasında iştirak etməyinə daha hansı formada imkan yaratmalı idi ki, o, da bundan “razı” qalsın. Göründüyü kimi, bu mövqe ritorik sual kimi səslənsə də cavabdeh bu cür dəlillərdən istifadə edərkən onların mümkün cavabını da özü üçün qabaqcadan aydınlaşdırmalı idi.
27. Bundan əlavə, iddiaçı tərəfindən qeyri-iş günlərində də işə cəlb edilib əmək haqqının çox hissəsini avtomobilə dəymiş zərərin əvəzi olaraq götürməsi barədə dəlillər də hər hansı bir sübutla təsdiq olunmur. Ancaq həqiqi olsa belə bu hallar da iddianın rədd edilməsi üçün bilavasitə əsas ola bilməz. İddiaçının onu əmək fəaliyyətinə cəlb edərək əmək haqqını verməməsinə görə isə əmək münasibətləri çərçivəsində məhkəmə müdafiəsi hüququndan istifadə edə bilər. Eyni zamanda, iddiaçı tərəfin səlahiyyətli şəxsləri tərəfindən ona qarşı cinayət xarakterli əməllər törətməsini düşünürsə bu barədə də hüquq mühafizə orqanlarına cinayət təqibi qaydasında şikayət etmək hüququ mövcuddur. Ona görə də hazırkı iddianın predmeti baxımından iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də əsas və zərurət yoxdur.
28. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2341/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi qətetdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2341/2025 saylı, 28 oktyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.