Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-397/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3cü şəxs qismində cəlb edilməklə) qarşı işi üzrə Açar sözlər:( «borcun olmamasının müəyyən edilməsi və müvafiq qeydin aparılması öhdəliyinin qoyulması») hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) «borcun olmamasının müəyyən edilməsi və müvafiq qeydin aparılması öhdəliyinin qoyulması» tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3452/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı (00)**********00181 saylı müqavilə üzrə 1489,78 manat və (00)**********00165 saylı müqavilə üzrə 6470,75 manat məbləğində LPO Cavabdeh ASC-nin əməliyyat sistemində və "xxxx" MMC-nin kredit bürosundan çıxarışda qeyd olunmuş borcun olmamasının müəyyən edilməsi və borcun olmaması barədə qeydin aparılmasının LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və "xxxx" MMC-nin öhdəsinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə aralarında xx.xx.2010-cu il tarixdə bağlanmış (03)**********00493 saylı kredit müqaviləsinə əsasən 12 ay müddətinə 4950 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə ödənişləri ödəniş cədvəlinə uyğun olaraq gecikdirmə olmadan ödəniş edərək tam şəkildə bağlamışdır. Hazırda yeni kredit götürmək məqsədi ilə banka müraciət edərkən onun Cavabdeh ASC-yə guya xx.xx.2012-ci il tarixli (00)**********00165 saylı və xx.xx.2012-ci il tarixli (00)**********00181 saylı kredit müqavilələri üzrə gecikdirilmiş kredit borcunun olması barədə ona məlumat verilmişdir. "xxxx" MMC-yə ünvanlanmış sorğuya əsasən göstərilən müqavilələrin adına rəsmiləşdirildiyi və gecikmədə olduğu qeyd olunmuşdur. LPO Cavabdeh ASC-yə ünvanlanmış məktuba əsasən göndərilmiş cavab məktubunda xx.xx.2010-cu il tarixdə bağlanmış (03)**********00493 saylı kredit müqaviləsinin arxivdə olması, lakin digər iki müqavilənin, yəni xx.xx.2012-ci il tarixli (00)**********00165 saylı və xx.xx.2012-ci il tarixli (00)**********00181 saylı kredit müqavilələrinin arxivdə mövcud olmadığı bildirilmişdir. Qeyd edir ki, xx.xx.2010-cu il tarixdə bağlanmış (03)**********00493 saylı kredit müqaviləsi həqiqətən də bankla onun arasında bağlanmış və onun tərəfindən ödənişlər edilərək borc bağlanmışdır. Ancaq həmin müqavilə üzrə tərəfindən aparılan ödənişlər adına qanunsuz olaraq rəsmiləşdirilmiş kredit müqavilələri üzrə guya yaranmış borca yönəldilmiş və onun bank qarşısında olan borcunda azalma olmamışdır. Həmin vaxt ona borcunun olmaması bildirildiyindən onun tərəfindən heç bir zəruri hərəkət aparılmamışdır. Yalnız yuxarıda qeyd etdiyi səbəbdən təsadüfən məlumatı olmuşdur. Cavabdeh ASC ilə arasında bağlanmış xx.xx.2010-cu il tarixli (03)**********00493 saylı kredit müqaviləsi üzrə verilmiş kreditin məbləği 4950 manat olmuşdur. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışa əsasən Cavabdeh ASC ilə onun arasında xx.xx.2012-ci il tarixli (00)**********00165 saylı və xx.xx.2012-ci il tarixli (00)**********00181 saylı kredit müqavilələrinin olduğu göstərilmişdir. Lakin Cavabdeh ASC ilə onun arasında həmin tarixlərdə hər hansı müqavilə bağlanmamışdır və bu müqavilələr barəsində məlumatı yoxdur. LPO Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli **********296 saylı məktubundan məlum olur ki, mübahisələndirilən müqavilələr mövcud deyildir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Cavabdehin nümayəndəsi məhkəməyə 10 dekabr 2025-ci il tarixdə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, bankın əməliyyat sisteminə əsasən, İddiaçı LPO Cavabdeh ASC ilə bağladığı xx.xx.2012-ci il tarixli (00)**********00165 saylı kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 8864,25 manat borcu və xx.xx.2012-ci il tarixli (00)**********00181 saylı kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 2064,22 manat borcu mövcuddur. Həmçinin,iddiaçı iddia ərizəsində yalnız xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən ona 4950 manat məbləğində kredit məbləğinin verildiyini və həmin borcu ödədiyini iddia edir. Lakin «Elektron məhkəmə» kabinetinə cavabdeh tərəfindən əlavə edilmiş kassa məxaric orderlərindən də aşkardır ki, iddiaçı bankın kassasından xx.xx.2010-cu il tarixdən xx.xx.2010-cu il tarixədək cəmi 19106 manat məbləğində borc götürmüşdür. Halbuki, iddia ərizəsində xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 4950 manat məbləğində kredit borcu götürdüyünü qeyd etmişdir. Qeyd edir ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli (03)**********00493 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 12 ay müddətinə 4950 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə, bank əməliyyat sistemində 1451 manat məbləğində əsas, 2258,40 manat məbləğində faiz, 683,91 manat məbləğində cərimə olmaqla, 4393,31 manat məbləğində borc öhdəliyi mövcuddur. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli (00)**********00165 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 1 gün müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə, bank əməliyyat sistemində 3.593,91 manat məbləğində əsas, 1041,71 manat məbləğində faiz, 1835,13 manat məbləğində cərimə olmaqla, 6470,75 manat məbləğində borc öhdəliyi mövcuddur. "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli (00)**********00181 nömrəli kredit müqaviləsi üzrə iddiaçıya 1 gün müddətinə 3.960 manat məbləğində kredit verilmişdir. Həmin Kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə, bank əməliyyat sistemində 852,71 manat məbləğində əsas, 134,63 manat məbləğində faiz, 502,44 manat məbləğində cərimə olmaqla, 1.489,78 manat məbləğində borc öhdəliyi mövcuddur. Məhkəməyə təqdim edilən müqavilələr üzrə hesabdan çıxarışlara əsasən, iddiaçı tərəfindən məxariclər və mədaxillər edilmişdir. Həmin hesabdan çıxarışlara əsasən bütün müvafiq məlumatlar qeyd edilmişdir. Məlum olduğu kimi, öhdəlik mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023- cü il tarixli Qərarında «...iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən «şərəf borcu» da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.»hüquqi mövqe göstərilmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - "Azərbaycan Kredit Bürosu” MMC-nin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, borc alan İddiaçı kredit tarixçəsi, aktiv kreditləri və s. ətraflı şəkildə qeyd olunmuşdur; - LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023-cü il tarixli **********296 saylı məktubundan görünür ki, İddiaçı ərizəsinə həmin Fondda baxılmış və sözügedən kredit müqavilələrinin LPO Cavabdeh ASC-nin arxiv şöbəsində aşkar edilmədiyi qeyd olunmuşdur; - LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2023- cü il tarixli **********53 saylı məktubundan görünür ki, eyni məsələ ilə bağlı İddiaçı daha ətraflı məlumat verilmişdir. Eyni məlumatlar cavabdeh tərəfin etirazında göstərildiyindən (kredit müqavilələrinin tarixləri, nömrələri, verilməsi qeyd olunan kredit və s.) məktubun tam məzmununun yenidən yazılmasına zərurət yoxdur
4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3452/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 739.1, 739.2, 740.2; Mülki Prosessual Məcəllənin 14.2, 217.4; "Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 6.1, 6.3, 10.1, 10.2, 18.1-ci maddələrinə istinad edilməklə iddia təmin edilmiş, (00)**********00181 saylı müqavilə üzrə 1489,78 manat və (00)**********00165 saylı müqavilə üzrə 6470,75 manat məbləğində LPO Cavabdeh ASC-nin əməliyyat sistemində və "xxxx" MMC-nin kredit bürosundan çıxarışda qeyd olunmuş borcun olmaması müəyyən edilmiş, borcun olmaması barədə qeydin aparılması LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin öhdəsinə qoyulması qət edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, iddiaçı ilə Cavabdeh ASC arasında iddiaçının bank qarşısında öhdəliyinin əmələ gəlməsinin əsası kimi istinad edilən (00)**********00181 saylı və (00)**********00165 saylı müqavilələr bağlanmamışdır. Həmin müqavilələr bankın arxivində aşkar edilməmişdir. İddiaçının bankla qeyd olunan kredit müqavilələri bağlamasını və kredit götürməsini təsdiq edən digər mötəbər sübutlar da məhkəməyə təqdim olunmamışdır. Yuxarıda şərh olunanlardan göründüyü kimi, iddiaçının adının Mərkəzi Kredit Reyestrində mövcud olmayan kredit müqavilələri üzrə borclu kimi qeyd olunması iddiaçının hüquqlarını pozur, həmin məlumatların MKR-də qalmasına hər hansı hüquqi əsas yoxdur.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-3452/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 449.1; Mülki Prosessual Məcəlləsinin 88, 103.2, 206.2, 217.2, 218.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işi tərəflərin qarşılıqlı münasibətlərinə müvafiq olaraq tam və hərtərəfli araşdırmamış, qatnamə qəbul edərkən yalnız iddiaçı tərəfindən irəli sürülən dəlilləri əsas götürmüş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, tərəflər arasında müqavilələr 2012-ci ildə bağlanmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə borc müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasına dair qəti göstəriş yox idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində deyilirdi: Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə oluna bilər. Azərbaycan Respublikasının 31 may 2016-cı il tarixli 269- VQD nömrəli Qanunu ilə maddənin mətni yeni redaksiyada verilmiş, Azərbaycan Respublikasının 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Qanunu ilə isə borc müqaviləsinin formasına dair tələblər 739-cu maddədə əks olunmuşdur. Həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə borc müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasına dair qəti göstəriş yox idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində deyilirdi: Borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə oluna bilər. Azərbaycan Respublikasının 31 may 2016-cı il tarixli 269- VQD nömrəli Qanunu ilə maddənin mətni yeni redaksiyada verilmiş, Azərbaycan Respublikasının 24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Qanunu ilə isə borc müqaviləsinin formasına dair tələblər 739-cu maddədə əks olunmuşdur. İş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıda sadalananlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi obyektiv araşdırma aparmamış, öz mövqeyini yalnız iddiaçı tərəfin prosesdəki izahatlarına əsasən formalaşdırmışdır. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. Birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş və işi obyektiv araşdırmamışdır. İşə baxan birinci instansiya məhkəməsi bütün yuxarıda sadalanan normaların tələblərini pozmuşdur. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırmalı və hüquqi qiymət verməlidir. Göründüyü kimi məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuşdur. Məhkəməyə təqdim olunmuş iddia ərizəsinə qarşı etirazda (00)**********00181 və (00)**********00165 saylı hesablar üzrə bankın elektron hesabat sistemindən çıxarışlar, hesablar üzrə həyata keçirilmiş ödənişlər və qalıq borc məbləği barədə məlumatlar məhkəmənin nəzərinə çatdırılmasına baxmayaraq məhkəmə həmin dəlillərə heç bir münasibət bildirməmiş, iddiaçı da həmin dəlillərin təkzib olunması istiqamətində heç bir qarşılıqlı dəlil irəli sürməmişdir.
Apellyasiya icraatında müəyyən edilən hallar:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz etmiş və şikayətin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 743.1. kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81. qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3. qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 385-390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) və qanunvericiliklə müəyyən edilən mülki hüquq münasibətlərinə dair qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni istisna edən və ya bu nəticəyə rəğmən fərqli qənaət formalaşdıran, habelə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən edilmir.Məhkəməyə kollegiyası qeyd edir ki, borcun mövcudluğunu kredit dosyesində təsbit edən təşkilatlar sübut etməlidirlər. Hazırki halda isə iddiaçı belə borcları almadığını bildirir, kredit təşkilatları isə bu borcun məhz iddiaçı tərəfindən alınmasını təsdiq edəcək sübutlar təqdim etməmiş, təqdim etdikləri çıxarışlar isə maliyyə-kredit münasibətlərdən irəli gələn sübutedici vasitə olmamaqla təşkilatların daxili fəaliyyətinə aid sənədlərdir. Belə olan halda, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini hüquqdan sui-istifadəyə yönəlmiş cəhd kimi qiymətləndirir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçının mənafeyi nəzərə alınmalıdır.
13. Beləliklə də, mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və formal mülahizə xarakteri daşıdığından qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyən şəxsin özünə aid olmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3452/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” İnformasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.