Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-398/2026 18.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın yenidən hesablanması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta ödənişi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2015/2025 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları, iş üzrə məhkəmə icraatı:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın yenidən hesablanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun Quba rayonu Tüləkəran kəndində yerləşən, torpaq sürüşməsi nəticəsində yararsız hala düşmüş evinə dəymiş faktiki ziyanın (müstəqil ekspertiza təyin edib) müəyyən edilərək ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu Yuxarı Tüləkəran kəndi ərazisində 97 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi onun və ailəsinin yaşadığı ünvan və yaşayış yeridir. Həmin ev "xxxx" ASC-də sığortalanmışdır. Evin yerləşdiyi ərazidə torpaq sürüşməsi baş vermiş və sürüşmə nəticəsində yaşadıqları ev tam yararsız hala düşmüşdür. Həmin evdə yaşamaq təhlükəli olmaqla ev hər an sürüşmənin təsiri nəticəsində qəzaya uğraya bilər. Evdə yaşamaq olduqca təhlükəlidir. Onlar sürüşmə baş verən kimi dərhal evlərini sığortalayan şirkət olan "xxxx" ASC-yə müraciət edib, evlərinə külli miqdarda ziyan dəydiyini bildirmişdilər. Onun müraciətindən sonra cavabdeh təşkilat öz nümayəndəsini hadisə yerinə göndərmişdir. Nümayəndə hadisə yerinə baxış keçirib hadisəyə dair ilkin akt tərtib etmiş və uzun müddət keçdikdən sonra 28 oktyabr 2024-cü il tarixdə cavabdeh təşkilat ona məktubla ərazidə sürüşmə deyil, çökmə prosesinin baş verdiyini, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində daşınmaz əmlakın icbari sığortası sığorta hadisəsinə səbəb ola biləcək halların sadalandığını, lakin çökmə prosesinin həmin hallara aid edilmədiyini, bu səbəbdən çökmə nəticəsində əmlaka dəyən zərərlərin sığorta təminatı ilə əhatə olunmadığını və sığorta hadisəsi hesab edilmədiyini və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi halında sığorta ödənişinin verilməsindən imtina edildiyini bildirib ona sığorta nəticəsində dəymiş real ziyanın ödənilməsindən imtina edilmişdir. Ona görə də, pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. O, "xxxx" ASC-nin imtinası ilə razı deyil. Belə ki, iddia ərizəsinə əlavə etdiyi hadisə yerindən çəkilmiş fotoşəkillərdən görünür ki, hadisə nəticəsində çökmə deyil, məhz sürüşmə baş vermişdir. Lakin cavabdeh təşkilat əsassız onun iştirakı olmadan hadisə yerinə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 rəyinə əsaslanıb ona sığorta ödənişi etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh təşkilat iddia ərizəsində istinad etdiyi qanunun tələblərini pozaraq əsassız olaraq ona sığorta ödənişi ödəməkdən imtina etmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2015/2025 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilərək, 14.850 (on dörd min səkkiz yüz əlli) manat sığorta ödənişinin, iddiaçı təfərindən "xxxx" MMC-yə ödənilmiş 400 manat xidmət haqqının və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sığorta hadisəsi nəticəsində iddiaçıya vurulmuş ziyanın əvəzi (sığorta ödənişi) ödənilməlidir. Cavabdehin bu ödənişi verməkdən imtina etməsi əsaslı olmamışdır. Sığorta hadisəninin baş verməsinə və iddiaçının əmlakına ziyan dəyməsinə baxmayaraq, sığorta şirkəti sığorta ödənişini ödəməkdən yayınmış, bununla da bir növ sığorta ödənişini ödəməkdə marağının olmamasını nümayiş etdirmiş və bu da son nəticədə iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) Apellyasiya şikayətinin dəlilləri:
5. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsi naməlum internet resurslarına istinad edərək “torpaq sürüşməsinin ağırlıq qüvvəsinin təsiri altında torpaq kütləsinin və təbəqəli süxurların qopub yamac boyu sürüşərək yerdəyişməsinə deyildiyini” qeyd etmiş, bunun davamı olaraq heç bir əsas olmadan “çökmənin başqa proses olmayıb, torpaq sürüşməsi prosesinin tərkib hissəsi olduğu” fikrinə gəlmişdir. Yəni məhkəmə X2 rəyini düzgün təhlil etməmiş, öz təşəbbüsü ilə çökmənin torpaq sürüşməsinin tərkib hissəsi olduğunu əsaslandırmağa cəhd etmişdir. Qeyd edək ki, “çökmə” və “sürüşmə” elmi ədəbiyyata aid olan, geoloji elmə və texniki biliyə əsaslanan proseslərdir. Məhkəmənin subyektiv mülahizəsi əsasında xüsusi bilik tələb edən proseslər ilə bağlı terminoloji ifadələrin eyniləşdirilməsi qanuni və əsaslı hesab edilə bilməz. "xxxx" ASC tərəfindən isə hadisənin sığorta hadisəsi olub-olmaması araşdırılarkən bu sahədə səlahiyyətli dövlət orqanının – X2 rəyi alınmışdır. Rəydə nəinki yer sürüşməsinə, ümumiyyətlə, hər hansı sürüşməyə istinad olunmamışdır. Məhz çökməyə istinad olunmuşdur. Formalaşmış təcrübəyə əsasən də qeyd olunmalıdır ki, sürüşmə baş verdikdə X5 öz rəyində “sürüşmə” ifadəsinə bilavasitə istinad edir. Nəticə etibarı ilə Nəsimi Rayon Məhkəməsi müstəqil hadisə hesab olunan “çökmə”ni “sürüşmə” kimi təqdim edərək əsassız olaraq sığorta hadisəsinin baş verməsi qənaətinə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. İddiaçının nümayəndəsi Nümayəndə1 izahatında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. - 898.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. - 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. - 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. - 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. - 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
11. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun: - 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. - 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. - 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. -10.1-ci maddəsinə əsasən sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. - 10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. - 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. - 18.1-ci maddəsinə əsasən bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. İş materiallarında olan Quba rayonu Tüləkəran kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 372 saylı arayışından görünür ki, İddiaçı Yuxarı Tüləkəran kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayır.
16. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, RPA********** saylı daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı Quba rayonu Aşağı Tüləkəran kəndində yerləşən evi "xxxx" ASC-də sığorta edilmişdir. Cavabdehə 30 manat sığorta haqqı ödənilmiş, sığorta məbləği 15.000 manat, azadolma məbləği (franşiza) 150 manat müəyyən edilmişdir.
17. İş materiallarında olan Nümayəndə1 "xxxx" ASC-yə yazdığı xx.xx.2024-cü il tarixli ərizədən və izahatdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə baş verən sürüşmə nəticəsində Quba rayonu Aşağı Tüləkəran kəndində yerləşən yaşayış evinə ziyan dəydiyini bildirmiş, bununla bağlı ətraflı izahat vermişdir.
18. İş materiallarında olan fotoşəkillərdən görünür ki, sığorta edilmiş ev yararsız hala düşmüşdür. Divarlarda təhlükəli çatlar müşahidə olunur.
19. İş materiallarında olan daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair aktdan (xx.xx.2024-cü il tarixli) görünür ki, məsul şəxs tərəfindən Quba rayonu Aşağı Tüləkəran kəndində yerləşən yaşayış evinə baxış keçirilmiş, baxışın nəticələrinə dair akt tərtib olunmuşdur.
20. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 xx.xx.2024-cü il tarixli, 3-14-18/2-203/2024 saylı məktubu ilə təqdim olunmuş, Quba rayonu Aşağı Tüləkəran kəndi ərazisinin mühəndisi-geoloji şəraiti haqqında arayışda qeyd olunmuşdur ki, X3 "xxxx" ASC tərəfindən daxil olmuş 05 avqust 2024-cü il tarixli, 5843/C-********** nömrəli məktuba əsasən Agentliyin mütəxəssisi Xətai Mirzəyev 18 sentyabr 2024-cü il tarixdə Quba rayonu, Aşağı Tüləkəran kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Tektonik cəhətcə Təngi-Beşbarmaq antiklinoriumu ilə Şahdağ-Xızı sinklinoriumunun hüdudlarında yerləşən ərazinin geoloji quruluşunda Alt Təbaşirin Alp mərtəbəsinin (K1al) mergelləri, argillitləri, gilləri, bəzi yerlərdə qumdaşları, qravelitləri, tufqumdaşları və tufkonqlomeratları iştirak edirlər. Bu süxur kompleksi kəndin əksər sahələrində Holosen yaşlı elüvial-delüvial mənşəli sarımtıl-boz rəngli gilcələrlə örtülmüşdür. Aşağı Tüləkəran kəndi rayon mərkəzindən 16-17 km cənub-şərqdə, mütləq yüksəkliyi 850-900 m olan ərazidə yerləşir. İddiaçı məxsus fərdi yaşayış sahəsi (41°16'30.47", 48°25'51.35" koordinatlarında) mailliyi 20-22° olan yamacda yerləşir. Baxış keçirilən ərazinin geomorfoloji, hidrogeoloji və geoloji-litoloji şəraiti burada ekzogen geoloji prosesin yaranmasına zəmin yaratmışdır. Vizual araşdırma zamanı müəyyən olunmuşdur ki, 2024-cü ilin may-iyun aylarında atmosfer çöküntülərinin təsiri nəticəsində fərdi tikilinin yerləşdiyi ərazidə yamac istiqamətində torpaq qatında müxtəlif ölçülü çatlar və çökmə prosesi baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində fərdi tikilinin divarlarında müxtəlif ölçülü çatlar, künc hissələrdə aralanmalar və deformasiya prosesi qeydə alınmışdır. 05 may 2024-cü il tarixdə sözügedən ünvanda ekzogen geoloji proseslər nəticəsində çatların yaranması ilə əlaqədar sorğuya cavab olaraq bildirilmişdir ki, X3 vətəndaşlar tərəfindən ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəxəssislər tərəfindən həmin əraziyə mühəndisi-geoloji baxış keçirilir. X3 Quba rayonu, Aşağı Tüləkəran kənd sakini İddiaçı məxsus ünvandan 05 may 2024-cü il tarixdə ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olmamışdır.
21. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 8325/C saylı məktubundan görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək, "xxxx" ASC-də RPA********** saylı «Daşınmaz Əmlakın İcbari Sığortası» üzrə sığortalanmış Quba rayonu Yuxarı Tüləkəran kəndində yerləşən yaşayış evinə zərər dəydiyini bildirmişdir. Cəmiyyətə məlumat daxil olan kimi dərhal ASC tərəfindən sığorta araşdırmasına başlanılmış, ASC-nin əmakdaşı hadisə yerinə getmiş, foto çəkilişlər etmiş və hadisəyə dair ilkin akt tərtib etmişdir. Sığorta araşdırması ilə bağlı ASC tərəfindən aidiyyəti orqana müvafiq sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 sorğuya cavab olaraq ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-14- 18/2-203/2024 saylı məktubunda ərazidə çökmə prosesinin baş verdiyi göstərilmişdir. Məlumat üçün nəzərə çatdırılmışdır ki, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisəsinə səbəb ola biləcək hallar sadalanmışdır. Lakin çökmə prosesi həmin hallara aid edilməmişdir. Bu səbəbdən də, çökmə nəticəsində əmlaka dəyən zərərlər sığorta təminatı ilə əhatə olunmur və sığorta hadisəsi hesab edilmir. Mülki Məcəllənin 922.1-ci, 935.1.8-ci maddələrinə, «İcbari sığortalar haqqında» Azarbaycan Respublikası Qanununa istinad edən cavabdeh xx.xx.2024-cü il tarixli müraciət üzrə "xxxx" ASC-nin məsuliyyətinin yaranmadığını bildirmişdir.
22. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 avqust 2025-ci il tarixli, 10/3825 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq Quba rayonu Yuxarı Tüləkəran kəndində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evi üzrə sahələri 50,4 m2 (9,0x5,6 m), 15,1 m2 (2,7x5,6 m) və 10,0 m2 (4,0x2,5 m) olan tikililərin konstruktiv elementləri üzrə, yəni divarlarında iri həcmli çatların olduğu, divarlarla tavanın birləşmə hissələrinin birbirindən aralandığı, döşəmə ilə divarların birləşmə hissələrinin bir-birindən aralandığı, evin xarici divarlarında iri həcmli üfüqi və şaquli çatların olduğu müəyyən edilmişdir (tədqiqat hissədə fotocədvəldə ətraflı göstərilmişdir) (1-ci sual üzrə). Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir (2ci sual üzrə). Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir.
23. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, ƏEM/N48-789/25 saylı ekspert rəyindən görünür ki, Quba rayonu Yuxarı Tüləkəran kəndində yerləşən evə dəyən zərərin aradan qaldırılması üçün ümumilikdə inşasına çəkilmiş xərcin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) 43.523 manat təşkil edir. 400 manat xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir.
24. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 15824 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
25. Beləliklə, iş materilları ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında Quba rayonu Yuxarı Tüləkəran kəndi ərazisində 97 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin icbari sığortası ilə əlaqədar olaraq sığorta müqaviləsi bağlanmış və iddiaçının adına sığorta şəhadətnaməsi verilmişdir. Sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində sığorta predmeti olan fərdi yaşayış evinin yerləşdiyi ərazidə torpaq sürüşməsi (çökməsi) baş vermiş və əmlaka maddi ziyan dəymişdir. İddiaçı tərəf bununla bağlı cavabdeh sığorta şirkətinə müraciət edərək, dəymiş zərərin sığorta müqaviləsinin şərtlər çərçivəsində ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmiş, imtinaya əsas kimi ərazidə torpaq sürüşməsi deyil, çökmə prosesinin baş verməsi, çökmənin isə sığorta müqaviləsinin predmeti olmadığı göstərilmişdir. Dəymiş ziyanın ödənilməsi ilə əlaqədar iddiaçı tərəfindən sığorta şirkətinə müraciət edilsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmadığı üçün iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə iddiaçının yaşadığı evə hansısa bədbəxt hadisə və ya cinayət nəticəsində deyil, məhz evin yerləşdiyi torpaq sahəsində baş verən təbiət hadisəsi nəticəsində ziyan dəymişdir. Evə ziyan dəyməsi iş materialları ilə sübut olunur və işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmir.
27. Lakin, cavabdeh tərəf həm birinci instansiya məhkəməsində, həm də apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının yaşadığı evə dəymiş ziyan sığorta müqaviləsində göstərilməyən – torpaq çökməsi nəticəsində baş vermişdir. Cavabdeh bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 verilmiş rəyə əsaslanır və qeyd edir ki, müqavilədə torpaq çökməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya sığorta ödənişi ödənilməmişdir.
28. Cavabdeh həmçinin apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 rəyi olduğu halda, internet resurslarından əldə edilmiş anlayışlara istinad edərək, “çökmənin başqa proses olmayıb, torpaq sürüşməsi prosesinin tərkib hissəsi olduğu” fikrinə gəlmişdir.
29. Məhkəmə kollegiyası cavabdehin bu dəlilləri ilə bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, sığorta müqaviləsində ayrıca olaraq “çökmə” terminindən istifadə edilməsə də, lakin müqavilənin “Sığorta riskləri” bölməsində sadalanan “təbii fəlakətlər” terminindən istifadə edilmişdir. Məlum olduğu kimi, təbiətdə baş verən təbii fəlakətlər təkcə müqavilədə sadalanan - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi kimi hadisələrdən ibarət deyil, digər formalarda da ola bilər və bu formaların da hər birinin fərqli növləri ola bilər. Lakin, bütün bu təbii fəlakətlərin hər birinin ümumi oxşar cəhətləri var. Tərəflər arasında sığorta müqaviləsi imzalanarkən “təbii fəlakətlər” terminindən istifadə edilmiş və təbii fəlakətlərin ən çox yayılan - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi kimi hadisələr sadalanmışdır. İddiaçının evinin zədələnməsi də məhz torpaqda baş verən təbii fəlakətlə bağlı olmuşdur. Yəni, bu hadisənin baş vermə səbəbi istər “sürüşmə”, istərsə də “çökmə” adlandırılsa da, son nəticədə bu torpaqla bağlı təbii fəlakət nəticəsində baş vermişdir.
30. Bundan əlavə, əgər torpaqda baş verən “sürüşmə” və “çökmə” kimi təbiət hadisələrinin fərqi cavabdeh üçün vacib önəm daşıyırsa, o, hansı sığorta hadisəsi üçün iddiaçıya sığorta pulu ödənilməyəcəyini müqavilədə xüsusi qeyd etməli idi. İndiki halda isə sığortalının yaşadığı evin yerləşdiyi torpaq sahəsində təbii fəlakət baş vermiş, həmin evə bunun nəticəsində maddi ziyan dəymiş, cavabdeh isə müxtəlif frazeoloji terminlərin fərqini diqqətə çatdıraraq, sığorta ödənişindən yayınmaq istəyir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, çökmə başqa proses olmayıb, torpaq sürüşməsi prosesinin tərkib hissəsinə aid hadisədir və sığorta hadisəsi iddiaçının yaşadığı evin yerləşdiyi torpaq sahəsində baş vermiş bu təbii fəlakətlə bağlı olmuşdur.
31. Buna görə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir və qeyd edir ki, tərəflər arasında sığorta müqaviləsində “Sığorta riskləri” sırasında təbii fəlakətin baş verməsi də nəzərdə tutulduğundan və belə bir hadisə baş verdiyindən, iddiaçıya sığorta müqaviləsində nəzərdə tutulan məbləğdə sığorta ödənişi edilməlidir.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-2015/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov