Məhkəmə qərarları › İş №2(3-6)-40/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-40/2026

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-40/2026 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2(004)-5629/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixində kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən borcalan Cavabdeh 48 ay müddətinə, illik 15% ödəmək şərtilə 30.000 manat məbləğində kredit verilmiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öhdəliyini lazımınca icra etməməsini əsas gətirərək, qeyd edilən müqavilə üzrə yaranmış borcun cavabdehdən tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25 aprel 2024 il tarixli, 800804-317219/2 nömrəli istehlak krediti müqaviləsi üzrə 24840.98 manat məbləğində əsas borc və 1245.58 manat faiz borcu olmaqla, cəmi 26086.56 manat borcun və 168.25 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 25 aprel 2024-cü il tarixli, 800804-317219/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 15% dərəcəsi ilə 30.000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. 23 sentyabr 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 24,840.98 manat məbləğində əsas borc və 1,245.58 manat faiz borcu olmaqla, cəmi 26,086.56 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2(004)- 5629/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 24,840.98 (iyirmi dörd min səkkiz yüz qırx manat doxsan səkkiz qəpik) manat əsas, 1,172.86 (min yüz yetmiş iki manat səksən altı qəpik) manat faiz borcu olmaqla, cəmi 26,013.84 (iyirmi altı min on üç manat səksən dörd qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 168.04 (yüz altmış səkkiz manat dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan Cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada icra etməmiş və kreditora olan borcunu qaytarmamışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə qeyd etmişdir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Bununla da, müqavilə ləğv edildiyi gündən sonrakı dövrə aid mövcud olmayan müqaviləyə görə faizlərin hesablanması istisna edilir. Belə olan halda məhkəmə hesab etmişdir ki, faiz borcu müqavilə ləğv olunduğu günə qədər hesablanmış, yəni müvafiq pretenziya məktubunda göstərilən həddə təmin edilməlidir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə cavabdeh tərəfindən banka ödənilmiş pullar və hal-hazırda da davam edən ödəmələrə nə istinad etmiş, nə də həmin sübutları ümumiyyətlə araşdırmışdır. Kredit müqaviləsinə bank tərəfindən birtərəfli qaydada xitam verilməmişdir və bankdan xitam barədə bildiriş cavabdehə göndərilməmişdir. Ona görə də cavabdeh hal-hazıra kimi qrafik üzrə ödəmələri həyata keçirdir, bank da qəbul edir. Lakin məhkəmə bankın borc tələbi barədə pretenziyasını birtərəfli xitam kimi qiymətləndirmişdir. Kredit 48 ay müddətinə götürülmüşdür, lakin həmin müddət başa çatmamış, bank məhkəmə qaydasında verdiyi krediti geri tələb etmişdir. Bu tələb ədalət prinsipinə ziddir və cavabdehin sosial durumu nəzərə alınmamışdır. Sadə məntiqdir ki, aldığı məvaciblə dolanan hərbi quluqçu (cavabdeh) krediti ona görə 48 aylığa götürmüşdür ki, aldığı maaşa müvafiq krediti ödəyə bilsin. Məhkəmə isə şəxsin sosial durumunu çıxılmaz vəziyyətə salan və iyirmi beş min manata yaxın məbləği bir qərarla cavabdehə yükləmişdir. Bu konstitusiyanın tələblərinə açıq-aşkar ziddir. Belə ki, müqavilənin ləğvi müqavilə ilə eyni formada bağlanmalıdır. Lakin İddiaçı ASC ilə cavabdeh arasında belə bir müqavilə mövcud deyil. Pretenziya müqaviləyə xitam hesab olunmur və bankın pretenziyasında borcun ödənilməsi tələb olunmuş, müqavilənin ləğv olunması təklif olunmamışdır. Məhkəmə isə heç bir qanuni əsas olmadan bu pretenziyanı müqavilənin birtərəfli xitamı hesab etmişdir. Müqavilənin ləğv edilməsi haqqında Mülki Məcəllənin maddi hüquq norması məhkəmə tərəfindən tətbiq edilməmiş və bu halla bağlı maddi hüquq norması pozulmuşdur. Bundan başqa iddia tələbi təmin edilərkən cavabdehin sosial statusu nəzərə alınmamışdır. Kredit ona görə 48 ay müddətinə götürülmüşdür ki, cavabdeh aldığı maaşa müvafiq krediti ödəyə bilsin. Bankda məhz cavabdehin aylıq maaşına mütənasib şəkildə bu krediti 48 ay müddətinə vermişdir. İndi isə cavabdeh bir dəfəyə iyirmi beş min manata yaxın pul ödəməlidir. Burada vətəndaşın hansı hüququ qorundu. Əksinə vətəndaşın hüquqları pozuldu, şəxs aldığı borcu 4 ilə qaytarmaq üçün maliyyə planlaması etmiş və bu plana uyğun addım atmışdır. Məhkəmə isə vətəndaşın hüquqlarının tapdalanmasının qarşısını almamışdır. Halbuki bu onun konstitusion vəzifəsi idi. Digər tərəfdən qanun müqavilənin birtərəfli ləğvinə o zaman icazə verir ki, digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuş olsun və əhəmiyyətli pozuntu o hesab edilir ki, kreditor müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olsun. Hazırki mübahisədə İddiaçı ASC-nin belə bir məhrumiyyətlə üzləşməsə məhkəmə qətnaməsində sübut olunmamışdır. Həmçinin cavabdeh bəzi aylarda gecikmələrə görə aylıq ödənişləri nəzərdə tutulan məbləğdən aşağı həddə ödəmiş, lakin ödənişdən imtina etməmiş və həmin bəzi aylar istisna olmaqla ödəniş həmişə düzgün aparılmışdır. Həmçinin sözügedən kredit verilərkən cavabdehin aldığı əmək haqqı ilə, sonrakı vəzifə dəyişikliyinə görə aldığı əmək haqqı aşağı düşmüş, məhz bu səbəbdən bəzi aylarda ödəniş tam məbləğdə olmamışdır. Lakin sonradan bu ödəniş qrafikə uyğun aparılmışdır və hazırda da davam edir. Ona görə də bu hallar İddiaçı ASC aylıq ödənişlər üzrə alacaqlarından xeyli dərəcədə məhrum olmamışdır. Eyni zamanda işə baxan məhkəmə iddiaçının tələb etdiyi pul məbləğinin düzgün hesablanıb-hesablanmadığını məhkəmə iclasında tədqiq etməmiş, yalnız iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı ilə kifayətlənmişdir. Nəticədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 97-ci maddəsinin normaları pozularaq məhkəmə iş üzrə xüsusi bilik tələb olunan hal üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmədən qətnamə qəbul etmişdir. Həmçinin məhkəmə baxışının tərəflərin dindirilməsi ilə keçirilmə vəzifəsi, habelə qərarın yalnız tərəflərin izahat və dəlilləri əsasında verilməsi vəzifəsi məhkəmənin üzərinə icbari norma kimi qoyulmuşdur. Cavabdehin məhkəmə iclaslarında iştirakı təmin edilməmiş, onun təxirlə bağlı müraciəti təmin edilməmiş, onun vacib əhəmiyyət daşıyan izahat və dəlilləri dinlənilmədən qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.5-ci maddəsinə əsasən müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc müqaviləsi üzrə faizlər və (və ya) haqlar müqavilənin qüvvədə olduğu hər bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, faizlər və (və ya) haqlar borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarı. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi: Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 800804-317219/2 nömrəli istehlak kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh 48 ay müddətinə, illik 15% dərəcəsi ilə 30.000 manat məbləğində istehlak krediti verir. Borcalan isə həmin krediti qəbul edir və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kredit və qeyri kredit xidmətlərinin göstərilməsinin ümumi şərtləri və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini banka qaytarır, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirdiyi üçün faizləri banka ödəyir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubuna əsasən iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli, 800804-317219/2 nömrəli kredit müqaviləsi üzrə 24840.98 manat əsas, 1172.86 manat faiz borcu olmaqla, cəmi 26013.84 manat borcun yarandığını, bütün borc məbləğini xx.xx.2025-ci il tarixədək ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 800804 317219/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh xx.xx.2025-ci il tarixə gecikmə günləri 120 gün təşkil etməklə 24840.98 manat əsas, 1245.58 manat faiz borcu olmaqla, cəmi 26086.56 manat borcu yaranmışdır. Göründüyü kimi kredit müqaviləsinin şərtlərinə əsasən borcalan Cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürmüşdür. Həmçinin tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Lakin cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bu hal cavabdeh tərəfindən apellyasiya şikayətində də dolayısı ilə qəbul edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası apellyasiya şikayətinin kreditin 48 ay müddətinə götürülməsi, lakin həmin müddətin başa çatmaması, bankın məhkəmə qaydasında verdiyi krediti geri tələb etməsi tələbinin ədalət prinsipinə zidd olması və cavabdehin sosial durumunun nəzərə alınmaması kimi dəlili əsassız sayır və hesab edir ki, cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin istinad edilən normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Digər tərəfdən kollegiya cavabdehin apellyasiya şikayətinin kredit müqaviləsinə bank tərəfindən birtərəfli qaydada xitam verilməməsi və bankdan xitam barədə bildiriş cavabdehə göndərilməməsi, ona görə də cavabdeh hal-hazıra kimi qrafik üzrə ödəmələri həyata keçirməsi, bankın da qəbul etməsinə baxmayraq məhkəmənin bankın borc tələbi barədə pretenziyasını birtərəfli xitam kimi qiymətləndirməsinə dair dəlillərinə qiymət verərək onlarla razılaşmır və hesab edir ki, həmin dəlillər formal mülahizələrdən ibarətdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Göründüyü kimi istinad edlən maddənin tələblərinə əsasən tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Hazırki vəziyyətdə də iddiaçı tərəf cavabdehə öhdəliklərini icra etməsi üçün müddət müəyyən etmiş, həmin müddətdə öhdəlik icra edilməmiş və bununla da xəbərdarlıq göndərildiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edilir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, işə baxan məhkəmə iddiaçının tələb etdiyi pul məbləğinin düzgün hesablanıb-hesablanmadığını məhkəmə iclasında tədqiq etməmiş, yalnız iddiaçının məhkəməyə təqdim etdiyi maliyyə arayışı ilə kifayətlənmişdir. Məhkəmə qətnamədə cavabdeh tərəfindən banka ödənilmiş pullar və hal-hazırda da davam edən ödəmələrə nə istinad etmiş, nə də həmin sübutları ümumiyyətlə araşdırmışdır. Göründüyü kimi cavabdeh apellyasiya şikayətində borc məbləğlərinin düzgün hesablanmadığını irəli sürsə də, həmin halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi borcun məbləğini müəyyən edərkən, iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubuna istinad etmişdir. Həmin məbləğləri şübhə altına almaq üçün isə əsaslar kollegiya tərfindən müəyyən olunmamışdır. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması onun iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir. Cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilinə gəlincə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasları barədə bildirişlər kağız daşıyıcıda, eləcə də sms formasında cavabdehə göndərilmiş, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Bu əsasdan kollegiya məhkəmə araşdırmasının tərəflərin çəkişmə prinsipinin pozulması ilə aparılması ilə bağlı cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Göründüyü kimi Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmuşdur. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilər. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli 800804-317219/2 nömrəli kredit müqaviləsi üzrə 24840.98 manat əsas, 1172.86 manat faiz borcu olmaqla, cəmi 26013.84 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, işin faktiki halları ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 noyabr 2025-ci il tarixli, e-2(004)- 5629/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar