Məhkəmə qərarları › İş №2(3-6)-4159/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-4159/2026

08.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-4159/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən onun xeyrinə əsassız varlanma hesab olunan 16.000 ABŞ dolları pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh dəymiş ziyana görə 14.362 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 171.60 manat dövlət rüsumunun 50%-nin, yəni 85.80 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 50%-nin, yəni 85.80 manat pulun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci (forma və məzmun) tələblərinə riayət edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının ## #### 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Lakin hazırki apellyasiya şikayəti qanunvericiliyin bu tələblərinə riayət edilmədən tərtib edilmiş, o cümlədən maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Belə ki, apellyasiya şikayəti 1 səhifədən ibarət olmaqla orada yalnız işin halları sadalanmış, eyni zamanda 1 cümlə ilə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyi qeyd edilmişdir. Lakin hansı normaların tələblərinin pozulduğu (maddə və məzmun etibarı ilə) ümumiyyətlə göstərilməmişdir. Hüquqi nəticə etibarı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş forma və məzmuna dair tələblərə riayət edilmədən verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (forma və məzmun) tələblərinə riayət edilmədən verildiyindən qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü, 363-cü, 366-cı, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar