Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-451/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, X2 Əziz qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 03 mart 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "xxxx" KB ASC -nin xx.xx.2021-ci il tarixli bank xidmətlərini təqdim edilməsinə dair ümumi ofertası əsasında iddiaçı "xxxx" KB ASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində 35 ay müddətinə illik 27,6 % ödəmək şərtilə 10.000 manat məbləğində kredit xətti açılmışdır.Cavabdeh xx.xx.2023-cü il tarixində ərizəanket imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. Qeyd edilən müqavilə üzrə Bank tərəfindən cavabdehə 9.136,26 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 9.136,26 borc manat məbləğində kredit borcu hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 9.136,26 manat əsas, 0 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 9.136,26 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 111,37 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh bağlanmış razılaşmanın tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Borclunun banka olan borcu hələ də ödənilməmiş qalır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5677/2025 saylı, xx.xx.2025ci il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia təmin edilmişdir.
5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 462.1, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilib, iddianın qismən təmin edilməsi, ondan cəmi 1300 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin pul ona birbaşa verilməmiş, kredit limiti ayrılmaqla, ona bank kartı təqdim edilmişdir. Həmin kartdan isə iradəsi xaricində 8500 manat məbləğində pul talanmışdır. Belə ki, əvvəlcədən tanıdığı X1 övladının təhsil haqqını ödəyə bilmədiyini bildirməklə, bu məqsədlə ondan 1300 manat məbləğində borc pul istəmişdir. Qızının təhsildən yayınmaması üçün ona borc vermək istəsə də, pulu olmadığından ona kömək edə bilməyəcəyimi bildirmiş, A.Məmmədov mənə LeoBankdan (UniBankın layihəsi) kredit kartı almaq imkanı barədə danışmış, mənə rahatlıqla kart vasitəsilə kredit ayrıla biləcəyini, həmin kartdan 1300 manatını ona verəcəyi təqdirdə, həmin məbləği və bu məbləğə hesablanmış faizləri özünün ödəcəyini bildirmişdir. Ona inanıb, dediyi formada UniBanka müraciət etmiş, kart hazır olduqdan sonra onu götürən zaman, soruşduqda bank əməkdaşları ayrılan kredit məbləğini kartı bankomata salmaqla öyrənə biləcəyini söyləmişlər. Lakin kartdakı məbləği öyrənmədən, kartı götürdüyünü A.Məmmədova bildirmiş, o da kartın son səkkiz rəqəmini və nömrəmə gələn SMS-dəki şifrəni ona söyləməmi istəmiş, ona verməyi vəd etdiyi 1300 manatı xüsusi proqramla özünə köçürəcəyini bildirmişdir. Həmin məlumatları ona verdikdən 2-3 dəqiqə keçməmiş telefonuna hesabından 8000 manat məbləğində pul çıxarıldığına dair SMS gəlmişdir. Dərhal A.Məmmədova zəng vurmuş, pulu dərhal geri qoymağını tələb etmişdir. Bu hadisənin səhəri gün isə hesabından daha 1800 manatın çıxarıldığına dair SMS almışdır. Bundan sonra o, ona SMS gəlməsin deyə özünə yüklədiyi xüsusi proqramda, hesabının bağlı olduğu telefon nömrəsini dəyişmiş, hər ay hesabına faizləri qaytarıb, yenidən hesabından pul çəkmişdir. Bir müddət sonra, bank əməkdaşları əlaqə saxlayaraq, kredit ödənişini etməyini tələb etmişdir. Onlara vəziyyəti izah etsə də, A.Məmmədovun kartından pulu oğurladığını bildirsə də, bank əməkdaşları pulu tələb etməyə davam etmiş və daha sonra məhkəməyə müraciət edilmişdir. O da öz növbəsində kartından pulun talanması ilə bağlı Xətai rayon Polis İdarəsinə müraciət etmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilsə də, həmin qərar Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 6(011)-103/2024 nömrəli qərarı ilə ləğv edilmiş, qərar araşdırmanın davam etdirilməsi üçün Xətai rayon prokurorluğuna göndərilməklə, işdə yol verilən pozuntular Xətai rayon prokurorunun diqqətinə çatdırılmışdır. Lakin dəfələrlə işlə bağlı maraqlansam da, bugünədək qəbul edilmiş yekun qərar barədə mənə məlumat verilməmişdir. Adına açılmış kartdan onun razılığı əsasında yalnız 1300 manat məbləğində pul çıxarılmışdır. Qalan məbləğ isə cinayət yolu ilə talanmışdır. Buna görə də ona ayrılan kredit məbləğinin yalnız 1300 manatlıq hissəsi onun tərəfimdən alınmış hesab edilə bilər. Buna görə də hesab edir ki, o, yalnız ayrılmış kreditin 1300 manatlıq hissəsini ödəməyə görə məsuliyyət daşıyır. Həmin məbləği də ödəməyə razıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Apellyasiya baxışının hədləri
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən 7836, 26 manat hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır. Belə ki, iddiaçı iddia tələbini 1300 manat həcmində qəbul etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apellyasiya baxışının predmeti olan hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ləğvi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
14. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, mübahisə üzrə öhdəlik münasibətlərinin tərəfləri Bank və Cavabdehdur. Cavabdeh pul vəsaitinin onun iradəsindən kənar götürüldüyünü iddia etsə də, bu fakt iddiaçının cavabdehə qarşı tələb irəli sürmək hüququna məhdudlaşdırmır. Belə ki, Bank kredit borcunu borcalan qsimində cavabdehə vermiş, Bank qarşısında öhdəliyin icrasına görə məsuliyyəti məhz cavabdeh üzərinə götürmüşdür.
15. Kollegiya apellyatorun diqqətinə onu da çatdırır ki, iddia etdiyi hallar öz təsdiqini tapdığı təqdirdə onun həmin şəxsdən ödədiyi vəsaiti tələb etməklə bağlı reqres hüququ vardır.
16. Ona görə də şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
18. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.