Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-485/2026 13.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-5251/2025 saylı 24 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli borc müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 6 ay müddətinə 20000 (iyirmi min) manat məbləğində faizsiz borc vermişdir. Müqavilə borcun tam həcmdə qaytarıldığı günədək qüvvədədir.
2. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli yazılı sübutdan görünür ki, İddiaçı Cavabdeh iş görmək üçün 48 000 pul vermişdir. Cavabdeh 3000 və 3500 manat İddiaçı qaytarmışdır. Qalıq ümumi borc 41500 manatdır və il sonuna (2024)-xx.xx.2024- cü il tarixə qədər borcu qaytaracaq. Yazılı sübuta hər iki tərəf imza ataraq faktı təsdiq etmişdir.
3. İş materiallarına əlavə edilmiş pretenziyadan görünür ki, İddiaçı Cavabdeh ümumilikdə 61500 manat borcun 3 günə qaytarılmasını, əks təqdirdə məhkməyə müraciət edəcəyini bildirmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 61500 manat borcun, 274 manat dövlət rüsumunun və 495 manat vəkil xidmətinin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi belə əsaslandırılmışdır ki, tanışı olan Cavabdeh 20 sentyabr 2022-ci il tarixdə restoran açacağını bildirərək ona 20000 manat borc pula ehtiyacı olduğunu və 6 aya qaytaracağını bildirmişdir. O da razılaşaraq aralarında borc müqaviləsi tərtib etdikdən sonra 20000 manat pulu ona verdi. Lakin 6 ay keçməyinə baxmayaraq o hər gün bir bahanə gətirərək pulu qaytarmamışdır. Cavabdeh 20 mina manat borcunu qaytarmamış 2024-cü ilin may ayında yenidən iddiaçıdan iş qurmaq adı ilə pul istəmişdir. O da razılıq verərək 48000 manat pulu cavabdehə vermişdir. Cavabdeh bu dəfə borclarını xx.xx.2024cü ilədək qaytaracağını bildirmişdir. Cavabdeh 3000 manat bir və 3500 manat bir cəmi 6500 manat pul qaytarmışdır. Cavabdeh ona 6500 manatdan başqa bir məbləğ ödəməyib. Ümumilikdə hər iki öhdəlik üzrə cavabdehin ona 61500 manat borcu qalmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fuad Babaşov, iş № 2(008)-5251/2025) iddia tələbi qismən təmin olunmuş, Cavabdeh 61500 manat məbləğində pul vəsaiti, ödənilmiş 274 manat dövlət rüsumu və vəkillə təmin edilməsi üçün ödənilmiş 200 manat pulun əvəzi tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
7. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı Cavabdeh hissə-hissə olmaqla 20000 və 48000 manat pul borc verməsi, borcdan cavabdeh tərəfindən 3000 və 3500 manat pulun ödənilməsi fakt yazılı sübutlarla-müqavilə və əlyazmayla təsdiq edilir. Cavabdeh bunu təkzib edərək iddiaçıdan pul almadığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ümumilikdə 61500 (altmış bir min beş yüz ) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməlidir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh sözügedən qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir.
9. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. İddiaçı cavabdehə verdiyini iddia etdiyi 20000 manata dair borc müqaviləsini məhkəməyə təqdim etsə də, 48000 manat verdiyini təsdiq edən borc müqaviləsini məhkəməyə təqdim etməmişdir. Onun təqdim etdiyi “41.500 manat borcum var” izahatı ona hədə-qorxu gəlinərək yazdırılmışdır. Məhkəmə Mülki Məcəllənin 739.2-ci maddəsində qeyd olunmuş imperativ tələbi nəzərə almamış, müqavilənin təqdim olunmamasını nəzərə almamışdır. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Mülki məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Əvvəla məhkəmə dəfələrlə ondan asılı olmayan səbəbdən təxirə salınmış, daha sonra hakimin məzuniyyətə getməsi səbəbilə uzanmışdır. O Sabunçu RPİ-dən müvafiq qərarı alıb məhkəməyə təqdim etməyi üçün vaxt istəsə də, hakim işin çox uzandığını bildirərək “bu məsələni apellyasiya şikayətində yazarsan” deyərək yekun məhkəmə aktı çıxarmışdır. Bununla da tərəflərin çəkişmə prinsipini pozmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(008)-5251/2025 nömrəli qətnaməsini qəbul edərkən iddiaçı tərəfin 48000 manatın cavabdehə verilməsi iddiasını təsdiq edən heç bir sübuta əsaslanmadan iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməklə məhkəmə baxışının prinsiplərini pozmuşdur. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. İddiaçı 48000 manat pulun verilməsi ilə bağlı heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə bu faktın yazılı sübutlarla-müqavilə və əlyazma ilə, təsdiq edildiyini bildirsə də, konkret sübutlara istinad etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10.İddiaçının nümayəndəsi (vəkili) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Cavabdeh və iddiaçı isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
12.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 13.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 14.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 15.Maddə 443.1.Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 16.Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 17.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 18.Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
19. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
20.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 21.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 22.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 23.Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. Maddə 384.0.2. Apellyasiya istansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
25.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 26.Hazırkı işdə iddia qismən təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27.Məhkəmə kollegiyası, sədrlik edənin işin hallarına dair məruzəsini dinlədikdən, işdə iştirak edən şəxsin izahatını nəzərə aldıqdan, apellyasiya şikayətində irəli sürülmüş dəlilləri və təqdim edilmiş sübutları iş materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv şəkildə araşdırdıqdan sonra belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.
28. Bununla bağlı qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması zərurəti iş materiallarının təhlili zamanı aşkar edilən bir neçə mühüm prosessual hüquq pozuntularından irəli gəlir.
29. Qətnamənin ləğvini şərtləndirən əsaslardan birincisi məhkəmənin qətnaməsində göstərilən nəticənin işin hallarına uyğun gəlməməsi ilə bağlıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli yazılı borc müqaviləsindən görünür ki, cavabdeh iddiaçıdan 20000 manat məbləğində faizsiz borc almışdır. Bununla yanaşı, iş materiallarında olan xx.xx.2024-cü il tarixli əlyazmadan müəyyən edilir ki, iddiaçı sonradan cavabdehə əlavə olaraq iş görülməsi məqsədilə ümumilikdə 48000 manat məbləğində pul vəsaiti vermiş, cavabdeh isə həmin vəsaitin 6500 manatını (3000 manat və 3500 manat olmaqla) geri qaytarmışdır. Sözügedən əlyazmada iddiaçı tərəfindən qalıq ümumi borc məbləğinin 41500 manat təşkil etdiyi açıq şəkildə göstərilmişdir. Əlyazmanın məzmunundan aydın olur ki, qeyd edilən məbləğ tərəflər arasında yaranmış bütün borc münasibətlərinin yekun nəticəsi kimi müəyyən edilmiş ümumi qalıq borcu ifadə edir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halı nəzərə almamış, 20000 manat məbləğini ayrıca borc kimi qiymətləndirməklə, 41500 manat məbləğində borcun üzərinə əlavə etmiş və nəticədə borcun həqiqi həcmini düzgün müəyyənləşdirməmişdir.
30. Halbuki, mülki prosesdə sübutların hərtərəfli, tam və obyektiv araşdırılması məhkəmə baxışının əsas şərtlərindən biridir və iş üzrə mövcud bütün sübutlara əlaqəli şəkildə hüquqi qiymət verilməlidir. Sübutların bir qisminin, xüsusilə də mübahisənin predmetinə birbaşa təsir edən mühüm yazılı sübutun düzgün qiymətləndirilməməsi məhkəmənin gəldiyi nəticənin mötəbərliyini şübhə altına alır və qəbul edilmiş qətnamənin qanuniliyinə xələl gətirir. Belə ki, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Lakin birinic instansiya məhkəməsi işin həqiqi hallarını düzgün araşdırmamış, borc məbləğini artıq göstərərək işin hallarına uyğun gəlməyən qətnamə çıxarmışdır.
31. MPM-in 385.1.4-cü və 390-cı maddələrinin tələblərinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qətnamədə göstərilən dəlillər isə o zaman işin hallarına uyğun hesab edilmir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlir.
32. Qətnamənin ləğvinə əsas olan digər hal isə birinci instansiya məhkəməsi tərəfindən işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların tam aydınlaşdırılmaması ilə bağlıdır. Belə ki, iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş xx.xx.2025-ci il tarixli məhkəmə iclasının audio-video yazısından görünür ki, cavabdeh tərəf məhkəməyə hazırkı mübahisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, lakin həmin qərarı əldə etmək imkanının olmadığını bildirmişdir. Bu fakt birinci instansiya məhkəməsinə məlum olduğu halda, onun tərəfindən həmin qərarın mövcudluğu və məzmunu araşdırılmamış, iş üçün əhəmiyyəti qiymətləndirilməmişdir. Sonradan cavabdeh tərəfindən qeyd olunan qərar əldə edilərək apellyasiya şikayəti ilə birlikdə əlavə sübut qismində təqdim edilmişdir (məhkəmə kollegiyası təqdim edilmiş bu sübutu MPM-in 361.4-cü və 380.1-ci maddələrinin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, həmin sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsi cavabdehdən asılı olmayan səbəblərlə bağlı olduğu üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməli və iş materiallarında olan digər sübutlarla birlikdə tədqiq olunmalıdır).
33. Sözügedən qərarın məzmununun təhlili zamanı müəyyən edilir ki, iddiaçı polis orqanına verdiyi izahatında cavabdehin ona olan borcunun 41500 manat məbləğində qaldığını özü də təsdiq etmişdir. Bu hal xx.xx.2024-cü il tarixli əlyazmada göstərilən qalıq borc məbləği ilə uzlaşır və tərəflər arasında aparılmış yekun hesablaşmanın nəticəsini əks etdirir. Beləliklə, əlyazma ilə yanaşı iddiaçının səlahiyyətli orqan qarşısında verdiyi izahat da mübahisəli borcun qalıq məbləğinin 41500 manat olduğunu təsdiqləyir və iddia tələbinin 61.000 manat məbləğində irəli sürülməsinin əsassız olduğunu göstərir. Belə olan halda, bu sübut da iddiaçının tələb edə biləcəyi məbləğin yuxarı həddinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin birinci instansiya məhkəməsi mövcudluğu barədə məlumatı olduğu halda müvafiq polis orqanının qərarını araşdırmamış, nəticədə borcun real məbləğini düzgün müəyyən etməmiş və iddia tələbinin həddini sübutlarla uzlaşdırmadan qətnamə qəbul etmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 385.1.2-ci və 388-ci maddələrinin tələblərinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə hallar isə o zaman mövcud sayılır ki, apellyasiya instansiyası məhkəməsində yeni sübutların tədqiqi nəticəsində işin nəticəsinə təsir edən əlavə faktiki hallar müəyyən edilir. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsində tədqiq edilən yeni sübut (Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı) məhz işin nəticəsinə birbaşa təsir edən hal olmaqla, iddiaçının pul tələbinin real və hüquqi cəhətdən əsaslandırıla bilən yuxarı həddinin müəyyən edilməsinə imkan verir.
35. Beləliklə, yuxarıda qeyd olunan prosessual pozuntular qətnamənin ləğv edilməsi üçün əsas təşkil edir.
36. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, MPM-in tələblərinə uyğun olaraq qətnamə ləğv edilməli və həm birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar, həm də əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir.
37. Yeni qətnaməyə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının hərtərəfli təhlili nəticəsində müəyyən olunmuşdur ki, cavabdehin iddiaçı qarşısında 41500 manat məbləğində borc öhdəliyinin mövcudluğu iş üzrə toplanmış sübutlarla tam şəkildə təsdiq olunur. Bununla bağlı xüsusi əhəmiyyət kəsb edən sübutlardan biri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və cavabdehin imzası ilə təsdiq olunmuş əlyazmadır. Həmin əlyazmanın məzmunundan açıq şəkildə görünür ki, tərəflər arasında aparılmış hesablaşmanın yekunu olaraq cavabdehin iddiaçıya olan ümumi qalıq borcu 41500 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan əlyazma təkcə birtərəfli bəyanat xarakteri daşımayıb, eyni zamanda cavabdeh tərəfindən imzalanmaqla onun iradə ifadəsini də özündə əks etdirir. Bu isə həmin sənədin hüquqi qüvvəsini artırmaqla yanaşı, cavabdehin borc öhdəliyini etiraf etməsi kimi qiymətləndirməyə əsas verir. Beləliklə, sözügedən əlyazma cavabdehin iddiaçı qarşısında məhz 41500 manat məbləğində borcunun mövcudluğunu təsdiq edən yazılı sübut kimi qəbul edilməli və digər sübutlarla birlikdə qiymətləndirilməlidir.
38. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmalıdır.
39. Eyni zamanda, MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Bu norma sübutetmə vəzifəsinin tərəflər arasında düzgün bölgüsünü müəyyən etməklə, məhkəmə araşdırmasının obyektivliyini təmin edən əsas prinsiplərdən birini təşkil edir. Hazırkı borc mübahisəsinin mahiyyəti nəzərə alınmaqla, sübutetmə vəzifəsinin bölgüsü belə müəyyən edilir ki, borc verən şəxs borcun verilməsi faktını və onun məbləğini sübut etməli, borc alan şəxs isə həmin borcun tam və ya qismən qaytarıldığını sübuta yetirməlidir. Bu yanaşma həm mülki hüququn ümumi prinsiplərinə, həm də formalaşmış məhkəmə təcrübəsinə tam uyğundur. Hazırkı iş üzrə iddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirərək cavabdeh tərəfindən imzalanmış əlyazmanı məhkəməyə təqdim etmiş, bununla da cavabdehin ona 41500 manat məbləğində borcunun mövcudluğunu əsaslandırmışdır. Əksinə, cavabdeh tərəfindən həmin borcun ödənilməsi və ya azaldılması ilə bağlı hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin iddiaçı qarşısında mövcud olan borc öhdəliyi icra edilməmiş qalmaqda davam edir və həmin öhdəliyin məcburi qaydada yerinə yetirilməsi zəruridir. Bu səbəbdən 41500 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
41. İddianın borcun tutulması ilə bağlı qalan hissəsi isə təmin edilməməlidir. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 61500 manat pul vəsaitinin verilməsi faktını təsdiq edən əlavə yazılı sübutlar iş materiallarında mövcud deyildir. Əksinə, iddiaçı tərəfindən təqdim olunan əlyazma və polis orqanına verilmiş izahatlar mübahisəli borcun yalnız 41500 manat məbləğində olduğunu açıq şəkildə təsdiq edir.
42. Apellyasiya şikayətində irəli sürülmüş dəlillərə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
43. İlk növbədə, cavabdeh tərəfindən şikayətdə bildirilmişdir ki, iddiaçı tərəfindən təqdim olunan 20000 manat məbləğində borc müqaviləsi mövcud olsa da, əlavə olaraq verildiyi iddia edilən 48000 manat məbləğində pul vəsaitinə dair yazılı borc müqaviləsi məhkəməyə təqdim edilmədiyindən həmin məbləğ üzrə tələb əsassızdır. Bununla bağlı kollegiya izah edir ki, bu yanaşma formal xarakter daşımaqla, mülki hüququn mahiyyətinə və müqavilə azadlığı prinsipinə uyğun deyildir. Belə ki, Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya daha çox şəxsin razılaşması müqavilə sayılır. Eyni Məcəllənin 390.1-ci maddəsində isə təsbit olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qeyd olunan bütün bu normalar müqavilənin forması və adından daha çox onun məzmununa, yəni tərəflərin qarşılıqlı və uzlaşan iradə ifadəsinə üstünlük verildiyini açıq şəkildə göstərir.
44. Borc müqaviləsinin forması ilə bağlı Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinin məbləği üç min manatdan artıq olduqda, həmin müqavilə yazılı formada bağlanılmalıdır. Lakin bu tələbin mahiyyəti müqavilənin mütləq şəkildə “borc müqaviləsi” adı altında ayrıca sənəd formasında tərtib edilməsini deyil, tərəflər arasında borc münasibətini təsdiq edən yazılı sübutun mövcudluğunu nəzərdə tutur. Hazırkı iş üzrə xx.xx.2024-cü il tarixli əlyazma da məhz belə bir yazılı sübut kimi çıxış edir. Həmin sənədin məzmunundan görünür ki, iddiaçı tərəfindən cavabdehə verilmiş pul vəsaitinin ümumi məbləği, cavabdeh tərəfindən qaytarılmış hissə və nəticə etibarilə qalan borc məbləği (41500 manat) konkret şəkildə göstərilmiş, eyni zamanda borcun qaytarılmalı olduğu son tarix (xx.xx.2024-cü il) müəyyən edilmişdir. Ən mühüm məqam isə ondan ibarətdir ki, bu sənəd hər iki tərəf, həm iddiaçı, həm də cavabdeh tərəfindən imzalanmışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir sənədin müqavilə kimi qiymətləndirilməsi üçün onun başlığında mütləq şəkildə “müqavilə” sözünün göstərilməsi tələb olunmur. Nəzərə alınamldır ki, hüquq formalizm üzərində deyil, məzmun üzərində qurulmuşdur. Müqavilə öz mahiyyətinə görə tərəflərin qarşılıqlı və uzlaşan iradə ifadəsinin hüquqi formaya düşmüş təzahürüdür. Əgər bir sənəddə tərəflərin iradəsi, öhdəliklərin məzmunu, predmet və icra müddəti aydın şəkildə ifadə olunursa, həmin sənəd hüquqi baxımdan müqavilə kimi qiymətləndirilməlidir. Hətta daha geniş mənada yanaşdıqda, hüquqi münasibətlərin əsasında duran əsas element məhz insan iradəsidir. Yazı isə bu iradənin sabitləşdirilmiş formasıdır. Tərəflərin öz iradələrini yazılı şəkildə ifadə edərək imza ilə təsdiqləməsi həmin iradəyə hüquqi qüvvə qazandırır. Bu mənada xx.xx.2024-cü il tarixli əlyazma tərəflər arasında yaranmış borc münasibətinin yalnız qeyd formasında deyil, eyni zamanda onun hüquqi çərçivəsini müəyyən edən razılaşma, yəni müqavilə xarakterli sənəddir.
45. Beləliklə, cavabdeh tərəfin 48000 manat məbləğində pul vəsaitinin verilməsinə dair ayrıca formal müqavilənin olmamasına istinad etməsi, mövcud əlyazmanın hüquqi mahiyyətini və sübut əhəmiyyətini aradan qaldırmır və bu səbəbdən iddianın tam rədd edilməsi üçün əsas kimi qəbul edilə bilməz.
46. Apellyasiya şikayətində irəli sürülmüş digər dəlil, yəni xx.xx.2024-cü il tarixli əlyazmanın guya cavabdehə hədə-qorxu gəlinərək yazdırılması barədə iddiaya münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən belə bir iddia irəli sürülsə də, MPM-in 77-ci maddəsinin tələblərinə zidd olaraq, həmin halı təsdiq edən hər hansı mötəbər və inandırıcı sübut məhkəməyə təqdim olunmamışdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə, yalnız iddia irəli sürmək kifayət etmir, həmin iddianın sübutlarla təsdiqlənməsi zəruridir. Əks halda, bu cür bəyanatlar hüquqi əhəmiyyət kəsb etmir və sadəcə müdafiə mövqeyini gücləndirməyə yönəlmiş subyektiv mülahizə kimi qiymətləndirilir. Bu səbəbdən cavabdehin qeyd olunan dəlili də iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz.
47. Bundan əlavə, apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işə baxılmasının gecikdirilməsi və əsassız olaraq təxirə salınması ilə bağlı göstərilən hallar da mahiyyət etibarilə prosessual xarakter daşıyır və iş üzrə maddi-hüquqi tələbin əsaslı olubolmamasına təsir göstərmir. Belə hallar, hətta mövcud olduğu təqdirdə belə, iddianın rədd edilməsi üçün müstəqil əsas kimi çıxış edə bilməz.
48. Nəticə etibarilə, apellyasiya şikayətində irəli sürülmüş dəlillər məhkəmə kollegiyası tərəfindən hərtərəfli qiymətləndirilsə də, müəyyən edilmişdir ki, onların heç biri iddia tələbinin tam həcmdə rədd olunmasına əsas vermir .
49. İddia tələbinin hüquqi yardımın göstərilməsi və dövlət rüsmuna dair xərclərin tutulması ilə bağlı hissəsinə münasibətdə kollegiya qeyd edir ki, MPM-in 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə kollegiyası iddia tələbinin 490 manat məbləğində vəkil ödənişinin tutulması ilə bağlı hissəsində ağlabatanlıq meyarını əsas götürərək hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli, cavabdehdən ağlabatan məbləğ olan 200 manat məbləğində vəkil ödənişi tutulmalıdır. Eyni zamanda, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işdə iddia qismən təmin olunduğundan ödənilmiş 274 manat məbləğdə dövlət rüsumu cavabdehə aid edilməlidir 50.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.3, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2025-ci il tarixli, e-2(008)- 5251/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin olunsun. Cavabdeh 41500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş 274 manat məbləğdə dövlət rüsumu və vəkillə təmin edilmək üçün ödənilmiş 200 manat pulun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.