Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-513/2026 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3165/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 9.176,88 manat əsas, 459,35 manat faiz, cəmi 9.636,23 manat pul vəsaitinin və 116,36 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3165/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 9.176,88 manat əsas, 459,35 manat faiz borcu olmaqla, cəmi 9.636,23 manat məbləğində pulun alınaraq İddiaçı ASCyə verilməsi, iş üzrə ödənilmiş 116,36 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı ASC-yə verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti forma ilə (məzmunla) bağlı Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən apellyasiya qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Lakin apellyasiya şikayəti qanunvericiliyin bu tələblərinə riayət edilmədən tərtib edilmiş, o cümlədən həmin formanın məzmununa uyğun olaraq apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasına və ya düzgün tətbiq edilməməsinə, habelə hər hansı digər məsələlərə dair mövqe (dəlillər) göstərilməmiş, əksinə maddi və prosessual hüquq normasının pozulmasına dair dəlillərin olmadığı qeyd edilmiş, digər dəlillərlə bağlı hissədə isə yalnız onların məzmunu təkrarlanmaqla onlara riayət edilmədiyi vurğulanmış, lakin pozuntunun nədən ibarət olduğu açıqlanmamışdır. Cavabdehin yeganə mövqeyi (dəlili) borcun bir dəfəyə ödəmək üçün maddi imkana malik olmamasından və borcun hissə-hissə ödənilməsi üçün ona möhlət verilməsindən ibarətdir, məhz bu səbəbdən də apellyasiya şikayəti verdiyini bildirir. Halbuki, bu məsələyə ümumiyyətlə hazırki icraatda baxıla bilməz. Qeyd edilənlər öz növbəsində Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş formaya (məzmuna) dair tələblərə riayət edilmədən verilməsi əsası ilə apellyasiya şikayətinin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər; 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3165/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsi ilə müəyyən edilmiş forma (məzmun) tələblərinə riayət edilmədən tərtib edildiyindən qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 363-cü, 366-cı, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(006)-3165/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-513/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-513/2026
29.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver