Məhkəmə qərarları › İş №2(3-6)-520/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-520/2026

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-520/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X2 və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı BOKT "xxxx" QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, e- 2(006)-5534/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 35% ödəmək şərtilə 4.700 manat məbləğində kredit verilmiş, müqavilədə kredit məbləğinin gecikdirilməsinə görə cərimə ödənilməsi də göstərilmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 24 ay müddətinə qaytarılmaq şərti ilə 700 AZN (dörd min yeddi yüz manat) məbləğində kredit verilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 848-ADT-0581-23 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən borcalan müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə borcverən kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Hal-hazırda kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2025-cü il tarixə əsas borcu 2623.49 AZN (iki min altı yüz iyirmi üç manat qırx doqquz qəpik), faiz borcu 1691.54 AZN (min altı yüz doxsan bir manat əlli dörd qəpik), cərimə borcu 393.52 AZN (üç yüz doxsan üç manat əlli iki qəpik) olmaqla ümumi borcu 4708.55 AZN (dörd min yeddi yüz səkkiz manat 55 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, iddiaçı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır” qeydi aparılmaqla xəbərdarlıq (pretenziya) məktubunun iddiaçıdan asılı olmayan səbəbdən cavabdehə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi, cavadeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, Cavabdeh əsas borcu 2623.49 AZN (iki min altı yüz iyirmi üç manat qırx doqquz qəpik), faiz borcu 1691.54 AZN (min altı yüz doxsan bir manat əlli dörd qəpik), cərimə borcu 393.52 AZN (üç yüz doxsan üç manat 52 qəpik), həmçinin ərizəyə görə ödənilmiş 67.49 AZN (altmış yeddi manat, qırx doqquz qəpik) dövlət rüsumunun əvəzi, ümumilikdə 4776,04 AZN (dörd min yeddi yüz yetmiş altı manat dörd qəpik) borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli, e-2(006)- 5534/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1.843,24 (min səkkiz yüz qırx üç manat iyirmi dörd qəpik) manat əsas, 1.163,57 (min yüz altmış üç manat əlli yeddi qəpik) manat faiz, 63,81 (altmış üç manat səksən bir qəpik) manat cərimə borcu olmaqla, cəmi 3.070,62 (üç min yetmiş manat altmış iki qəpik) manat məbləğində pulun alınaraq iddiaçı BOKT "xxxx" QSC-yə verilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 44 (qırx dörd) manat hissəsi və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı Cavabdeh alınaraq iddiaçı BOKT "xxxx" QSC-yə verilməsi, qalan hissəsinin iddiaçı BOKT "xxxx" QSC-yə aid edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur. Belə ki, iddiaçı maliyyə arayışının verildiyi xx.xx.2025-ci il tarixli göstəricilərə müvafiq olan borcun cavabdehdən tutulmasını tələb etsə də, iddiaçı tərəfindən cavabdehə pretenziya verilən xx.xx.2025-ci il tarixə cavabdehin iddiaçıya həmin məbləğdən az borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehə pretenziya edərək müqavilə üzrə yaranmış bütün borcun ödənilməsini tələb etməsi, lakin cavabdehin hərəkətsiz qalması ilə onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış borcu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1.843,24 manat əsas, 1.163,57 manat faiz, 63,81 manat cərimə borcu olmaqla, cəmi 3.070,62 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin əsas və faiz borcuna münasibətdə təmin olunmayan hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399,421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarını düzgün tövsif etməmiş, iş materiallarına əlavə olunan xx.xx.2025-ci il tarixli maliyyə arayışında müəyyən olunan ümumi gecikdirilmiş annuitet borcu əsas borc 2623.49AZN, fazi borcu 1691.54 AZN və cərimə borcu 393,52 AZN məbləğini nəzərə almamışdır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələblərinin əksinə olaraq cavabdeh vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda lazımi şəkildə, kredit müqaviləsinin şərtlərini icra etməkdən yayınmasına baxmayaraq, məhkmə qətnaməsində bu maddi hüquq pozuntusunu da nəzərə almamışdır. Bundan başqa məhkəmə sadələşdirilmiş icraat qaydasında iddia tələbini qismən təmin edərkən qeyd olunan prosessual hüquq normasını pozmuşdur. Belə ki, məhkəmə iş üzrə obyektiv və ədalətli araşdırma aparılması üçün işi iddia icraatı qaydasında baxılmağa çıxarmamış, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsini, tərəfləri çağıraraq izahatların alınmasını təmin etməmişdir. Eyni zamanda məhkəmə sadələşdirilmiş icraat qaydasında iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.4.4-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, məhkəmə iş üzrə obyektiv və ədalətli araşdırma aparılması üçün işi iddia icraatı qaydasında baxılmağa çıxarmamış, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsini, tərəfləri çağıraraq izahatların alınmasını təmin etməmişdir. Həmçinin iş materiallarından göründüyü kimi məhkəmə qət edilən məbləği BOKT "xxxx" QSC-nin Cavabdeh göndərdiyi xx.xx.2025-ci il tarixli, 0985/25 saylı xəbərdarlıq məktubunda qeyd olunan 1843.24 AZN əsas borcu, 1163.57 AZN faiz borcu təmin etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına əlavə edilən sübutları tam və hər tərəfli araşdırmamış və nəticədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, BOKT "xxxx" QSC tərəfindən xx.xx.2024-cü il tarixdə göndərilən xəbərdarlıqda qətnamədə qeyd edildiyinin əksinə, cavabdehdən bütün borc məbləği deyil yalnız xx.xx.2024-cü il tarixə olan borc məbləğinin (əsas və cərimə borc məbləği) ödənilməsi tələb edilmişdir. İddiaçı tərəf xəbərdarlıqda bütün borc məbləğinin deyil yalnız həmin aya münasibətdə olan borcun tələb edilməsini onunla əsaslandırır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində borcun ödənilməsinin müvafiq cədvələ uyğun olaraq aylara bölünməklə hissə-hissə icra edilməsi qaydası nəzərdə tutulmuşdur. Bu səbəbdən cavabdehdən ona ünvanlanmış xəbərdarlıqda konkret aylara münasibətdə olan əsas borcu və gecikdirilmiş günlərə münasibətdə cərimə borcu üzrə öhdəliyin icrası tələb edilmişdir. Həmin xəbərdarlıqda tələb olunan gecikmədə olan borc məbləğləri cavabdeh tərəfindən qeyd olunan müddət ərzində icra olunacağı təqdirdə, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə ödənişlər kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə uyğun tənzimlənməyə davam edəcəkdi. Belə ki, BOKT "xxxx" QSC sözügedən xəbərdarlıqda xx.xx.2024-cü il tarixə olan mövcud borc məbləğinin ödənilməsini tələb etmiş və bu borc ödənilmədiyi təqdirdə müqavilənin ləğv edilməsi ilə bağlı tədbirlər görüləcəyinə dair niyyətini ifadə etmişdir. Bakı şəhəri Nizami rayon məhkəməsi xx.xx.2024-cü il tarixdə göndərilən xəbərdarlığı müqavilənin ləğvinə dair yazılı iradə ifadəsi kimi qiymətləndirməklə düzgün nəticəyə gəlməmişdir. Odur ki, BOKT "xxxx" QSC xx.xx.2024-cü il tarixdə cavabdehə ünvanlanmış olan xəbərdarlıqda həmin tarixə münasibətdə hesablanmış borcun ödənilməsini, ödənilmədiyi təqdirdə isə müqavilənin ləğv edilməsinə dair tədbirlər görüləcəyini bildirmişdir. Bunlardan əlavə qeyd edilməsi zəruridir ki, Nəsimi rayon Məhkəməsi tərəfindən gəlinən nəticəyə uyğun olaraq xx.xx.2025-ci il tarixdə göndərilən xəbərdarlıq BOKT "xxxx" QSC-nin müqavilənin ləğv edilməsinə dair iradə ifadəsi hesab edilsə belə məhkəmə tərəfindən müqavilənin ləğv edilməsi anlayışı düzgün tövsif edilməyərək əsas borcun məbləği əsassız olaraq azaldılmışır. Belə ki, iş materiallarına əlavə edilən kredit müqaviləsindən də göründüyü kimi, tərəflər arasında müqavilə bağlandığı andan “Borcalana” (X1) verilən kredit məbləği və həmin məbləğə münasibətdə aylıq ödənişlər üzrə ödəniləcək əsas və faiz məbləğləri razılaşdırılmaqla müqavilədə ayrıca cədvəl formasında əks etdirilmişdir. Yəni kredit müqaviləsi bağlandığı andan (borcalana kredit məbləği verildiyi andan) cavabdehin verilən kredit məbləğini (əsas borcu) və ona münasibətdə hesablanmış faizləri ödəmək öhdəliyi yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında qeyd edildiyi kimi “müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir”. Yəni, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilsə belə, cavabdehin əsas borcu və ona hesablanmış faziləri ödəmək öhdəliyi müqavilə bağlandığı tarixdən yarandığından sonuncunun əsas borcu və faiz borclarını ödəmək öhdəliyi aradan qalxmır. Belə olan halda iddiaçı sözügedən müqavilənin 2.1.1-ci bəndində istinad edilən hallar yarandığı təqdirdə cavabdehdən borc məbləğinin vaxtından əvvəl ödənilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi məhkəmə iş materiallarına əlavə edilən və müqavilə üzrə ödənilməmiş əsas borc məbləğini təsdiq edən maliyyə arayışını nəzərə almadan qanunsuz və əsassız olaraq kredit müqaviləsi üzrə cavabdehin əsas və faiz borcu olan 4315.03 manat məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsini təmin etməyərək iddiaçının qanunla qorunan mənafelərinə zidd olaraq əsas və faiz borc məbləği olaraq 3006.81 manat məbləğin cavabdehdən tutulmalı olduğu qənaətinə gəlmişdir. Qətnamə iddiaçının qanunla qorunan mənafelərinin kobud şəkildə pozulması ilə çıxarılmışdır. Hər bir halda məhkəmə iş materiallarında olan sübutları qanunvericiliyə uyğun olaraq ətraflı tədqiq etməli, iş materiallarına əlavə olunan sənədlər üzrə düzgün araşdırma aparmalı idi. Qeyd olunanlara əsasən hesab edir ki, Nəsimi rayon məhkəməsi iddaçı tərəfindən təqdim edilən sübutları araşdırmamış, işdə olan materiallara düzgün baxış keçirməmiş və işin hərtərəfli, tam və obyektiv tədqiq etməyərək Azərbaycan Respublikası mülki qanunvericiliyinin müddəalarını pozaraq ədalətsiz nəticəyə gəlmişdir. Qətnamədən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, iddiaçı BOKT "xxxx" QSC tərəfindən məhkəməyə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmuşdur. Məhkəmə Kollegiyası iddiaçı tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni əsas və faiz borcu hissəsində mübahisələndirmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarı.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.2. İşdə iştirak edən şəxslər apellyasiya şikayətinin surəti onlara rəsmi qaydada verildiyi vaxtdan 10 iş günü müddətində apellyasiya şikayətinə qarşı əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri məhkəməyə göndərə bilər. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 394-1.4. İş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə borcalan Cavabdeh borcverən BOKT "xxxx" QSC qarşısında öhdəliklərini yerinə yetirməməklə müqavilə şərtlərini pozmuşdur. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla belə Məhkəmə Kollegiyası iddia tələbinin qismən əsaslı olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Göründüyü kimi iddiaçı müqavilənin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən məhz bildiriş tarixində borc hesablanmalıdır. İddiaçının apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına istinad etməklə məhkəmənin iş materiallarına əlavə edilən və müqavilə üzrə ödənilməmiş əsas borc məbləğini təsdiq edən maliyyə arayışını nəzərə almadan qanunsuz və əsassız olaraq kredit müqaviləsi üzrə cavabdehin əsas və faiz borcu olan 4708.55 manat məbləğin cavabdehdən tutulub iddiaçıya ödənilməsini təmin etməyərək iddiaçının qanunla qorunan mənafelərinə zidd olaraq əsas və faiz borc məbləği olaraq 3070.62 manat məbləğin cavabdehdən tutulmalı olduğu qənaətinə gəlməsinə dair apellyatorun dəlillərini əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. İş materiallarından görünür ki, iddiaçı cavabdehə yaranmış borcun ödənilməsini təklif etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi, kredit və ona hesablanmış faizlərin vaxtından əvvəl tələb ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, istinad edlən maddənin tələblərinə əsasən tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Hazırki vəziyyətdə də iddiaçı tərəf cavabdehə öhdəliklərini icra etməsi üçün müddət müəyyən etmiş, həmin müddətdə öhdəlik icra edilməmiş və bununla da xəbərdarlıq göndərildiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilər, bu baxımdan hazırda iddiaçının kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan yaranmış borcun məbləği hesablanmışdır. İşin faktiki halları ilə iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranmadığından Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması zamanı “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat”ı tənzimləyən prosessual normaların tələbləri pozulmamışdır. Məhkəmə Kollegiyası qeyd edilən nəticəyə gələrkən iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdə göstərilən borcun məbləğinin iş materialları ilə ziddiyyət təşkil etməməsini də nəzərə alır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

İddiaçı BOKT "xxxx" QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-5534/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar