Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-537/2026 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi və məruzəsilə, Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı "X3 Azərbaycan" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5935/2025 nömrəli 05 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında yoxlayaraq Müəyyən etdi: İddiaçı "X3 Azərbaycan" QSC Cavabdeh qarşı cavabdehdən əsas borca görə 7535,38 manat, faiz borcuna görə 558,9 manat, cərimə borcuna görə 44,05 manat, ümumilkdə 8138,33 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 101,38 manat pul vəsaitinin tutularaq, "X3 Azərbaycan" QSC-nin xeyrinə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5935/2025 nömrəli 05 noyabr 2025ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh “X3 Azərbaycan” QSC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 7535,38 manat, faiz borcuna görə 558,90 manat, cərimə borcuna görə 44,05 manat, cəmi 8138,33 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 101,38 manat məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayət vermiş, qətnamənin ləğv edilməklə, faiz və cərimə borcunun yenidən hesablanmasını xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından müəyyən edilir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi 06 dekabr 2025-ci il tarixdə Cavabdeh “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Bundan əlavə qətnamə qəbzə imza etməklə cavabdehin özünə 09 dekabr 2025-ci il tarixdə məhkəmə tərəfindən təqdim edilmişdir. Hazırki şikayəti isə cavabdeh 07 yanvar 2026-cı il tarixdə verilmişdir. Şikayətə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə əlavə edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən 06 dekabr 2025-ci il tarixdə qətnamə əldə edilmişdir, ona görə də prosessual müddətin axımı da həmin vaxtdan başlamışdır. Odur ki, cavabdeh tərəfindən şikayət qanunvericilikdə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən və ötürülmüş müddətin bərpası məsələsi həll edilmədiyindən, şikayət üzrə apellyasiya mümkün sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 135.5-ci maddəsinə görə Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hazırki halda apellyasiya şikayəti 07 yanvar 2026-cı il tarixdə verilmişdir. Məcəlləyə əsasən prosessual hərəkətlər bu bəcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (maddə 130.3). MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Mülki-Prosessual Məcəllənin 128.2-128.3-cü maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin elektron kabinetinə 06 dekabr 2025-ci il tarixində yerləşdirilmiş, qətnamədən apellyasiya şikayəti vermə müddətinın axımı 2025-ci il yanvar ayının 06-da qurtarmışdır. Şikayət 07 yanvar 2026-cı ildə təqdim edilməklə müddət ötürülmüşdür. Məhkəmə kollegiyası izah edir ki, Mülki-Prosessual Məcəllənin 129.1-ci maddəsində qeyd edilən “müvafiq ayında və günündə” söz birləşməsindəki “müvafiq” ifadəsi aylarla və illərlə hesablanan müddətin axımının başlandığı günə deyil, hadisənin baş vermə vaxtına münasibətdə müəyyən edilir. Qeyd edilməlidir ki, müddətin axımının müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanması dedikdə, müddətin, onun başlanğıcının təyin edildiyi təqvim tarixindən sonra saat 00:00:01-dən başlayıb, müvafiq müddətin sonuncu günü saat 00:00:00-da bitməsi başa düşülür. Nəzərə almaq lazımdır ki, bir gün 24 saata bərabərdir, buna görə də təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gün dərhal deyil, saat 00:00:01-dən başlayır və bu saata qədər keçən vaxt hesaba alınmadığı kimi, müddətin sonuncu günü də saat 00:00:00-a qədər olan vaxt hesaba alınmır. Yəni, 06 dekabr 2025-ci ilin başlanğıcı saat 00:00:01-dən başlayır və bir aylıq müddət 06 yanvar 2026-cı il saat 00:00:00-da bitir. Başqa sözlə, müddətin axımı hansı zaman kəsiyində başlamışdırsa, müddətin sonu da həmin zaman kəsiyində bitir. Hazırki işə münasibətdə də müddətin axımı 06 dekabr 2025-ci il saat 00:00:01-də başlayıbsa, bir aylıq müddətin sonu da 06 yanvar 2026-cı il saat 00:00:00 hesab edilir və 07 yanvar 2026-cı il saat 00:00:01 artıq müddətin keçməsi hesab edilir. Göründüyü kimi, cavabdeh qətnamədən şikayət vermək üçün prosessual müddəti ötürdüyü halda, birinci instansiya məhkəməsi həmin xüsusatı yoxlamadan, şikayəti iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "X3 Azərbaycan" QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5935/2025 nömrəli 05 noyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-537/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-537/2026
02.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver