Məhkəmə qərarları › İş №2(3-6)-577/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-577/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-577/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "borcun tutulması") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-4716/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 1617 (min altı yüz on yeddi) manat əsas borc məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 24 fevral 2012-ci il tarixli Borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 12 ay müddətinə 2600 manat məbləğində borc vermişdir. Borc öhdəliyinin təmin edilməsi üçün İddiaçı Cavabdeh2 ilə 24 fevral 2012-ci il tarixli zaminlik müqaviləsi bağlamış, müqavilənin şərtlərinə əsasən o, Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsinə görə İddiaçı qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Borc müqaviləsinin 3.2-ci bəndinə əsasən Cavabdeh1 aldığı kredit vəsaitini 12 ay müddətində hər ay bərabər hissələrlə, 220 manat vəsait ödəməli idi. Cavabdeh1 24 fevral 2012-ci il tarixində pulu götürmüş, lakin borc müqaviləsinin müddətinin bitməsinə baxmayaraq borcunu qaytarmamış, bununla da müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Cavabdehə gecikdirilmiş borcun qaytarılması haqqında bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər gecikdirilmiş borcun qaytarılması təmin edilməmişdir. Borc müqaviləsinin 4.2.-ci bəndinə əsasən cavabdeh hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1% məbləğində Borcverənə cərimə pulu ödəməlidir. Borc müqaviləsinin 6.3-cü bəndinə əsasən müqavilə üzrə öhdəliklər icra edilmədikdə Borcalan dəbbə pulu və Borcverənə dəymiş zərəri tam həcmdə ödəməlidir. Borc müqaviləsinin 7.1.-ci bəndinə əsasən müqavilə üzrə öhdəliklər icra edilmədikdə Borcverən Borcalandan cərimə pulu və dəymiş zərəri tam həcmdə ödənilməsi tələb etmək hüququ var. Zaminlik müqaviləsinin 4.2.1.ci bəndinə əsasən Borcalanın zaminliklə təmin edilmiş öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi barədə Borcverəndən bildiriş aldığı zamandan 5 gün müddətində Zamin Borclunun öhdəliyini icra etməlidir. Hal-hazırda Cavabdeh1 İddiaçı 1 617 manat əsas borcu. 1 362 manat cərimə borcu, cəmi 2 979 manat məbləğində borcu var.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-4716/2013 saylı, 05 dekabr 2013-cü il tarixli qətnaməsi ilə (hakim Bəxtiyar Məmmədov) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1.617 (min altı yüz on yeddi) manat əsas borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

4. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, həm borc müqaviləsi, həm də zaminlik müqaviləsi formal olaraq bağlanmış müqavilədir. Yəni bu müqavilələr başqa əqdi pərdələmək məqsədi ilə borc verən İddiaçı tərəfindən təqdim olunan müqavilədir. Əslində mənimlə İddiaçı arasında ucuz qiymətə minik avtomobil alınması ilə bağlı danışıqlar olmuş, İddiaçı tərəfindən 2600 manat dəyərində olmaqla “VAZ 2106” markalı, 90 N0 156 qeydiyyat nömrəli minik avtomobili etibarnamə əsasında ona verilmişdir. Onun dediyinə görə avtomobil hansısa şirkətdən lizinqə götürülən avtomobil olmuşdur. Həmin avtomobili cavabdeh rayon qeydiyyatında olduğuna görə, qonşusu Cavabdeh1 (o vaxtı onu “Rasim” deyə çağırırdılar) adına götürüblər, borc da onun adına yazıldı və avtomobilin pulu hər ay 220 manat olmaqla 12 ay müddətində İddiaçı qaytarılmalı idi. Həmin avtomobil 2 ay cavabdehdə oldu və ona görə o, 2 ay 220 manatdan olmaqla, cəmi 240 manat Rzaya pul ödədi. Daha sonra pulu ödəyə bilmədiyinə görə İddiaçıla razılaşaraq, maşını geri qaytardı. O vaxtı da belə razılaşdılar ki, onun nə Rzaya, nə də lizinq şirkətinə heç bir borcu qalmayıb. Yəni o, avtomobili təhvil verdiyinə görə, nə Rzaya, nə də adını unutduğu lizinq şirkətinə borcu qala bilməzdi. Qeyd edilməlidir ki, iddia ərizəsindən göründüyü kimi orada ana borcun qalığı 1616 manat göstərilir. Əgər o, 2 aya 240 manat ödəmişdisə, qalan pulları bəs kim qaytarmışdır? Görünür ya 240 manat da daxil olmaqla, 1000 manat maşının borcundan çıxıb, qalan məbləğ saxlayıblar və sonradan da məhkəməyə müraciət etməli olublar. Bundan başqa məhkəmə qərarından sonra əgər pul qaytarılmayıbsa, ən azı bu ötən 12 il ərzində Rza onu və ya Şamili axtarar, pulunu tələb edərdi. O, məhkəmə proseslərindən məlumatsız olduğuna görə məhkəməyə gedib, orada hüquqlarını müdafiə etmək imkanından istifadə edə bilməmişdir. Qeyd edilənlərə əsasən, həm borc, həm də zaminlik müqaviləsi borc verilməsi ilə bağlı olmadığından bu müqavilə etibarsız hesab edilməlidir. Odur ki, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.

7. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

8. xx.xx.2012-ci il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh1 12 ay müddətində hissə-hissə qaytarmaq şərti ilə 2600 manat borc vermiş, borcalan isə göstərilən miqdarda pulu xx.xx.2013-cü il tarixə saat 18:00-dək qaytarmağı öhdəsinə götürmüşdür.

9. xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, xx.xx.2012-ci il tarixli borc müqaviləsinin icrasının təminatı olaraq zamin Cavabdeh2 müqavilədə göstərilən borcun Cavabdeh1 tərəfindən geri qaytarılmadığı təqdirdə onun yerinə maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

10. 24.09.2013-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə görə 30 manat dövlət rüsumu ödəmişdir.

11. 09.09.2013-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 borclarının olması, borcun 10 gün müddətində qaytaılmayacağı təqdirdə məhkəməyə müraciət ediləcəyi və 500 manat dəbbə pulu hesablanacağı barədə xəbərdar edilmişlər.

12. Mülki iş materiallarında olan xx.xx.2013-cü il tarixli, № AZ1027/********** teleqramdan (i\v səh. 49) görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixə təyin edilmiş məhkəmə iclasına xəstə olduğu üçün gələ bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir.

13. Mülki iş materiallarında olan xx.xx.2025-ci il tarixli Cavabdeh2 tərəfindən yazılmış ərizədən müəyyən olur ki, o, Xətai Rayon Məhkəməsinin 2(011)-4716/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən xəbəri olmadığından həmin qətnamənin rəsmi surətdə ona təqdim edilməsini xahiş etmişdir.

14. Cavabdeh2 xx.xx.2025-ci il tarixli ərizə ilə İİ qrup müharibə əlili, aztəminatlı olduğunu, Cəlilabad rayon İcra şöbəsi tərəfindən qeyri-qanuni olaraq pensiyasından 200 manat məcburi tutma aparıldığını qeyd edərək, dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir.

15. Xətai Rayon Məhkəməsinin eyni saylı, xx.xx.2025-ci i tarixli qərardadı ilə ərizə təmin edilmiş, Cavabdeh2 qətnamədən apellyasiya şikayətinin tərtibatı və apellyasiya instasniyası məhkəməsində hüquqi yardımın göstərilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması qərara alınmışdır. Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:

17. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə: 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

19. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

20. Məhkəmə iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

21. Mülki işin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2012-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh1 12 ay müddətində hissə-hissə qaytarmaq şərti ilə 2600 manat borc vermiş, borcalan isə göstərilən miqdarda pulu xx.xx.2013-cü il tarixə saat 18:00-dək qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsinə əsasən xx.xx.2012-ci il tarixli borc müqaviləsinin icrasının təminatı olaraq zamin Cavabdeh2 müqavilədə göstərilən borcun Cavabdeh1 tərəfindən geri qaytarılmadığı təqdirdə onun yerinə maddi məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin cavabdehlər üzərinə götürdükləri öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, borcunu qaytarmamışdır.

22. Qeyd edilənlərə əsasən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

23. Mülki Məcəllənin 472.2-ci maddəsində əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

24. Cavabdeh apellyasiya şikayətində xx.xx.2012-ci il tarixli borc və zaminlik müqavilələrinin formal olaraq başqa əqdi pərdələmək məqsədilə bağlandığını, buna görə də etibarsız olduğunu qeyd etmişdir.

25. Məhkəmə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla, hər hansı təsdiqedici, mötəbər, əsaslı sübutlarla əsaslandırılmamış, həmin dəlilləri təsdiq edən sübutlar şikayətə əlavə edilməmiş və Məhkəməyə də təqdim edilməmişdir.

26. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə onun məhkəmə prosesindən xəbərsiz olması, məhkəmə iclasının vaxtı barədə məlumatı olmadığından, həmin məhkəmədə iştirak etməməsi və bu səbəbdən borc və zaminlik müqavilələrini birinci instansiya məhkəməsində mübahisələndirə bilməməsidir.

27. Məhkəmə cavabdehin bu dəlili üzrə qeyd edir ki, rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli məhkəmə iclasının protokolundan (i\v səh. 38-39) görünür ki, cavabdeh həmin iclasda iştirak etmişdir. Eyni zamanda mülki iş materiallarında olan xx.xx.2013-cü il tarixli, № AZ1027/********** teleqramdan (i\v səh. 49) görünür ki, Cavabdeh2 xx.xx.2013-cü il tarixə təyin edilmiş məhkəmə iclasına xəstə olduğu üçün gələ bilməyəcəyini bildirmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Bu da onu təsdiq edir ki, cavabdeh rayon məhkəməsində gedən məhkəmə prosesindən məlumatlı olmuş, hətta iclasda iştirak belə etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayətinin həmin dəlili də aşkar surətdə əsassız olmaqla, təmin edilə bilməz.

28. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

30. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

30. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir.

38. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, rayon məhkəməsi iddia tələbini təmin edərək düzgün qənaətə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterlidir, əsassızdır və təmin edilə bilməz.

39. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

40. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

42. MPM-in 402.1-ci madəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

43. Belə olan halda müəyyən olunur ki, hazırkı iş üzrə iddia tələbinin qiyməti 1617 (min altı yüz on yeddi) manat olduğundan, bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Məhkəmə hesab edir ki, şikayət təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 2(011)-4716/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar