Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-6/2026 10.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin və borcun ödənilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-3208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 5 208,95 (beş min iki yüz səkkiz manat 95 qəpik) manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 1134,14 (bir min bir yüz otuz dörd manat 14 qəpik) manat və 83,44 (səksən üç manat 44 qəpik) manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 6426,53 (altı min dörd yüz iyirmi altı manat 53 qəpik) manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz il VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2024-cü il tarixində 03/14244 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Birlik abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindəm **********0010 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni səkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 2073,60 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 246,24 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 306,72 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 488,16 manat; xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 181,44 manat; xx.xx.2024cü il tarixli ******* saylı akt əsasında 629,75 manat; cəmi 5 208,95 (beş min iki yüz səkkiz manat 95 qəpik) manat məbləğində Birliyə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt, Energetika Nazirliyinin İnzibati tənbeh vermə haqqında qərar iddia ərizəsinə əlavə olunub). Bildiririk ki, cavabdehin ödənilməmiş 2021-ci ilin yanvardekabr ayları üzrə 526,50 manat sərfiyyat və limitdən əlavə 7,25 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyul ayları üzrə 287,96 manat sərfiyyat və limitdən əlavə 36,64 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar ayı üzrə 13,08 manat uçotu pozulmuş qaz sərfin, 2024cü ilin dekabr ayı üzrə 34,80 manat sərfiyyat, 2025-ci ilin yanvar-iyun ayları üzrə 73,59 manat sərfiyyat və uçotu pozulmuş qaz sərfin 2,52 manat sərfiyyat borcu, cəmi 982,34 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nın əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixində istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 08605 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 151,80 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir. (982,34+151,80=1134,14) 2021-ci ilin yanvar ayından 2025-ci ilin iyun ayına qədər cavabdeh ödəniş etməmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1134,14 (bir min bir yüz otuz dörd manat 14 qəpik) manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda Abonentin Saldo və Gasrep üzrə ümumi 6343,09 (altı min üç yüz qırx üç manat 09 qəpik) manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Xəzər Rayon Məhkəməsinin 2(003)-3208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Natiq Əsgərov) ilə iddia qismən təmin edilmiş, Cavabdeh vurulmuş maddi zərər üzrə 629.75 AZN (altı yüz iyirmi doqquz manat yetmiş beş qəpik) və debitor borc (sayğac vasitəsilə istifadə) üzrə 982,34 AZN (doqquz yüz səksən iki manat otuz dörd qəpik) olmaqla, cəmi 1612.09 AZN (bir min altı yüz on iki manat doqquz qəpik) məbləğində pul vəsaitinin və ödənilmiş 36.12 AZN (otuz altı manat on iki qəpik) dövlət rüsumunun məbləği tutularaq İddiaçınə ödənilməsi müəyyən edilmiş, iddia qalan hissədə rədd edilmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
5. Cavabdeh qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri:
6. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Belə ki, Birliyin əməkdaşları tərəfindən balans və istismarda olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehin yaşadığı ünvanda qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir və qeyri-qanuni birləşmə ləğv edilərək bununla bağlı da aktlar tərtib edilmişdir. Daha sonra həmin Aktlar əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamələr təsdiq edilmişdir. Həmin Tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməklə İddiaçıya böyük məbləğdə ziyan vurmuşdur. Faktla bağlı İddiaçı İB tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyinə də rəsmi müraciət edilmişdir. Mülki iş materiallarında mövcud olan abonent saldoları araşdırılmamış, iş üzrə tərəflərin qarşılıqlı münasibətlərinə, o cümlədən müqavilə öhdəlikləri nəzərə alınmadan mövcud qətnamə qəbul edilmişdir. Odur ki, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
9. Belə olan halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
10. İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, Ak2/30981 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”ndən görünür ki, İddiaçı müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
11. İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 03/9230 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”ndən görünür ki, İddiaçı müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
12. İddiaçı ilə istehlakçı Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03- 14244 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı müqaviləsi”ndən görünür ki, İddiaçı müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.
13. 03.07.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Cavabdeh oğlu, abonent kodu 1**********0010, ünvan ünvan 23224, quraşdırılma tarixi xx.xx.2024-cü il tarixdir və həmin abonent koduna 06/2025-ci il tarixinə 6343.09 manat borc mövcuddur.
14. xx.xx.2023-cü il tarixli (0388407 saylı) Akt və xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 2073.6 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
15. xx.xx.2023-cü il tarixli (0396214 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 181.44 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
16. xx.xx.2023-cü il tarixli (0397379 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 181.44 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
17. xx.xx.2023-cü il tarixli (0407602 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 246.24 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
18. 13.xx.xx.2023-cü il tarixli (0410159 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
19. xx.xx.2023-cü il tarixli (0411201 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imtina etdi qeyd edilmişdir).
20. xx.xx.2024-cü il tarixli (0420668 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
21. xx.xx.2024-cü il tarixli (0420546 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 306.72 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır.
22. xx.xx.2024-cü il tarixli (0424391 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 488.16 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (iştirak etmədi qeyd edilmişdir).
23. xx.xx.2024-cü il tarixli (0425202 saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 181.44 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (iştirak etmədi qeyd edilmişdir).
24. xx.xx.2024-cü il tarixli (0427381saylı) Akt və həmin tarixli tələbnamənin surətindən görünür ki, təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı itirilmiş qazın bərpasına görə 629.75 manat borc hesablanmışdır. Akt Cavabdeh tərəfindən imzalanmamışdır (imza yeri boşdur).
25. X1 Agentliyinin Bakı filialı tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, ******* nömrəli qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, ******* nömrəli protokola baxılaraq, ünvan 3 ünvanında xx.xx.2024-cü il tarixində qazpaylayıcı tərəfindən sayğacdan kənar qoşulmaqla az miqdarda (629.75 mana) təbii qazın talanması aşkar edilmişdir və nəticədə Mayılov X3 Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 18. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir.
27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
29. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
30. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu
31. Maddə 3. istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
33. Maddə 13.8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»
34. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
35. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
36. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
37. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır.
38. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi 6.1.2. təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
39. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir.
40. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
44. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
45. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
46. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
47. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
48. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
49. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
50. 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
54. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
55. Məhkəmə gəlmiş tərəfin izahatını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
56. İddia tələbini qismən təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, iddiaçı qurum tərəfindən cavabdeh barəsində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müxtəlif vaxtlarda təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı Aktlar və tələbnamələr tərtib edilmiş, lakin yalnız sonuncu xx.xx.2024-cü il tarixli akta münasibətdə qanunvericiliyin tələbləri gözlənilmişdir. Belə ki, İddiaçı İB cavabdeh barəsində xx.xx.2024cü il tarixli akt tərtib edildikdən sonra, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti quruma müraciət etmiş və həmin akt əsasında X1 Agentliyinin Bakı filialı tərəfindən cavabdeh barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Digər akt və tələbnamələrə münasibətdə isə müvafiq qərar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyi kimi, məhkəmə araşdırması zamanı da belə qərarların mövcudluğu müəyyən edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarının başqa sübutlarla təsdiq oluna bilməyəcəyi ilə bağlı qanunvericiliyin tələbini rəhbər tutaraq qeyd edir ki, cavabdehin qazın talanmasında təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədən iddiaçı tərəfindən vurulmuş maddi zərərin ödənilməsinin cavabdehdən tələb edilməsi əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, vurulmuş maddi zərərlə bağlı iddia tələbi yalnız xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 629.75 manat hissəsində əsaslı hesab olunaraq təmin edilməli, digər akt və tələbnamələrlə bağlı hissədə isə rədd edilməlidir.
57. İddia tələbinin debitor borcun (təbii qazın sərfiyyat borcunun) tutulması hissəsinə münasibətdə isə rayon məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin tələbinə əsasən, öhdəliyin qanunda nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən edilən hallarından görünür ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında “Qazın alqı-satqısı müqaviləsi” xx.xx.2017-ci il tarixində, xx.xx.2017-ci il tarixində və xx.xx.2024-cü il tarixində bağlanmışdır. Yəni tərəflər arasında 2017-ci ildən etibarən müqavilə münasibəti yaranmışdır ki, cavabdeh həmin vaxtdan etibarən yaranmış olan təbii qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, cavabdehin müqavilə əsasında təbii qazdan istifadəyə görə ödənilməmiş sərfiyyat borcu (2021-ci ilin yanvar-dekabr ayları üzrə 526,50 manat sərfiyyat və limitdən əlavə 7,25 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyul ayları üzrə 287,96 manat sərfiyyat və limitdən əlavə 36,64 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar ayı üzrə 13,08 manat uçotu pozulmuş qaz sərfi, 2024-cü ilin dekabr ayı üzrə 34,80 manat sərfiyyat, 2025-ci ilin yanvar-iyun ayları üzrə 73,59 manat sərfiyyat və uçotu pozulmuş qaz sərfinə görə 2,52 manat sərfiyyat borcu, cəmi 982,34 manat) qalmışdır. Ona görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təbii qazın sərfiyyatına görə ödənilməmiş həmin debitor borcun cavabdehdən tələb edilməsi qanunidir və cəmi 982,34 manat ödənilməmiş sərfiyyat borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
58. İddiaçı sayğacın mexaniki göstəricisinə əsasən müəyyən edilən, lakin cavabdeh tərəfindən dəyəri ödənilməyən 151,80 manat məbləğində qaz sərfinin dəyərinin də cavabdehdən tutulmasını xahiş etmişdir. Rayon məhkəməsi bununla bağlı qeyd etmişdir ki, əvvəla qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, iddiaçının qeyd etdiyi kimi istehlakçının iştirak etdiyi müəyyən edilmir və aktda istehlakçının imzası yoxdur. Digər tərəfdən aktda sayğacın mexaniki göstəricisinin yazıldığı hissədə (08605 m3 qeydi üzərində) düzəliş edilmiş, lakin müvafiq qaydada təsdiqlənməmişdir. Habelə aktda sayğacın giriş hissəsi zədəlidir, 760 m3 dəyəri ödənilməmiş qaz sərfiyyatı qeydləri edilsə də, həmin sərfiyyatın hansı əsasla yaranması və ödənilib ödənilməməsi müəyyən edilməmişdir. Eləcə də həmin məbləğin hansı əsasla hesablanması sübuta yetirilməmişdir. Belə olduğu təqdirdə, rayon məhkəməsi sübuta yetirilməyən faktı mövcud olmayan kimi qiymətləndirmiş və həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlmişdir.
59. Məhkəmə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, mülki iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2024-cü il tarixli, ******* saylı Akt istisna olmaqla, cavabdehin qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa vurulmuş zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinin tələblərini pozmuşdur. Rayon məhkəməsi tərəfindən iddiaçı tərəfin təqdim etdiyi materiallar kifayət qədər araşdırılaraq, düzgün hüquqi qiymət verilmiş və mahiyyət etibarilə düzgün nəticəyə gələrək iddia tələbləri qismən təmin edilmişdir.
60. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla əsassızdır və təmin edilə bilməz.
61. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
62. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
63. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
64. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
65. MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
66. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
69. Hazırkı iş üzrə iddiaçı tərəfindən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 4782,47 (6426,53-1612,09=4782,47) manat olduğundan bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
70. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
71. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xəzər Rayon Məhkəməsinin 2(003)-3208/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir, qanunvericilikdə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.