Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-610/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdehlər cavabdeh1 və cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Iddiaçı cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən evin 57000 manata alınması barədə razılaşıb. Iddiaçı tərəfindən ödəniş edilmiş, nəticədə qaz və elektrik hesabları iddiaçının adına keçirilmişdir.
2. Iddiaçı iddia edir ki, onun ödədiyi puldan 25000 dollar qaytarılmış, 5400 ABŞ dolları, 1000 manat isə qaytarılmamışdır. Iddiaçı alqı-satqının baş tutmamasının səbəbini ona satılacaq evin sənədlərinin cavabdehlərə məxsus olmaması ilə, cavabdehlər isə iddiaçının evi almaq istəməməsi ilə əsaslandırır.
3. Bakı şəhəri Nizami RPI-nin 23-cü PB-nin ##.##.2023-cü il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində gösterilənlərə əsasən, X5 ( İddiaçı bacısı) ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 5400 ABŞ dolları, 1000 AZN və dövlət rüsumu hesabına ödədiyi 122,40 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, bacısı Xanoğlanzadə Kəmalə vasitəsi ilə cavabdehlərlə tanış olub. Belə ki, bacısı cavabdehlərlə qonşu olub. ## ###### 2022-ci il tarixdə saat 21 radələrində Yelçu və arvadı Zümrüd onların evlərinə gəlib və söhbət zamanı bildirib ki, evlərini satır. Çünki onlar bir neçə vaxt idi ki, ev axtardılar. Yelçugil də bundan xəbər tutub. Onların evlərində söbhət zamanı cavabdeh3 evini satmaq istədiyini bildirib, ona evi almağını təklif edib. Onlar qiyməti ilə maraqlandıqda, Yolçu Ocaqverdiyev iki otaqdan ibarət olan yaşadığı evi 57000 manata satdığını deyib, onlar da razılaşıblar. Elə həmin dəqiqə o bacısı Kəmalə ilə birlikdə gedib Yelçugilin evinə baxıblar. Ev xoşuna gəldiyindən o, cavabdeh3 evi alacağını deyib, evdən çıxarkən Yelçu oğlu Rafaeli onlara qoşub evin behini verməyini deyib. Onlar da evə gəliblər, evlərində Yelçudan alacaqları həmin evə görə ilkin olaraq beh kimi 1200 ABŞ dolları məbləğində pulu Yelçunun oğlu Rəfaelə evinin həyətində veriblər. Onlar pulu verməyi ilə bağlı hər hansısa kağızı yazıdır, imza etməsini onda tələb etdikdə, Rəfael polis əməkdaşı olduğunu deyib, bu barədə özü mobil telefonla çəkiliş aparıb. O, pulu da götürərək gedib. Yolçu Ocaqverdiyev onlardan möhlət istəyib ki, ev axtarıb-tapmaqda 1 ay möhlət versin. ## ###### 2023-cü il tarixdə saat 15 radələrində o, 29200 ABŞ dolları məbləğində və 1000 manat pulu öz evində, mətbəxdə masa arxasında oturarkən alacağı evə görə sayıb cavabdeh3 verib. Evin sənədlərini cavabdeh3 tələb etdikdə isə, Yolçu Ocaqverdiyev evin sənədlərinin evdə olduğunu, buna görə də, narahat olmamağını bildirib, pulları da götürüb evlərindən çıxıb gedib. Aradan bir müddət keçdikdən sonra cavabdeh3 gəlib onun alacağı evin alınmadığını deyib, bir ay əlavə də ondan vaxt istəyib. O bu dəfə razılaşmayıb. 2023-cü ilin fevral ayının 20dək vaxtı uzatmaq istədikdə, cavabdeh3 uzatmamasını, fevral ayının 15-də evi tərk edib getmələrini deyib. 2 gün keçdikdən sonra onu Yelçugili evlərinə çağırıblar ki, pulu götürüb gedərkən evi notarial qaydada adına keçirəcəyinə söz verib. cavabdeh3 onlara demişdir ki, işdən vaxtı yoxdur. Vaxt edib gedəcəklərini və narahat olmamağını deyib. O, Yelçugildən sənəd tələb etdikdə, sonuncu yenə də ona deyib ki, narahat olma, hər şey qaydasındadır, evin sənədi var. Bundan sonra çıxıb gediblər. ## ###### 2023-cü il tarixdə saat 19 radələrində cavabdeh3 arvadı Zümrüdün istifadəsində olan 051-317-33-16 mobil nömrəsində “WhatsApp” proqramı vasitəsi ilə məhkəmə qətnaməsinin kserosutərini ona göndərib. Həmin qətnamələri oxuyanda ona məlum olub ki, cavabdeh3 həmin evə yaşamaq hüquq var. Halbuki, cavabdeh3 hər dəfə ona evin sənədlərini qaydasında olduğunu deyib. O, qətnamə ilə tanış olduqdan sonra həmin gün saat 21 radələrində Yelçugilin evinə gedərək deyib ki, bu ev sənədi deyil, ona sənəd versin, yoxsa evi almır. Onun pulunu geri qaytarsın. cavabdeh3 ondan möhlət istəyib, pullarını geri qaytaracağını deyib. cavabdeh3 ## ###### 2023-cü il tarixdə saat 2 radələrində onu evinə çağırıb. O, Yelçugilin evinə gedib. Oraya gedəndə cavabdeh3 onun verdiyi 30400 ABŞ dollarından və 1000 manat puldan ona 25000 ABŞ dolları məbləğində pul qaytarıb. Yerdə qalan 5400 ABŞ dollarını və 1000 manat pulu isə 3 günə qayataracaqlar. Lakin cavabdeh3 ona qalan 5400 ABŞ dolları və 1000 manat pulun batdığını deyib, vədinə əməl etməyib. O, cavabdehin bu hərəkətləri barədə Bakı şəhəri Nizami rayon Polis idarəsinin 23-cü Polis Bölməsinə müraciət esib, lakin həmin vaxtı cavabdehlər polisin danışıq və çağırışlarına gəlməyiblər, əksinə onu və bacısını hədələyərək, Rafaelin polis işçisi olduğunu, başlarına oyun açacağını deyərək, onları hədələyib, həmin vaxtdan bu günə kimi pulunu dəfələrlə tələb etsə də, vermirlər, axırda məhkəmə müraciət etməyə məcbur olub. Əlavə olaraq bildirir ki, o, həmin vaxtı polis idarəsinə, cavabdehlərin ona borclu qalmaları, onlara ev almağı üçün pul verməyini təsdiq edən, Whatsapp proqramından olan yazışmalarını və videoçəkilişi əks etdirən diskdə təqdim edib, həmin diskin birini də ərizəsinə əlavə edir, burada cavabdehlərin qarşısında onlara verdiyi dollar aydın şəkildə görünür.
6. Cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişlər ki, iddia tələbi əsassız olmasından əlavə, iddiaçı hazırkı mübahisə üzrə iddia müddətini heç bir üzrlü səbəb olmadan ötürüb. Odur ki, iddia iddia müddəti tətbiq edilərək hazırkı iddia rədd edilməlidir. Belə ki, iddiaçının özünün iddia ərizəsində də istinad etdiyi işin faktiki hallarından aydın şəkildə göründüyü kimi, iddiaçının iddia tələbinin hüquqi əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Iddiaçının iddia ərizəsində göstərdiyi faktlardan aydın olur ki, mübahisə 2022-ci ilin dekabr ayında yaranıb. Iddiada həmçinin göstərilib ki, 2023-cü ilin fevralında pulun bir hissəsi verilsə də, guya qalan hissəsi verilməyib və o, bundan sonra polisə müraciət edib. Bu o deməkdir ki, iddiaçı hüquqlarının pozulduğunu həmin vaxtdan bilib. Iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də görünür ki, onun şikayəti əsasında “cinayət işinin başlanmasının rədd edilməsi barədə” polisin qərarı da ##.##.2023- cü il tarixdə qəbul edilib. Iddiaçı isə məhkəməyə yalnız ##.##.2025-ci il tarixdə müraciət edib. Qeyd edilənlər onun (iddiaçının) iddia müddətini ötürdüyü qənaətinə gəlməyə əsas verir. Iddia müddəti ötürüldüyündən iddia tələbi təmin edilə bilməz. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən edib ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq məhkəmədən tələb edə bilər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. Iddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Göründüyü kimi, iddia müddətinin tətbiq edilməsi mülki hüquq münasibətlərinin tənzimlənməsində əhəmiyyətli rol oynayır və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət edir. Qeyd edilənlərə əsasən iddiaçı İddiaçı bizə qarşı “pul” tələbinə dair iddiasının iddia müddəti tətbiq edilərək təmin edilməməsini xahiş etmişlər.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın qismən təmin edilməsi, cavabdehlər cavabdeh3 və cavabdeh1 5400 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), 1000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 120,54 manat məbləğində pul vəsaitinin müştərək qaydada iddiaçı İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, artıq ödənilmiş 1,86 manat dövlət rüsumunun dövlət büdcəsindən iddiaçı İddiaçı (FIN: *******, X3, qəbz nömrəsi: 1539844777, tarix və vaxt: ##.##.2024, 12:15:08) qaytarılması qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında olan şifahi razılığa əsasən iddiaçı cavabdehlərə məxsus olan ünvan 1 ünvanında yerləşən evin 57000 manata alınması barədə razılaşıb. Göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri mövcud olub. Hazırda cavabdehlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1095-ci maddəsinə istinad edərək, iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş ediblər. Tərəflər arasında müqavilə münasibətləri olub və həmin məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yəni iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməyib. Bununla belə məhkəmə qeyd edir ki, hazırki iddia ##.##.2025-ci il tarixdə məhkəməyə daxil olsa da, daha əvvəl iddiaçı ##.##.2024-cü ildə eyni tələblə məhkəməyə müraicət edib və məhkəmənin ##.##.2024-cü il tarixi qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılıb, bundan sonra iddiaçı yenidən ##.##.2025-ci ildə məhkəməyə müraciət edib və məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı evin alqı-satqısı üzrə qabaqcadan ödədiyi pulun geri qaytarılması tələbi üzrə iddia müddətini ötürməyib.
9. Məhkəmə iddiaya münasibətdə qeyd etmişdir ki, iddiaçı daha əvvəl pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə 23-cü polis bölməsinə müraciət edib və araşdırma aparılan zaman cavabdehlərin hər birinin izahatı alınıb. Cavabdehlər izahatlarında iddiaçı ilə evin 57000 manata satılması barədə razılıq əldə etdiklərini, 2022-ci ilin dekabr ayında iddiaçı tərəfindən 1200 ABŞ dolları cavabdehlərin evində, ##.##.2023-cü ildə isə iddiaçının evində 28500 ABŞ dolları və 1000 manat məbləğində pulun verildiyini, bir neçə gün sonra iddiaçının xahişinə əsasən ona 1500 ABŞ dolları qaytardıqlarını, daha sonra iddiaçı evi almaqla bağlı fikrini dəyişdiyi üçün ##.##.2023-cü ildə 28500 ABŞ dollarını öz evlərində iddiaçıya qaytardıqlarını, 1000 manatı isə evin təmirinə çəkdikləri xərclə əvəzlədikləri üçün qaytarmaqdan imtina etdiklərini qeyd ediblər.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə təqdim etdiyi məlumatda alqı satqının baş tutmaması səbəbini ona satılacaq evin sənədlərinin cavabdehlərə məxsus olmaması ilə, cavabdehlər isə iddiaçının evi almaq istəməməsi ilə əsaslandırıb. Cavabdehlər iddiaçının dəlillərini təkzib etmək üçün evlə bağlı mülkiyyət sənədlərinin mövcudluğuna dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən məhkəmə iddiaçının dəlillərini əsaslı hesab etmişdir.
11. Tutulmalı məbləğlə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehlər tərəfindən ona cəmi 25000 ABŞ dolları məbləğində vəsaitin qaytarıldığını və 5400 ABŞ dolları və 1000 manat məbləğində vəsaitinin qaytarılmalı olduğunu qeyd etmiş, cavabdehlər isə iddiaçıya 1500 ABŞ dolları, daha sonra isə 28500 ABŞ dollarının qaytarıldığını, 1000 manatın isə evin təmirinə çəkilmiş 6000 manat xərclə əvəzləşdirdiklərindən, borclarının olmadığını qeyd ediblər.
12. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında şifahi müqavilə bağlanılıb və həmin əqd onların qarşılıqlı razılığına əsasən ləğv edilib. Bu səbəbdən də, tərəflər arasında mövcud olan münasibətlər ilkin vəziyyətinə qaytarılmaqla, cavabdehlər qabaqcadan onlara ödənilmiş məbləği alıcı olan iddiaçıya qaytarmalıdırlar, iddiaçı həmin pulu tələb etməkdə haqlıdır. Qeyd ediləməlidir ki, cavabdehlər cavabdeh3 və cavabdeh1 vermiş olduğu izahatlarda ziddiyyətlər var. Belə ki, cavabdehlər onlara ilkin olaraq 1200 ABŞ dolları, daha sonra isə 28500 ABŞ dolları və 1000 manat verildiyini, onlar tərəfindən isə ilkin olaraq 1500 ABŞ dolları və daha sonra 28500 ABŞ dolları məbləğində pulun qaytarıldığını, 1000 manatı isə qaytarmaqdan imtina ediklərini qeyd ediblər. Göründüyü kimi, verilmiş izahatlara əsasən cavabdehlər iddiaçıya artıq məbləğdə pul qaytarıblar. Qeyd edilənlər halların araşdırması üçün cavabdehlər məhkəmə iclasında iştiraklarını təmin etməyiblər. Bu səbəbdən həmin izahatlar məhkəmədə şübhə yaradıb.
13. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər tətqiq edilən zaman vizual baxış zamanı cavabdeh3, cavabdeh1, İddiaçı və Kəmalə Xanoğlanzadənin iştirakı ilə masa üzərində sayının və miqdarının dəqiq bilinmədiyi ABŞ dolları və manatların yerləşdirildiyi müşahidə edilib. Təqdim edilmiş səs və video yazılarında isə cavabdehlər 25000 ABŞ dollarının qaytarıldığı, 5400 ABŞ dolları və 1000 manat məbləğində vəsaitin qaldığı qeyd edilir. Beləliklə məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən cavabdehlər cavabdeh3 və cavabdeh1 evin alınması üçün ümumilikdə 30400 ABŞ dolları və 1000 manat məbləğində pul verildiyi, evin alqı-satqısı baş tutmadığından həmin puldan 25000 ABŞ dollarının qaytarıldığı, qalan 5400 ABŞ dolları və 1000 manat məbləğində pulun qaytarılmadığı öz təsdiqini tapmış, əksini təsdiq edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, hazırkı tələb “5400 ABŞ dolları və 1000 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi” hissəsində öz təsdiqini tapdığından iddia həmin hissədə təmin edilməlidir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 329.2, 385.1, 386.1, 389.1, 421.1, 421.2, 421.3, 425.1, 427.3, 441.1-441.3, 442, 443.1, 448.1, 598.1, 599.3, 599.4, 600.3, 646.1-ci və Azərbaycan Respublikasının Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 217.3, 218.3, 10.10, 76.1, 76.2, 95.1, 95.2, 80, 81, 107 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən cavabdehlər cavabdeh1 və cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsi iş üzrə tərəflər arasında daşınmaz əmlakın alqı-satqısına dair şifahi müqavilə münasibətlərinin mövcudluğu qənaətinə gələrək hesab etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olub və həmin Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Halbuki bu qənaət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144-cü maddəsinin tələblərinə açıq şəkildə ziddir. Hazırkı iş üzrə tərəflər arasında daşınmaz əmlakın alqı satqısına dair notariat qaydasında təsdiqlənmiş heç bir müqavilə mövcud deyildir. Eyni zamanda, iddiaçı tərəfindən daşınmaz əmlak üzərində hər hansı mülkiyyət və ya digər əşya hüququnun dövlət qeydiyyatına alındığını təsdiq edən sənəd də məhkəməyə təqdim edilməmişdir. Ümumiyyətlə, mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış əmlak olması da işin mübahisəsiz halıdır. Belə olan halda, tərəflər arasında hüquqi cəhətdən qüvvədə olan müqavilə münasibətlərinin mövcudluğundan söhbət gedə bilməz. Qanunvericiliyin tələblərinə görə daşınmaz əmlakın alqı-satqısının şifahi formada bağlanması mümkün olmadığından, birinci instansiya məhkəməsinin şifahi razılaşmanı müqavilə münasibəti kimi qəbul etməsi maddi hüquq normalarının kobud pozuntusudur. Bu səbəbdən, iş üzrə münasibətlərin müqavilə hüququ çərçivəsində qiymətləndirilməsi və müqavilə tələbləri üzrə üç illik iddia müddətinin ötürülmədiyi qənaətinə gəlinməsi hüquqi baxımdan mümkün deyil. Yuxarıda qeyd edilənlər nəzərə alındıqda, tərəflər arasında mübahisəli münasibətlərin müqavilə münasibətləri deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanma institutu çərçivəsində qiymətləndirilməsi zəruridir. Hazırkı iş üzrə notariat qaydasında təsdiqlənmiş müqavilə mövcud deyil, daşınmaz əmlak üzərində hüquqlar dövlət reyestrində qeydə alınmayıb və alqı-satqı hüquqi nəticə doğurmayıb. Bu hallar onu göstərir ki, iddiaçı tərəfindən cavabdehlərə verildiyi iddia edilən vəsaitlər hər hansı qüvvədə olan hüquqi əsas olmadan təqdim edilmişdir. Beləliklə, münasibətlərin hüquqi mahiyyəti yalnız və yalnız əsassız varlanma kimi qiymətləndirilə bilər. Iş materiallarından aydın olur ki, iddiaçı mübahisəli hallardan və guya hüquqlarının pozulduğundan ən gec 2023-cü ilin birinci yarısında xəbərdar olmuşdur. Bu hal polis orqanlarının qəbul etdiyi qərarla da təsdiq olunur. Buna baxmayaraq, iddiaçı məhkəməyə qanunla müəyyən edilmiş iki illik müddət keçdikdən sonra müraciət etmişdir. Belə olan halda, əsassız varlanma ilə bağlı iddia tələbi üzrə iddia müddəti açıq şəkildə ötürülmüşdür və bu hal iddianın təmin edilməməsi üçün müstəqil hüquqi əsas təşkil edir. Xüsusi olaraq nəzərə alınmalıdır ki, cavabdeh iddia edilən pul vəsaitini qaytarsalar da, bunun üzərində uzun müddətin keçməsi həmin halın sübutu baxımından çətinliklər yaradır. Qanunvericilik isə məhz belə hallar üçün müdafiə imkanı iddia müddətinin tətbiqinə dair ərizə verməklə iddiaya etiraz etmək imkanı vermişdir. Hazırkı iş üzrə cavabdehlər tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı ərizə təqdim edildiyi halda, birinci instansiya məhkəməsi bu ərizəyə düzgün hüquqi qiymət verməmiş, iddia müddətinin keçmiş olduğunu nəzərə almamış və bununla da Mülki Məcəllənin 372.1 və 375.2-ci maddələrinin tələblərini pozmuşdur. Nəticə etibarilə, məhkəmənin bu davranışı maddi hüquq normalarının düzgün tətbiq edilməməsi olmaqla yanaşı, iş üzrə düzgün hüquqi nəticəyə gəlməyə də mane olmuşdur. Birinci instansiya məhkəməsi sübutların araşdırılması ilə bağlı üzərinə düşən prosessual vəzifələri yerinə yetirməmişdir. Belə ki, daşınmaz əmlaka dair notariat qaydasında təsdiqlənmiş sənədlərin olmaması, iddia edilən pul vəsaitinin verilməsini təsdiq edən etibarlı yazılı sübutların təqdim edilməməsi, habelə şifahi alqı-satqı razılaşmasının qanunvericiliklə yolverilməz olması kimi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar məhkəmə tərəfindən elan edilməmiş, araşdırılmamış və bu sübutlara qətnamədə hüquqi qiymət verilməmişdir. Eyni zamanda, cavabdehlər tərəfindən sübutların araşdırılması və iddianın əsassızlığı ilə bağlı təqdim edilmiş arqumentlər və etirazlar məhkəmə tərəfindən nəzərə alınmamış, bu barədə əsaslandırılmış mövqe bildirilməmişdir. Bununla da məhkəmə Mülki Prosessual Məcəllənin 380.1 və 380.2-ci maddələrinin tələblərini pozaraq sübutların hərtərəfli, obyektiv və bilavasitə araşdırılması prinsipinə əməl etməmiş, cavabdehlərin müdafiə və çəkişmə hüquqlarını faktiki olaraq məhdudlaşdırmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
18. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlmməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
19. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdeh cavabdeh1 izahatında və ona verilən suallara cavab olaraq qeyd etmişdir ki, İddiaçı bacısı 2 uşağı ilə ev axtarırdı. Həyat yoldaşı (cavabdehin) qonşudan xahiş etdi ki, onları evinə götürsün. Münasibətləri yaxşı idi. Həmin xanım onlara (cavadehə) dedi ki, bacısı Qazaxıstanda yaşayır, həyat yoldaşından ayrılıb, ev axtarır. Onların da həmin dövrdə evi satıb, 3 otaqlı ev almaq niyyəti var idi. Lakin həmin vaxt maddi cəhətdən imkanları yox idi. Onların evi əvvəllər yataqxana olub, qətnamə ilə həmin evdə yaşamaq hüquqları var idi. Bütün kommunallar onların adına idi. Gedib ev axtarırdılar, tapırdılar, beh verirdilər. Sabahı gün qarşı tərəf onlara bildirirdi ki, pulu düzəldə bilmirlər. Onlar evi deyəsən 57 min manata razılaşmışdılar. Notariusda rəsmiləşdirə bilməyəcəkdilər, çünkü evin çıxarışı yox idi. Kəmalə xanım onlara dedi ki, pulu onlara versinlər, evdə qalmasın. Qalan pulu da düzəldib verəcəklər. Pulu tam verməmişdilər, işığı da, qazı da onların adına keçirdilər. Həyat yoldaşının soyadında bir hərfdə səhv olduğu üçün suyu onun adına keçirə bilmədilər. Jekdən arayış aldılar ki, ev sahibi həqiqətən də həyat yoldaşıdır, su sayğacı da ona məxsusdur. Sonra iddiaçı tərəf onlara bildirdi ki, oğlu razılaşmır, ev istəmir. Evin mətbəxini təmir etməklərini istəmişdilər, yoldaşı təmirə başlamışdı. Evin əşyası ilə birlikdə 57 min manata razılaşmışdılar. O özü onların evinə getdi, onlara maddi ziyan vurduqları üçün onları məhkəməyə verəcəklərini dedi. Qarşı tərəf 23-cü Polis Bölməsinə onlardan şikayət etmişdi, həmin ərizədə isə pulun 5400 deyil, 2500 dollar 1000 manat qeyd ediblər. Onlar də polis bölməsində izahat verdilər ki, onlar onlara (cavabdehə) maddi ziyan vurublar. Onların işığı, qazı onların adına keçirməyinə dair sənədləri var. Onlar birinci instansiya məhkəməsində iştirak etməmişdir. Onda da səsyazmalar var ki, qarşı tərəf pulu aldığını, rahatladığını bildirir. Həmin səsyazmaları məhkəmə iclası təxirə salındığı halda məhkəməyə təqdim edə bilər. O sms yazışmalarını, qaz və işığın iddiaçının adına keçirilməsi ilə bağlı sənədləri elektron kabinet vasitəsi ilə təqdim etmişdir. Səsyazmalar olan flaşkartı da məhkəməyə təqdim etmək istəyir. Iddiaçı onlara çox ziyan vurub. Həyat yoldaşı maşını da satmışdı. Onlar da gecə qaranlıqda ev axtarırdılar. Qazı və işığı onun adına keçirmişdilər. Bəli, onlar əvvəldən demişdilər ki, evin sənədi yoxdur. Fevral ayının 6-sı iddiaçı ona səs atdı ki, pulu çatmır, oğlu razı deyil. Onun yoldaşı da dedi ki, ev tapmışdır, köçürük və pulu qaytarmırlar. Fevral ayının 6-sı evi almaqdan imtina etdikdə, onlar qəbul etmədilər. Ondan sonra evin çıxarışını, sənədlərini istəməyə başladılar. Evin cizgi planını, jekdən arayışı da məhkəməyə təqdim edə bilər.
Tətbiq edilən hüquq normaları:
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.; Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1095.Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 24.Hazırki halda cavabdehlərin apellyasiya şikayəti qətnamənin iddianın təmin edilən hissəsində ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını iddianın təmin edilən hissəsində yoxlayır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
26. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında olan şifahi razılığa əsasən iddiaçı cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən evin 57000 manata alınması barədə razılaşıb.
27. Iddiaçının tələbinə görə evə görə ödənilmiş 30400 ABŞ dollarından və 1000 manat puldan ona 25000 ABŞ dolları məbləğində pul qaytarılmış, lakin yerdə qalan 5400 ABŞ dollarını və 1000 manat pul qaytarılmamışdır. Bu səbəbdən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
28. Cavabdehlər isə izahatlarında iddiaçı ilə evin 57000 manata satılması barədə razılıq əldə etdiklərini, 2022-ci ilin dekabr ayında iddiaçı tərəfindən 1200 ABŞ dolları cavabdehlərin evində, ##.##.2023-cü ildə isə iddiaçının evində 28500 ABŞ dolları və 1000 manat məbləğində pulun verildiyini, bir neçə gün sonra iddiaçının xahişinə əsasən ona 1500 ABŞ dolları qaytardıqlarını, daha sonra iddiaçı evi almaqla bağlı fikrini dəyişdiyi üçün ##.##.2023-cü ildə 28500 ABŞ dollarını öz evlərində iddiaçıya qaytardıqlarını, 1000 manatı isə evin təmirinə çəkdikləri xərclə əvəzlədikləri üçün qaytarmaqdan imtina etdiklərini qeyd ediblər.
29. Birinci instansiya məhkəməsinin mövqeyinə görə tərəflər arasında şifahi müqavilə bağlanılıb və həmin əqd onların qarşılıqlı razılığına əsasən ləğv edilib. Məhkəmənin mövqeyinə görə tərəflər arasında mövcud olan münasibətlər ilkin vəziyyətinə qaytarılmaqla, cavabdehlər qabaqcadan onlara ödənilmiş məbləği alıcı olan iddiaçıya qaytarmalıdırlar, iddiaçı həmin pulu tələb etməkdə haqlı olmuşdur. Tərəflər arasında müqavilə münasibətləri olub və mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yəni iddiaçı qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürməyib.
30. Birinci instansiya məhkəməsinin mövqeyini əsassız hesab edən kollegiya qeyd edir ki, Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
31. Bundan başqa həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 32.Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
33. Məhkəmə Kollegiyası vurğulayır ki, mülki dövriyyənin sabitliyi və daşınmaz əmlak üzərində hüquqların toxunulmazlığı qanunvericidən bu növ əşyalarla bağlı sərəncam müqavilələri üçün forma tələbləri müəyyən etmişdir. 34 Kollegiya hesab edir ki, tərəflər arasında evin alqı satqısı ilə bağlı qanunvericliyə uyğun qaydada bağlanmış müqavilə olmadığından iddiaçının pul tələbinə müqavilə münasibətindən irəli gələn iddia müddətinin tətbiq edilməli olması barədə məhkəmənin mövqeyi düzgün deyildir.
35. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə münasibətlərinin mövcud olması və bu əqdin qarşılıqlı razılıq əsasında ləğv edilməsi barədə yanlış qənaətə gəlmiş və mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Müqavilənin ləğvindən və ya xitamından yalnız o halda bəhs etmək mümkündür ki, tərəflər arasında qanunun tələblərinə uyğun olaraq qüvvəyə minmiş etibarlı bir müqavilə münasibəti mövcud olsun.
36. Buna görə də qətnamə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməlidir.
37. Iddiaçı alqı satqının baş tutmaması səbəbini ona satılacaq evin sənədlərinin cavabdehlərə məxsus olmaması ilə, cavabdehlər isə iddiaçının evi almaq istəməməsi ilə əsaslandırıb. 38.Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ## ###### 2023-cü il tarixdə saat 19 radələrində cavabdeh3 arvadı Zümrüdün istifadəsində olan 051-317-33-16 mobil nömrəsində “WhatsApp” proqramı vasitəsi ilə məhkəmə qətnaməsinin kserosutərini ona göndərib. Həmin qətnamələri oxuyanda ona məlum olub ki, cavabdeh3 həmin evə yaşamaq hüquq var. Halbuki, cavabdeh3 hər dəfə ona evin sənədlərini qaydasında olduğunu deyib. O, qətnamə ilə tanış olduqdan sonra həmin gün saat 21 radələrində Yelçugilin evinə gedərək deyib ki, bu ev sənədi deyil, ona sənəd versin, yoxsa evi almır. Onun pulunu geri qaytarsın.
39. Lakin iş materiallarına əlavə edilmiş fləşkartda olan və # ###### 2023-cü il tarixdə göndərilmiş səs yazısından məlum olur ki, iddiaçı cavabdeh tərəfə fikrindən daşındığını, ev almaq istəmədiyini bildirmiş, bunu Bakıda ev almaq istəməməsi, Türkiyəyə getmək istəməsi, borca girmək istəməməsi, burada işinin alınmadığı ilə əlaqələndirmişdir.
40. O cümlədən, müəyyən olunur ki, iddiaçı pul ödəmiş, bunun müqabilində mübahisə predmeti olan mənzilə dair qaz və elektrik sayğaclarının hesabları iddiaçının adına rəsmiləşdirilmişdir.
41. Mülki Qanunvericiliyin qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ##### 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.
43. Səs yazısından göründüyü kimi müqavilənin bağlanmasından imtina təşəbbüsü iddiaçı tərəfindən edilmiş, bu halı evin sənədinin olmaması ilə deyil, özünün Bakıdan ev almaq istəməməsi, Türkiyəyə getmək istəməsi və buradakı işlərinin alınmaması ilə əlaqədləndirərək pulun qaytarılmasını tələb etmişdir.
44. Beləliklə, kollegiya hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıya qarşı hüquqa zidd əməlin törədilməsi müəyyən edilmir.
45. Hazırki işin halı odur ki, iddiaçı pul ödəmiş, cavadeh isə bunun müqabilində mübahisə predmeti olan mənzilə dair qaz və elektrik sayğacının iddiaçının adına rəsmiləşdirilməsi üçün hərəkətlər etmiş və mübahisə predmeti olan evdən çıxmaq üçün özünə başqa ev axtarmışdır. Daha sonra iddiaçı evi almaq fikrindən daşınmış və pulunu geri tələb etmişdir. Cavabdeh isə pulun çox hissəsini qaytarmış, lakin 5400 dollar və 1000 manatı müəyyən müddət sonra qaytaracağını bildirmişdir. Daha sonra cavabdeh özünün də iddiaçının hərəkətləri nəticəsində zərərə uğradığını bildirərək pulu qaytarmaqdan imtina etmişdir.
46. Kollegiya hesab edir ki, iddiaçı pulu tələb etməkdə haqlıdır və hazırki iddia tələbinin qanuni əsasını əsassız varlanma təşkil edir.
47. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
48. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
49. Iddia ərizəsinə əsasən cavabdeh cavabdeh3 ## ###### 2023-cü il tarixdə 30400 ABŞ dollarından və 1000 manat puldan ona 25000 ABŞ dolları məbləğində pulu qaytarmış, yerdə qalan 5400 ABŞ dollarını və 1000 manat pulu isə 3 günə qayataracağını bildirsə də hələ də qaytarmamış, iddiaçı isə hazırki iddia ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
50. Iddiaçı daha əvvəl ##.##.2024-cü ildə eyni tələblə məhkəməyə müraicət edib və məhkəmənin ##.##.2024-cü il tarixi qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılıb, bundan sonra iddiaçı yenidən ##.##.2025-ci ildə məhkəməyə müraciət edib və məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır.
51. Bununla bağlı kollegiya qeyd edir ki, yerdə qalan vəsaitin qayarılması barədə tərəflərin razılaşdırdığı icra müddətinin bitdiyi ## ###### 2023-cü il tarixdən Mülki Məcəllənin 377.2-ci maddəsinə uyğun olaraq başlayan 2 illik iddia müddəti ərzində edilmiş ##.##.2024-cü il tarixdə iddia ərizəsinin geri qaytarılması hüquqi nəticə doğurmadığı, ##.##.2025-ci il tarixli müraciət üzrə işin isə ##.##.2025-ci ildə baxılmamış saxlanılması səbəbindən Məcəllənin 381.1-ci maddəsinin imperativ tələbinə görə iddia müddətinin axımı ümumi qaydada dayandırılmadan davam edərək ## ###### 2025-ci il tarixdə tam olaraq başa çatmışdır.
52. Beləliklə, iddiaçının qanunla müəyyən edilmiş həmin 2 illik iddia müddəti bitdikdən təxminən 6 ay yarım sonra, yəni ##.##.2025-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia müddətini ötürmüşdür.
53. Qeyd edilməlidir ki, eyni məsələ ilə bağlı iddiaçının bacısı X5 ##.##.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon Polis Idarəsinin 23-cü Polis Bölməsinə müraciət etmiş və Bakı şəhəri Nizami RPI-nin 23-cü PB-nin ##.##.2023-cü il tarixli qərarı ilə X5 ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və ərizəçi vətəndaşa mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
54. Hətta iddia müddətinin axımı Polis Bölməsinə müraciət və müraciətin nəticəsində qəbul edilmiş qərarın tarixindən hesablansa belə iddia müddəti ötürülmüşdür.
55. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instasniya məhkəməsinin mübahisələndirilən hissədə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməli, məhkəmə xərcləri tərəflərin özünə aid edilməlidir. 56.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlər cavabdeh1 və cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddia tələbi təmin edilməsin. Iş üzrə iddia ərizəsi və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli