Məhkəmə qərarları › İş №2(3-6)-620/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-620/2026

23.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-620/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Xəzər RPI-nin IŞ-nin müstəntiqi, R X1 ##.##.2024-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarına əsasən İddiaçı ##.##.2024-cü il tarixdə sosial şəbəkədə olan ev elanı ilə bağlı əlaqə saxladığı Əhməd adlı şəxsin Səbail rayonu, Bayıl qəsəbəsində 4 otaqlı mənzil satacağını vəd edərək ondan 2000 manat pul aldığı, sonradan vədinə əməl etməyərək pulu qaytarmaqdan imtina etdiyi barədə şikayəti əsasında toplanmış materiallar üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir.

2. “bina.az” saytında yerləşdirilmiş elana əsasən Bakı şəhəri, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən 4 otaqlı, ümumi sahəsi 145 kv.metr olan mənzil barədə ətraflı məlumatda göstərilmişdir ki, “Yerləşmə yeri idealdır. Bayıl bulvarı ilə üz-üzə, sakit bir məhəllədə qanuni 4 otaqlı (əlavə olaraq qarderob otağı), 2 sanuzeli, böyük blakonu olan mənzil bütün əşyaları ilə biryerdə satılır. Binanın qarşısında böyük “parking” dayanacaq yeri və şəxsi kamera ilə müşahidə var. Mənzil yüksək keyfiyyətli materiallardan yeni təmir olunub. Mənzildə bütün məişət əşyaları yeni və keyfiyyətli şirkətindir. (5 ədəd kondisioner, paltaryuyan, qabyuyan, soyuducu, plazma tv-lər və s.) Təcili satıldığı üçün bazar qiymətindən aşağı qoyluub. Real alıcı ilə qiymət razılaşmaq olar!”

3. ##.##.2024-cü il tarixli qəbzə əsasən 416973********** nömrəli kart nömrəsindən 524748********** nömrəli kart nömrəsinə 2000 manat vəsait köçürülmüşdür.

a)Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Maarif qızından 2000 (iki min) manat köçürülmüş vəsait, 240 (iki yüz qırx) manat əldən çıxmış fayda və 43 (qırx üç) manat dövlət rüsumunun, cəmi 2283 (iki min iki yüz səksən üç) manat alınıb ona verilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, 2024-cü ilin iyun ayının əvvəllərində ev almaq məqsədi ilə sosial şəbəkədə axtarış zamanı elanda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Yeni Şəhər Massivində yerləşən 4 otaqlı mənzili bəyəndikdən sonra vasitəçi ilə əlaqə saxlamaq istəmədiyinə görə həmin evin sahibini özü tapmaq qərarına gəlmiş və istəyinə nail olmuşdur. Şifahi razılaşmaya əsasən cavabdeh tərəfə beh qismində ##.##.2024-cü il tarixdə 2000 (iki min) manat **************** nömrəli "Bank Respublika"ya məxsus karta vəsait göndərmişdir. Vəsaiti cavabdehin nümayəndəsinin ona evin qanuni olaraq 4 otaqlı olmasını dedikdən sonra göndərmiş, daha sonra evin texniki pasportu üzrə təsvir edildiyi kimi 4 otaqlı deyil, 3 otaqlı olması müəyyənləşdirilmiş və vicdanlı alıcı kimi tərəflə ilkin sövdələşmələri baş tutmaması onun tərəfindən cavabdehin nümayəndəsinə bildirilmişdir. Bundan sonra cavabdeh tərəf onun, nümayəndəsi Əhməd adlı şəxs vasitəsi ilə köçürülmüş 2000 (iki min) manatın geri qaytarılmasından boyun qaçırmışdır. Iddia üzrə ilk olaraq Xəzər RPŞ-nə müraciət etmiş və Istintaq Şöbəsində HK-*/*** nömrəli material ##.##.2024-cü ildə cinayət işinin başlanmasının rədd edilməsi qərarı ilə yekunlaşdırılmışdır. Cavabdeh onun etibarından istifadə edərək 2000 (iki min) manat pulunu mənimsəmişdir. Bununla əlaqədar sübutları var və məhkəməyə müraciət edir. Cavabdeh onun etibarından sui-istifadə etməklə əldə etdiyi pulu qaytarmaqdan imtina edir. Cavabdehə dəfələrlə mənimsədiyi pulu qaytarmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Müxtəlif bəhanələrlə, “behin qaytarılmaması”nın doğruluğunu müdafiə etməklə vəsait geri ödəməkdən boyun qaçırır. Eyni zamanda Respublika ərazisində olan bankların orta illik faiz dərəcəsi 12% təşkil etdiyini nəzərə almaqla və bu vəsait üzrə 1 il ərzində 2000 (iki min) manat əldən çıxmış fayda olaraq azı 240 (iki yüz qırx) manat hesablanmalıdır.

6. Birinci instansiya məhkəməsində ifadə vermiş şahid X4 ifadəsində cavabdehin nümayəndəsi Maarif müəllimin dostu Əhmədin qaynatası, Sevda xanımın isə dostu Əhmədin həyat yoldaşı olduğunu, Maarifi Əhməd vasitəsilə tanıdığını, iddiaçı Elnurun Əhmədin evini bəyənib 320000 manata razılaşdığını, Elnurun 2000 manat beh qoyduğunu, Elnurun Əhmədə 2 ayın tamamında evini alacağını bildirdiyini, sonradan Əhmədin ona zəng vurub Elnurun 2000 manatdan əlavə 8000 manat da beh qoyacağını, notariusa getdiklərini, etibarnaməsi olmadığına görə zəng vurub Əhmədə 2000 manatın kifayət etdiyini, 8000 manatı sonradan alqı-satqıda verər dediyini, 2 ayın tamamında ## ###### 2024-cü il tarixində Əhmədin zəng vurub Elnur evi alırsa gəlirəm dediyini, Əhmədin gəldiyini, Elnurun ona maddi durumunun aşağı olduğunu ona görə də evi 300000 ya da 310000 manata ala biləcəyini dediyini, onun isə Əhmədə elə söz deyə bilmərəm dediyini, sonradan görüşdüklərini və orda Elnurun Əhmədə evi 310000 ya da 300000 manata almaq istədiyini bildirdiyini, buna görə alqısatqının baş tutmadığını bildirdi. Əlavə olaraq suallara cavab olaraq Elnurun evin sənədlərini görüb görmədiyini bilmədiyini, evin sənədlərinin harda olduğunu bilmədiyini bildirmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 2000 (iki min) manat və dövlət rüsumu olaraq ödənilmiş 40 (qırx) manat məbləğində pul tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmə işin faktiki halları kimi müəyyən etmişdir ki, iddiaçı İddiaçı sosial şəbəkədə axtarış zamanı elanda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Yeni Şəhər Massivində yerləşən 4 otaqlı mənzili görüb bəyənmiş və mənzili almaq məqsədilə mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh həyat yoldaşı Əhməd Zülfiqarla “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq 10000 manat məbləğində beh ödənilməsi barədə razılığa gəlmişlər, iddiaçı İddiaçı ilkin olaraq ##.##.2024-cü il tarixdə cavabdehə məxsus bank kartına 2000 manat məbləğində pul göndərmiş, qalan 8000 manat məbləği isə mənzilin sənədləri iddiaçıya göstərildikdən sonra notariat qaydasında bağlanmış beh haqqında razılaşma əsasında ödəməklə bağlı razılığa gəlmişlər. Əhməd notariat orqanına qayınatası Nümayəndə gələcəyini, onun sənədləri iddiaçıya göstərəcəyini bildirsə də, notariat orqanına X4 gəlmiş, mənzilin sənədlərini gətirməmiş, həmçinin etibarnaməsi olmadığından beh müqaviləsi bağlanmamışdır. Daha sonra iddiaçı dəfələrlə mənzilin sənədlərini görmək istədiyini, mənzilin planının hazırki vəziyyəti ilə eyni olduğundan əmin olmaq istədiyini bildirsə də, Əhməd iddiaçının sənədlərlə bağlı tərəddüdünü başa düşmədiyini, beh alınanda sənədlərin göstərilmədiyini, sənədlərin alqı-satqı zamanı təqdim olunduğunu, sənədlərin mənzildə kilidli otaqda olduğunu bildirərək, mənzilin sənədlərini iddiaçıya təqdim etməmişdir. Daha sonra mənzilin sənəddə 4 otaq deyil, 3 otaq qeyd olunduğu məlum olmuş və iddiaçı avans kimi ödədiyi 2000 manat pulun geri qaytarılmasını tələb etsə də, “sənədləri görməmiş pulu göndərməzdin” deyərək pulu geri qaytarılmamışdır. Mənzilin sənədləri iddiaçıya göstərilmədiyindən və mənzilin sənədində elanda və realda olduğu kimi 4 otaq deyil, 3 otaq qeyd olunduğundan, buna baxmayaraq 320000 manatdan aşağı qiymətə verilmədiyindən tərəflər arasında alqı-satqı baş tutmamışdır. Hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh avans kimi ödədiyi 2000 manat, 240 manat əldən çıxmış fayda və 43 manat dövlət rüsumu olmaqla, cəmi 2283 manat məbləğində pulun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmənin mövqeyinə görə qanunvericiliyin tələbinə görə behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır və beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Göründüyü kimi, sözügedən mənzilin alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə 2000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə məxsus karta göndərilmiş, yəni həmin məbləğin beh kimi qəbul olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə riayət edilməmişdir. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bağlanma formasına riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Belə olan halda məhkəmə həmin məbləğin avans kimi ödənildiyi qənaətinə gəlir.

10. Həmçinin, qanunvericiliyin tələbinə görə öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir.

11. Tərəflərin izahatları, şahid ifadəsi, iş materiallarına əlavə edilmiş “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmalar və səs yazılarına əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqının baş tutmama səbəbi iddiaçının dəfələrlə evin sənədləri ilə tanış olmaq istəməsini bildirməsinə baxmayaraq müxtəlif bəhanələrlə mənzilin sənədlərinin ondan gizlədilməsi, “bina.az” saytında yerləşdirilmiş elanda və real həyatda sözügedən mənzilin 4 otaq olmasına baxmayaraq, sənədlərdə 3 otaq qeyd olunmasının iddiaçıya sonradan məlum olması, mənzilin sənədində elanda və realda olduğu kimi 4 otaq deyil, 3 otaq qeyd olunmasına baxmayaraq 320000 manatdan aşağı qiymətə verilməməsi olmuşdur. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddiaçının avans kimi ödədiyi 2000 manat məbləğində pul geri qaytarılmalıdır.

12. Məhkəmə iddiaçının əldən çıxmış faydaya görə 240 manat məbləğin cavabdehdən tutulması tələbini sübut edilmədiyindən əsassız hesab etmiş, 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun təmin edilmiş tələbə mütənasib olaraq 40 manat məbləğinin cavabdehə aid edilməsi qənaətinə gəlmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 425.2, 491.1, 491.2, 491.3, 492.1, 492.2, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1093.1-ci maddələri; “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2021-ci il tarixli qərarı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 217.4 və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim qətnaməni qəbul edərəkən aralarında olmayan öhdəliklərə və müqavilələrə istinad etmişdir. Belə ki, iddiaçı özü qeyd edir ki, o, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi,Yeni şəhər Massivində yerləşən 4 otaqlı mənzili görüb bəyənmiş və mənzili almaq məqsədilə onun həyat yoldaşı ilə əlaqə saxlamışdır. Əhməd xaricdən Azərbaycana gəlmiş aralarında danışıq olmuşdur ki, 2000 manat beh saxlayır və mənzili 2 aydan sonra alacaqdır. 2 aydan sonra o, müxtəlif bahanələr gətirərək evin qiymətini salmaq məqsədi ilə onu, ərini xaricdən yenidən Azərbaycana gətizdirərək ozü qeyd etdiyi kimi evin qiymətini 20000 manat aşağı məbləğə 300000 manata almaq niyyətini bildirmişdir. Qeyd etmək istəyir ki, onların arasında heç bir beh müqaviləsi olmamışdır, eyni zamanda o, evi 2 ay satılmasına imkan verməmişdir. O, real alıcılardan ona görə məhrum edilmişdir. Ondan əlavə olaraq 2 dəfə əri Ingiltirədən gəlib getməsi və nəticədə öhdəliyini yerinə yetriməməməsi onlara 2000 manatdan çox zərər vurmuşdur. Onların arasında olan razılaşmaya əsasən o 2 aydan sonra evi gəlib almalı idi, lakin alqı-satqı baş tutmadı ona görə də həmin o, 2000 manat onların iddiaçıya görə hər dəfə Ingiltərədən gəlməyi və getməyinə çəkdikləri xərcdir. Məhkəmə digər tərəfin sübutlarına qiymət verməsinə baxmayaraq iddiaçı tərəfindən təqdim olunmuş “Watsapp” yazımasına baxmamış və qiymət verməmişdir. Yazışmada əri Əhmədin əgər razılaşma baş tutacaqsa avqustun 25–nə bilet alsın Bakıya. Iddiaçı onları əmin etdi ki, evi alacaq ona görə də Əhməd Azərbaycana gələsi oldu. Bu sübuta isə hakim heç bir qiymət verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut nəticədə qətnamə qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, onun məmzununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olubolmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunililiyinin və əsaslılığının iddianın təmin edilən hissəsində yoxlanılması təşkil edir. Çünki, cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

24. Işin faktiki halları ondan ibarətdir ki, iddiaçı İddiaçı sosial şəbəkədə axtarış zamanı elanda Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Yeni Şəhər Massivində yerləşən 4 otaqlı mənzili görüb bəyənmiş və mənzili almaq məqsədilə mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh həyat yoldaşı Əhməd Zülfiqarla “Whatsapp” mobil tətbiqi vasitəsilə əlaqə saxlayaraq 10000 manat məbləğində beh ödənilməsi barədə razılığa gəlmişlər, iddiaçı İddiaçı ilkin olaraq ##.##.2024-cü il tarixdə cavabdehə məxsus bank kartına 2000 manat məbləğində pul göndərmiş, qalan 8000 manat məbləği isə mənzilin sənədləri iddiaçıya göstərildikdən sonra notariat qaydasında bağlanmış beh haqqında razılaşma əsasında ödəməklə bağlı razılığa gəlmişlər. Əhməd notariat orqanına qayınatası Nümayəndə gələcəyini, onun sənədləri iddiaçıya göstərəcəyini bildirsə də, notariat orqanına X4 gəlmiş, mənzilin sənədlərini gətirməmiş, həmçinin etibarnaməsi olmadığından beh müqaviləsi bağlanmamışdır. Daha sonra iddiaçı dəfələrlə mənzilin sənədlərini görmək istədiyini, mənzilin planının hazırki vəziyyəti ilə eyni olduğundan əmin olmaq istədiyini bildirsə də, Əhməd iddiaçının sənədlərlə bağlı tərəddüdünü başa düşmədiyini, beh alınanda sənədlərin göstərilmədiyini, sənədlərin alqı-satqı zamanı təqdim olunduğunu, sənədlərin mənzildə kilidli otaqda olduğunu bildirərək, mənzilin sənədlərini iddiaçıya təqdim etməmişdir. Daha sonra mənzilin sənəddə 4 otaq deyil, 3 otaq qeyd olunduğu məlum olmuş və iddiaçı avans kimi ödədiyi 2000 manat pulun geri qaytarılmasını tələb etsə də, “sənədləri görməmiş pulu göndərməzdin” deyərək pulu geri qaytarılmamışdır. Mənzilin sənədləri iddiaçıya göstərilmədiyindən və mənzilin sənədində elanda və realda olduğu kimi 4 otaq deyil, 3 otaq qeyd olunduğundan, buna baxmayaraq 320000 manatdan aşağı qiymətə verilmədiyindən tərəflər arasında alqı-satqı baş tutmamışdır.

25. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iş materiallarından göründüyü kimi tərəflər arasında razılaşma predmeti olan mənzilin alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə 2000 manat məbləğində pul iddiaçı tərəfindən cavabdehə məxsus karta göndərilmişdir. Tərəflər arasında yazılı və notarial qaydada təsdiq edilmiş beh müqaviləsi bağlanmamışdır.

26. Qanunvericiliyin istinad olunan normalarından göründüyü kimi behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır və beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir.

27. Həmçinin Mülki Məcəllənin 491.3-ci maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya (bağlanma formasına) riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

28. Məhkəmə kollegiyası iddiaçı tərəfindən ödənilmiş 2000 manat vəsaitin beh kimi qəbul edilməsi üçün qanunvericiliyin tələblərinə riayət edilməməməsini nəzərə alaraq hesab edir ki, həmin məbləğin avans olması barədə birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur.

29. Tərəflərin izahatları, şahid ifadəsi, iş materiallarına əlavə edilmiş “Whatsapp” mobil tətbiqi vasitəsilə yazışmalar və səs yazılarına əsasən müəyyən olunur ki, tərəflər arasında alqı-satqının baş tutmama səbəbi iddiaçının dəfələrlə evin sənədləri ilə tanış olmaq istəməsini bildirməsinə baxmayaraq müxtəlif bəhanələrlə mənzilin sənədlərinin ondan gizlədilməsi, “bina.az” saytında yerləşdirilmiş elanda və real həyatda sözügedən mənzilin 4 otaq olmasına baxmayaraq, sənədlərdə 3 otaq qeyd olunmasının iddiaçıya sonradan məlum olması, mənzilin sənədində elanda və realda olduğu kimi 4 otaq deyil, 3 otaq qeyd olunmasına baxmayaraq 320000 manatdan aşağı qiymətə verilməməsi olmuşdur.

30. Buna görə də kollegiya hesab edir ki, məhkəmə iddiaçının avans kimi ödədiyi 2000 manatı cavabdehdən iddiaçının xeyrinə tutmaqla qanuni və əsaslı nəticəyə gəlmişdir.

31. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Kollegiya həmçinin MPM-in 119.1-ci maddəsinə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərini düzgün qaydada bölüşdürmüşdür.

33. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir. 34.Kollegiya o cümlədən qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şıkayəti verilə bilməz.

Sədrlik edən Günay Axundova Hakimlər Rəşid Səmədov Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar