Məhkəmə qərarları › İş №2(3-6)-645/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-645/2026

03.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-645/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin Cavabdeh1, Cavabdeh2 (Cavabdeh3, Cavabdeh4 əlavə olaraq cavabdeh qismində cəlb edilməklə) kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdeh3, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4594/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 İddiaçı QSC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 11146.26 manat məbləğində kredit borcu, 1605.07 manat məbləğində faiz borcu və 280.88 manat məbləğində cərimə olmaqla, cəmi 13032.21 manat, xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsi üzrə 982.73 manat məbləğində kredit borcu, 95.86 manat məbləğində faiz borcu və 24.77 manat məbləğində cərimə olmaqla, cəmi 1103.36 manat, ümumilikdə cəmi 14.1353,57 qəpik məbləğində borcun və ödənilmiş 132.41 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X5 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.5833% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 14200 manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3053.74 manat ödəniş etmiş və onun iddiaçıya 11146.26 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 273 gün üçün hesablanmış faiz borcu 1605.07 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 273 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 280.88 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bundan başqa, X2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş "Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri", Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X5 005A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2200 (iki min iki yüz) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1217.27 manat ödəniş etmiş və onun iddiaçıya 982.73 manat məbləğinda kredit borcu qalmışdır. O, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 273 gün üçün hesablanmış faiz borcu 95.86 manat, cərimə isə 24.77 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Maps arayışından borclu X1 xx.xx.2024-cü il tarixdə vəfat etdiyi "xxxx" QSC-yə məlum olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli **********24 saylı məktubuna əsasən X1 adına (ümumbirgə pay) keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində 0.26 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-131A nömrəli xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində 2.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-83 nömrəli xx.xx.2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Bununla bağlı, Tətrər rayon İcra Hakimiyyətinə sorğu verilmiş, Tərtər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, mərhum X1 (ümumbirgə pay) mülkiyyətində olan Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində 0.26 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində 2.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hal-hazırda mərhumun ailə üzvləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadəsindədir. Belə ki, faktiki vərəsə-Cavabdeh1 və Cavabdeh2 qeyd olunan əmlakdan istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən - Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 mərhum X1 faktiki vərəsələri hesab edilir.

3. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4594/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Səidə Məmmədova) ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 005A********** saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 982.73 (doqquz yüz səksən iki manat, yetmiş üç qəpik) manat əsas borc, 2.80 (iki manat, səksən qəpik) manat cərimə borcu, 005A********** saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 11146.26 (on bir min yüz qırx altı manat, iyirmi altı qəpik) manat əsas borc, 115.50 (yüz on beş manat, əlli qəpik) manat faiz borcu, 32.61 (otuz iki manat,altmış bir qəpik) manat cərimə borcu, ümumilikdə 12279.9 (on iki min iki yüz yetmiş doqquz manat, doxsan qəpik) manat borcu həmçinin, dövlət rüsumu üçün ödənilmiş məbləğin 120 (bir yüz iyirmi) manat alınaraq İddiaçı QSC-yə verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.

4. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermiş, iddiaçı və digər cavabdehlər isə qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onların dəlilləri:

5. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüququ normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, mərhum Yeganə İsmayılovaya məxsus olan miras əmlakın nədən ibarət olmasını müəyyən etməmişdir. Halbuki, məhkəmənin ilk vəzifəsi - vərəsə hesab edilən cavabdehlər tərəfindən qəbul edimiş miras aktivinə hansı əmlakların daxil olmasını və miras aktivinin dəyərinin nə qədər olmasını müəyyən etmək idi. Mülki Məcəllənin imperativ tələbini nəzərə alaraq miras əmlakın dəyərinin müəyyən edilməsi üçün mütləq ekpertiza təyin edilməli idi. Həmçinin rayon məhkəməsi cavabdehlərin yalnız dəyəri müəyyən olunmuş miras aktivi həcmində kreditor qarşısında öhdəlik daşımasını müəyyən etməli idi. Rayon məhkəməsinin nəzərə almadığı digər vacib məqam isə hazırkı iddiaçıdan başqa Yeganə İsmayılovanın digər kreditorlarına vərəsələri tərəfindən ayrı-ayrı borcların qaytarılıb-qaytarılmaması və qaytarıldığı təqdirdə hansı kreditorlara nə qədər məbləğdə borcun qaytarılması faktının müəyyən edilməsidir. Mərhumun vərəsəsi - həyat yoldaşı Cavabdeh3 Yeganə İsmayılova rəhmətə gedəndən sonra onun borclu olduğu müəllim yoldaşı X3 xx.xx.2024-cü il tarixdə 1306 manat məbləğində borc pul qaytarmışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə digər kreditor “EmbaFinans” şirkətinə olan 661 manat məbləğində borc pul ödəmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə başqa kreditor "xxxx" MMC-yə olan 318 manat məbləğində borc pul ödəmişdir. Nəticədə vərəsə Cavabdeh3 tərəfindən yuxarıda adı çəkilən 3 kreditora ümumilikdə 2285 manat məbləğində borc pul ödənilmişdir. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

7. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ş.Sadıqov apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclası barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:

11. Mülki iş materiallarında olan AZ-İİ 412505 nömrəli, xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü il tarixində, naməlum bədxassəli törəmə səbəbi ilə vəfat etmişdir.

12. xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsindən görünür ki, X2 1.5833% olmaqla 48 ay müddətinə 14200 manat məbləğində kredit limiti açılmışdır.

13. xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsindən görünür ki, X2 1.9167% olmaqla 24 ay müddətinə 2200 manat məbləğində kredit limiti açılmışdır.

14. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsinə əsasən, xx.xx.2025-ci il tarixə 4132,88 manat (əsas məbləğ 2 385,64 AZN, faiz ödənişi 1466,36 AZN, cərimə məbləği 280,88 AZN) borcu yaranmışdır.

15. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixli 005A********** saylı kredit müqaviləsinə əsasən, xx.xx.2025-ci il tarixə 984,65 manat (əsas məbləğ 866,25 AZN, faiz ödənişi 93,63 AZN, cərimə məbləği 24,77 AZN) borcu yaranmışdır.

16. 06.10.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, cavabdeh 005A********** saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 982.73 manat əsas borc, 2.80 manat cərimə borcu, ümumilikdə 985.53 manat borcu, 005A********** saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 11146.26 manat əsas borc, 115.50 manat faiz borcu, 32.61 manat cərimə borcu, ümumilikdə 11294.37 manat borcu yaranmışdır.

17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli **********24 saylı məktubuna əsasən X1 adına (ümumbirgə pay) keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində 0.26 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair JN-131A nömrəli xx.xx.2004-cü il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində 2.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair JN-83 nömrəli xx.xx.2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.

18. Tərtər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, mərhum X1 (ümumbirgə pay) mülkiyyətində olan Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində 0.26 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və Tərtər rayonu, Azad Qaraqoyunlu kəndində 2.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hal-hazırda mərhumun ailə üzvləri Cavabdeh1 və Cavabdeh2 istifadəsindədir. Tətbiq edilən maddi hüquq normaları:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 428.4-cü və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 739.1-ci və 739.2-ci maddələrinin məzmunundan görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1294-cümaddəsinə əsasən payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək vəzifəsi payı əldə edənə həmin payın miqdarına uyğun olaraq keçir. 1306.1-ci maddəsinə əsasən isə, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.4. Mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. 1306.5. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda, vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Rerspublikası Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarında göstərilir ki, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı: Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Tətbiq edilən prosessual hüquq normaları:

20. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən iddia tələbinin təmin edilən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

23. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

24. İddia tələbini qismən təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin və yuxarı instansiya məhkəməsinin göstərilmiş mövqeyinə əsasən belə qənaətə gəlmək olar ki, şəxsin ölümündən sonra vərəsələr miras aktivi kimi miras passivini də qəbul edirlər. Kredit öhdəliyi olan mərhum Y.İsmayılova müalicəsini təmin etmək məqsədilə kredit götürmüş, xx.xx.2024-cü il tarixdə vəfat etmiş, bu müddətdən sonra müvafiq qaydada İ dərəcəli vərəsələr ondan sonra qalan mirasın qəbulu üçün notariat orqanına müraciət etməsələr də, mərhumun ailə üzvləri olan cavabdehlərin izahatlarında bildirdikləri mirasdan imtina ilə əlaqədar da müraciətləri olmamışdır. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, cavabdehlər artıq faktiki olaraq mərhum borclunun öhdəlikləri üçün tam şəkildə cavabdehlik daşıya bilərlər, bank isə onlara qarşı tələb irəli sürməkdə tam haqlı olmuşdur. O ki qaldı tələbin həcminə məhkəmə borclunun öldüyü vaxtdan kredit müqaviləsinin də xitam olunmasını nəzərə alıb məhz bu tarixədək olan hissədə tələbin təminini mümkün hesab edir.

25. Beləliklə, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 müştərək qaydada 005A********** saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 982.73 manat əsas borc, 2.80 cərimə və 005A********** saylı xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 11146.26 manat əsas borc, 115.50 manat faiz borcu və 32.61 manat cərimə tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

26. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili rayon məhkəməsi tərəfindən miras əmlakın dəyərinin müəyyən edilməməsi və müvafiq olaraq da cavabdehlərin qəbul etdikləri miras aktivindən çox olan borca görə məsul olmaları ilə bağlıdır.

27. Məhkəmə apellyatorun bu dəlili üzrə qeyd edir ki, hazırda cavabdeh borcun mirasdan çox olduğunu sübut edəcək dəlillərini Məhkəməyə təqdim etməmişdir.

28. Halbuki Mülki Məcəllənin 1306.5-ci maddəsinə görə, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Hazırkı halda miras notarius tərəfindən siyahıya alınmadığından borcun miras əmlakdan çox olmasını vərəsə, yəni cavabdeh sübut etməlidir, lakin cavabdeh bununla bağlı hər hansı sübut təqdim etmədiyindən onun bu dəlili əsassızdır. Məhkəmə onu da qeyd edir ki, oxşar məsəlyə dair uzun müddətdir oturuşmuş məhkəmə təcrübəsi formalaşmışdır.

29. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili mərhumun digər kreditorlara olan borcunun cavabdeh tərəfindən ödənilməsidir, cavabdeh bununla bağlı ödəniş qəbzlərini də apellyasiya şikayətinə əlavə etmişdir.

30. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, həmin sübutlar rayon məhkəməsində təqdim edilməmişdir və cavabdeh həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, hətta həmin sübutların qəbul edilməsi, yəni digər kreditorlara olan borcun ödənilməsi cavabdehləri – vərəsələri hazırkı kreditor qarşısında öhdəliklərdən azad etmir.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 34.Beləliklə Məhkəmə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilə bilməz və mahiyyət etibarilə düzgün olan qətnamənin ləğvinə səbəb ola bilməz. 35.MPM-in 385.2-ci maddəsinin tələbinə görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:

36. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

38. Məhkəmə hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

39. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Binəqədi Rayon Məhkəməsinin 2(001)-4594/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar