Məhkəmə qərarları › İş №2(3-6)-683/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-683/2026

02.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-683/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, e-2(011)-7572/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha torpaq sahəsindən 0,02 ha. torpaq sahəsini 5.000 manata İddiaçı satmışdır. Həmin alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış etibarsız hesab edilməmiş, mübahisələndirilməmiş və hazırda da 0,02 ha. torpaq sahəsi İddiaçı mülkiyyətində və istifadəsindədir. Daha sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh1 mülkiyyətində qalmış 0,06 ha torpaq sahəsindən 0,02 ha torpaq sahəsini Cavabdeh2 satmış, Cavabdeh2 adına olan alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarış da etibarsız hesab edilməmiş, hazırda da qüvvədədir. İddiaçı mülkiyyətində olan torpaq sahəsindən və tikdirdiyi yaşayış mənzilindən məhrum olmasını əsas gətirərək, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 25.000 manat maddi zərərin, 10.000 manat mənəvi zərərin, faiz və dəbbə pulu kimi 7.500 manatın, ümumilikdə, 42.500 manatın alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh1 ogluna məxsus olmuş, həmin sahəyə dair Əmlak Məsələləri Dövlət Komitəsi DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinin **********7 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən həmin mülkiyyət onun adına dövlət qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsinin 0,02 ha. hissəsi onun mülkiyyətinə satılarkən də, həbs altında olmamış, ipoteka ilə də yüklü edilməmişdir. Cavabdeh1 oglu ilə həmin 0,08 ha. torpaq sahəsinin 0,02 ha. hissəsinin ona satılmasına dair razılıga gəlmiş, Bakı şəhəri 12 saylı Notariat ofisində həmin sahəyə dair alqı-satqı müqaviləsi tərtib olunmuşdur. Alqı-satqı müqaviləsinə görə torpaq sahəsinin razılaşdrılmış qiyməti 5.000 manat təşkil etmiş, müqavilənin tərtibi ilə əlaqədar həmin məbləğ satlıcıya onun tərəfindən dərhal ödənilmişdir. Torpaq sahəsi satıcı tərəfindən ona təhvil verilmiş, həmin torpaq sahəsini hasarlamış, həmin sahədə kiçik bir yaşayış mənzilinin tikilməsi üçün hazırlıq işləri aparmış, mal-materiallar alınaraq həmin sahəyə yerləşdirilmişdir. Alqı-satqı müqaviləsinin rəsmilşdirilməsindən sonra alqısatqı müqaviləsi “Elektron Notariat” Avtomatlaşdırılmış İnformasiya sistemində qeydə alınmış, qeydə alınmasına dair həmin sistemdən çıxarış ona təqdim olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli **********531 reyestrli mülkiyyət hüququna dair çıxarış verilmiş və həmin tarixdən də onun xüsusi mülkiyyətini təşkil etmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə keçmiş mülkiyyətci Cavabdeh1 oglu ona qarşı yalan hərəkətlərini davam etdirərək guya onun həmin torpaq sahəsini zəbt etdiyini, həmin sahənin guya digər şəxsə, X9 ogluna məxsus olduğunu, tərəfindən həmin sahəni 16 aprel 2021-ci ildə N.Bagırova satdıgını, həmin sahədə onun qanunsuz olaraq yaşayış mənzilini tikdiyini, torpaq sahəsini özbaşına zəbt etməyini bildirərək, qaynı olan bacısının əri X10 oglu ilə birlikdə ona qarşı iddia qaldırmış, iddia Suraxanı rayon Məhkəməsində baxılmışdır. İddianın əsassızlıgı və iddiaçıların riyakarlıgı iddia ərizəsinin özündə də tam əksini tapmışdır. Belə ki, iddia ərizəsində iddiaçı mülkiyyətində olmuş 0,08 ha. sahənin 0,02 ha. torpaq sahəsini ona satdıgını və həmin sahəyə dair müqavilə qiymətinin tərəfindən ödənildiyini təsdiq edir. Eyni zamanda 0,08 ha. sahənin yerdə qalan 0,06 hissəsindən 0,02 ha. hissəsini isə guya digər iddiyaçı olan X10 ogluna satdıgını və onun tərəfindən Nəbi Bagırova satılmış 0,02 ha. hissənin qanunsuz olaraq zəbt olunduğunu iddia etməklə həmin sahədən çıxarılma barədə iddia qaldırmışlar. Mülkiyyətində olan 0,02 ha. sahədən onun çıxarılması üçün riyakarlıqla tərtib olunmuş iddia ərizəsinə məhkəmələr baxaraq həqiqəti əks etdirməyən iddianı təmin etmişlər. Halbuki, çıxarılmağı barədə iddia olunan 0,02 ha. sahə qeyd olunan və notariat qaydasında ona satılan və mülkiyyətini təşkil edən eyni torpaq sahəsi olmuşdur. Sənədlərdən də göründüyü kimi X10 ogluna torpaq sahəsinin satılmasına dair müqavilə onunla baglanmış alqı-satqı müqaviləsinin tərtib olunmasından sonra 16 aprel 2021-ci ildə tərtib olunmuşdur. Bu faktın özü də cavabdeh tərəfindən ona qarşı edilən qanunsuz hərəkətləri, maddi zərər, mənəvi sarsıntılarına səbəb olmuş hərəkətlərinin zahiri təzahürüdür. Qeyd etdiyi faktlara baxmayaraq, cavabdeh mülkiyyətində olan 0,02 ha. torpaq sahəsindən məhkəmə qərarları ilə çıxarılmagına nail olmuşdur. Belə ki Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2022 saylı xx.xx.2022- ci il tarixli qətnaməsi onun mülkiyyətində olan sahəyə hüquqları itirilmiş və həmin tarixli icra vərəqilə əlaqədar əsassız və qanunsuz olaraq icra qaydasında torpaq sahəsindən çıxarılmışdır. Mülkiyyətində olan torpaq sahəsindən və 20.000 manata qədər xərcini çəkib tikdirdiyi yaşayış mənzilindən məhrum olmuşdur. Cavabdehlər nəinki onun həmin sahəyə dair ödədiyi 5.000 manat məbləği qaytarmamış, yaşayış evinin tikintisi üçün çəkdiyi 20.000 manat məbləgi də qaytarmaqdan imtina etməkdədir. Bununla əlaqədaq ciddi maddi və mənəvi zərərə məruz qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, e-2(011)- 7572/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində iddiaçı tələbini xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə əlaqələndirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı alqısatqı müqaviləsi ilə aldığı 0,02 ha. torpaq sahəsindən başqa 0,02 ha. torpaq sahəsini də etibarnamə ilə Cavabdeh1 5.000 manat ödəməklə satın almasına, həmin torpaq sahəsində 20.000 manat xərc çəkərək ev tikməsinə, lakin sonda məhkəmə qətnaməsi ilə torpaqdan çıxarılmasına əsaslanaraq cavabdehlərdən maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Cavabdeh1 isə torpaq sahəsinə dair sərəncam verilməsi barədə etibarnamənin, torpağın satılmasına görə 5.000 manat ödənişin, torpaq sahəsində ev tikilməsinə dair onun tərəfindən razılığın yalnız alqı-satqı müqaviləsi ilə satılan torpağa aid olduğunu, alqı-satqı müqaviləsi ilə satılan 0,02 ha. torpaq sahəsindən başqa İddiaçı başqa torpaq sahəsi satmadığını, ödəniş almadığını, ev tikilməsinə razılıq vermədiyini, alqı-satqıdan sonra iddiaçının qardaşı Ceyhuna verdiyi etibarnaməyə ehtiyac qalmadığı üçün etibarnaməni ləğv etdirdiyini bildirərək, iddiaya etiraz etmişdir. Cavabdehin etirazını təkzib edən, iddiaçının iddia tələbini əsaslandığı halları təsdiq edən sübutlar iş materiallarında aşkar olunmamışdır. Həmçinin, iddiaçı ona həqiqətən 0,04 ha. torpaq sahəsi satılmasına razılaşmışlarsa, niyə yalnız 0,02 ha. torpağın alqı-satqısının müqavilə ilə rəsmişləşdirilməsi, qalan 0,02 ha. torpağın alqısatqısının özünün iddia etdiyi kimi hansı zərurətdən etibarnamə ilə həyata keçirilməsini məntiqli izah edə bilməmişdir. Bundan başqa, yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə də iddiaçının iddia tələbini əsaslandığı hallara hüquqi qiymət verilmiş və həmin halların mövcud olmadığı təsdiq edilmişdir. Belə ki, sadalanan məhkəmə aktları ilə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 mülkiyyətində qalan 0,06 ha. torpaq sahəsindən 0,02 ha. torpaq sahəsini İddiaçı satmaması, həmin torpaq sahəsinə görə şifahi razılaşmaya əsasən 5.000 manatın ödənilməsinin sübut olunmaması, torpaq sahəsinin Cavabdeh2 satılması, lakin, İddiaçı və X7 tərəfindən zəbt edilməsi müəyyən olunmuş, odur ki, onların Cavabdeh2 məxsus torpaqdan çıxarılması, torpaq sahəsində inşa edilmiş tikilinin İddiaçı hesabına sökülməsi qət edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, maddi və mənəvi zərərin, faiz və dəbbə pulunun ödənilməsi tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iizahatında bildirmişdir ki, Cavabdeh1 mülkiyyətində olmuş 0,08 ha. torpaq sahəsinin 0,02 ha. sahəsini alqı-satqı müqaviləsi ilə o, digər 0,02 ha. sahəni isə etibarnamə əsasında qardaşı X7 almışdır. Hər iki sahədə ev tikdirmişdir. Hər iki torpaq sahəsi hazırda da onların mülkiyyətindədir. Lakin, etibarnamə ilə xx.xx.2020-ci il tarixdə aldıqları 0,02 ha. torpaq sahəsinə dair etibarnaməni Cavabdeh1 sonradan Ceyhunun həbs olunduğunu bildikdən sonra ləğv edərək, həmin torpağı Cavabdeh2 satmışdır. Əslində bu alqı-satqı formal xarakter daşıyaraq pulunu verib aldığı torpağı onun əlindən çıxarmaq üçün iki qohumun planlaşdırdığı oyundur. Məhkəmələr isə torpağın daha əvvəl etibarnamə ilə ona satılmasına düzgün qiymət vermədən onun həmin sahədən çıxarılmasına qərar vermişdir. Halbuki, həmin torpaq sahələri bir-biri ilə həmsərhəddir, həmin torpaq səhələrində aparılan tikinti işləri əvvəl gündən cavabdehlərin gözü qarşısında olmuş, ancaq tikinti başa çatana qədər heç bir şikayət olunmamış, əksinə, Cavabdeh1 hər gün orada işləyən fəhlələrə su, çay və digər zəruri ləvazimatları çatdırmışdır. İddiaçının qardaşı həbs olunandan sonra cavabdehlər ayaqlanmış və birləşərək torpağı onlardan almağa çalışmışlar və ədalətsiz məhkəmə qətnamələri ilə buna nail olmuşlar. Xətai Rayon Məhkəməsində işə baxılarkən bütün bu xüsusatlar nəzərə alınmamış, həmçinin, məhkəmə digər cavabdehi məhkəmə icraatına cəlb etməmiş, işin əsl hallarını araşdırmamış, cavabdehlərin heç bir əsaslı sübut təqdim etməməsinə baxmayaraq iddiaçının tələbi təmin olunmamışdır. Cavabdeh qardaşı Ceyhuna etibarnamə verdikdən sonra o həmin əmlaka sahiblik və istifadə hüququ əldə etmiş, buna arxayın olaraq tikinti işlərinə başlamışlar və bütün işlər cavabdehin gözü qaşısında baş vermişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən torpaq sahəsindən 0,02 ha. torpaq sahəsinin satılması, alıq-satqı müqaviləsinin imzalanması, müqavilə üzrə məbləğin müəyyən edilməsi, ona çatası pulu alması, məbləğ depozit hesabı ilə ödənildikdə onu bankda təmsil etməsi, əmlak və vergi borcunu ödəməsi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqəda digər hərəkətləri etməsi ilə bağlı X5 etibarnamə vermişdir. “Elektron Notariat” X1 çıxarışdan görünür ki, həmin etibarnamə xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda yerləşən 0,08 ha. torpaq sahəsindən 0,02 ha. torpaq sahəsini 5.000 manata İddiaçı satmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-885/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı və X5 qarşı cavabdehlərin Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha. torpaq sahəsinin zəbt edilmiş 0,02 ha. hissəsindən çıxarılması, həmin 0,02 ha. torpaq sahəsinin Cavabdeh2 təhvil verilməsi tələbi barədə iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və X4 iddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,06 ha. torpaq sahəsinin zəbt edilmiş 0,02 ha. hissəsindən çıxarılması qət edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reystrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni qaydalarla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 138ci Binə, 4-cü döngə 17 ünvanında yerləşən 0,02 torpaq sahəsi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1144/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X5 qarşı torpaq sahəsinin boşaldılması və sair tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər İddiaçı və X4 iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 138-ci Binə 4-cü döngə 17 ünvanında yerləşən 0,02 ha. torpaq sahəsindən çıxarılması, iddiaçı Cavabdeh2 məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində 138-ci Binə 4-cü döngə 17 ünvanında 0,02 ha. torpaq sahəsində cavabdeh İddiaçı tərəfindən inşa edilmiş tikilinin cavabdeh İddiaçı hesabına sökülərək ərazidən çıxarılması qət edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6711/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Cavabdeh2) qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Hazırda iddiaçı alqı-satqı müqaviləsi ilə aldığı 0,02 ha. torpaq sahəsindən başqa 0,02 ha. torpaq sahəsini də etibarnamə ilə Cavabdeh1 5.000 manat ödəməklə satın almasına, həmin torpaq sahəsində 20.000 manat xərc çəkərək ev tikməsinə, lakin sonda məhkəmə qətnaməsi ilə torpaqdan çıxarılmasına əsaslanaraq cavabdehlərdən maddi və mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Lakin iddiaçı ona həqiqətən 0,04 ha. torpaq sahəsi satılmasına razılaşmışlarsa, niyə yalnız 0,02 ha. torpağın alqı-satqısının müqavilə ilə rəsmişləşdirilməsi, qalan 0,02 ha. torpağın alqı-satqısının özünün iddia etdiyi kimi hansı zərurətdən etibarnamə ilə həyata keçirilməsini məntiqi baxımdan uyğun gəlmir. Digər tərəfdən sadalanan məhkəmə aktları ilə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 mülkiyyətində qalan 0,06 ha. torpaq sahəsindən 0,02 ha. torpaq sahəsini İddiaçı satmaması, həmin torpaq sahəsinə görə şifahi razılaşmaya əsasən 5.000 manatın ödənilməsinin sübut olunmaması, torpaq sahəsinin Cavabdeh2 satılması, lakin, İddiaçı və X7 tərəfindən zəbt edilməsi müəyyən olunmuşdur. Odur ki, onların Cavabdeh2 məxsus torpaqdan çıxarılması, torpaq sahəsində inşa edilmiş tikilinin İddiaçı hesabına sökülməsi qət edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddiaçı mülkiyyətində olan torpaq sahəsindən və tikdirdiyi yaşayış mənzilindən məhz cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində məhrum olmasını öz təsdiqini tapmamışdır. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli, e-2(011)- 7572/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar