Məhkəmə qərarları › İş №2(3-6)-694/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-694/2026

24.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-694/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı binanın fasadında quraşdırılmış kondisioner qurğusunun sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı binanın fasadında quraşdırılmış kondisioner qurğusunun sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, e-2(004)-7375/2025 nömrəli qərardadından İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında cavabdeh tərəfindən binanın fasadında quraşdırılmış kondisioner qurğusunun sökülməsi, 1378,5 manat məbləğində maddi ziyanın və 34 manat məbləğində dövlət rüsumunun, cəmi 1412,50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, e-2(004)- 7375/2025 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.

3. Qərardad onunla əsaslandırılmışdır ki, iş materaillarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 34 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Halbuki, iddiaçının tələbləri həm qiymətləndirilən, həm də qiymətləndirilməyən tələblərdən ibarətdir. Belə olan halda isə qiymətləndirilməyən tələblərə münasibətdə də qanunda göstərilən qaydada rüsum hesablanıb ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilir. Qanunun qeyd olunan maddəsinin tələbindən göründüyü kimi, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilir. Odur ki, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş məbləğdə və qaydada ödənilmədiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

4. Həmin qərardaddan İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək, qərardadı ləğv edib, iddia ərizəsinə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini, Əks təqdirdə bu şikayəti baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Şikayətin dəlillərinə görə, məhkəmə qərardadını belə əsaslandırıb ki, “iddiaçının tələbləri həm qiymətləndirilən, həm də qiymətləndirilməyən tələblərdən ibarətdir. Belə olan halda isə qiymətləndirilməyən tələblərə münasibətdə də qanunda göstərilən qaydada rüsum hesablanıb ödənilməli idi”. Lakin qeyd etmək istəyir ki, İddiaçı MMMC tərəfindən verilmiş iddianın predmeti Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsidir. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A, blok 2, mərtəbə 7, 1 saylı mənzilin mülkiyyətçisi olan Cavabdeh çoxmənzilli binanın fasad hissəsində, texniki və memarlıq baxımından uyğun olmayan yerdə və binanın layihəsinə və müqaviləyə uyğun olmayan şəkildə kondisioner qurğusu quraşdıraraq, bina fasadının ümumi görünüşünü pozmaqla yanaşı, xarici örtüyə zərər vurmuş, konstruktiv elementlərin deformasiyasına və su sızması kimi problemlər yaratmışdır. Mülkiyyətçi tərəfindən qeyri-qanuni şəkildə kondisionerin quraşdırılması binanın fasadına ciddi şəkildə ziyan vurmuşdur. Belə olduqda hal-hazırda həmin çoxmənzilli binanı idarə edən İddiaçı MMMC binanın fasadına vurulmuş maddi ziyanın mülkiyyətçi tərəfindən könüllü şəkildə ödənilmədiyini nəzərə alaraq dəymiş ziyanın tələb olunması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Yəni "xxxx" MMMC-nin iddia tələbinin məğzini qeyri-qanuni şəkildə kondisioner qurğusunun quraşdırılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təşkil edir. Lakin dəymiş ziyanı tələb edə bilmək üçün ilk öncə mülkiyyətçi tərəfindən binanın tikinti layihəsinə uyğun olmayan şəkildə quraşdırılmış kondisioner qurğusunun sökülməsi lazımdır. Bu hal Cəmiyyətin iddia tələbinin qiymətləndirilməyən iddia kimi hesab edilməsi üçün əsas deyildir, çunki Cəmiyyət binanın fasadına vurulmuş ziyanın ödənilməsini tələb edir. Həmin maddi ziyanın ödənilə bilməsi üçün isə ilk öncə kondisioner qurğusu sökülməlidir. İddianın predmeti məhkəmədən tələb edilən hüquqi nəticədir, texniki icra üsulu deyildir. Bu işdə hüquqi nəticə 1378,5 (bir min üç yüz yetmiş səkkiz manat 50 qəpik) manat ziyanın kompensasiyasıdır. Söküntü həmin ziyanın mənbəyinin aradan qaldırılması vasitəsidir. Söküntü icra xarakterlidir, müstəqil hüquqi nəticə yaratmır. İddianın real predmeti və hüquqi nəticəsi puldur, söküntü isə yalnız bu pul tələbinin texniki-törəmə nəticəsidir. Əsas tələb ziyanın ödənilməsidir, törəmə tələb isə ziyanın davam etməməsi üçün vəziyyətin bərpasıdır. Törəmə tələb ayrıca rüsum yaratmır, ayrıca iddia predmeti formalaşdırmır. Əks yanaşma qəbul edilsəydi, hər zərərin aradan qaldırılması tələbi avtomatik iki rüsumlu olardı. Bu işdə iddiaçı eyni hüquq pozuntusuna görə bir dəfə məhkəməyə müraciət edir, bir hüquqi münasibət üzrə bir rüsum ödənilməlidir. Əgər söküntü ayrıca qiymətləndirilməyən iddia kimi götürülsə, eyni hüquq pozuntusuna görə iki ayrı rüsum ödənilməsi deməkdir ki, bu da nə MPM-in ruhuna, nə də hüquqi ədalətə uyğundur. Məhkəməyə təqdim edilmiş iddiada irəli sürülən tələblər vahid hüquq pozuntusundan irəli gəlir və əsasən əmlak xarakterli ziyanın – 1378,5 manat məbləğində – kompensasiyasına yönəlmişdir. Kondisionerin sökülməsi tələbi isə müstəqil iddia predmeti olmayıb, vurulmuş ziyanın aradan qaldırılmasına xidmət edən törəmə xarakterli hüquqi nəticədir. Bu səbəbdən iddia bütövlükdə qiymətləndirilən iddia hesab olunmalı və dövlət rüsumu iddianın qiyməti üzrə müəyyən edilməlidir. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, iddia tələbi qiymətləndirilə bilindiyindən qiymətləndirilməyən iddia kimi hesablana bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda – alınan məbləğlə hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi qədərində ödənilir. Dövlət rüsumu haqqında qanunun 9.1.17-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər dövlət rüsumunun ödənilməsindən azaddırlar.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 yanvar 2026-cı il tarixli, e-2(004)- 7375/2025 nömrəli qərardadına əsasən şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə. Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda – bütün tələblərin ümumi məbləği ilə. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə. Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia həm qiymətləndirilən, həm də qiymətləndirilməyən tələblərdən ibarətdir. Belə olan halda mülki prosessual qanunvericiliyin tələblərindən irəli gələrək iddianın qiyməti bir neçə müstəqil tələbdən ibarət olan iddialarda – bütün tələblərin ümumi məbləği ilə müəyyən edilir.

10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin bu normanın tələbinə zidd olaraq iddiaçı tərəfindən 34 manat məbləğdə dövlət rüsumu ödənilmişdir.

11. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

12. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, e-2(004)- 7375/2025 nömrəli qərardadından İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, e-2(004)- 7375/2025 nömrəli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar