Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-695/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “binanın fasadında quraşdırılmış kondisioner qurğusunun sökülməsi və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddianın geri qaytarılması, dövlət rüsumu) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(004)- 7378/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında cavabdeh tərəfindən binanın fasadında qanunsuz şəkildə quraşdırılmış kondisioner qurğusunun sökülməsi, 1378,5 manat məbləğində maddi ziyanın və 34 manat məbləğində dövlət rüsumunun, cəmi 1412,50 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(004)- 7378/2025 nömrəli qərardadı ilə (hakim A.Əsədzadə) ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
3. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 34 manat məbləğdə dövlət rüsumu ödənilmişdir. Halbuki, iddiaçının tələbləri həm qiymətləndirilən, həm də qiymətləndirilməyən tələblərdən ibarətdir. Belə olan halda isə qiymətləndirilməyən tələblərə münasibətdə də qanunda göstərilən qaydada rüsum hesablanıb ödənilməli idi.
Şikayətin dəlilləri:
4. İddiaçı qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi, işin icraata qəbul edilərək baxılması barədə yeni qərardad çıxarılmasını xahiş etmişdir.
5. İddianın predmeti cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsidir. Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 92A, blok 7, mərtəbə 15, 7 nömrəli mənzilin mülkiyyətçisi olan Cavabdeh çoxmənzilli binanın fasad hissəsində, texniki və memarlıq baxımından uyğun olmayan yerdə və binanın layihəsinə və müqaviləyə uyğun olmayan şəkildə kondisioner qurğusu quraşdıraraq, bina fasadının ümumi görünüşünü pozmaqla yanaşı, xarici örtüyə zərər vurmuş, konstruktiv elementlərin deformasiyasına və su sızması kimi problemlər yaratmışdır. Mülkiyyətçi tərəfindən qeyri-qanuni şəkildə kondisionerin quraşdırılması binanın fasadına ciddi şəkildə ziyan vurmuşdur. Belə olduqda hazırda həmin çoxmənzilli binanı idarə edən MMMC binanın fasadına vurulmuş maddi ziyanın mülkiyyətçi tərəfindən könüllü şəkildə ödənilmədiyini nəzərə alaraq dəymiş ziyanın tələb olunması üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Yəni, MMMCnin iddia tələbinin məğzini qeyri-qanuni şəkildə kondisioner qurğusunun quraşdırılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi təşkil edir. Lakin dəymiş ziyanı tələb edə bilmək üçün ilk öncə mülkiyyətçi tərəfindən binanın tikinti layihəsinə uyğun olmayan şəkildə quraşdırılmış kondisioner qurğusunun sökülməsi lazımdır. Bu hal Cəmiyyətin iddia tələbinin qiymətləndirilməyən iddia kimi hesab edilməsi üçün əsas deyildir, çunki Cəmiyyət binanın fasadına vurulmuş ziyanın ödənilməsini tələb edir. Həmin maddi ziyanın ödənilə bilməsi üçün isə ilk öncə kondisioner qurğusu sökülməlidir. İddianın predmeti məhkəmədən tələb edilən hüquqi nəticədir, texniki icra üsulu yox. Bu işdə hüquqi nəticə: 1378,5 manat ziyanın kompensasiyasıdır. Söküntü: həmin ziyanın mənbəyinin aradan qaldırılması vasitəsidir. Söküntü icra xarakterlidir, müstəqil hüquqi nəticə yaratmır. İddianın real predmeti və hüquqi nəticəsi puldur, söküntü isə yalnız bu pul tələbinin texniki-törəmə nəticəsidir. Əsas tələb ziyanın ödənilməsidir, törəmə tələb isə ziyanın davam etməməsi üçün vəziyyətin bərpasıdır. Törəmə tələb ayrıca rüsum yaratmır, ayrıca iddia predmeti formalaşdırmır. Əks yanaşma qəbul edilsəydi hər zərərin aradan qaldırılması tələbi avtomatik iki rüsumlu olardı. Bu işdə iddiaçı eyni hüquq pozuntusuna görə bir dəfə məhkəməyə müraciət edir, bir hüquqi münasibət üzrə bir rüsum ödənilməlidir. Əgər söküntü ayrıca qiymətləndirilməyən iddia kimi götürülsə, eyni hüquq pozuntusuna görə iki ayrı rüsum ödənilməsi deməkdir ki, bu da nə MPM-in ruhuna, nə də hüquqi ədalətə uyğundur.
Tətbiq edilən hüquq normaları:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
-108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: -Maddə 108.1.1. İddia ərizəsi verildikdə; -Maddə 108.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir; -Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: -112.1.10. bir neçə müstəqil tələbdən ibarət olan iddialarda-bütün tələblərin ümumi məbləği ilə; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
- Maddə 2.0. Dövlət rüsumu aşağıdakı hallarda tutulur: -2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi; Maddə 8.2 Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğdə dövlət rüsumu ödənilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(004)-7378/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
9. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həm cavabdeh tərəfindən binanın fasadında qanunsuz şəkildə quraşdırılmış kondisioner qurğusunun sökülməsini, həm də 1378,5 manat məbləğində maddi ziyanın ödənilməsini tələb edir.
10. Göründüyü kimi iddiaçı həm qiymətləndirilən iddia tələbi ilə, həm də qiymətləndirilməyən iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
11. İş materaillarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün yalnız qiymətləndirilən iddia tələbi üçün nəzərdə tutulmuş 34 manat məbləğdə dövlət rüsumu ödənilmişdir.
12. İddiaçının şikayətində qeyd etdiyi əsas tələb ondan ibarətdir ki, hazırki işdə qiymətləndirilməyən iddia predmetinə görə dövlət rüsumu ödənilməməlidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.10-cu maddəsinə əsasən bir neçə müstəqil tələbdən ibarət olan iddialarda iddianın qiyməti bütün tələblərin ümumi məbləği ilə hesablanır.
14. Hazırki işdə qiymətləndirilməyən iddianın qiyməti üçün 100 manat dövlət rüsumu nəzərdə tutulduğundan və bu rüsum qiymətləndirilən iddia qiyməti üçün nəzərdə tutulmuş dövlət rüsumunu da əhatə etdiyindən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün 100 manat dövlət rüsumu ödəməlidir.
15. İddiaçın şikayətdə qeyd etdiyi – hazırki iddia tələbində olan qiymətləndirilməyən tələbə görə dövlət rüsumunun ödənilməməsi dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsində olan qiymətləndirilməyən tələbə görə dövlət rüsumu ödənilmədən işə baxılması yolverilməzdir.
16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayəti əsassızdır və qərardadın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.
17. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2025-ci il tarixli, 2(004)- 7378/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov