Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-76/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Cəfərli Pəri İlham qızının katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1576/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra, cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC (VÖEN **********) ilə arasında bağlanan 05 may 2024-cü il tarixli müqaviləyə əsasən, keyfiyyətsiz məhsulun satışı üçün Cavabdeh MMC-yə ödəmiş olduğu 249 manat pulun, çatdırılma və quraşdırılma üçün ödənilən 65 manat pulun, məhkəməyə müraciət üçün çəkmiş olduğu 100 manat hüquqi yardım xidmətinin xərcinin, həmçinin 2000 manat dəyərində qiymətləndirilərək ona dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, bunlarla yanaşı cavabdeh şirkət tərəfindən quraşdırılan kondisionerin şirkətin öz maddi hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanan 05 may 2024-cü il tarixli müqavilənin 3.1-ci maddəsinə əsasən, iddiaçı qiyməti 499 manat olan kondisioner almışdır. Cavabdeh şirkət məhsulun reklamı zamanı kondisionerin məbləğini 375 manat göstərmiş və iddiaçı da məhsulun 375 manat dəyərində olduğunu düşünərək almışdır. İddiaçı məhsulu alan zaman bağlanan müqavilədə qeyd edilən qiymətə nəzər yetirməmiş və müqavilədə qiymət 499 manat qeyd edilmişdir. 05 may 2024-cü il tarixli müqavilənin 3.4-cü maddəsinə əsasən, məhsulun qiyməti alıcı, yəni iddiaçı tərəfindən 3 ay müddətinə satıcıya, yəni Cavabdeh MMC-yə ödəməlidir. İddiaçı 06 may 2024-cü il tarixdə 124 manat ilkin ödəniş, 06 iyun 2024-cü ildə 125 manat ödəniş etmişdir. Belə ki, iddiaçıya məhsulun çatdırılması və quraşdırılması pulsuz olduğu bildirilmişdir. Lakin iddiaçıdan kondisionerin çatdırılması üçün 15 manat və quraşdırılması üçün isə 50 manat tələb edilmişdir. İddiaçı toplam çatdırılma üçün kart hesabına 15 manat və quraşdırılma üçün isə nağd şəkildə ustaya 50 manat ödəmişdir. Kondisioner ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus ofisə quraşdırılmışdır. Kondisionerin quraşdırılmasından sonra yetəri qədər keyfiyyətli olmadığı ortaya çıxmışdır. Belə ki, kondisioner ümumi sahəsi 15 kv.m olan otağı soyutmamış, eyni zamanda qış rejimində də isitməmişdir. Soyuq ofisdə işləmək də iddiaçının səhhətinə ciddi təsir göstərmiş, bu səbəbdən iddiaçı müalicə almışdır. Kondisionerin sökülməməsi səbəbi ilə ofisi isitmək üçün yeni kondisioner də quraşdıra bilməmişdir. Bununla bağlı iddiaçı cavabdehə müraciət etmiş və müxtəlif vaxtlarda 4 fərqli usta göndərilmişdir. İlk göndərilən usta bir neçə dəfə özü gəlib baxmış, sonrakı ustalar kondisionerin yağın dəyişmiş, qazına baxmışlar. Lakin nəticə olmamışdır. İddiaçı məhsulun dəyişdirilməsini tələb emtiş, həmçinin daha baha məhsul verilərsə, məhsul keyfiyyətli olduğu halda aradakı qiymət fərqinin ödənilməsini də cavabdehə təklif etmişdir. Cavabdehin iddiaçını müxtəlif səbəb və bəhanələrlə yubatması səbəbi ilə 3 ay boyunca yayda istidə oturmaq məcburiyyətində qalmışdır. Lakin şirkət iddiaçının şikayətinə və müraciətinə cavab verməyərək, iddiaçını yubatmışdır. Ümumi ödənişdən qalıq qalan 250 manat borcunun ödənilməsi üçün cavabdeh şirkətin iki qadın işçisi iddiaçıya dəfələrlə zəng edərək kobud şəkildə onu təhqir etmişlər. Daha sonra isə cavabdehin kişi hüquqşünası iddiaçı ilə əlaqə saxlayaraq borcu barədə xəbərdarlıq etmişdir. İddiaçı isə ona məhsulun keyfiyyətsiz olması səbəbi ilə borcun geri qalanını ödəmədiyini bildirmişdir. cavabdehin məsuliyyətsizliyi və işçilərinin iddiaçının hər müraciətin də onu təhqir etməsi iddiaçıda əsəb və stresden ürəkdə damar yığılmasına səbəb olmuşdur. cavbadehin iddiaçıya yaşatdığı əsəb və stresden sağlamlığına dəyən zərərlə bağlı koronar angioqrafiya protokolu məhkəməyə təqdim edilmişdir. Kondisioner hələ də sökülməmişdir, iddiaçı isə kondisionerə müdaxilə etmək istəməmişdir. Çünki cavabdeh şirkət kondisionerə kənar müdaxilə olunmasını əsas gətirərək yenə öhdəliklərindən yayınacaqdır. 375 manata reklamını gördüyü məhsulun qiyməti çatdırılması və quraşdırılması ilə birlikdə 564 manata gəlib çıxmışdır. Bundan əlavə məhsul keyfiyyətsizdir. Keyfiyyəti olmayan məhsulun satışı isə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının pozulması deməkdir. İddiaçı cavabdeh şirkətə məhsulun öz dəyəri olan 499 manatdan 249 manat ödəmiş, 250 manat borcu qalmışdır. Məhsul keyfiyyətsiz çıxdığı və cavabdehin də məhsulu dəyişmədiyi üçün iddiaçı yerdə qalan 250 manat borcunu ödəməmişdir. Məhkəməyə müraciət etməkdə məqsədi keyfiyyətsiz məhsulun satışı üçün cavabdehə ödəmiş olduğu 249 manat pulun, çatdırılma və quraşdırılma üçün ödənilən 65 manatın və məhkəməyə müraciət üçün çəkmiş olduğu 100 manat hüquqi yardım xidməti xərcinin, həmçinin 2000 manat dəyərində dəymiş mənəvi zərərin əvəzinin cavabdehdən tutulmasını tələb etməkdən ibarətdir. Həmçinin iddiaçı cavabdeh şirkət tərəfindən quraşdırılmış məhsulun şirkətin öz hesabına sökülməsini tələb etmişdir. Belə ki, iddiaçı məsələ ilə bağlı cavabdeh şirkətə şikayət ərizəsi ilə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1576/2025 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilərək, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ofisə quraşdırılmış Ficher Has-09AXR model kondisionerin Cavabdeh MMC-nin hesabına sökülərək cavabdehə təhvil verilməsi, cavabdehdən 264 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən ekspertiza xərci kimi ödənilmiş 100 manat pulun iddiaçının xeyrinə tutulması, cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını, həmin hissədə tam təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsində göstərilənlərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, əşyanın qüsurları barədə cavabdehin üzərinə düşən öhdəliyi icra etməməsi, ümumiyyətlə əşyanın qüsurlu olması, cavabdeh tərəfindən bir neçə dəfə təmir olunmasına baxmayaraq qüsurların tam aradan qaldırılmaması, yay aylarında, eləcə də qışda kondisonerin bir otağın temperaturunu tənzimləməməsi, cavabdehin əməkdaşları tərəfindən telefon vasitəsilə təhqir olunması, nəticədə əsəb və gərginlikdən səhhətinin pisləşməsi və s. bu kimi qanunsuz hərəkətlərin nəticəsində hüquqlarının pozulması, bütün qeyd olunanların birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmasına baxmayaraq iddianın qismən təmin olunması və s. göstərilmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, onun istehlakçı kimi hüquqları pozulmuş, ona qüsurlu əşya satılmışdır. Bu hal birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunsa da, iddiası mənəvi zərərin tutulması hissədə ümumiyyətlə təmin olunmamışdır. Həmçinin iddia ərizəsinin yazılması ilə bağlı ona hüquqi yardım göstərilməsi və buna görə 100 manat pul öədəmsinə dair müvafiq qəbzi məhkəməyə təqdim etsə də, həmin hal nəzərə alınmamışdır. Bundan başqa, çatdırılma və quraşdırlma xərcinə dair cavabdehin əməkdaşlarına nağd qaydada ödəniş etmiş, lakin buna dair ona hər hansı sübut (qəbz, çek və s.) təqdim olunmamışdır. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz apellyasiya şikayəti həddində (iddianın təmin olunmayan hissələrində) birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə qismən ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalıdır. Belə ki, işdə olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış 05 may 2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Ficher Has-09AXR model kondisioner satılmışdır. İşdə olan Zəmanət talonundan görünür ki, Ficher Has-09AXR model kondisioner üçün 02 iyun 2025-ci il tarixədək zəmanət verilmişdir. İşdə olan 4127********5687 hesaba (Elektronika) 124 manat, 15 manat, 125 manat olmaqla, ümumilikdə 264 manat pul vəsaiti köçürülmüşdür. İşdə olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 06 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanan 05 may 2024cü il tarixli müqaviləyə əsasən keyfiyyətsiz məhsulun satışı üçün Cavabdeh MMC-yə ödəmiş olduği 249 manatın, çatdırılma və quraşdırılma üçün ödənilən 65 manatın iddiaçıya ödənilməsi, bunlarla yanaşı şirkət tərəfindən quraşdırılan kondisionerin şirkətin öz maddi hesabına sökülməsi barədə tədbir görülməsini, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İşdə olan "xxxx" MMC-nin 22 may 2025-ci il tarixli UNİ/İ 34-251/2025 saylı ekspert rəyindən görünür ki, İddiaçı istifadəsində olan Ficher Has-09AXR model kondisionerin kompressorunun nasaz, parametrlərə uyğun olmadığı, kondisionerin düzgün quraşdırılmadığı, freon qazını saxlamadığı, quraşdırıldığı 14 kv.metr qeyri-yaşayış sahəsini soyutmadığı müəyyən edilmişdir. Ficher Has-09AXR model kondisionerdə kompressoru parametrlərə uyğun deyil, təzyiqi düzgün təznimləmir, quraşdırıldığı gündən nasazdır. Kondisioner düzgün quraşdırılmadığından freon qazı vurulduqda boru birləşmələrindən sızmalar olur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 317313 nörməli, 30 iyun 2025-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı tərəfindən qiymətləndirmə xidmətinə görə 100 manat ödəniş edilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında xx.xx.2024-ci il tarixdə, satış qiyməti 499 manat olan Ficher Has-09AXR model kondisionerin alqı-satqısının həyata keçirilməsi, həmin əşyanın iddiaçıya təhvil verilməsi, sonradan bir neçə dəfə iddiaçının müraciətlərinə əsasən cavabdehin əməkdaşları tərəfindən əşyaya baxışların keçirilməsi, lakin qüsurların yenidən ortaya çıxması işin mübahisə olunmayan hallarıdır. İddiaçı hazırki tələbi istehlakçı kimi hüquqlarının müdafiəsinə yönəlmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya lazımi keyfiyyətdə məhsul satılmadığı müəyyən edilmiş, bununla da iddiaçının istehlakçı kimi hüquqları pozulmuşdur. İddiaçı kondisioner üçün ümumilikdə 314 manat pul vəsaiti ödədiyini iddia etsə də, iş materialları ilə cavabdehə 264 manat pul vəsaiti ödənildiyi təsdiq edildiyindən, iddia tələbi qismən təmin edilməli, iddiaçının ofisində quraşdırılmış kondisioner cavabdehin maddi vəsaiti hesabına sökülməli, iddiaçı tərəfindən ödənilmiş 264 manat pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə iddianı mənəvi zərərin və hüquqi xidmət üçün ödənilmiş pulun cavabdehdən tutulması hissədə rədd edərkən müvafiq sübutların təqdim olunmamasına əsaslanmışdır. Məhkəmə kollegiyası qətnamənin yoxlanılan hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, eyni zamanda aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin (bundan sonra, MM) 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-nin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. MM-nin 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. MM-nin 582.1-ci maddəsinə əsasən satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır; MM-nin 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. MM-nin 582.3-ci maddəsinə əsasən əşyanın keyfiyyəti üçün qarantiya, əgər alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, onun tərkib hissələrinə (komplektləşdirici məmulata) də şamil edilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, tərəflər arasında bağlanan mülki-hüquqi əqdlərin biri də alqı-satqı müqaviləsidir. Satıcı alıcıya müqavilənin şərtlərinə uyğun keyfiyyətdə əşya verməyə borcludur. Əgər müqavilədə keyfiyyət barədə konkret göstəriş yoxdursa, təqdim edilən əşya həmin növdən olan malların adi istifadə məqsədlərinə uyğun və normal keyfiyyət tələblərinə cavab verən vəziyyətdə olmalıdır. Satıcı həmçinin əşyanı müqavilədə nəzərdə tutulan funksional xüsusiyyətlərə və texniki göstəricilərə uyğun şəkildə təhvil verməlidir. Əks halda əşya qüsurlu hesab olunur və alıcı qanunla müəyyən edilmiş hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. Həmçinin, verilən əşya həmin növ əşyalardan alıcının adətən istifadə etdiyi məqsədlər üçün ağlabatan müddətdə və ya tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan qarantiya müddəti ərzində yararlı olmalıdır. Əşyanın keyfiyyətinə dair tələblərin pozulması alıcıya bir sıra maddi-hüquqi tələblər irəli sürmək imkanı yaradır. Mülki Məcəllənin müvafiq normalarına görə alıcı qüsurun xarakterindən və əhəmiyyətindən asılı olaraq əşyanın qüsurlarının aradan qaldırılmasını, qüsurlu əşyanın eyni növdən olan qüsursuz əşya ilə dəyişdirilməsini, qiymətin müvafiq qaydada azaldılmasını və ya mühüm qüsur mövcud olduqda müqavilədən imtina etməklə ödənilmiş məbləğin geri qaytarılmasını tələb edə bilər. Bu mexanizm müqavilə balansını qorumağa və alıcının legitim gözləntilərini təmin etməyə xidmət edir; satıcı isə təqdim etdiyi əşyanın müqaviləyə uyğun keyfiyyətdə olmasını təmin etməklə mülki dövriyyənin etibarlılığına cavabdeh olur. Hazırkı halda isə, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya keyfiyyətsiz malın satılması, nəticədə iddiaçının istehlakçı hüquqlarının pozulması müəyyən olunmuşdur (cavabdeh bu halı mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir). Məhkəmə kollegiyası mübahisələndirlən hissədə iddianın mənəvi zərərin tutulmasına münasibətdə aşağıdakıları qeyd edir. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 12-ci maddəsinə əsasən istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 18.0.6-cı maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklam fəaliyyətinin subyekti) alıcıya (istehlakçıya) ödənilməsini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2025-ci il tarixli, 20 nömrəli Qərarında izah edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində istehlakçılar üçün bərabər şəraitin yaradılması məqsədilə alqı-satqı prosesində, işlərin görülməsində və xidmətlərin göstərilməsində istehlakçı ilə istehsalçı, satıcı və icraçı arasında münasibətlərin eyni cür tənzimlənməsinin, istehlakçıların hüquqlarının müdafiəsinin ümumi hüquqi, iqtisadi və sosial əsasları, habelə əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsasları və mexanizmi qanunla müəyyənləşdirmişdir. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına dəymiş zərər zərərvuran tərəfindən istehlakçıya tam ödənilməlidir. Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərərin vurulması isə şəxsin şəxsiyyət hüquqlarının pozulması ilə nəticələndiyi halda mənəvi zərərin yaranmasına səbəb olur. İstehlakçıların şəxsiyyət hüquqlarının müdafiəsi və mənəvi zərərin kompensasiyası tələblərinin maddi hüquqi əsasını tərəflər arasında bağlanmış müqavilə, Mülki Məcəllənin 9-cu bölməsinin və ya digər (müqavilənin növündən asılı olaraq) normaları, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, habelə digər sahəvi normativ hüquqi aktlar təşkil edir. İstehlak münasibətlərindən irəli gələn zərər tələbinin maddi hüquqi əsasları müəyyənləşdirilərkən zərəçəkmişin müqavilə tərəfi olub-olmaması, zərər əmlaka vurulduqda isə həmin əmlakın müqavilə predmetini təşkil edib-etməməsindən asılı olaraq, bu qərarın 4.15-ci bəndində göstərilən qayda nəzərə alınmalıdır. İstehlakçıya dəyən zərər onun seçimindən asılı olaraq, istehsalçı (icraçı, satıcı) tərəfindən ödənilməlidir. Nəzərə alınmalıdır ki, “icraçı” iş görən, yaxud xidmət göstərən müəssisə, idarə, təşkilat və ya sahibkar olmaqla, xidmət sahəsində mənəvi zərərin ödənilməsinə cavab verməli olan şəxsdir. İstehlakçıya ödənilməli olan mənəvi zərərin həcmi malın (işin, xidmətin) dəyərindən və ya tutulmalı olan dəbbə pulunun məbləğindən asılı olmayaraq, ümumi meyarlar əsasında müəyyən olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. İş üzrə müəyyən olunduğu kimi, kondisionerin qüsurlu olması nəticəsində iddiaçı yay aylarında yüksək temperatur şəraitində işləməyə məcbur qalmış, dəfələrlə müraciətlər etməsinə baxmayaraq nəticə əldə olunmamış, bu isə onun normal yaşayış və əmək şəraitinə mənfi təsir göstərmiş, fiziki narahatlıq və psixoloji gərginlik yaratmışdır. Bu hal şəxsin normal həyat şəraiti və rifahı ilə bağlı qeyri-əmlak nemətlərinə mənfi təsir kimi qiymətləndirilə bilər. Beləliklə, işin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən iddiaçıya vurulmuş mənəvi zərər kompensasiya edilməlidir. Qüsurlu əşyanın verilməsi faktı və bunun nəticəsində alıcının uzun müddət isti və narahat şəraitdə işləməyə məcbur qalması təsdiq olunduğundan, satıcının öhdəliyi pozması ilə alıcının keçirdiyi mənəvi iztirablar arasında səbəbli əlaqə mövcuddur. Bu səbəbdən, mülki hüquq məsuliyyətinin prinsiplərinə uyğun olaraq satıcı (cavabdeh) vurulmuş mənəvi zərərə görə də məsuliyyət daşımalı və alıcıya (iddiaçıya) mənəvi zərərin pul kompensasiyası ödənilməlidir. Lakin, iddiaçının tələb etdiyi məbləğ yüksək olmaqla pozuntunun xarakteri ilə mütənasib deyildir. Odur ki, məhkəmə kollegiyası mənəvi zərərin məbləğinin 200 manat həddində müəyyən olunmasını ağlabatan və ədalətli hesab edir və həmin pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlir. Bundan başqa, iddiaçının digər tələbi, yəni hazırki iddia ərizəsinin yazılmasına görə ödənilmiş 100 manat hüquqi xidmət haqqına münasibətdə qeyd olunmalıdır ki, iddiaçı tərəfindən təqdim olunmuş BPMASAN**********94 nömrəli xx.xx.2024-cü il tarixli mədaxil qəbzinin əslindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin hazırlanmasına görə 100 manat ödəniş olunmuşdur. Göründüyü kimi, iddiaçı pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək üçün peşəkar hüquqi xidmət almış, bunun qarşılığında isə 100 manat ödəniş etmişdir. Birinci instanstiya məhkəməsi həmin hissədə müvafiq sübutun təqdim olunmamasını qeyd etsə də, işdən görünür ki, məhkəmə müvafiq zəruri sübutların təqdim olunmasını iddiaçıya təqdim etməmiş, bununla da prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Halbuki, MPM-in 77.3-cü maddəsinin tələbinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Bununla yanaşı, MPM-in 167.1-ci maddəsindən də göründüyü kimi, hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında həmçinin tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. Göründüyü kimi, sübutetmə yükü əsasən tərəflərin üzərində qalsa da, məhkəmə passiv müşahidəçi kimi qalmamalı, işin düzgün və hərtərəfli araşdırılması üçün tərəflərin diqqətini çatışmayan sübutlara yönəldə bilər. Bu norma mülki prosesdə dispozitivlik prinsipi ilə məhkəmənin işin hallarını tam və obyektiv araşdırmaq vəzifəsi arasında balans yaratmağa xidmət edir. Məhkəmə özü tərəflərin əvəzinə sübut toplamalı deyil, lakin iş materialları mübahisəni həll etmək üçün yetərli olmadıqda, tərəflərə hansı sübutların təqdim edilməsinin zəruri olduğunu göstərmək səlahiyyətinə malikdir. Beləliklə, 77.3-cü maddə tərəflərin sübutetmə vəzifəsini aradan qaldırmır, sadəcə məhkəməyə prosesin effektiv aparılması üçün əlavə sübutların təqdim edilməsini təşviq etmək imkanı verir. İddiaçı iddia ərizəsində açıq aşkar qeyd etmişdir ki, o iddia ərizəsinin yazılması üçün vəkilin xidmətindən istifadə etmiş və 100 manat xidmət haqqı ödəmişdir. Belə olan halda məhkəmənin bu halı müzakirə etməməsi və müvafiq zəruri sübutu təqdim etməyi iddiaçıya təklif etməməsi prosessual hüquq normalarının tələbləri ilə uzlaşmır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat hüquqi xidmətin haqqının cavabdehdən tutulması hissəsində iddia təmin olunmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən tələblərlə bağlı düzgün nəticəyə gəlməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. İddiaçının digər tələbi - əşyanın çatdırılması və quraşdırılmasına görə ödənilmiş 65 (15 manat kart vasitəsilə, 50 manat nağd) manat pulun cavabdehdən tutulması ilə bağlı olmuşdur. İşdən görünür ki, məhkəmə iddianı 15 manat hissədə təmin etmiş, həmin məbləğ təmin olunmuş 264 manatın tərkibində olmuşdur. Lakin, iddiaçı cavabdehin əməkdaşlarına nağd qaydada 50 manat ödəməsinə dair məhkəmə hər hansı sübut təqdim etməmiş, tələbini həmin hissədə əsaslandıra bilməmişdir. Əksinə iddiaçının özü də bu hissədə hər hansı sübutunun olmamasını etiraf etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edilən hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Avropa Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə yoxlanılan hissədə qismən (mənəvi zərərin və hüquqi xidmət haqqının rədd olunması hissələrində) ləğv olunmalı, həmin hissədə iddia qismən təmin olunmalı, iddiaçının istehlakçı hüquqlarının pozulmasına görə mənəvi zərərin əvəzi olaraq 200 manat, habelə hüquqi xidmət haqqı kimi ödənilmiş 100 manat pul cavabdehdən tutularaq iddiaçıya verilməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən göründüyü kimi, apellyasiya instansiyası məhkəməsində baxılan hazırki mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-1576/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 1576/2025 saylı qətnaməsi yoxlanılan hissədə qismən (yəni, hüquqi xidmət xərcinin və mənəvi zərərin əvəzinin cavabdehdən tutulması ilə bağlı iddia tələblərinin rədd olunması hissələrində) ləğv olunsun, iddia tələbləri həmin hissədə qismən təmin olunsun. İstehlakçı hüquqlarının pozulmasına görə dəymiş mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat və hüquqi yardım (iddia ərizəsinin yazılması) üçün ödənilmiş 100 (bir yüz) manat pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-76/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-76/2026
11.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver