Məhkəmə qərarları › İş №2(3-6)-77/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-77/2026

16.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-77/2026 16.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, e- 2(011)-5425/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29905 manat dəyərində maddi zərərin, 181 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli, e-2(011)- 5425/2025 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, 22625 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq mütərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2, 157,88 manat dövlət rüsumunun əvəzi Cavabdeh İB-dən tutularaq İddiaçı1, 300 manat ekspertiza xərci Cavabdeh İB-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh İB apellyasiya şikayət verərək qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.2. əmlakın tələb edilməsi haqqındakı iddialarda—tələb edilən əmlakın dəyəri ilə; Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə; 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində rüsum ödənilməlidir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. İddianın predmetini ümumilikdə 29905 manat pul məbəği təşkil edir.

7. Bu halda iddia ərizəsi verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği 180,60 manat, apellyasiya şikayəti verilərkən ödənilməli olan dövlət rüsumunun məbləği 89,86 manat təşkil edir.

8. Cavabdeh İB tərəfindən isə apellyasiya şikayətinə 80 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunmuşdur.

9. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, e-2(011)- 5425/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar