Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-806/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-5016/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 1.81 ha boş torpaq sahəsinə müəyyən olunmuş tariflərlə icarə müqaviləsi bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin cavabdeh qismində cəlb edilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən 1.81 ha boş torpaq sahəsinə müəyyən olunmuş tariflərlə İddiaçı ilə icarə müqaviləsi bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Xidmətin üzərinə qoyulması və icarə hüquqlarının qeydiyyata alınaraq çıxarış verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 5016/2025 nömrəli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, İddiaçı aidiyyəti üzrə səlahiyyətli olan inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
4. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, həmin ünvanda torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi ilə əlaqədar eyni tələblə, eyni cavabdehlərə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, lakin Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9907/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmayaraq, həmin iddia tələbi ilə ümumi məhkəməyə müraciət edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin həmin qərardadı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-4062/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə (sədrlik edən C.Yusifov) dəyişdirilmədən saxlanılmışdır. Ona görə də göstərilənlərə əsaslanaraq ümumi məhkəməyə müraciət edilmişdir. Belə olan halda isə məhkəmə qanunsuz və əsassız qərardadını ləğv edərək, iddia ərizəsinin baxılmasına dair yeni qərardad qəbul etməlidir
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir.
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: Bənd 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bənd 4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bənd 6.1. Torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
13. İşdən görünür ki, iddiaçı torpaq sahəsinə müəyyən olunmuş tariflərlə icarə müqaviləsi bağlanmasına dair qərar qəbul edilməsi öhdəliyinin cavabdehlər inzibati orqanların üzərinə qoyulmasını tələb edir.
14. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarına əsasən dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. Göründüyü kimi, bu tələblərə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz.
16. İddiaçı qonşuluğunda yerləşən torpaq sahəsi ilə əlaqədar oxşar tələb üzrə 2023-cü ildə qəbul edilmiş birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin iddianın mümkün sayılmaması barədə qərardadlara istinad etsə də, həmin qərardadların kassasiya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanılması barədə məlumat göstərməmişdir.
17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 5016/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.