Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-853/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “X3” ASC-nin cavabdeh Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kredit borcunun qaytarılması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı "X3" ASC-nin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2023-cü il tarixli, **U/** nömrəli kredit müqaviləsinə əsasən cavabdeh Cavabdeh 18 ay müddətinə, illik 16% olmaqla 7000 manat məbləğində kredit verilmişdir.
2. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ##.##.2025-ci il tarixə 4850,8 manat əsas, 521,33 manat faiz, 332,55 manat cərimə borcu olmaqla, cəmi 5704,68 manat borcu yaranmışdır.
3. İddiaçı tərəfindən cavabdehə göndərilmiş bildiriş məktubundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcla əlaqədar məlumat verilməklə, öhdəliyinin icrası tələb edilmiş əks halda barəsində qanunla müvafiq tədbir görüləcəyi nəzərinə çatdırılmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı “X3” ASC-nin (ləğv prosesindədir) cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək cavabdehdən 4850,8 manat əsas, 521,33 manat faiz, 332,55 manat cərimə borcu olmaqla, cəmi 5704,68 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 77,05 manat məbləğində vəsaitin cavabdeh Cavabdeh tutularaq, ləğv prosesində olan “X3” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli ərizə-anketi imzalamaqla fiziki şəxslərə kredit xəttinin verilməsi üzrə standart şərtlər ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Standart şərtlərin 1.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 18 ay müddətinə, illik 16% olmaqla 7000 manat məbləğində kredit xətti açılmışdır. X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən ## ###### 2010-cu il tarixdə verilmiş ** saylı lisenziya, Azərbaycan Respublikasının qanunvericiliyi və öz Nizamnaməsi əsasında fəaliyyət göstərən “xxxx” Kommersiya Bankı ASC (bundan sonra – Bank) tərəfindən fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmayan kredit məhsullarından istifadə etmək niyyətini bildirdikləri və ya istifadə etdikləri halda onların Bankla münasibətlərini tənzimləyir. X1 Bankın “Ucard” məhsulu çərçivəsində fiziki şəxslərə istehlak kreditinin verilməsi şərtləri və qaydalarını müəyyən edir və Standart Şərtlərdə göstərilən müddəalar qeyri-rezident fiziki şəxslərə şamil edilmir. Standart şərtlərə əsasən müştəri, kredit və ondan istifadəyə görə hesablanmış faizləri və digər ödənişləri X1, standart məlumatlandırma forması və kredit xətti müqaviləsində müəyyən olunmuş müddətlərdə Banka qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## #### 2025, cümə axşamı tarixinə “xxxx” KB ASC-yə 4850,8 manat əsas, 521,33 manat faiz, 332,55 manat cərimə borcu olmaqla, cəmi 5704,68 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu iləhəll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh “xxxx” ASC-nin xeyrinə kredit müqaviləsi üzrə əsas borca görə 4850 manat, faiz borcuna görə 521,33 manat, cərimə borcuna görə 332,55 manat, cəmi 5704 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 77,05 manat məbləğində dövlət rüsumu tutularaq “X3” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim Əminə Abbasova)
7. Məhkəmə iddia tələbini təmin edərkən ona istinad etmişdir ki, cavabdeh Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitinin ödənilməsinə dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə iddiaya hesablanmış cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək, belə qənaətə gəlmişdir ki, iddia qeyd edilən hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə işin faktiki halları və əsas borcun məbləğini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı tərəfindən tələb edilən cərimə və faiz məbləği əsas borc məbləğinə mütənasibdir. Odur ki, tələb edilən cərimə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 445-ci, 448.1-ci, 739.1-ci, 739.2-ci, 743-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə ## #### 2023-cü il tarixli **/**** saylı qərardadına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Məmmədova Lətifə Məhyəddin qızı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən onun icra olunmasının real mümkünlüyünü nəzərə almamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi məhkəməyə tərəflərin əmlak vəziyyətini və digər mühüm halları qiymətləndirərək qətnamənin icrasına möhlət vermək vəya onu hissə-hissəicra etdirmək hüququ tanıyır. İş materiallarından və məhkəməyə təqdim edilmiş sübutlardan göründüyü kimi,cavabdeh İ qrup əlildir, yataq xəstəsidir və onun yeganə gəlir mənbəyi dövlət tərəfindən ödənilən sosial müavinətdir. Bu hallar nəinki iddiaçı tərəfindən mübahisələndirilməmiş, həm də məhkəmə iclasında məhkəməyə bəlli olmuşdur. Belə bir şəraitdə borcun dərhal və bütöv şəkildə ödənilməsinin tələb edilməsi cavabdehin real maliyyə imkanları ilə açıq şəkildə ziddiyyət təşkil edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır.
Tətbiq edilən maddi və prosessual hüquq normaları
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
19. Mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
20. İş materiallarında olan maliyyə arayışına, hesabdan çıxarış məlumatlarına və ödəniş cədvəlinə əsasən müqavilə üzrə Cavabdeh banka olan borcu ##.##.2025-ci il tarixə 4850,8 manat əsas, 521,33 manat faiz, 332,55 manat cərimə borcu olmaqla, cəmi 5704,68 manat borc təşkil edir.
21. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdehin səhhətinin yaxşı olmaması və birinci qrup əlil olduğundan ödəmələrdə gecikmələrin olmasını kredit borcu üzrə məbləğin ödənilməməsinin əsaslı olması və məbləğin tələb edilməsini istisna edən hal kimi qəbul edilməsi əsaslı hesab edilə bilməz. Cavabdehin müharibədə aldığı xəsarət səbəbindən ödənişləri gecikdirməsinə görə kredit borcu üzrə cərimə borcunun tutulmamaqla silinməli olması dəlilinə münasibətdə isə kollegiya hesab edir ki, tələb edilən cərimə (dəbbə pulu) tutulan əsas borcun məbləğinə mütənasib olmaqla azaldılması və və həmin hissədə iddianın rəddi üçün hər hansı bir əsas yoxdur.
22. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etmişdir. Cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.