Məhkəmə qərarları › İş №2(3-6)-878/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-878/2026

21.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-878/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “Bakı Şəhər İşığı” X4 cavabdehlər Əliyev İlkin Arzu oğluna və cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərər) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, iddiaçı “Bakı Şəhər İşığı” X4 nümayəndəsi X3, cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı “Bakı Şəhər İşığı” X4 cavabdehlər Əliyev İlkin Arzu oğluna və cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Yol-nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı inzibati xəta haqqında protokol və ##.##.2023-cü il tarixli, TP- ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli şəxs “Chevrolet” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əliyev İlkin Arzu oğlu tanınmışdır.

2. Hadisə zamanı **-PS-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır.

3. “Chevrolet” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolnəqliyyat vasitəsi baş verən zaman cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış olmuşdur.

4. İş materiallarında olan xxxxn görünür ki, “Chevrolet markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin dəyəri 5892 manatdır.

5. Cavabdeh tərəfin təqdim etdiyi hesabatda dəymiş zərərin məbləği 3.536 manat müəyyən edilmişdir.

6. İşin apellyasiya baxışı zamanı təqdim olunmuş “Bakı Şəhər İşığı” X4 baş mühəndisi A.Paşayev tərəfindən tərtib edilmiş aktda görünür ki, müəssisəyə məxsus “CHEVROLET NEXIA“ minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü il tarixdə vurulmuşdur; dəymiş ziyan məbləği köhnəlmə dərəcəsi tətbqi edilməklə 5.891,60 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı “Bakı Şəhər İşığı” X4 cavabdehlər Əliyev İlkin Arzu oğluna və cavabdeh1 Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı Şəhər İşığı” X4 vurulmuş 5.892 (beş min səkkiz yüz doxsan iki) manat məbləğində maddi ziyanın müştərək qaydada cavabdehlər cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Əliyev İlkin Arzu oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə Binəqədi rayonu H.Əliyev məsçidinin qarşısında, İsrafil Həşimov küçəsi ilə İ.Dağıstanlı küçəsinin kəsişməsinə yaxın ərazidə, Əliyev İlkin Arzu oğlu idarə etdiyi “CHEVROLET NEXIA“ minik markalı, **-PS- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etməni itirərək yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Bakı Şəhər İşığı” X4 məxsus işıq dirəyini və eyni zamanda özül hissəsini sıradan çıxararaq müəssisəyə 5.892 (beş min səkkiz yüz doğsan iki) manat məbləğində maddi ziyan vurmuşdur. Yol nəqliyyat hadisəsi ilə bağlı qəbul edilmiş, Binəqədi RPİ DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilən ##.##.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola və TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs "CHEVROLET NEXIA” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əliyev İlkin Arzu oğlu tanınmışdır. Hadisə zamanı “CHEVROLET NEXIA” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası, cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. Qeyd edirlər ki, hadisə nəticəsində zərər dəymiş işıq dirəyi dövlət mülkiyyətindədir, istismarı və texniki xidmətinin təşkili məqsədi ilə əvəzsiz olaraq “Bakı Şəhər İşığı” X4 balansına verilmişdir. Aşağıda göstərilənlərə əsasən, iddianı qanuni və əsaslı sayaraq hesab edirlər ki, müəssisəyə vurulmuş 5892 (beş min səkkiz yüz doğsan iki) manat məbləğində maddi ziyan müştərək qaydada cavabdehlər cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən və Əliyev İlkin Arzu oğlundan tutularaq “Bakı Şəhər İşığı” X4 ödənilməlidir. Tərəfindən cavabdehlərə maddi ziyanın ödənilməsi üçün müraciət olunmuş lakin onlar üzərlərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Belə ki, dəymiş ziyan məbləğinin ödənilməsi üçün cavabdeh1 Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ##.##.2023-cü il tarixli məktub ilə rəsmi qaydada müraciət edilmişdir.

9. Cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının cavabdeh1 Sığorta Şirkətinə qarşı "sığorta ödənişinin verilməsinə dair” iddiası əsassız olduğu üçün təmin edilə bilməz. Hadisədən sonra sığortaçı tərəfindən işıq dirəyinə dəymiş zərər qiymətləndirilmiş və hesabata əsasən müəyyən olunmuşdur ki, əmlakın təmir-bərpa xərcləri 3536 manat təşkil edir. Lakin iddiaçı zərər məbləği ilə razılaşmadığına görə, sığorta ödənişinin həyata keçirilməsi mümkün olmamışdır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq iddiaçıya zərərin müstəqil eskpert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmiş amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən imtina etmişdir. Qanunvericiliyin tələblərinə əsasən əmlaka dəymiş zərərin qiymətləndirilməsi sığortaçı tərəfindən təmin edilməli və yaxud, zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, tərəflər arasında qarşılıqlı razılaşma əsasında qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılmalı idi. Qeyd edilənlərdən məlum olur ki, cavabdeh cavabdeh1 Sığorta Şirkətinin sığorta hadisəsi nəticəsində dəymiş zərəri qiymətləndirmək hüququ qanunvericiliklə təsbit edilmişdir. Sığortaçı zərəri qiymətləndirmiş amma iddiaçı zərər məbləği ilə razılaşmadığına görə sığorta ödənişini həyata keçirə bilməmişdir. İddiaçı tərəfindən təqdim olunan "xxxx" qeyd edilən məbləğ, sığorta şirkətinin iştirakı və razılığı olmadan, birtərəfli qaydada tərtib olunmuşdur. Zərərin təhlili və qüsurların müəyyən edilməsi cavabdeh1 Sığorta Şirkəti tərəfindən həyata keçirilməmiş, bu barədə qarşı tərəflə hər hansı razılaşdırılmış akt və ya ekspert rəyi də mövcud olmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş və iddia edilən zərəri 5892 AZN məbləğində müəyyən edən "smeta" hüquqi baxımdan sübut kimi qəbul edilə bilməz. Belə ki, bu akt mütəxəssislər tərəfindən tərtib edilməmişdir. Qüsur aktı hər hansı sığorta mütəxəssisi, texniki ekspert və ya müstəqil qiymətləndirici tərəfindən deyil, iddiaçı tərəfindən tərtib edilmiş və imzalanmışdır. Bu şəxslər əmlakın texniki xüsusiyyətlərini peşəkar qiymətləndirmək səlahiyyətinə malik deyildirlər. Akt hüquqi əhəmiyyət daşımır. Belə ki, qiymətləndirmə fəaliyyəti yalnız lisenziyalı, ixtisaslı ekspertlər və mütəxəssislər təqdim edə bilər. Təqdim edilən sənəddə belə bir status yoxdur. Sığorta şirkətinin iştirakı olmadan tərtib olunub. Qiymətləndirmə yalnız sığorta şirkətinin iştirakı və razılığı ilə aparıldıqda hüquqi nəticə doğura bilər. Təqdim edilən sənəd birtərəfli gaydada, birbaşa işdə maraqlı şəxs tərəfindən öz əmlakı barəsində hazırlanıb və sığortaçı ilə razılaşdırılmayıb. Sığorta şirkətinin müəyyən etdiyi məbləğ və iddiaçının tələb etdiyi məbləğ arasında rəqəm fərqləri mövcuddur. Hazırkı iddia ilə iddiaçı cavabdehdən əmlaka dəyən real zərər miqdarından artıq zərərin ödənilməsini tələb edir ki, bu da yolverilməzdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 5000 (beş min) manat məbləğində sığorta ödənişinin cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-dən və maddi zərərin əvəzi olaraq 892 (səkkiz yüz doxsan iki) manat məbləğində pul vəsaitinin cavabdeh Əliyev İlkin Arzu oğlundan tutularaq iddiaçı “Bakı Şəhər İşığı” X4 ödənilməsi qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus olan əmlaka hadisə nəticəsində zərər vurulması, zərərin “Chevrolet” minik markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əliyev İlkin Arzu oğlu tərəfindən vurulması və hadisə zamanı **-PS-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığorta ilə cavabdeh1 ASC sığortalanması işin mübahisəsiz hallarıdır.

12. Məhkəmə, həmçinin qeyd etmişdir ki, “Chevrolet markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulmuş dirəyin bərpasına sərf olunan xərclərin dəyəri 5892 manatdır. Qanunvericiliyin tələbləri də nəzərə alınmaqla qanunvericilikdə nəzərdə tutulmuş həddə 5000 (beş min) manat məbləğində sığorta ödənişi cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

13. Eyni zamanda məhkəmə hesab etmişdir ki, dəymiş zərərin qalan 892 (səkkiz yüz doxsan iki) manat hissəsi cavabdeh Əliyev İlkin Arzu oğlundan tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 922.1, 926.1, 1096.1, 1096.2, 1097.1 və 1108.1-ci maddələrinə; .«İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 15.1, 15.2 və 56.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə zərər məbləği cavabdeh tərəfindən müəyyən edilmişdir. Qanunvericiliyin tələbləri nəzərəalınaraq iddiaçıya zərərin müstəqil eskpert tərəfindən qiymətləndirilməsi üçün 3 müstəqil ekspert təklif edilmiş amma iddiaçı zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsindən də imtina etmişdir. Məhkəmə əmlakı tam məhv olmuş hesab edərək sığortaçıdan 5000 manat məbləğində tam zərərin tutulması nəticəsinə gəlmişdirsə, bu halda sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq zərər dəymiş əmlakın qalıqları sığortaçıya keçməli idi. Lakin nə qalıqların mövcudluğu məsələsi araşdırılmış, nə də onların sığortaçıya verilməsi barədə hər hansı qərar qəbul edilmişdir. Məhkəmə zərər dəymiş əmlakın təmirini və ya bərpasını mümkünkün hesab etməyərək əmlakı tam məhv olmuş hesab etmiş və iddia tərəfin təqdim etdiyi smetanı mötəbər sübut hesab edərək işıq dirəyinin bərpasına sərf olunan xərclərin dəyərinin 5892 manat olması barədə əsassız nəticəyə gəlmişdir. Belə ki, əmlakın tam məhv olması faktı yalnız müvafiq ləğvetmə (silinmə) aktı ilə sübut edilə bilər. Belə bir sənədin iş materiallarında mövcud olmaması məhkəmənin əmlakı tam məhv olmuş hesab etməsi üçün hüquqi əsas yaratmır. Məbləğ mübahisəsi ilə bağlı tərəflərindən məhkəməyə yazılı vəsatət təqdim edilərək, iddiaçıdan işıq dirəyinin məhv olması halında silinməaktının, təmir edilməsi halında təmir aktının, saxlanılması halında isə əmlakın mövcud vəziyyəti barədə məlumatların, əmlakın məhz 5892 manataalınmasına dair alğı-satqı müqaviləsi, gömrük sənədləri, hesab-faktura və digər təsdiqedici sənədlərin tələb edilməsi, əlavə olaraq iş üzrə əmlaka dəymiş zərərin real və obyektiv müəyyən edilməsi məqsədilə müstəqil ekspertizasının təyin edilməsi xahiş edilsə də məhkəmə vəsatəti təmin etməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Bakı Şəhər İşığı” X4 nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC-yə aid hissəsinin yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

25.Azərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. 26.“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

27.386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 28.21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 29.21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 30.883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 31.922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 32.922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 33.926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 34.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 35.1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 36.1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun

37.6.2-ci, 6.6-cı, 7-ci, 13.4-cü və 15.1-ci maddələrinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. 38.16-cı maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla sığortaçı tərəfindən təmin edilməlidir. Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925-1-ci maddəsinə uyğun olaraq bu Qanunun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi üzərindən təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Sığortalı və ya sığorta olunan zərər məbləğinin sığortaçı tərəfindən və ya onun razılığı ilə bu Qanunun 16.4-cü maddəsində nəzərdə tutulmuş müddətdə qiymətləndirilməsinin başladığı anadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.5ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətində saxlamadıqda və ya dəymiş zərərin qiymətləndirilməsi üçün şərait yaratmadıqda, zərərin sığortaçı tərəfindən müvafiq şəkildə qiymətləndirilməsinin nəticələrini qəbul etməlidir. Sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya qiymətləndirici vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən bu maddədə nəzərdə tutulmuş qaydada həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir. Bu maddədə müəyyən edilmiş zərərin qiymətləndirilməsinə çəkilən xərclər sığortaçı tərəfindən ödənilir. 39.17.1-ci maddəsinə əsasən icbari sığorta ödənişi aşağıdakı sənədlər əsasında həyata keçirilir: müvafiq məlumatları əks etdirən sığorta tələbi; sığorta şəhadətnaməsinin surəti; sığorta şəhadətnaməsində göstərilən əmlakla bağlı mülkiyyət hüququnu, yaxud ondan istifadə və ya ona sərəncam hüququnu təsdiqləyən sənədin notariat qaydasında təsdiqlənmiş surəti; bu Qanunun Xüsusi bölməsində ayrı qayda nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış (o cümlədən elektron formada); müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd; müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə uyğun olaraq qəbul edilmiş qərarın surəti; müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxs və ya sığorta olunan öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş surətləri; müvafiq hallarda üçüncü şəxs və ya sığorta olunan sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş surətləri; mülki məsuliyyətin icbari sığortası üzrə sığortalı və ya sığorta olunan tərəfindən əmlaka vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti; faydalanan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin notariat qaydasında təsdiq edilmiş surəti; bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş digər sənədlər. 40.17.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə bu Qanunda nəzərdə tutulmuş qaydada məlumat almış sığortaçı sığorta tələbinin bu Qanunun 17.1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilməsi üçün müraciət edən şəxsi sığorta tələbi üzrə sorğu vərəqi ilə təmin etməli və lazım olduqda həmin vərəqin doldurulması üçün ona köməklik etməlidir. 41.17.4-cü maddəsinə əsasən sığortaçı bu Qanunun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqan bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. 42.17.5-ci maddəsinə əsasən sığorta ödənişinin verilməsi üçün sığortaçı tərəfindən sığortalıdan, sığorta olunandan və (və ya) faydalanan şəxsdən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb edilə bilməz. 43.18-ci maddəsinə görə bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. 44.58.2-ci maddəsinə əsasən bu Qanunun 17.1.4-cü maddəsinə uyğun olaraq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən müvafiq icra hakimiyyəti orqanının verdiyi yol-nəqliyyat hadisəsi haqqında arayış aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda, habelə yol-nəqliyyat hadisəsi iştirakçılarının tərtib etdiyi və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etmələri şərtilə tələb olunmur: yolnəqliyyat hadisəsi ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə və hadisənin baş verdiyi anda hər iki avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyəti bu Fəsildə nəzərdə tutulmuş qaydada sığortalanmış olduqda; yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə yol-nəqliyyat hadisəsi iştirakçıları arasında mübahisə olmadıqda; yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədikdə; yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması yol-nəqliyyat hadisəsi iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 45.Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə). 46.Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 47.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 49.İş materiallarından görünür ki, sığorta hadisəsinin baş verməsi və həmin hadisə nəticəsində iddiaçının əmlak maraqlarına zərər dəyməsi tərəflər arasında mübahisələndirilmir. Mübahisə yalnız sığorta ödənişinin məbləği ilə bağlıdır. Belə ki, cavabdeh-sığortaçı iddiaçıya 3.536 manat məbləğində sığorta ödənişi təklif etməklə sığorta hadisəsinin baş verdiyini qəbul etmişdir. 50.Mülki hüquq baxımından sığorta hadisəsi qanunvericilik və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişinin həyata keçirilməsi üçün əsas yaradan haldır. Sığorta hadisəsi hesab edilən hallar icbari sığorta münasibətlərində qanunvericiliklə, könüllü sığorta münasibətlərində isə tərəflərin razılaşması ilə müəyyən edilir. 51.Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. İcbari sığorta növlərində əmlaka dəymiş zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya digər formada təsirə məruz qalması nəticəsində əmlak maraqlarına vurulan zərəri əhatə edir. Sığorta hadisəsi nəticəsində dövlət və ya bələdiyyə əmlakına dəymiş zərərin məbləği “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. 52.Kollegiya həmçinin Mülki Məcəllənin 21-ci maddənin müddəalarını nəzərə alaraq qeyd edir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulsa idi, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 53.Belə ki, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi nəticəsində hüququ pozulmuş şəxs pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin (real zərər) ödənilməsini tələb etmək hüququna malikdir. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

54. Bununla belə, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində şəxsə zərər vurulmasına, o cümlədən qanunla qorunan mənafeyə xələl gəlməsinə dair sübutetmə yükü zərərçəkmiş şəxsin üzərinə düşür. Hazırkı iş üzrə də iddiaçı təqdim etdiyi sübutlara əsasən vurulmuş zərərin faktiki həcmini və cavabdeh tərəfindən təklif edilən məbləğdən artıq olduğunu sübut etmişdir.

55. Nəzərə alınmalıdır ki, hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən izahat almaq və ya bu məqsədlə ekspertlər dəvət etmək sığortaçının hüququdur. Bu hüquq sığortaçıya sığorta hadisəsinin həqiqətən baş verib-verməməsini, o cümlədən baş vermiş hadisənin sığortalının və ya faydalanan şəxsin qəsdi nəticəsində baş verib-vermədiyini, habelə onların sığorta müqaviləsinə zidd davranışa yol verib-vermədiyini müəyyən etmək üçün tanınır. Həmin səlahiyyətlər həmçinin işin təfərrüatları araşdırıldıqdan sonra müvafiq hallarda sığorta ödənişinin verilməsindən imtina etmək hüququnun həyata keçirilməsinə, eyni zamanda sığortalının (və ya faydalanan şəxsin) müqavilə öhdəliklərinə zidd davranışdan yararlanmasının qarşısının alınmasına yönəlmişdir.

56. Sığortaçı tərəfindən həmin hüquqların həyata keçirilməməsi və ya lazımi araşdırmanın aparılmaması nəticəsində yaranan qeyri-müəyyənliyin mənfi nəticələri onun öz üzərinə düşür.

57. Belə ki, sığortaçı sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırıldığı tarixdən 7 iş günü müddətində əmlaka dəymiş zərərin məbləğinin qiymətləndirilməsini təşkil etmədikdə sığortalı və sığorta olunan, həmçinin zərər çəkmiş üçüncü şəxs təyin etdiyi müstəqil ekspert və ya qiymətləndirici vasitəsilə əmlaka dəymiş zərərin ədalətli şəkildə qiymətləndirilməsinə və aradan qaldırılmasına başlaya bilər. Bu halda əgər sığortaçı əmlaka dəymiş zərərin vaxtında qiymətləndirilməməsini əmlak sahibinin ölümü və ya xəstəliyi, həmçinin sığortalının, sığorta olunanın və ya zərər çəkmiş üçüncü şəxsin əmlakın qiymətləndirilməsi üçün şərait yaratmaması nəticəsində baş verdiyini sübut edə bilməsə, o, zərər çəkmiş üçüncü şəxs tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etməlidir.

58. İş materiallarında olan xxxxn görünür ki, “Chevrolet” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurduğu dirəyin bərpasına sərf olunmuş xərclərin dəyəri 5.892 manat təşkil etmişdir. Cavabdeh-sığortaçı isə sığorta hadisəsi barədə məlumatlandırıldığı tarixdən etibarən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə zərərin qiymətləndirilməsini təşkil etməmişdir. Bu səbəbdən zərərçəkmiş tərəfindən həyata keçirilmiş qiymətləndirmənin nəticələrinin qəbul edilməməsi və ya sığorta ödənişinin natamam hesablanması üçün hüquqi əsas müəyyən edilmir.

59. Bundan başqa, cavabdeh tərəfindən təqdim edilmiş etirazda xxxx göstərilən konkret xərc mövqelərinin bazar qiymətlərinə uyğun olmaması, artıq hesablanması və ya zərərin faktiki həcmindən kənara çıxması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən yalnız sığortaçının daxili hesablamalarına istinad edilməsi müstəqil qiymətləndirmənin nəticələrinin rədd edilməsi üçün kifayət hesab oluna bilməz.

60. Belə ki, sığorta ödənişinin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin əmlak vəziyyətinin sığorta hadisəsindən əvvəlki vəziyyətə mümkün qədər yaxın bərpası prinsipi əsas götürülməlidir.

61. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

63. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

64. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddianın mübahisələndirilən hissəsinin qiyməti 1.464 (5.000-3.536) manat olmaqla beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, # ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh cavabdeh1 Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar