Məhkəmə qərarları › İş №2(3-6)-90/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-90/2026

09.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-90/2026 09.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdehin nümayəndəsi -vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2784/2025 saylı, 31 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “Borcun etirafı haqqında” xx.xx.2018-ci il tarixdə tərəflər arasında notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmış və cavabdeh 98.000 ABŞ dollar məbləğində pulu iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Hazırda iddiaçı Cavabdeh 140.000 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 140.000 manat əsas borcun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018ci il tarixində “borcun etirafı haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1.1. bəndində qeyd edilir ki, “Mən İddiaçı bildirirəm ki, xx.xx.2015-ci il tarixində Cavabdeh 98.000 ABŞ dolları məbləğində borc pul vermişəm. Mən Cavabdeh xx.xx.2015-ci il tarixində İddiaçı 98.000 ABŞ dolları məbləğində borc pul aldığımı etiraf edirəm.” Müqavilənin 2-ci bəndində qeyd edilir ki, “Mən Cavabdeh bu müqavilədə göstərilən məbləği, yəni 98.000 ABŞ dolları borc pulu 30 dekabr 2018-ci il tarinədək qaytarmağı öhdəmə götürürəm” 4. Cavabdeh qeyd edilən borc məbləğindən indiyə kimi müxtəlif tarixlərdə hissə hissə 26.000 manat pul qaytarmışdır. Belə ki, cavabdehin “Whatsapp” proqramı vasitəsi ilə 2021-ci ilin oktyabr və noyabr aylarında göndərdiyi səsyazıları bu faktı təsdiq edir və borcunu etiraf edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2784/2025 saylı, 31 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən - Cavabdeh 77.000 (yetmiş yeddi min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsini mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıya hazıradək 30.423 manat məbləğində pulu qaytardığını söyləsə də, məhkəməyə bunu təsdiq edən sübut təqdim edə bilməmişdir. Beləliklə, iddiaçı məhkəmə araşdırması zamanı 26.777 manat ödəniş edildiyini, cavabdeh isə hazırda 77.000 manat borcu qaldığını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış və notariat ofisində xx.xx.2018-ci il tarixdə 3M-317 nömrəsi ilə reyestrdə təsdiq edilmiş “borcun etirafı haqqında” müqavilə yalan əqd olmaqla subyektlərin həqiqi iradə ifadələrini əks etdirmir və bu səbəbdən əhəmiyyətsizdir. Belə ki, tərəflər arasındakı borc münasibətlərindən yaranan pul öhdəliyinin icrası şifahi qaydada manat və faiz ilə razılaşdırılmış və həyata keçirilmiş olsa da, sözügedən müqavilədə faiz qeyd olunmamış, borcun valyutası isə dollarla göstərilmişdir və müqavilənin predmetinə dair faiz və valyuta ilə bağlı şərtlərdə uyğunsuzluqlar vardır. İddiaçının da iddia ərizəsində sözügedən müqavilədə dollarla göstərilməsinə baxmayaraq, hazırda borc verdiyi pulu manatla tələb etməsi həmin əqdin tərəflərin həqiqi niyyətini əks etdirməməsini bir daha sübut etmiş olur. Mülki qanunvericiliyə əsasən tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verildiyindən, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsız sayıldığından, bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalı olduğundan, hazırkı iş üzrə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğundan, borc müqaviləsi yazılı formada bağlanılmalı olduğundan, borc müqaviləsinin yazılı formasına riayət olunmadığından tərəflər arasındakı münasibətlər etibarsız əqdə əsaslanmış və cavabdeh iddiaçının verdiyi pul vəsaiti hesabına əsassız varlanmışdır. Məhkəmə belə qənaətə gəlmişdir ki, xx.xx.2018-ci il tarixdə tərəflər arasında formal olaraq müqavilə bağlanarkən cavabdehin iddiaçıya qaytarmağı öhdəsinə götürdüyü qalan borc məbləği təxmini 102.900 manat təşkil etmişdir (98.000 ABŞ dolları*2015-ci ilin 1.05 məzənnəsi ilə=102.900 manat). Cavabdeh həmin puldan iddia ərizəsi məhkəməyə təqdim edilənədək iddiaçının etirafı və iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Whatsapp” yazışmasına əsasən 26.777 manat pul qaytarmışdır. İddiaçı məhkəmə araşdırması zamanı 26.777 manat ödəniş edildiyini, cavabdeh isə hazırda 77.000 manat (102.900 26777=76.123≈77000 manat) borcu qaldığını etiraf etmişdir. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 77.000 (yetmiş yeddi min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə tətbiq olunmalı hüquq normaları baxımından düzgün qiymət verməyərək hesab etmişdir ki, iddia tələbinə əsas olan cavabdeh ilə bağlanmış müqavilə formal xarakter daşımışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmır və bildirir ki, məhkəmə işin hallarını tam araşdırmamışdır. 2018-ci ildə Mais onunla görüşüb söyləmişdir ki, ilin sonuna kimi pulu tam ödəyəcək və bu məqsədlə özünün tanığı notariat kontoruna gedib ona 98.000 ABŞ dolar borcunun olmasına dair müqavilə bağladı. Müqavilə onun tərəfindən tanıdığı notariusun iştirakı ilə tərtib edilmişdi və ona qarşı hər hansı bir təzyiq olmamışdır. 2018ci il tarixdə aralarında bağlanmış müqavilədə göstərilən 98.000 ABŞ dolar məbləğ istər 2018-ci ilə, istərsə də bu günkü manata olan məzənnədə 166.600 manat edirdi. Bu illər ərzində Maisin cəmi 26.700 manat qaytardığını nəzərə alıb arada olan fərq manatla 139.900, yəni təxminən 140.000 manat təşkil edirdi. İddianın manatla verilməli olduğunu nəzərə alıb 2024-cü ilin yay aylarında vəkil vasitəsi ilə Sabunçu rayon məhkəməsində Cavabdeh qarşı 140.000 manat pul tələbi ilə iddia qaldırmışdır. Bir ildən artıq davam edən məhkəmə proseslərində Maislə qarşılaşmaq istəmədiyi üçün vəkili iştirak etdi, sonda vəkil xəstə olduğundan özü iştirak etməli oldu. İlk dəfə prosesdə iştirak edən zaman tərəflər özlərini təqdim etdikdən sonra hakimin ilk sualı onda “VÖEN” olub-olmaması ilə bağlı oldu. Hakim ondan Maisə pulu manatla, yaxud dolarla ödədiyini soruşanda bildirdi ki, 2018-ci ildə bağlanmış müqavilədə Mais özü borcunun ABŞ dolları olduğunu göstərib. Bundan başqa son 10 il ərzində Maisin ona göndərdiyi pullar ya ABŞ doları ilə, yaxud da ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, məsələn 300 dollar əvəzinə 510 manat, 200 dollar əvəzinə 340 manat kimi olmuşdur. Göstərdikləri ilə bağlı “whatsapp” danışıqlarını da təqdim edə biləcəyini demişdir. Maislə aralarında olan hesablaşmaların ABŞ dolları olmasını həm də onun xx.xx.2015-ci ildə rəhbəri olduğu “İntelekt” şirkətinin vizitkası üzərinə öz əli ilə qeyd etdiyi “ 107 S və xx.xx.2015” yazılar olan vizitkanı təqdim edə biləcəyini demişdir. Əslində indiki zamanda dostluq münasibətinə görə, arada heç bir girov, sənəd olmadan verilmiş 140.000 manat pul iddiasının 10 ildən sonra verilməsi, həm də həmin müddət ərzində tərəflər arasında bir dəfə də olsa mübahisənin olmaması, polis-məhkəmə instansiyalarına düşməmələri inandırıcı səslənmirdi. Elə Mais də bundan məharətlə istifadə etmişdi. Cavabdeh öhdəliyi icra etməməklə Mülki Məcəllənin 442-ci maddəsini pozur. Belə ki qeyd olunan maddəyə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəfindən məhkəməyə təqdim edilmiş, 2018-ci il tarixdə cavabdehin təşəbbüsü ilə tərtib edilmiş “borcun etirafı haqqında” müqavilə məhkəmə tərəfindən formal xarakterli müqavilə kimi qiymətləndirilmişdir. Məhkəmə ondan “VÖEN” olması barədə soruşmaqla onun qanunsuz olaraq faizlə pul verməyinə işarə etmişdir. Hansı ki, faiz barədə təklif (1,5 %-lə) cavabdeh tərəfindən olmuş, əslində faiz ona maraqlı olmamışdır, çünki həmin vaxt pul onun deyildi. Məqsədi “yaxın bildiyim dostun”a kömək etmək və özü ev almaq üçün pul toplaya bilmədiyi üçün gələcəkdə həmin pulu Maisdən götürmək olmuşdur. Məhkəmə prosesində cavabdeh öz müdafiəsi üçün borclu olduğu 98.000 ABŞ dollar pulu güya 2015-ci ilin məzənnəsi ilə nəzərə alınması barədə aralarında razılıq olduğunu bildirmişdir. Halbuki bu barədə heç bir razılıq olmamışdı və 2018-ci ildə dollar ilə bağlanmış müqavilədə dolların məzənnəsi yalnız həmin tarixə manata olan məzənnəni ifadə edir, başqa cür izah edilə bilməz. Buna baxmayaraq məhkəmə cavabdehin absurd fikirlərinin əsas sayaraq, notarial qaydada tərtib edilmiş müqaviləni formal hesab edib iddianı cavabdehin mənafeyinə uyğun olaraq qismən, 77.000 manat pulun onun xeyrinə ödənilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Halbuki, cavabdeh uzun illər kommersiya fəaliyyəti ilə məşğul olmaqla 2018-ci il tarixdə “borcun etirafı haqqında” müqavilə bağlayarkən həmin vaxt üçün məzənnəni nəzərə almaması mümkünsüzdür və cavabdehin özünün müdafiəsi kimi qiymətləndirilməli idi. Daha təəcüblüsü isə məhkəmə tərfindən cavabdehin fikirlərini təsdiq etməsi oldu. Hansı ki, borc müqaviləsi bağlanan vaxt cavabdeh ilə aralarında hər hansı bir narazılıq, yaxud təziqlər olmamışdır. Tərəflər arasında yaranmış mübahisə sübutlara, notarial qaydada tərtib edilmiş sənədlərə əsaslanmalı idi. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 3M-317 nömrəsi ilə reyestrdə təsdiq edilmiş “Borcun etirafı haqqında” müqavilədən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh 98.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı 98.000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmişdir. Cavabdeh bu müqavilədə göstərilən məbləği, yəni 98.000 ABŞ dolları borc pulu xx.xx.2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli tərəflər arasındakı “Whatsapp” yazışmasına əsasən Mais 2018-ci ildə 9.000 manat, 2019-cu ildə 7.000 manat, 2020-ci ildə 2.360 manat, 2021-ci ildə 1.872 manat, 2022-ci ildə 5.780 manat, 2023-cü ildə 765 manat, ümumilikdə 26.777 manat pul qaytarmışdır. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı 2015-ci ildə şifahi razılaşma olmuş, cavabdeh müəyyən qədər ödənişlər etmiş, qalan borcun etiraf edilməsi barədə xx.xx.2018-ci il tarixdə tərəflər arasında müqavilə bağlanmış və cavabdeh 98.000 ABŞ dolları pulu iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin puldan iddia ərizəsi məhkəməyə təqdim edilənədək iddiaçının etirafı və iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Whatsapp” yazışmasına əsasən 26.777 manat pul qaytarmışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış və notariat ofisində xx.xx.2018-ci il tarixdə 3M-317 nömrəsi ilə reyestrdə təsdiq edilmiş “Borcun etirafı haqqında” müqaviləyə münasibətdə qeyd etmişdir ki, yalan əqd olmaqla subyektlərin həqiqi iradə ifadələrini əks etdirmir və bu səbəbdən əhəmiyyətsizdir. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən nəticəsi ilə razılaşmır və hesab edir ki, məhkəmə göstərilən nəticəyə gəlməklə maddi hüquq normalarının tələblərini pozmaqla işin faktiki halları baxımından düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edildiyi kimi tərəflər arasında borc pul münasibətləri olmuşdur və son olaraq İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 51 saylı notariat kontorunda xx.xx.2018-ci il tarixdə 3M-317 nömrəsi ilə reyestrdə təsdiq edilmiş “Borcun etirafı haqqında” müqavilə bağlanmaqla, Cavabdeh İddiaçı 98.000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmişdir. Bundan sonra Cavabdeh tərəfindən iddiaçıya 26.777 manat ödəniş edilmişdir və bu hal tərəflər arasında mübahisə edilməmişdir. Göründüyü kimi, cavabdeh qeyd edilən müqaviləyə əsasən iddiaçıya borcunun olmasını etiraf etmiş və daha sonra həmin borca görə iddiaçıya müəyyən məbləğdə ödənişlər də etmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilədən sonra iddiaçıya ödənişlər etməklə həmin müqaviləni faktiki olaraq bəyənmiş və müqavilə üzrə etiraf edilmiş məbləğdən ödənişlər etmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin tərəflər arasında bağlanmış və notariat ofisində xx.xx.2018-ci il tarixdə 3M-317 nömrəsi ilə reyestrdə təsdiq edilmiş “Borcun etirafı haqqında” müqavilənin yalan əqd olmaqla subyektlərin həqiqi iradə ifadələrini əks etdirməməsi və bu səbəbdən əhəmiyyətsiz olması barədə gəldiyi nəticə yanlış olmaqla yanaşı işin hallarına əsassız varlanma ilə bağlı Mülki Məcəllənin müddəalarını tətbiq etməklə də səhvə yol vermişdir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası vurğulayır ki, tərəflər arasında “Borcun etirafı haqqında” müqaviləsi bağlanmaqla cavabdeh 98.000 ABŞ dolları məbləğində borcunun olmasını qəbul etmişdir. Sonradan isə həmin borcdan 26.777 manat ödəniş etmişdir. Göründüyü kimi tərəflər arasında olan pulun verilməsi xarici valyuta ilə olduğundan həmin borca görə edilmiş ödəniş də xarici valyuta hesabı ilə (manatın məzənnəsi) ümumi məbləğdən çıxılmalıdır. Bu zaman Məhkəmə Kollegiyası cavabdehin qeyd edilən 26.777 manat ödənişdən başqa hər hansı ödəniş etməməsini nəzərə alaraq hesab edir ki, bu hal iş materialları ilə də öz təsdiqini tapır. Məhkəmə Kollegiyası qeyd edir ki, cavabdehin ödədiyi 26.777 manat ABŞ dollarına münasibətdə 15.751 ABŞ dolları ekvivalenti olduğundan (26.777:1.70=15.751), həmin məbləğ 98.000 ABŞ dollarından çıxılmaqla cavabdehin borcu 82.249 ABŞ dolları (98.000-15.751=82.249) təşkil edir ki, bunun da manata münasibətdə məzənnəsi 139.823,3 (82.249x1.70=139.823.3) manat təşkil edir. Məhkəmə Kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilənin ABŞ dolları ilə bağlanmasına baxmayaraq hazırda iddia tələbi manatla ifadə edildiyindən və məhkəmə (hakim) işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olduğundan cavabdehdən məhz 139.823,3 manat tutulmalıdır. Beləliklə, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməklə, Cavabdeh 139.823,3 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-2784/2025 saylı, 31 oktyabr 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 139.823,3 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar