Məhkəmə qərarları › İş №2(3-6)-908/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-908/2026

03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-908/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Cəfərov Cavidan Əlişir oğluna qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat 1.Iddia ərizəsində tələb olunub ki, cavabdehdən iddiaçının xeyrinə göstərilən məbləğdə pul vəsaiti tutulsun: 1) cavabdehin iddiaçıya məxsus daş sexindən apardığı mərmərin dəyəri olan 100.164 manat; 2) 100.164 manat pulun ödənilməsinin 1 il gecikdirilməsinə görə həmin məbləğin 5 faiz olan 5.008 manat. 2.Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 100.164 manat, əldən çıxmış fayda kimi 5.008 manat, dövlət rüsumunun əvəzi kimi 496 manat, cəmi 105.668 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 3.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. 4.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. 5.Cavabdeh Cavidan Cəfərov məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 6.Apellyasiya şikayəti təmin edilə bilməz, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Qiymətin ödənilməsi tələbi barədə 7.Müəyyən olunur ki, iddiaçı (satıcı) ilə cavabdehin (alıcının) arasında şifahi formada alqı-satqı müqaviləsi bağlanıb, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan ##.##.2024-cü il tarixdə 57.274 manat qiymətində, 1 gün sonra – ##.##.2024-cü il tarixdə 42.917 manat qiymətində, cəmi 100.164 manat qiymətində mərmər alıb, lakin qiyməti ödəməyib. Işin bu halları birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. 8.Cavabdeh (alıcı) qiyməti ödəmək öhdəliyi daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsindən görünür ki, əşyanın əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək alıcının öhdəliyidir. Iddiaçı (satıcı) qiyməti ödəmək öhdəliyinin dərhal icrasını tələb edə bilər, cavabdeh (alıcı) isə həmin öhdəliyi ağlabatan müddətdə icra etməlidir. Belə ki, iddiaçı tərəf bildirir ki, cavabdeh qiyməti köçürmə yolu ilə ödəyəcəyini vəd edib, 15 gün gözləyib, lakin qiymət ödənilməyib. Cavabdeh isə bildirir ki, mal ona qiyməti sonradan ödəmək şərtilə verilib. Lakin cavabdeh “sonradan” deyiləndə hansı müddətin nəzərdə tutulduğunu göstərməyib. Göründüyü kimi, tərəflər qiyməti ödəmək öhdəliyinin icrası müddətini təyin etməyiblər. Həmin müddət qarşılıqlı razılıq əsasında təyin edilə edilə bilər, lakin belə razılığın olduğu müəyyən edilmir. Mülki Məcəllənin 427.2-ci maddəsinə görə, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Müəyyən olunur ki, iddiaçı (satıcı) qiymətin ödənilməsini tələb edib, lakin cavabdeh (alıcı) qiyməti ödəməyib. Odur ki, birinci instansiya məhkəməsi 100.164 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Faiz ödənilməsi tələbi barədə 9.Qiyməti ödəmək öhdəliyinin icrası kecikdirilib. Belə ki, iddiaçı (satıcı) ##.##.2024cü il tarixdən (malın sonuncu hissəsinin alıcıya təhvil verildiyi tarixdən) qiymətin dərhal ödənilməsini tələb etmək hüququ əldə edib, lakin cavabdeh (alıcı) qiyməti ödəməyib, 1 il 3 ay sonra - ##.##.2025-ci il tarixdə hazırkı iddia ərizəsi verilib. Göründüyü kimi, cavabdeh qiyməti ödəmək öhdəliyinin icrasını 1 ildən artıq gecikdirib. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 100.164 manat məbləğində pulun 1 il üçün beş faizi 5.008,2 manat təşkil edir. Odur ki, birinci instansiya məhkəməsi 5.008 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Apellyasiya şikayətinin dəlilləri barədə 10.Birinci dəlil apellyasiya şikayətində belə qeyd olunub ki, yazılı borc müqaviləsi olmadığı halda tərəflərin öhdəliyi əsassız olaraq borc münasibəti kimi qiymətləndirilib, Mülki Məcəllənin alqı-satqı münasibətinə dair müvafiq normaları tətbiq edilməyib. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflərin arasındakı münasibəti borc münasibəti kimi qiymətləndirməyib. Qətnamədə Mülki Məcəllənin 385.1-ci maddəsinə istinad olunub. Həmin maddəyə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu norma ümumi norma olmaqla bütün öhdəliklərə, o cümlədən alqı-satqı öhdəliyinə şamil olunur. “Borc” sözü mülki qanunvericilikdə həm borc müqaviləsinə əsəsən qaytarılmalı olan pulu ifadə etmək üçün, həm də istənilən növ müqaviləyə əsasən ödənilməli olan pulu ifadə etmək üçün istifadə olunur. Odur ki, alqısatqı müqaviləsi üzrə əşyanın qiyməti kimi ödənilməli olan pul da “borc” adlanır. 11.Ikinci dəlil apellyasiya şikayətində belə qeyd olunub ki, birinci instansiya məhkəməsi malların faktiki həcmini, hansı malların qaytarıldığını, hansı malların üçüncü şəxslərə verildiyini, tərəflər arasında razılaşdırılmış qiymətin olub-olmadığını, ödəniş müddəti barədə razılaşmanın mövcudluğunu tam araşdırmamışdır. Bunun ardınca apellyasiya şikayətində qeyd olunub ki, məhkəmə iddiaçının təqdim etdiyi qaimə-fakturaları və izahatları tənqidi qiymətləndirmədən qəbul etmiş, iddianı tam sübut olunmuş hesab etmişdir. Halbuki, iddiaçının borcun mövcudluğunu, məbləğini və gecikməni təsdiq edən mötəbər və danılmaz sübutları mövcud deyil. Bununla bağlı məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyəti olan faktiki halları araşdırıb. Cavabdeh polisə verdiyi ifadəsində atası ilə birlikdə iddiaçıya aid daş sexinə getdiyini, atasının iddiaçıdan ##.##.2024-cü il tarixdə 57.247 manat məbləğində, ##.##.2024-cü il tarixdə 42.917 manat məbləğində, cəmi 100.164 manat məbləğində nisyə mərmər aldığını yazılı şəkildə etiraf edib (iş v. 11). Cavabdeh izahat vermək üçün birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində keçirilmiş məhkəmə iclaslarına isə gəlməyib. 12.Üçüncü dəlil apellyasiya şikayətində belə qeyd olunub ki, faiz tutulması üçün tərəflər arasında razılaşma olmadığı halda Mülki Məcəllənin 445.7-ci maddəsinin tətbiqi əsassızdır. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin maddəyə əsasən faizin tutulması üçün tərəflərin arasında razılaşma olması tələb olunmur. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar