Məhkəmə qərarları › İş №2(3-6)-937/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-937/2026

21.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-937/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinə qarşı (Ipoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “güzəştli ipoteka krediti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “güzəştli ipoteka krediti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil Ipoteka və Kredit Zəmanət Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı İddiaçı cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinə qarşı (Ipoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “güzəştli ipoteka krediti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 100.000 manat məbləğində ipoteka krediti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Ipoteka və Kredit Zəmanət Fondunun şərtlərinə uyğun olaraq xxxx ASC-yə ipoteka krediti üçün müraciət etmişdir. Lakin bank ona kreditin verilməsindən əsassız və qanunsuz şəkildə imtina etmişdir. Elektron sistemdə imtinanın əsası kimi borcalanın gəlirlərinin stabil olmadığı qeyd edilmişdir. Lakin kredit mütəxəssisi tərəfindən şifahi qaydada imtinanın səbəbi kimi onun idman mərc oyunlarında iştirak etməsi göstərilmişdir. Bundan sonra, iddiaçı yazılı ərizə ilə həmin banka müraciət edərək imtinanın səbəbi barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. “xxxx" ASC-dən ona göndərilən məktubda qeyd edilmişdir ki. O, kredit mütəxəssisinə X3 Sistemində yaxın tanışı tərəfindən ipoteka müraciətinin edildiyini bildirmişdir. Bankın Elektron sistemdə, şifahi qaydada və yazılı şəkildə imtinanın əsası kimi qeyd edilən dəlillərin hər biri qanunsuz və əsassızdır. Onun uzun müddətdir ki, daimi iş yeri var, yüksək əmək haqqı alır. Halhazırda əmək haqqı 3.800 manat təşkil edir. Belə olan halda isə, xxxx ASC-nin elektron sistemdə “borcalanın gəlirlərinin stabil olmadığı müəyyən edilmişdir” qeyd etdiyi imtina səbəbi tamamilə əsassızdır və qərəzlidir.

3. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Kərim Xudayev) ilə iddia tələbi təmin edilmiş, iddiaçı İddiaçı 100000 (bir yüz min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyinin cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinin üzərinə qoyulması, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

5. Cavabdeh apellyasiya şikayəti verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, rayon məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları, xüsusilə də iddiaçının mərc oyunlarında iştirak etməklə, yəniəksər hallarda maliyyə vəsaitlərinin itkisini ehtiva edən yüksək riskli fəaliyyətlə məşğul olmasını və bununla da ona veriləcək krediti qaytarmaq imkanını itirmək ehtimalını aydınlaşdırmamış, onun əmək haqqı məbləğinə formal istinad etməklə kifayətlənmişdir. Rayon məhkəməsi tərəfindən iddianın təmin edilməsi maddi hüquq normasının müddəalarına formal istinad edilməklə “əsaslandırılmışdır”. Məhkəmənin verdiyi əsaslandırma belə bir yanlış təsəvvür yaratmağa yönəlmişdir ki, guya, güzəştli ipoteka kreditinin verilməsi üzrə “müvəkkil bank” qismində çıxış edən cavabdeh Azərbaycan Respublikası Ipoteka və Kredit Zəmanət Fondu (bundan sonra “IKZF” və ya “Fond”) ilə borcalan arasında yalnız formal vasitəçi kimi çıxış edir və bununla bağlı öhdəlik və məsuliyyəti “Qayda”da sadalanan sənədlərin Fonda ötürülməsi ilə məhdudlaşır. Halbuki, “Qayda”nın məhkəmənin istinad etmədiyi digər müddəalarından aydın görünür ki, borcalana veriləcək kreditin qaytarılması imkanı və bununla bağlı risklərin düzgün qiymətləndirilmədiyi halda müvəkkil bankın məruz qala biləcəyi əhəmiyyətli maliyyə itkiləri ilə nəticələnəcək öhdəliklərin və məsuliyyətin yaranacağı baxımından xüsusi əhəmiyyət kəsb edir. “Qayda”-nın aşağıda istinad ediləcək müddəalarında müvəkkil banka münasibətdə öhdəlik və məsuliyyət müəyyən edən hallar sadalanır. Iddiaçı ipoteka kreditinin verilməsi barədə müraciətinin X3 Sistemində özü tərəfindən deyil,yaxın tanışı tərəfindən edildiyini kredit mütəxəssisinə bildirsə də, iddiaərizəsində bu faktıinkaretmişdir. Halbuki, “Qayda”-nın 4.3-cü bəndinə əsasən, ipoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir. Məhkəmə qətnaməsində qeyd edilən faktın “sübut olunmadığı”na istinad edilir. Halbuki, kredit mütəxəssisinin iddiaçının kredit almasını əngəlləmək üçün heç bir motivi olduğuna dair də sübut yoxdur, mütəxəssis “Qayda”-nın 4.3-cü və digər bəndlərinin tələblərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə iddiaçıya suallar vermiş, onun təqdim etdiyi sənədləri yoxlayaraq qəbul etmiş və bildirdiyi faktları qeyd etməklə kifayətlənmişdir. Məhkəmə qətnaməsinin “müəyyən etdi” hissəsində qeyd edilmişdir ki: “Iddiaçı İddiaçıcavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinə qarşı (Ipoteka və Kredit Zəmanət Fondu müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “güzəştli ipoteka krediti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 100.000 manat məbləğində ipoteka krediti verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.” Qeyd etmək lazımdır ki, hazırkı iş üzrə “Elektron məhkəmə” informasiya sistemində “iddia ərizəsinə əlavə” adlı sənəd yoxdur. Halbuki, Mülki Prosessual Məcəllənin 10-1.3 maddəsinə əsasən, ....“Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Belə olan halda, “iddia ərizəsinə əlavə” adlı sənədin nə vaxt, kim tərəfindən təqdim edildiyi və ümumiyyətlə, belə bir “sənədin” təqdim edilməsi məlum deyil. Göründüyü kimi, birinci instansiya məhkəməsi, iddia tələblərindən kənara çıxaraq, iddiaçının irəli sürdüyü tələb üzrə - ipoteka kreditinin “Ipoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması deyil, “100000 (bir yüz min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsinin” cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarmışdır. Tərəflərin izahatı:

6. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, rayon məhkəməsinin qətnaməsində 100.000 manat məbləğin bank tərəfindən ödənilməsi, yəni məhz bankın vəsaiti hesabına ödənilməsi qət edilib ki, bu da qətiyyən düzgün hesab edilə bilməz, çünki ipoteka krediti bu məqsədlə Fond tərəfindən ayrılmış vəsaitlər hesabına verilir, bank yalnız Fondun ayırdığı vəsaitin verilməsi üzrə müvəkkil edilmişdir, rayon məhkəməsinin belə yanaşması icra zamanı bankı əsassız olaraq öz vəsaitlərini itirmək riski altına salır.

7. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Həsənli apellyasiya şikayəti ilə razılaşmayaraq, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə etdi ki, güzəştli ipoteka krediti ilə veriləcək məbləğin Bank və ya Fond tərəfindən verilməsinin onlar üçün fərqi yoxdur.

8. Məhkəmə kollegiyasının iclasında Fondun nümayəndəsi Nümayəndə güzəştli ipoteka kreditinin verilməsi qaydaları haqqında məlumat verərək bildirdi ki, güzəştli ipoteka kreditinə vəsait yalnız dövlət büdcəsindən ayrılır və ayrılmış vəsait müvəkkil banklar arasında bölüşdürülür. Kredit üçün müraciət elektron sistem vasitəsi ilə həyata keçirilir. Müraciəti isə şəxs birbaşa və yaxud müvəkkil bank vasitəsi ilə edə bilər. Müraciətlər qeydiyyata alındıqdan sonra banklar tərəfindən baxılır və qiymətləndirilir. Nəticədə qiymətləndirildikdən sonra müvəkkil bankın müvafiq səlahiyyətli orqanın qərarı əsasında şəxsə kreditin ayrılması müəyyən olunur. Hazırkı işlə bağlı isə müraciətə bank tərəfindən baxılıb, Fondun məlumatı yoxdur. Iddiaçıya kredit verilməsindən imtinanın əsasları barədə məlumatlıdırlar. Sübutların tədqiqi: Mülki iş materiallarında olan:

9. BO-XO-#.#.****-*** saylı, ##.##.2025-ci il tarixli İddiaçı ünvanlanmış imtina məktubundan görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə Bankın “Zaqatala” filialına Azərbaycan Respublikasının Ipoteka və Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti əldə etməklə bağlı müraciət etmişdir. Banka yaxınlaşan zaman X3 Sistemində yaxın tanışı vasitəsilə ipoteka müraciətinin edildiyini bildirmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ipoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasının 4.3-cü yarımbəndini (Ipoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir) rəhbər tutaraq Fond vəsaiti hesabına güzəştli ipoteka kreditinin ayrılması məqsədəmüvafiq hesab edilməmişdir.

10. İddiaçı Elektron kabinetinə ünvanlanmış ##.##.2025-ci il tarixli imtina məktubundan görünür ki, bank tərəfindən borcalanın gəlirlərinin qeyristabil olduğu müəyyən edilmiş, Bu səbəbdən müraciətdən imtina edilmişdir.

11. Azərbaycan Respublikasının Ipoteka və Zəmanət Fondu tərəfindən İddiaçı Elektron kabinetinə ünvanlanmış ##.##.2025-ci il tarixli ilkin razılıq barədə məktubdan görünür ki, İddiaçı ipoteka krediti üzrə müraciətinizə müvəkkil bank tərəfindən 100.000 (yüz min) manat məbləğində kreditin verilməsinə ilkin razılıq verilmişdir.

12. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Balakən Gömrük Idarəsinin *-**- ****/**/*** saylı, ## #### 2025-ci il tarixli Arayışından görünür ki, İddiaçı həqiqətən ##.##.2015-ci il tarixdən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində xidmətdədir, hal-hazırda Balakən Gömrük Idarəsi Rəsmiləşdirmə mərkəzinin böyük inspektoru vəzifəsində çalışır, orta aylıq gəliri 3875,00 manat olmaqla, “Dövlət qulluğu haqqında” qanunun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə xidmət keçir. 9 ildir ki, xidmətdədir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 5.3. Öhdəliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

15. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Ipoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydalarının 3.2ci bəndinə əsasən aşağıdakı şəxslər güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malikdirlər:

16. 3.2.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

17. 1. şəhidin övladları;

18. 1-1. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanının övladları.

19. 2. Azərbaycanın Milli Qəhrəmanının övladları;

20. 3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

21. 4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

22. 5. ən azı 3 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;

23. 6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

24. 7. idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (İ yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (İ, II və ya III yer);

25. 8. ən azı 5 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;

26. 3.2.2. elmlər doktoru elmi dərəcəsi olan şəxs;

27. 3.2.3. ən azı 15 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

28. 3.2.4. ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

29. 3.2.5. ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;

30. 3.2.6. ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər;

31. 3.2.7. ən azı 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən şəxs;

32. 3.2.8. ən azı 15 il jurnalist işləyən və Media Reyestrinə daxil edilmiş şəxs;

33. 3.2.9. şəhid ailəsinin üzvü (əri/arvadı);

34. 3.2.10. Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı (özü, əri/arvadı);

35. 3.2.11. Azərbaycanın Milli Qəhrəmanı (özü, əri/arvadı).

36. Həmin qaydaların 3.4-cü bəndinə əsasən Güzəştli ipoteka krediti dövlət büdcəsindən ayrılan vəsait hesabına, habelə dövlət zəmanətli istiqrazların emissiyasından əldə olunan vəsaitin güzəştli ipoteka kreditinə yönəldilən hissəsi hesabına verilir. Dövlət büdcəsindən ayrılan vəsait yalnız güzəştli ipoteka kreditinin maliyyələşdirilməsinə yönəldilir.

37. Həmin qaydaların 4.1-ci bəndinə əsasən fondun vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir.

38. Həmin qaydaların 4.3-cü bəndinə əsasən Ipoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.

39. Həmin qaydaların 4.6-cı bəndinə əsasən müvəkkil bank elektron sistem vasitəsilə əldə olunan sənədlər və həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Həmin qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.

40. Həmin qaydaların 4.11-ci bəndinə əsasən bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz. Tətbiq edilən prosessual hüquq normaları:

41. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Hazırkı halda, Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

44. Məhkəmə tərəflərin fikirlərini dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Ipoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 100000 (yüz min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinin üzərinə qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

45. Iddia tələbini təmin edən rayon məhkəməsi qeyd etmişdir ki, ...iddiaçı 2015-ci ildən, yəni 9 ildir ki, dövlət qulluğunun xüsusi növündə xidmət keçməklə aylıq vəzifə maaşı 3875 manat təşkil edir. Yəni status etibarilə güzəştli şərtlərlə ipoteka hüququ verilən şəxslər kateqoriyasına aiddir. Buna müvafiq olaraq, iddiaçının ilkin müraciətinə razılıq verilmiş, ona 100.000 manat məbləğində kredit vəsaiti Fondun hesabına ayrılmışdır. Bank iddiaçının müraciətindən imtina edərkən 2 əsas göstərmişdir. Birincisi, bank ##.##.2025-ci il tarixdə müraciətdən imtina edərkən qeyd edir ki, borcalanın gəlirləri qeyri-stabildir. Lakin nə məhkəmə iclasında, nə də iddiaçıya ünvanlanmış digər sənədlərdə gəlirin qeyri-stabil olmasının əsasını izah edə bilmir. Halbuki iddiaçı dövlət qulluğunun xüsusi növündə xidmət keçməklə 3875 manat əmək haqqı alır. Bu məbləğ mövcud vəziyyətdə iddiaçıya güzəştli şərtlərlə ipoteka krediti verilməsi üçün uyğun hesab edilməklə ona ilkin razılıq verilmişdir. Ikincisi, bank ##.##.2025-ci il tarixdə iddiaçıya imtinanın səbəblərini izah edərkən müraciəti başqa şəxsin onun adına icra etdiyini göstərir və qaydaların 4.3-cü bəndini rəhbər tutur. Həmin bənddə qeyd edilir ki, Ipoteka kreditinin verilməsi üçün ipoteka krediti almaq istəyən şəxs tərəfindən birbaşa və ya onun müraciət etdiyi müvəkkil bank tərəfindən həmin şəxsin adından elektron sistem vasitəsilə müraciət edilir. Lakin bununla bağlı cavabdeh bank təşkilatı hər hansı sübut təqdim etməmiş, əksinə təqdim edilən bütün sənədlərdə müraciətlərin iddiaçının özü tərəfindən həyata keçirildiyi aydın görünür.

46. Eyni zamanda, rayon məhkəməsi hesab etmişdir ki, yuxarıda qeyd edildiyi kimi, qaydaların 4.11-ci bəndinə əsasən bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən imtina edilə bilməz. Lakin nə məhkəmə araşdırması ilə, nə də cavabdeh bank təşkilatının təqdim etdiyi sənədlərlə belə bir imtina üçün konkret əsas müəyyən edilmir. Əksinə, qaydaların 4.6-cı bəndinə əsasən müvəkkil bank elektron sistem vasitəsilə əldə olunan sənədlər və həmin sistem vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 iş günü müddətində ipoteka krediti almaq istəyən şəxsə ipoteka kreditinin verilməsinə dair ilkin razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul etməlidir. Buna müvafiq olaraq, iddiaçının təqdim etdiyi məlumatlar əsasında (şəxsi məlumatları, əmək haqqı məlumatları, ailə vəziyyəti və s.) iddiaçının vəziyyəti müvəkkil banka məlum olmaqla ipoteka krediti üzrə müraciətinə müvəkkil bank tərəfindən 100.000 (yüz min) manat məbləğində kreditin verilməsinə ilkin razılıq verilmişdir. Belə razılığın verildiyi halda, sonradan razılıq geri götürülməklə, imtina edilməsinin səbəbləri isə ümumiyyətlə göstərilməmişdir. Ona görə də cavabdeh bank təşkilatı tərəfindən iddiaçıya dövlət büdcəsi hesabına ayrılmış ipoteka kreditinin verilməsindən imtina əsassız hesab edilməlidir.

47. Məhkəmə bu hissədə rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, rayon məhkəməsi cavabdeh tərəfindən iddiaçıya güzəştli ipoteka krediti verilməsindən imtinanı əsassız hesab edərkən düzgün nəticəyə gəlmiş, imtinanın əsassızlığını kifayət qədər əsaslandırmışdır.

48. Bununla yanaşı, rayon məhkəməsinin qətnaməsinin nəticə hissəsində bank tərəfindən Fond vəsaiti hesabına güzəştli ipoteka kreditinin ayrılmasından imtina edilməsi zamanı qanun pozuntusuna yol verildiyindən, həmin imtina qanunsuz hesab edilməklə yanaşı, İddiaçı 100000 (bir yüz min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinin üzərinə qoyulmuşdur. Buradan da belə anlaşılır ki, hər bir halda iddiaçıya güzəştli ipoteka krediti məbləğinin müvəkkil bank olan cavabdeh tərəfindən onun öz vəsaiti hesabına ödənilməlidir, bunun isə düzgün olmadığı aşkardır.

49. Yuxarıda istinad edilən “Qaydalar”ın 4.1-ci bəndində də qeyd edilmişdir ki, Fondun vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin həmin hissədə dəlilləri əsaslı olduğundan təmin edilməlidir.

50. Məhkəmə cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, şikayətdə iddiaçının ipoteka kreditinin verilməsi barədə müraciətinin X3 Sistemində özü tərəfindən deyil, yaxın tanışı tərəfindən edildiyini iddiaçının kredit mütəxəssisinə bildirdiyi qeyd edilsə də, müraciətin iddiaçının özü tərəfindən edilməməsinə dair mötəbər sübutlar olmadığından şikayətin həmin dəlili mülahizə xarakterli olmaqla əsassızdır. Eləcə də apellyator şikayətdə həm də iddiaçının mərc oyunlarında iştirak etməklə, yüksək riskli fəaliyyətlə məşğul olmasını və bununla da ona veriləcək krediti qaytarmaq imkanını itirmək ehtimalını qeyd etsə də, şikayətin həmin dəlilini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir.

51. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

52. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:

53. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”

54. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

55. Beləliklə, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilərək, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Ipoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 100000 (yüz min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır.

56. MPM-in 385.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

57. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə ## ###### 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə ## ####### 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Nəticə:

58. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, iddiaçı İddiaçı Azərbaycan Respublikasının Ipoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 100000 (yüz min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinin üzərinə qoyulmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

60. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir.

61. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ləğv edilsin, yeni qətnamə qəbul edilsin, iddia tələbi qismən təmin edilsin. Iddiaçı İddiaçı Azərbaycan Respublikasının Ipoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 100000 (yüz min) manat məbləğində illik 4 (dörd) faizli güzəştli ipoteka kreditinin verilməsi vəzifəsi və bununla bağlı müqavilə bağlamaq öhdəliyi cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətinin üzərinə qoyulsun. Iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 100 (yüz) manat dövlət rüsumu cavabdeh “xxxx” Cavabdehəhmdar Cəmiyyətindən tutularaq iddiaçı İddiaçı ödənilsin, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar