Məhkəmə qərarları › İş №2(3-6)-958/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-958/2026

14.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-958/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh İlyaz oğluna qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamədən cavabdeh Cavabdeh İlyaz oğlunun verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi (arvadı) Rakhila Guseinovanın iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia haqqında məlumat

1. İddiaçı Bankın buna səlahiyyəti olan nümayəndəsi Bankın adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında bağlanmış ##.##.2022-ci il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 8.300 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 268,20 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 105,69 manat məbləğində pulun cavabdehdən tutularaq Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh kredit almaq üçün ##.##.2022-ci il tarixdə “ərizə-anketi” doldurub, imzalamaqla Bankın rəsmi internet səhifəsində yerləşdirmiş, “Ümumi ofertanın” bütün şərtləri ilə tanış olduğunu və həmin şərtləri qəbul etdiyini təsdiq etmişdir. Bununla da tərəflər arasında onlayn qaydada “Kredit müqaviləsi” bağlanmış, aralarında kredit münasibətləri yaranmışdır. Bundan sonra Bank tərəfindən cavabdehə “SMS təsdiqi” vasitəsilə 35 ay müddətinə illik 27,60 faiz dərəcəsi ilə 8.300 manat məbləğində kredit ayrılmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, nəticədə ##.##.2025-ci il tarixə Bank qarşısında iddiada göstərilən məbləğdə borc yaranmışdır. Bank, borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmış, bu səbəbdən də, Bank, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət büdcəsinə 105,69 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə dair münasibəti haqqında məlumat

3. Cavabdehin nümayəndəsi (arvadı) Rakhila Guseinova iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, əri – iş üzrə cavabdeh iddiaçı Banka müraciət edərkən məqsədi “kredit kartı” deyil, “debet kartı” almaq olmuşdur. Amma Bank onlara içərisində 8.300 manat pul vəsaiti olan “kredit kartı” vermişdir. Onlar da həmin puldan istifadə etmişlər. “Kredit kartından” istifadə etdikləri müddətdə, borcu hesaba vaxtında qaytarmışlar. Lakin sonrada cavabdehin səhhətində ciddi problemlər yaranmış və onlar Banka olan borcu qaytara bilməmişlər. Banka həqiqətəndə 8.300 manat borcları var. Amma cavabdehin səhhətindəki problemlər davam etdiyi üçün Banka olan borcu qaytara bilmirlər. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş edir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə haqqında məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın tam həcmdə təmin edilməsini, iddia ərizəsində qeyd edilən məbləğlərin cavabdehdən tutularaq Banka ödənilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında “Kredit müqaviləsinin” bağlanması və həmin müqavilə üzrə yaranmış 8.300 manat məbləğində kredit borcunun cavabdeh tərəfindən iddiaçı Banka qaytarılmaması işin mübahisəsiz halıdır. Bu tələbin təmin edilməməsi üçün əsas yoxdur. Tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərindən görünür ki, kredit, illik 27,60 faiz dərəcəsi ilə ayrılmışdır. Bank tərəfindən təqdim edilmiş hesablamalarıdan da görünür ki, Bank, cavabdehdən onun xeyrinə tutulmasını tələb etdiyi 268,20 manat məbləğində faiz borcu da, qeyd edilən müqavilənin şərtlərinə uyğun qaydada hesablanmışdır. Buna görə də, həmin məbləğ də, cavabdehdən tutularaq Banka ödənilməlidir. Çünki cavabdeh, onunla Banka arasında bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi pozmuşdur. Qeyd edilən tələblər təmin edildiyindən, cavabdeh, Bank tərəfindən ödənilmiş dövlət rüsumunun da əvəzini Banka ödəməlidir. d) apellyasiya şikayəti haqqında məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

7. Əsasları cavabdehin nümayəndəsinin Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarını, o cümlədən cavabdehin II qrup əlil olmasını, faiz borcunun isə şişirdilmiş olmasını nəzərə almamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, şahidləri dindirməmiş, ekspertiza tərəfindən verilmiş rəyə tənqidi yanaşmamış və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı barədə məlumat

8. Cavabdehin nümayəndəsi (arvadı) apellyasiya baxışı iclasında iştirak edərək, şikayətin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

9. İddiaçı Bank apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən bu halın işin baxılmasına mane olmadığını nəzərə alaraq işə Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

11. Belə ki, işdə olan sənədlərdən görünür və tərəflər arasında mübahisə doğurmur ki, cavabdeh kredit almaq üçün ##.##.2022-ci il tarixdə “ərizə-anketi” doldurub, imzalamaqla Bankın rəsmi internet səhifəsində yerləşdirmiş, “Ümumi ofertanın” bütün şərtləri ilə tanış olduğunu və həmin şərtləri qəbul etdiyini təsdiq etmişdir. Bununla da tərəflər arasında onlayn qaydada “Kredit müqaviləsi” bağlanmış, aralarında kredit münasibətləri yaranmış, Bank tərəfindən cavabdehə “SMS təsdiqi” vasitəsilə 35 ay müddətinə illik 27,60 faiz dərəcəsi ilə 8.300 manat məbləğində kredit ayrılmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etməmiş, Banka olan borcunu vaxtında və yaranmış məbləğdə qaytarmamışdır.

12. Bank tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş hesablama sənədlərindən görünür ki, müqavilə şərtlərini pozmuş cavabdehin iddiaçı Banka 8.300 manat məbləğində əsas kredit borcu və əsas kredit borcuna hesablanmış 268,20 manat məbləğində faiz borcu var.

13. İşdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələr verdikləri məlumatlardan müəyyən edilir ki, Bank, borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, borc ödənilməmiş qalmışdır.

14. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən dövlət büdcəsinə 105,69 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

15. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Lakin hazırki iş üzrə cavabdeh iddiaçı Banka kredit borcunun olmadığını ümumiyyətlə iddia etmir. O, qətnamədən verdiyi apellyasiya şikayətində bildirir ki, o, II qrup əlildir və Banka olan borcunu səhhətində olan və sonradan yaranmış problemlərə görə qaytara bilmir.

17. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdehin səhhətində olan problemlərə görə kredit borcunun ödənilməməsi haqqında şərt tərəflər arasında razılaşdırlmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, Mülki Məcəllədə də, belə bir müddəa yoxdur ki, borcalanın səhhətində problemin yaranması, onu kreditor qarşısında üzərinə götürdüyü öhdəliyin icrasından azad edir.

18. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir.

19. Cavabdehin digər dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi şahidləri dindirməmişdir.

20. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə iş materiallarına əsaslanaraq qeyd edir ki, cavabdehin nümayəndəsi işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman məhkəmə iclasında iştirak etsə də, hər hansı şahidin (şahidlərin) dindirilməsi haqqında vəsatət verməmişdir.

21. Bu hal və “məhkəmə öz təşəbbüsü ilə sübut toplamır” prinsipi nəzərə alındıqda müəyyən edilir ki, cavabdehin bu dəlili əsassızdır.

22. Cavabdehin başqa bir dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi ekspertiza tərəfindən verilmiş rəyə tənqidi yanaşmamışdır.

23. Məhkəmə iş materiallarına əsaslanaraq qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə ekspertiza təyin etməmiş və işdə ekspertiza tərəfindən verilmiş rəy yoxdur.

24. Bu baxımdan Məhkəmə hesab edir ki, cavabdehin müzakirə edilən bu dəlili də əsassızdır.

25. Apellyasiya şikayətində həmçinin bildirilir ki, Rayon Məhkəməsi iddia ərizəsi ilə tutulması tələb olunan faiz borcunun şişirdilmiş məbləğdə olmasına əhəmiyyət verməmişdir.

26. Apellyasiya şikayətinin bu dəlilinin əsaslılığının qiymətləndirilməsi ilə bağlı Məhkəmə qeyd edir ki, cavabdehin nümayəndəsi işə Rayon Məhkəməsi tərəfindən baxılan zaman məhkəmə iclasında iştirak etmiş və iş üzrə verdiyi izahatda “faiz borcunun şişirdilmiş” olması ilə bağlı fikir səsləndirməmiş, “iş üzrə mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında” vəsatət verməmişdir.

27. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, faiz borcunun şişirdilmiş olmasını bildirən cavabdeh bu halı təsdiq edə biləcək sübutu (heç olmasa adi riyazi hesablamanı) məhkəməərə təqdim etməmişdir.

28. Bu hal və “məhkəmə öz təşəbbüsü ilə sübut toplamır” prinsipi nəzərə alındıqda müəyyən edilir ki, cavabdehin bu dəlili də əsassızdır.

29. Göstərilənlərə əsasən müəyyən edilir ki, borclu olan cavabdeh, onunla kreditor olan Bank arasında bağlanmış “Kredit müqaviləsi” üzrə icra edilməmiş öhdəliyi var.

30. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 445.1.). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (maddə 445.2.1.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).

31. Qeyd edilən maddi hüquq normaların tələblərin işin hallarına yanaşdıqda müəyyən edilir ki, Bank, cavabdehin onun qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi səbəbindən, cavabdehdən, iddia ərizəsində qeyd edilən məbləğdə əsas və faiz borcunun tutulmasını tələb etməkdə, Rayon Məhkəməsi isə bu tələbi təmin etməkdə haqlı olmuşlar. g) apellyasiya baxışının nəticəsi

32. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin faktiki hallarına uğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Buna görə də şərh olunanları nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 191, 385, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh Cavabdeh İlyaz oğlunun apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh Cavabdeh İlyaz oğlu hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar