Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-963/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X8 cavabdeh Məmmədov Namiq Zəlimxan oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X11 (sədrlik edən və məruzəçi), X5 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi ilə, iddiaçı X8 cavabdeh Məmmədov Namiq Zəlimxan oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Məmmədov Namiq Zəlimxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. *********** nömrəli qəbzin surətindən görünür ki, 300 manat Namiq Məmmədovun hesabına ödənilmişdir.
2. ************ nömrəli qəbzin surətindən görünür ki, 700 manat Namiq Məmmədovun hesabına ödənilmişdir.
3. Şabran Rayon Məhkəmsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 ilə cavabdeh X10 arasında ## #### 2018-ci il tarixdə Şabran rayon Qeydiyyat Şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 119 nömrə ilə qeyd edilmiş nikahın pozulması, boşanmadan sonra ## ####### 2018-ci il təvəllüdlü X3 və ## ###### 2020-ci il təvəllüdlü X2 cavabdeh X10 yanında qalması, iddiaçı X1 ## #### 2023-cü il tarixdən başlayaraq ## ####### 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları məqsədi ilə hər uşaq üçün ayda 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X10 ödənilməsi, iddiaçı X1 ## ####### 2018-ci il təvəllüdlü X3 və ## ###### 2020-ci il təvəllüdlü X2 hər həftənin şənbə və ya bazar günləri saat 14:00-dan 19:00-dək görüşüb ünsiyyətdə olması qərara alınmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı X8 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona yalan məlumat verərək özünü mediator işçisi kimi təqdim etməsi, məhkəmə qətnaməsinə baxmayaraq, qanundan kənar çıxıb nəvələrini görüş zamanı uzun müddət saxlamasını israr etməsi, ondan aldığı məbləğin qarşılığında heç bir iş görməməsini əsas tutaraq 1000 manat məbləğin və ödənilmiş 31 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı X9 oğlu X4 2017-ci ildə X10 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan ##.##.2018-ci il təvəllüdlü Ağayeva Möminə və ##.##.2020-ci il təvəllüdlü Ağayeva Mehri adlı qızları doğulmuşdur. 2023-cü ildə boşanmışlar. Oğlu A.Mahir boşandığı zaman uşaqlar azyaşlı olduğu üçün məhkəmə onları analarının himayəsinə vermişdir. Nəvələrinin analarının himayəsində qalmasından çox narahat olduğu üçün özünü Mediasiya şöbəsinin əməkdaşı kimi təqdim edən Məmmədov Namiq Zəlimxan oğlu ilə analarının nəvələrinə qayğı göstərmədiyini, təhsili ilə maraqlanmadığını, onlara xəsarətlər yetirdiyini ən əsası da kirayədə yad insanların əhatəsində yaşadıqları üçün uşaqları atalarının himayəsinə verilməsi barəsində görüşüb danışmışdır. Cavabdeh da bu işdə ona kömək edə biləcəyini vəd etdi, ən azından bir uşağın atanın himayəsinə verilməsi üçün müqabilində ondan 1500 manat məbləğində pul istədi. O da müxtəlif vaxtlarda öz şəxsi kart hesabından Namiq Məmmədovun şəxsi kart hesabına, ümumilikdə 1500 manat məbləğində pul köçürmüşdür. Nəvələrinin atasının himayəsinə verilməsi prossesində Cavabdeh oğlunun boşanma məhkəmə qətnaməsində atanın uşaqları həllə içərisində 5 saat görüş verildiyini bilə-bilə dəfələrlə onlara uşaqlarla görüş vaxtı onları 20 gün müddətində gizlətməni, analarına verməməyini demişdir. Həmin müddət ərzində sənədlər hazırlayıb uşaqların anasından alınması üçün məhkəməyə müraciət edəcəyini vəd vermişdir. Cavabdeh oğlunun adından etibarnamə alaraq onun adından iş görəcəyini də bildirmiş, nəticədə heç bir iş görməmişdir. O, Şabran rayonunda 40 ildən artıq müəllim peşəsində çalışmağına baxmayaraq, digər idarə işlərindən məlumatı olmadığı üçün və sonradan topladığı məlumata əsasən nəvələrinin hələ azyaşlı olduğu üçün atalarının himayəsinə verilməsinin mümkün olmayacağının fərqinə vardı. Üzərindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, Cavabdeh bu məsələnin həlli yönümündə heç bir iş görmədiyi üçün ona ödədiyi məbləği geri qaytarmasını zəng edib istədikdə ona kobud cavab verərək telefonu üzünə söndürürdü. Ödədiyi 1500 manat məbləğdən 500 manat ona geri qaytararaq, qalan 1000 manat məbləğində onun üçün iş gördüyünü söyləyib qaytarmayacağı bildirdi. ##.##.2025-ci il tarixində o, Şabran Rayon Prokurorluğuna bu məsələ ilə bağlı müraciət etmişdir. Müraciəti araşdırılaraq ona Cavabdeh mediator olmaması, fərdi qaydada xidmət göstərdiyi və vəzifəli şəxs olmadığı üçün məhkəməyə müraciət etməməsini izah etdilər. 6 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq, cavabdeh Məmmədov Namiq Zəlimxan oğlundan 1000 manat məbləğində pul vəsaitinin və 31 manat dövlət rüsumunun tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir.
7. Qətnamənin əsaslarına görə, iddiaçı tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1000 manat məbləğində pul vəsaiti ödənmişdir. Iddiaçı sözügedən pulun cavabdəhə ödəməsi səbəbinin cavabdehin onlara məhkəmə işindəuşağların ataya verilməsində yəni iddiaçının oğluna verilməsi hissəsində köməklik etməsi ilə əlaqədar olduğunu bildirmiş, cavabdeh isə dəfələrlə məhkəmə iclasına çağırılsa da, məhkəmə iclaslarına gəlməmiş, iddiaçı tərəfindən ona ödənilmiş pul vəsitinin səbəbini məhkəməyə bildirməmiş, habelə onunla iddiaçı arasında hər hansı bir tapşırıq müqaviləsi olmasını, sözügedən tapşırıq müqaviləsini bağlamağa səlahiyyətinin olmasa, o cümlədən pul vəsaitini qaytarmış olmasına dair dəlilləri məhkəməyə təqdim etməmşdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Məmmədov Namiq Zəlimxan oğlundan 1000 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin 31 manat dövlət rüsumunun hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumuda cavabdehə aid edilməlidir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445, 448.1, 739.1, 777.1, 777.2, 778.1, 779.1, 1091.1, 1092.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 115, 119.1, 121.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh Məmmədov Namiq Zəlimxan oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunması xahiş etmişdir.
10. Apellyasiya şikayətinin dəlillərinə görə, cavabdeh birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razı deyildir. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, guya cavabdehi tanımır və o, iddiaçını mediator kimi işlədiyini bildirib aldatmışdır. Idiaçının böhtan xarakterli fikirlərinə cavab olaraq bildirir ki, iddiaçı cavabdehin qohumudur. Onlar, yəni iddiaçı cavabdehin əvvəllər icra şöbəsində işlədiyini bildiyi üçün onun yanına gecə saatlarında yaşadığı evə gələrək, nəvələrini görə bilmədiyini, keçmiş gəlinlərinin uşaqları göstərmədiyini bildirdilər və ondan kömək istədilər. Cavabdeh də bildirib ki, oğlu Mahirlə səhər görüşlər, ona etibarnamə verər və gücü çatan qədər kömək edər. Icra Şöbəsində iştirak etmək üçün cavabdehə etibarnamə verdilər. Uşaqla görüş məsələsi icra məmurunun tədbirləri əsasında baş tutdu. Sonradan mediasiya proseslərində iştirak etdi. Çünki, uşaqlar atalarının yanında qalmaq istəyirdi. Bu səbəbdən də uşağın yaşayış yerini müəyyən etmək üçün mediasiyaya müraciət etdi və etibarnamə əsasında mediasiya proseslərində iştirak etdi. Bundan başqa, alimentin artırılması istiqamətində iddiaçının keçmiş gəlini mediasiyaya müraciət etmişdir. Həmin prosesdə cavabdeh də iştirak etmişdir. Polis şöbəsində ilkin araşdırmada iddiaçının oğlu Mahirin etibarnamə əsasında nümayəndəsi olmuşdur. Iddiaçı cavabdehi yaxından tanıyır. Bir qohum kimi daimi evinə gəlib gedən olub. Şabran şəhərinə hər dəfə Bakı şəhərindən gəlib, getməyi vəsait tələb edib. Bütün bunları cavabdeh özü öz şəxsi vəsaiti hesabına etmişdir. Sonradan ona olan borclarını ödəyiblər. Cavabdeh iddiaçını aldatmamışdır, nə də özünü vəzifəli şəxs kimi təqdim etməmişdir. Nəvələri iddiaçının yanındadır. Sonradan, yəni bir müddət sonra analarının yanına getdilər. Iddiaçının ərizədə göstərdikləri böhtan xarakterlidir. Cavabdeh onları aldatmamışdır. Iddiaçı özü onun evinə gəlib, xahiş, minnət edib ki, qohum kimi ona kömək eləsin, nəvələrini görsün. Əlavə olaraq bildirir ki, cavabdeh əmlakın çıxarılması ilə bağlı da mediasiya proseslərində iştirak etmişdir, bunlar hamısı xərc tələb edir. Yol xərci rüsumlar və s. Bütün bunları o, özü edib, sonra iddiaçının oğlu cavabdehə ödəyirdi. Ona görə də hesab edir ki, iddiaçı iddia tələbini düzgün irəli sürməmişdir. Onun iddaçı ilə hər hansı bir iş birliyi olmayıb. O, iddiaçının oğlu Ağayev Mahirlə danışıb. Cavabdeh iddiaçının oğlu X1 ##.##.2024-cü il tarixli, *E-**** saylı etibarnamə üzrə nümayəndəsi olmuşdur. Bu səbəbdəndə hesab edir ki, iddia tələbini Ağayeva Möminə yox, onun oğlu Ağayev Mahir irəli sürməli idi. Məhkəmə cavabdehin iştirakını təmin etməyib. Ümumiyyətlə, onun məhkəmədən xəbəri olmayıb. Qətnamə elektron kabinetə yerləşdiriləndə görüb. Bu səbəbdən də baxmayaraq ki, iddiaçı cavabdehə qarşı qərəzli olmuşdur, ona kütləvi ziyan vurmuşdur. Cavabdeh iddiaçının ona qarşı etdiyi qərəzli hərəkətlərinə görə maddi və mənəvi ziyan çəkir. Ancaq cavabdeh ona qarşı mədəni davranaraq ziyan vurmamışdır. Lakin məhkəmə onun bütün qeyd etdiklərinə baxmayaraq, cavabdehi dinləmədən ondan 1000 manat pul məbləğinin və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarmışdır. Cavabdehin məhkəmə proseslərindən xəbəri olmadığı üçün iştirak edə bilməmişdir. Məhkəmə onun məhkəmə iclaslarında iştirakını təmin etməyib. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göstərilən normanın tələbinə görə, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və iddiaçı tərəfindən cavabdehin hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Birinci instansiya məhkəməsi cavabdehin ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş və onun hüququnun bərpa olunmasına kömək etmək əvəzinə, sübutları araşdırmamışdır. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Sübutlarını təqdim etmək üçün məhkəmə onun iştirakını təmin etməmişdir. Iddiaçı iddia tələbinin əsasını təşkil edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin etibarnamə əsasında proseslərdə iştirak etməklərini, onun yol xərclərini, ödənilən rüsumları nəzərə almayıb. Bundan başqa, bildirir ki, cavabdehin iddiaçı ilə hər hansı iş birliyi olmayıb. O, iddiaçının oğlu Ağayev Mahirin etibarnamə üzrə nümayəndəsi olmuşdur. Cavabdehin iddiaçı ilə işlə bağlı hər hansı danışıqları olmayıb. Məhkəmə iddiaçının Ağayeva Möminə yox, Ağayev Mahir olmasını hesab etməli idi. Məhkəmə cavabdehin iddiaçının oğlu X1 ##.##.2024-cü il tarixli, *E-**** saylı etibarnamə üzrə nümayəndəsi olaraq onun işlərini görməyini nəzərə almayıb. Məhkəmə müəyyən edilmiş faktlar üzrə səhv nəticəyə gəlmiş, düzgün araşdırma aparmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
17. Apellyasiya şikayətinin əsas dəlilini o təşkil edir ki, cavabdehin məhkəmə prosesində iştirakı təmin edilməmiş, sübutları məhkəməyə təqdim edə bilməmiş, ümumiyyətlə onun hazırki mübahisədən məlumatı olmamışdır.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, Mülki Prosessual Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPMnin 135.5-ci maddəsinə əsasən Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
19. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər üzrə birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma və qiymətləndirmə aparılmışdır, buna görə də əlavə qiymətləndirmə aparılmasına zərurət yoxdur.
20. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
21. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Məmmədov Namiq Zəlimxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.