Məhkəmə qərarları › İş №2(3-6)-969/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-969/2026

20.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-969/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Rəfael oğlunun cavabdehlər cavabdeh2 və X1 qarşı işi üzrə Açar sözlər: (“əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi”) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı İddiaçı, cavabdeh cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı 1.Iddiaçı İddiaçı Rəfael oğlu cavabdehlər cavabdeh2 və X1 qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş daşınar əmlakın, **-LY-*** dövlət qeydiyyat nişanlı KIA Sorento markalı avtomobilin təmir dəyəri olan 14500,0 manat və 4 aya yaxın müddətə avtomobilsiz qalmaq və həmçinin avtomobilə vurulmuş zərərə görə dəyərinin düşməsi səbəbi ilə 3000,0 manat, ümumilikdə 17500,0 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixində Xətai rayonu, ünvan 1 nömrəli ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh1 idarə etdiyi Mercedes CLA markalı avtomobil ilə sol tərəfə manevr edən zaman X3 idarə etdiyi Volsvvagen Sirocco markalı avtomobil ilə toqquşması nəticəsində Volsvvagen Sirocco markalı avtomobil sürüşərək yolun sağ kənarında dayanmış X2 məxsus Hyundai IX-35 və ona, İddiaçı Rəfael oğluna məxsus **- LY-*** dövlət qeydiyyat nişanlı KIA Sorento markalı avtomobilə dəyərək zədələmişdir. Hadisədən sonra DIN Xətai RPI tərəfindən aparılmış araşdırmalar zamanı cavabdeh1 idarə etdiyi Mercedes CLA markalı avtomobilin qaydanı pozması nəticəsində hadisənin baş verməsi məlum olmuşdur. Hazırda ona məxsus avtomobil yararsız vəziyyətdədir və bərpası üçün 14500 manat xərc tələb olunur. (Avto servis xərclər siyahısı və foto şəkillər əlavə edilir). Hadisədən sonra cavabdeh şəxslərlə dəfələrlə danışıqlar aparmış, vurulmuş zərərin aradan qaldırılmasını tələb etmişdir. Lakin onlar hər dəfəsində müxtəlif vədlər verərək vurulmuş zərəri aradan qaldırmaqdan imtina edirlər. Hazırda maşın 4 aya yaxındır ki avtoservisdədir və cavabdehin avtomobilə vurulmuş zərəri qarşılamaması səbəbindən 4 aydır avtomobilsiz qalmışdır. Bu isə öz növbəsində ona dəymiş zərəri daha da artırmaqdadır. Həmçinin zərər görmüş digər avtomobil sahibləri də onun kimi aldadılır və onlarda eyni vəziyyətdədir. Bu səbəblərdən dəymiş zərərin ödənilməsini tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2.Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər cavabdeh2 və X1 birgə qaydada ümumilikdə 17500,0 manat məbləğində pulun, 150,0 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17650,0 manat məbləğində pulun tutularaq İddiaçı Rəfael oğluna ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərinin 300,0 manat pulun cavabdehlər cavabdeh2 və X1 birgə qaydada tutularaq “xxxx” MMC hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1, 1108.2, 1108.3-cü; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.3, 103.1, 106.3, 119.1, 191.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, ##.##.2024-cü ildə Xətai rayonu, Babək prospekti 31a ünvanının qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh X1 tərəfindən idarə edilən "Mercedes CLA” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarının pozulması nəticəsində üçüncü şəxs X3 idarə etdiyi "Volkswagen Scirocco” markalı nəqliyyat vasitəsi ilə toqquşma baş vermişdir. Toqquşmanın davamı olaraq "Volkswagen Scirocco” sürüşüb yol kənarında dayanmış "Hyundai IX-35” və iddiaçıya məxsus **-LY-*** dövlət qeydiyyat nişanlı "KIA Sorento” markalı avtomobilə dəyərək sonuncuya maddi zərər vurmuşdur. Sığorta aktından görünmüşdür ki, hadisə üzrə iddiaçıya cəmi 1300 manat ödənilmişdir. Bu məbləğ real zərərin çox cüzi hissəsini təşkil edir. Sığorta ödənişi zərərvuran şəxslərin məsuliyyətini aradan qaldırmır, yalnız onların cavabdehlik həcmində azalmaya səbəb olur. Xətai Rayon Polis Idarəsinin təqdim etdiyi inzibati xəta materiallarına əsasən, cavabdeh X1 barəsində AR IXM-in 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və onun yol hərəkəti qaydalarını pozması sübuta yetirilmişdir. Məhkəmə bu sənədləri mötəbər yazılı sübutlar hesab edir və hadisənin səbəb-nəticə əlaqəsini müəyyən edən mühüm hüquqi fakt kimi dəyərləndirir. Iş materiallarındakı qiymətləndirmə rəyləri müqayisə edilərək müəyyən edilmişdir ki: "AvtoColors” avtoservisinin cədvəlinə əsasən zərərin məbləği — 14 430 manat, Qüsur aktına əsasən — 23 847 manat, "xxxx” MMC-nin rəyinə əsasən — 8 230 manat, "xxxx” MMC-nin MB **/**** saylı rəyinə əsasən isə — 23 847 manat təşkil edir (4150 + 19 697). Iddiaçı tərəfindən təqdim olunmuş avtoservis sənədləri, qüsur aktları, qiymətləndirmə rəyləri və fotoşəkillər avtomobilə ciddi maddi zərərin dəydiyini təsdiqləyir. Zərərin məbləği müxtəlif ekspert rəylərində fərqli göstərilsə də, məhkəmə MPM-in 101.3 və 103.1 -ci maddələrinə uyğun olaraq ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirmiş və onların hüquqi qüvvəsini təhlil etmişdir. Məhkəmə araşdırmasının gedişində müəyyən edildiyi kimi, "xxxx” MMC tərəfindən təqdim edilmiş rəyin səlahiyyətli və sertifikatlaşdırılmış mütəxəssis tərəfindən tərtib edilməməsi faktı prosessual baxımdan ciddi pozuntu hesab olunur. Bu cür vəziyyət mübahisə predmeti olan faktların sübut olunmasına dair etibarlılıq meyarlarının pozulması ilə nəticələnir. Məhkəmə belə rəyə sübut qüvvəsi verməkdən imtina edir. Bu, həm mülki, həm inzibati, həm də cinayət proseslərində vahid prinsipdir — sübut yalnız qanuni yolla əldə edildikdə və lazımi peşə səlahiyyəti olan şəxs tərəfindən verildikdə hüquqi nəticə doğurur.Məhkəmə qiymətləndirmə rəylərindən "xxxx” MMC-nin rəyini üstün sübut hesab edir. Belə ki, həmin rəy zərər vurulmuş detalları tam əhatə edir, bazar şərtlərinə uyğun təhlil aparır, detalların dəyişdirilməsi və bərpası üzrə dəyəri əsaslandırılmış formada izah edir və texniki baxımdan ən dolğun sənəd kimi çıxış edir. Digər rəylərdə zərərin tərkib elementlərinin natamam verildiyi və ya orta bazar dəyəri ilə uyğunsuzluqlar müşahidə olunmuşdur. Məhkəmə "xxxx” MMC-nin rəyini əsas götürmüş, lakin iddia tələbinin həcmi ilə məhdudlaşaraq 14500,0 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını hüquqi cəhətdən əsaslı hesab etmişdir. Xüsusi biliyi olan orqan cavabdehlərin əsas borcunun iddia ediləndən borcdan artıq olduğunu müəyyən etsə də, məhkəmə verilmiş tələblər üzrə qətnamə çıxarmalı olduğundan, əsas borcu qeyd edilən rəylərlə müəyyən edilmiş həddə deyil, iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən həddə, yəni 14500,0 manat məbləğində iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, "... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Bundan başqa məhkəmə iddia tələbinin "4 aya yaxın müddətə avtomobilsiz qalmaq və həmçinin avtomobilə vurulmuş zərərə görə dəyərinin düşməsi səbəbi ilə 3000,0 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, iş materiallarından aydın olur ki, nəqliyyat vasitəsinə dəymiş zərər nəticəsində onun əvvəlki texniki vəziyyəti və kommersiya dəyəri tam bərpa olunmamış, bu isə avtomobilin real bazar dəyərinin aşağı düşməsi ilə nəticələnmişdir. Zərərvurma ilə əlaqədar olaraq zərərin təkcə bərpa xərcləri deyil, həm də əmlakın dəyərdən düşməsi nəticəsində yaranan əlavə maddi itki zərər anlayışına daxildir və cavabdehlər tərəfindən tam həcmdə ödənilməlidir. Bundan başqa, nəqliyyat vasitəsinin uzunmüddətli təmiri nəticəsində iddiaçının faktiki olaraq avtomobilsiz qalması onun istifadədən məhrum edilməsinə gətirib çıxarmışdır ki, bu da kompensasiya edilməli olan müstəqil zərər kateqoriyasıdır. Bu zərərin yaranması iş üzrə sübutlarla təsdiq edildiyindən onun həcminin cavabdehlərdən tutulması hüquqi baxımdan qaçılmazdır. Yuxarıda göstərilən hallar nəzərə alınmaqla, məhkəmə iddia tələbinin qeyd edilən hissəsinin əsassız olmadığı, əksinə, tam sübutlu və hüquqi cəhətdən əsaslandırılmış olduğu qənaətinə gəlir və göstərilən məbləğin cavabdehlərdən tutulması zərurətini müəyyən edir. Məhkəmə həmçinin iddianın digər cavabdeh cavabdeh2 aid hissəsini də araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, belə halda cavabdeh2 avtomobilin onun qanuni sahibliyindən cavabdeh1 tərəfindən qanuna zidd şəkildə çıxmasını sübut etmək öhdəliyi daşıyır. Lakin buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Belə ki, cavabdehlər - həm hadisəyə birbaşa səbəb olan cavabdeh1, həm də hadisədə dolayı məsuliyyət daşıyan digər cavabdeh cavabdeh2 - məsuliyyətdən yayınıb, dəfələrlə verdikləri vədlərə baxmayaraq zərərin ödənilməsindən imtina etmişlər. Mülki hüquqda zərərin əvəzinin ödənilməsi prinsipi pozulan hüququ bərpa etməyi nəzərdə tutur və zərərin qarşılanması borclunun üzərinə qoyulur. Hadisənin səbəb-nəticə əlaqəsi, zərərin məbləği, cavabdehlərin hüquqa zidd hərəkəti və onların təqsiri tam şəkildə sübuta yetirilmişdir. Buna görə də iddia tələbinin cavabdehlərə yönəldilmiş hissəsi əsaslı və qanunauyğundur, zərərin tam məbləğdə ödənilməsi ilə bağlı tələb isə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 150,0 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Buna görə də, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Həmçinin iş materiallarında olan rəyə əlavə edilmiş ##.##.2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış qiymətləndirmənin dəyəri 300,0 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddia təmin olunduğundan aparılmış ekspertiza tədqiqatının dəyərinin 300,0 (üç yüz) manat pulun cavabdehlər cavabdeh2 və X1 birgə qaydada tutularaq "xxxx” MMC hesabına keçirilməlidir. 3.Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki : - AvtoColors Avtoservisin avtomobilin təmiri üçün tələb olunan xərclərin siyahısına əsasən, İddiaçı Rəfael oğluna məxsus **-LY-*** dövlət qeydiyyat nişanlı KIA Sorento markalı avtomobil yararsız vəziyyətdədir və bərpası üçün 14430 manat xərc tələb olunur; - Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətinə əsasən, ##.##.2024-cü il tarixdə Xətai rayonu, Babək prospekti **a saylı ünvanın qarşısında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh1 idarə etdiyi Mercedes CLA markalı avtomobil ilə sol tərəfə manevr edən zaman X3 idarə etdiyi Volkswagen Scirocco markalı avtomobil ilə toqquşması nəticəsində Volkswagen Scirocco markalı avtomobil sürüşərək yolun sağ kənarında səki üzərində dayanmış X2 məxsus Hyundai IX-35 markalı avtomobilə və İddiaçı məxsus KIA Sorento markalı avtomobilə dəyərək zədələmişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir; - TP ******* saylı qərarın surətinə əsasən, X1 AR IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir; - ****** saylı sığorta aktının surətinə əsasən, PAT********** saylı sığorta müqaviləsinin sürətindən görünür ki, cavabdeh2 məxsus avtomobil "xxxx” SŞ ASC-də sığortalanmışdır və ##.##.2025-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində 77- LY-948 dövlət qeydiyyat nişanlı KIA Sorento markalı avtomobilinə dəymiş ziyanla bağlı İddiaçı Rəfael oğluna 1300,0 manat ödəniş olunmuşdur; - Qüsur aktına əsasən, **-LY-*** dövlət qeydiyyat nişanlı KIA Sorento markalı avtomobilinə 23847,0 manat ziyan vurulmuşdur; - "xxxx” MMC-nin ##.##.2025-ci il tarixli rəyinə əsasən **-LY-*** dövlət qeydiyyat nişanlı KIA Sorento markalı avtomobilə ümumi 8230,0 manat dəyərində zərər dəymişdir; - "xxxx” MMC-nin MB **/**** saylı rəyinə əsasən, **-LY-*** dövlət qeydiyyat nişanlı KIA Sorento markalı avtomobilə dəymiş zərər üzrə görülməli olan işlərin bazar dəyəri 4150 manat, dəyişdirilməli olan hissələrin bazar dəyəri 19697 manat təşkil edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 25.1; Mülki Məcəlləsinin 6.11, 1108.2, 1108.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 9, 13, 54, 76, 77.1, 80, 81.9, 217.1 və 218.1-ci maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin ##.##.2022-ci il tarixli plenum Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli plenum Qərarına, S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli Qərarına, “Qavazov Bolqarıstana qarşı iş üzrə” Insan Hüquqları üzrə Avropa Məhkəməsinin ## #### 2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli plenum qərarına məhəl qoymayaraq qanunsuz qətnamə qəbul etmişdir. Belə ki yuxarıda qeyd edilən normaya əsasən, hazırkı mübahisədə mülkiyyətçi cavabdeh2 cavabdeh qismində qəbul edilməsi yolverilməzdir. Tələb iddiaya cavab verməli olmayan şəxsə, əsl olmayan cavabdehə (cavabdeh2) qarşı verilmişdir. Məhkəmənin həm mülkiyyətçi kimi cavabdeh2, həm də qanuni sahib kimi (etibarnamə ilə idarə edən ) cavabdeh1 cavabdeh kimi qeyd edərək qətnamə qəbul etməsi kobud pozuntudur. Məhkəmə qeyd edilən normalara istinad edərkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli plenum qərarını nəzərə almamışdır. Plenum qərarına əsasən: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması - ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi - təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması - zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Plenum qərarına əsasən nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, əmək münasibətlərinin mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Hazırki mübahisədə isə bu məsələ ümumiyyətlə aydınlaşdırılmamışdır. Avdınlaşdırılacağı təqdirdə isə heç bir əmək münasibətinin olmayacağı aşkar ediləcəkdir. Odur ki, birbaşa olaraq hazırki qətnamədə mülkiyyətçi cavabdeh2 cavabdeh qismində qəbul edilərək barəsində qərar qəbul edilməsi hüquqaziddir. Sözügedən işdə məhkəmə cavabdehi əsl cavabdehlə əvəz etməmişdir. Məhkəmə qeyd etmişdir ki, "Iş materiallarındakı qiymətləndirmə rəyləri müqayisə edilərək müəyyən edilmişdir ki: “AvtoColors” avtoservisinin cədvəlinə əsasən zərərin məbləği — 14 430 manat, Qüsur aktına əsasən — 23 847 manat, “xxxx” MMCnin rəyinə əsasən — 8 230 manat, “xxxx” MMGnin MB **/**** saylı rəyinə əsasən isə — 23 847 manat təşkil edir (4150 + 19 697). Iddiaçı tərəfindən təqdim olunmuş avtoservis sənədləri, qüsur aktları, qiymətləndirmə rəyləri və fotoşəkillər avtomobilə ciddi maddi zərərin dəydiyini təsdiqləyir. Zərərin məbləği müxtəlif ekspert rəylərində fərqli göstərilsə də, məhkəmə MPM-in 101.3 və 103.1-ci maddələrinə uyğun olaraq ekspert rəylərini digər sübutlarla yanaşı qiymətləndirmiş və onların hüquqi qüvvəsini təhlil etmişdir. Məhkəmə araşdırmasının gedişində müəyyən edildiyi kimi, “xxxx” MMC tərəfndən təqdim edilmiş rəyin səlahiyyətli və sertifikatlaşdırılmış mütəxəssis tərəfindən tərtib edilməməsi faktı prosessual baxımdan ciddi pozuntu hesab olunur. Bu cür vəziyyət mübahisə predmeti olan faktların sübut olunmasına dair etibarlılıq meyarlarının pozulması ilə nəticələnir. Məhkəmə belə rəyə sübut qüvvəsi verməkdən imtina edir. Bu, həm mülki, həm inzibati, həm də cinayət proseslərində vahid prinsipdir sübut yalnız qanuni yolla əldə edildikdə və lazımi peşə səlahiyyəti olan şəxs tərəfindən verildikdə hüquqi nəticə doğurur. Məhkəmə qiymətləndirmə rəylərindən “xxxx” MMC-nin rəyini üstün sübut hesab edir. Belə ki, həmin rəy zərər vurulmuş detalları tam əhatə edir, bazar şərtlərinə uyğun təhlil aparır, detalların dəyişdirilməsi və bərpası üzrə dəyəri əsaslandırılmış formada izah edir və texniki baxımdan ən dolğun sənəd kimi çıxış edir. Digər rəylərdə zərərin tərkib elementlərinin natamam verildiyi və ya orta bazar dəyəri ilə uyğunsuzluqlar müşahidə olunmuşdur. Məhkəmə “xxxx” MMC- nin rəyini əsas götürmüş, lakin iddia tələbinin həcmi ilə məhdudlaşaraq 14500,0 manatın cavabdehlərdən müştərək qaydada tutulmasını hüquqi cəhətdən əsaslı hesab etmişdir.Birinci instansiya məhkəməsi ekspertiza təyin edərək məhkəmə əmtəəşünaslıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edərək özəl qiymətləndirmə şirkəti olan “xxxx” MMC-yə icrasını həvalə etmiş, sözügedən şirkət şişirtmə məbləğlərə əsaslanaraq ziddiyyətli rəy qəbul edərək düzgün hüquqi nəticəyə gəlməmişdir. Bundan əlavə hesab edir ki, təkrar ekspertizanın keçirilməsinə zərurət vardır. “Qavazov Bolqarıstana qarşı iş üzrə” ## #### 2008-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcüdluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sühutlan qiymətləndirərkən, bir qayda olaraq “Əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Nəticə etibarı ilə məhkəmə biri digərini təkzib edən, ziddiyyətli və qeyrimötəbər sübutlara istinad edərək mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gəlməmiş, işdə olan sübutlar məhkəmə tərəfindən tərəflərin bərabərliyi, ədalətli balans, mütanasiblik prinsipləri baxımından düzgün qiymətləndirilməmiş, bir tərəf həddən artıq əsassız olaraq fərdi yükə məruz qalmışdır. Avropa Məhkəməsi “Hakansson və Sturesson Isveçə qarşı” iş üzrə 1990-cı il ## ###### tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Mülki icraat qaydasında baxılan işlərdə məhkəmələr tərəflərin tələbləri çərçivəsində, ancaq qanuna müvafiq olaraq qərar qəbul edə bilərlər. Başqa sözlə, mülki icraat qaydasında işlərdə məhkəmələr tərəflərin tələbləri ilə bağlıdır, ancaq bu tələblərin hüquqi tövsifi və hüquqi əsaslandırması ilə qətiyyən bağlı deyildir. Məhkəmələr mübahisələri həll edərkən yol verilmiş qanun pozuntularını tərəflərin irəli sürübsürməmələrindən asılı olmayaraq qanunən nəzərə almaq məcburiyyətindədirlər. Çünki qanunvericlik normalarının düzgün tətbiq olunması və qanun pozuntularına yol verilməməsi məhkəmələrin ən ümdə vəzifəsidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarını pozmaqla işə baxmışdır. Yəni, məhkəmə işə baxarkən tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyini pozmuş, həqiqətin müəyyən edilməsini təmin etməmiş, işə qərəzli, ədalətsiz, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmamışdır. Halbuki, məhkəmə baxışı, tərəflərin qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməli idi. Qətnamənin təsviri hissəsinə nəzər yetirdikdə, bu hallar açıq-aydın görsənir. Məhkəmə ümumiyyətlə cavabde olan cavabdeh2 prosesdə iştirakını ümumiyyətlə təmin etməmiş, nə elektron bildiriş göndərməmiş, nə də ünvanına məhkəmə üçün çağırış göndərməmiş və bu yolla da onun məhkəmə müdafiəsi hüququnu kobudcasına pozmuşdur. Qətnamənin qanuniliyi dedikdə, işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən, məhkəmə tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq riayət olunmasl başa düşülür. Qətnamə, həmin hüquq münasibətinə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Məhkəmə qətnaməsi həmin hüquq münasibətinə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Qətnamə o halda əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq, işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, həmçinin qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılsın; məhkəmə tərəfindən müəyyən edilmiş və iş üçün əhəmiyyəti olan hallar sübut olunsun; qətnamədə göstərilən nəticələrişin faktiki hallarına uyğun gəlsin. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş qətnamə qanuni hesab edilə bilməz. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən həll edilən məsələlərdən biri də iş üzrə toplanmış subutların qiymətləndirilməsidir. Lakin, məhkəmə bu normanı pozaraq, iddiaçının təqdim etdiyi sübutları qiymətləndirərək nəzərə almış,onların mötəbərliyini araşdırmamış və iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Bundan əlavə lazımi qaydada xəbərdar edilməmiş cavabdeh cavabdeh1 məhkəmə prosesinə cəlb edilməməsi ilə iş üzrə vəsatət və sübut təqdim etmək hüquqları pozulmuşdur. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Halbuki bu tip işlərdə zərərin məbləğinin müəyyən edilməsi üçün əlavə ekspertizanın keçirilməsi zəruridir. Hakim tərəfindən iddiaçının təqdim etdiyi “AvtoColors”, Avtoservis, “xxxx” MMC kimi özəl şirkətlərin qanuni və əsaslılığı şübhə doğuran və mötəbərliyi sual altında olan sənədlərində göstərdiyi şişirtmə məbləğlərə əsaslanaraq qərar qəbul edilmişdir. Məhkəmə qətnaməsində özəl şirkətlərin qeyd etdiyi nəqliyyat vasitəsinə dəymiş zərər şişirdilmişdir və həqiqəti əks etdirmir. Əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin ediləcəyi təqdirdə real zərər ortaya çıxacaqdır. Bundan əlavə məhkəmə qətnaməsində də qeyd edilmişdir ki, “ ****** saylı sığorta aktının sürətindən görünür ki, PAT********** saylı sığorta müqaviləsinin sürətindən görünür ki, cavabdeh2 məxsus avtomobil “xxxx” SŞ ASC-də sığortalanmışdır və ##.##.2025-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində **-LY-*** dövlət qeydiyyat nişanlı KIA Sorento markalı avtomobilinə dəymiş ziyanla bağlı İddiaçı Rəfael oğluna 1300,0 manat ödəniş olunmuşdur” Bu ağlabatan deyil. Ümumiyyətlə hesab edir ki, dəymiş zərər ağlasığmaz dərəcədə şişirdilmiş və həqiqəti əks etdirmir. Əlavə olaraq cavabdehlər tərəfindən iddiaçıya dəfələrlə barışıq üçün nəqliyyat vasitəsinin ehtiyat hissələri ( tam yeni alınmışdır ) və avtomobilin tam təmiri təklif olunsa da, iddiaçı dəymiş zərərdən dəfələrlə artıq pul qazanmaq həvəsinə düşmüşdür. Buna sübut olaraq baş vermiş hadisədəki digər zərərçəkmişlərin heç birinin məhkəmədə hazırki cavabdehlərə qarşı hər hansı iddia qaldırmamışdır, çünki hər zərərçəkmişə lazımi yardım edilmiş və nəqliyyat vasitələri təmir edilmişdir. Hazırki mübahisə üzrə vahid qəbul edilmiş məhkəmə təcrübəsi vardır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərarında qeyd edilmişdir :” Yol-nəqliyyat hadisəsi baş verən zaman cavabdeh həmin avtomobili etibarnamə əsasında idarə etmiş, başqa sözlə avtomobil onun qanuni sahibliyində olmuşdur, yol-nəqliyyat hadisəsi də məhz onun təqsiri üzündən baş vermişdir və buna müvafiq olaraq da o, qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilmişdir. Demək ki, törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyət-zərərin əvəzini ödəmək vəzifəsi də onun üzərindədir. Belə olan halda iddia tələbi Cavabdeh qanuni əsaslarla idarə etdiyi avtomobilin mülkiyyətçisi olan Cavabdehi aid hissədə təmin edilə bilməz, çünki o, mülkiyyətçi kimi məsuliyyət daşımır.” “Məhkəmə kollegiyası hesab etmişdir ki, Cavabdeh 1 qəza qəza törətmiş “Kia Optima” markalı **-BZ-*** qeydiyyat nişanlı minik avtomobilin mülkiyyəçisi olsa da, onun hansısa delikt törətməsi müəyyən olunmamışdır Ona görə də irəli sürülən iddia ona aid hissədə təmin oluna bilməz. Cavabdeh 2 isə baş vermiş hadisədə təqsirlidir və irəli sürülən iddianı təmin etmək vəzifəsi onun üzərinə düşməlidir.” Məhkəmə qətnaməsinin əsalandırma hissəsində qeyd edilmişdir ki : “ Belə ki, cavabdehlər - həm hadisəyə birbaşa səbəb olan cavabdeh1, həm də hadisədə dolayı məsuliyyət daşıyan digər cavabdeh cavabdeh2 - məsuliyyətdən yayınıb, dəfələrlə verdikləri vədlərə baxmayaraq zərərin ödənilməsindən imtina etmişlər. Qeyd edilən hissə ilə də qəti razılaşmayaraq bildirmək istəyir ki, əvvəla cavabdeh2, yəni mülkiyyətçinin cavabdeh qismində qəbul edilməsi qanunsuzdur. Belə ki, işə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli plenum qərarına zidd olaraq qanunsuz qətnamə qəbul etmişdir. Əlavə olaraq məhkəmənin qanuni sahib olan cavabdeh1 və mülkiyyətçi cavabdeh2 sanki ittiham edirmiş kimi onların dəfələrlə vəd verərək zərərin əvəzini ödəməmələrini bildirməsi absurddur və hər hansı sübuta əsaslanmayan iddiaçının sözlərinə əsaslanaraq qəbul edilmiş kobud pozuntularla qəbul edilmiş qətnamədir. Həmçinin məhkəmə qətnaməsində bir tərəfdən tərəflərin məhkəmə iclasına gəlmədiklərini bildirməsi, digər tərəfdən isə iddiaçıya dəfələrlə vəd verdiyini bildirməsi özü ziddiyətli məqamdır. Hesab edirik ki, bu xüsuslar tam araşdırılmalıdır. Apellyasiya icraatında müəyyən edilən hallar: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəliləri ilə eyni məzmunlu izahat verərək, cavabdeh2 hazırkı iş üzrə cavabdeh kimi qoyulmamalı olduğunu, o mülkiyyətçi olsa da qanuni sahibin cavabdeh1 olduğunu, hadisə baş verən zaman avtomobili cavabdeh1 idarə etdiyini, digər tərəfdən avtomobilə vurulmuş zərərin şişirdilmiş şəkildə qiymətləndirildiyini, məhkəmənin təkrar ekspertiza keçirmədiyini, cavabdeh cavabdeh2 məhkəmə iclasında iştirakının təmin olunmadığını, çəkişmə prinsipinin pozulduğunu, cavabdeh2 tərəfindən cavabdeh1 hadisə baş verdikdən sonra etibarnamə verilməsi birincinin məsuliyyətini müəyyən etmədiyini, belə ki, hadisə zamanı təmsil etdiyi şəxsin nəqliyyat vasitəsini idarə edən cavabdeh1 yanında olduğunu qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 6.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, hazırkı vəziyyətdə hər iki cavabdehin məsuliyyət daşıdığını, cavabdeh2 cavabdeh1 təqribi olaraq hadisə baş verdikdən 1 saat sonra tez-tələsik etibarnamə verməsində əsas məqsədinin məsuliyyətdən yayınmaq olduğunu, avtomobilinə dəymiş zərərin cəmi 1300 manat hissəsinin sığorta şirkəti tərəfindən qarşılandığını və bu barədə müvafiq arayışı da məhkəməyə təqdim etdiyini qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

8. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə əsasən 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 9.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

10. Apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayətin dəlilləri qismən əsaslıdır. Ilk növbədə qeyd edilməlidir ki, cavabdeh cavabdeh2 apellyasiya şikayəti özü-özlüyündə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh2 bir tərəfdən ümumiyyətlə hazırkı iş üzrə onun cavabdeh kimi qoyulmasının yolverilməz olduğunu, digər tərəfdən avtomobilə dəymiş zərərin düzgün qiymətləndirilmədiyini qeyd edir. Kollegiya şiakyətin birinci dəlilini əsassız hesab edir və hesab edir ki, hadisə zamanı cavabdeh1 sürücü olsa belə, mülkiyyətçi kimi çıxış edən cavabdeh2 də onunla müştərək iddiaçı qarşısında məsuliyyət daşıyır. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyula bilməsi uzrə qanunvericiliyin tələblərinə müvafiq hadisə baş verən zaman şikayət verən cavabdeh2 (mülkiyyətçi) tərəfindən deyil, yalnız nəqliyyat vasitəsini idarə edən cavabdeh1 mülki məsuliyyəti (qanuni əsaslarla sahibliyi) müəyyən edilmir. Şikayətin digər dəlili olan dəymiş zərərin məbləğinə münasibətdə isə qeyd edilməlidir ki, iş materiallarında olan sığorta aktı ilə müəyyən edilir ki, ##.##.2025-ci il tarixində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomoilə dəymiş zərər 14430 manat müəyyən edilmiş, iddiaçıya 1300 manat sığorta ödənişi edilmişdir. Xüsusi olaraq vurğulanmalıdır ki, iddiaçı sığorta aktı ilə müəyyən edilən zərərin məbləğini mübahisələndirməmişdir. Məhkəmə özü də qeyd etmişdir ki, “sığorta aktından görünmüşdür ki, hadisə üzrə iddiaçıya cəmi 1300 manat ödənilmişdir. Bu məbləğ real zərərin çox cüzi hissəsini təşkil edir. Sığorta ödənişi zərərvuran şəxslərin məsuliyyətini aradan qaldırmır, yalnız onların cavabdehlik həcmində azalmaya səbəb olur”. Lakin cavabdehlik həcmini azaltmamışdır.Belə olduğu təqdirdə kollegiya hesab edir ki, avtomobilə dəymiş zərər sığorta aktına əsasən 14430 manat kimi əsas götürülməli və həmin məbləğdən 1300 manat sığorta ödənişi çıxıldıqdan sonra yerdə qalan 13130 (on üç min yüz otuz) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Beləliklə də, qətnamə avtomobilin təmir dəyəri hissəsində dəyişdirilməlidir. 11.Apellyasiya şikayəti verilməsi üçün dövlət rüsumu üzrə məhkəmə xərcləri onu ödəyən şəxsə aid edilməlidir. 12.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət e t d i : Cavabdeh cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi avtomobilin təmir dəyərinə aid hissədə dəyişdirilsin və avtomobilin təmir dəyəri 13130 (on üç min yüz otuz ) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar