Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-985/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Quliyev Elman Təvəkkül oğlunun cavabdehlər Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququnun tanınması) hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Səmimə Elşad qızının katibliyi, Iddiaçı Quliyev Elman Təvəkkül oğlunun iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsindən iddiaçı Quliyev Elman Təvəkkül oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları, iş üzrə məhkəmə icraatı:
1. Iddiaçı Quliyev Elman Təvəkkül oğlu cavabdehlər Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanda yerləşən *** saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Quliyev Elman Təvəkkül oğlu 1990cı il tarixdən ailə üzvləri ilə birlikdə Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanda yerləşən *** saylı mənzildə hal-hazıradək qeydiyyatsız yaşayırlar. Sözügedən mənzil 1990cı il tarixədək order əsasında icarədar ##.##.1948-ci il təvəllüdlü X4 istifadəsində olmuşdur, lakin 1990-cı ildə iddiaçı Quliyev Elman Təvəkkül oğlu Lidiya Tarasova ilə razılığa gələrək həmin mənzili alqı-satqı yolu ilə almış, lakin sənədləşdirilmə işləri qanunamüvafiq qaydada aparılmadığından həmin mənzilə dair order iddiaçı Quliyev Elman Təvəkkül oğluna təqdim edilməmişdir. Həmin mənzilə dair hüquqmüəyyənedici sənədlərin alınmasına dair dövlət orqanlarına sorğu verilmiş, lakin bir neçə sorğu barədə natamam cavablar verilmiş, digər sorğular isə hüquqmüəyyənedici sənədlərin olub-olmaması barədə tam şəkildə cavablandırılmamışdır. Sözügedən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanda yerləşən *** saylı mənzildə iddiaçı ailə üzvləri ilə birlikdə 1990-cı il tarixdən yaşayır, həmin mənzildə birgə təsərrüfat aparılıb, 35 il müddət ərzində mənzil iddiaçı tərəfindən dəfələrlə təmir olunub, bu müddət ərzində kommunal xərclər iddiaçı tərəfindən ödənilib, həmçinin mənzildə bu günədək heç kim qeydiyyatda olmayıb və iddiaçı hal-hazırda həmin mənzildə yaşamaqla mənzildən istifadə edir. Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi *** saylı Mənzil-Kommunal Istismar Sahəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışda qeyd olunur ki, iddiaçı Quliyev Elman Təvəkkül oğlu Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 2 ünvanda yerləşən *** saylı mənzildə 1990-cı il tarixdən qeydiyyatsız yaşayır. Bu səbəbdən, iddiaçı hesab edir ki, ailə üzvləri ilə birlikdə yaşadığı sözügedən mənzil yeganə yaşayış yeri olduğundan həmin mənzilə yaşayış hüququ tanınmalıdır.
Birinci instansiya məhkəməsində icraat:
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim K.Əsədov) iddiaçı Quliyev Elman Təvəkkül oğlunun cavabdehlər Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə və Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
4. Məhkəmə qətnamədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzilin icarəçisi X4muş, mənzilə ##.##.1986-cı il tarixdə qeydiyyata alınmış, sonradan başqa yaşayış yerinə köçmüşdür. Keçmiş icarəçi qeydiyyatdan çıxması və hansı ünvana köçməsi barədə məlumat verməmişdir. Mənzilə dair iddiaçı ilə hüquq sahibi olan cavabdeh arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, adına order verilməmiş, eləcə də iddiaçı həmin mənzildə yaşamamışdır. Iddiaçının özünə məxsus şəxsi evi olmaqla, şəxsi evində yaşayır. Müxtəlif vaxtlarda fərqli-fərqli ünvanlarda qeydiyyata alınmış iddiaçının iddia predmeti olan mənzildən istifadə hüququnun tanınması üçün heç bir qanuni əsas mövcud deyil. Iddiaçının adına həmin mənzilə istifadə hüququnun qeydə alınması üçün heç bir hüquqmüəyyənedici sənəd verilməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Apellyasiya şikayətinin dəlilləri:
5. Iddiaçı Quliyev Elman Təvəkkül oğlu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş sənədlərə istinad edərək, iddianı əsassız olaraq rədd etsə də, işin faktiki hallarını araşdırmamışdır. Onun qeydiyyat ünvanı sözügedən mənzil olmasa belə, 1990-cı ildən həmin mənzildə yaşayır və hal-hazırda da ailə üzvlərilə birgə yaşamaqdadır. Məhkəmə onun həmin ünvanda yaşamaması qənaətinə gələrkən cavabdehlər tərəfindən təqdim edilmiş etiraza əsaslansa da, həmin ünvana gedərək yerində baxış keçirməmiş və onun həmin ünvanda yaşayıb-yaşamadığını araşdırmamışdır. Halbuki, o, həmin ünvanda yaşamaqla özünə məxsus əmlakları da həmin mənzildədir. Bundan başqa, məhkəmə yenə də, cavabdehin təqdim etdiyi etiraza əsaslanaraq, onun şəxsi evinin olması qənaətinə gəlməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, cavabdeh iddia ərizəsinə etirazda onun şəxsi evinin olmasını qeyd etməsi onun başqa ünvanda yaşaması anlamı verə bilməz. Onun fərdi yaşayış evi olsaydı belə, sözügedən mənzildə yaşaması orada təmir və abadaşdırma işləri aparması, eləcə də həmin mənzilə dair kommunal və digər xərcləri ödəməsi onun məhz həmin ünvanda daimi yaşamasının təkzibedilməz sübutudur. Məhkəmə isə onun tərəfindən təqdim edilmiş subutları nəzərə almadan və onlara qətnamədə heç bir münasibət bildirmədən cavabdeh tərəfindən təqdim edilmiş əsassız sübutlara istinad edərək onun hüquqlarını pozmuşdur. Həmçinin, məhkəmə onun həmin mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədlərinin olmamasını qeyd etsə də, o, sözügedən mənzilə dair hüquqmüəyyənedici (çıxarış, order və s.) verilməsini yox, məhz həmin mənzilə istifadə hüququnun tanınmasını xahiş etmiş, bununla da cavabdehlərin və üçüncü şəxslərin mülkiyyət hüququ pozulmur. X4 həmin ünvandan çıxması və hara köçməsi məlum olmadığından və onunla razılığa gələrək mənzili ona təhvil verdiyindən, eləcə də onun həmin ünvanda 35 il yaşaması, həmin mənzilə istifadə hüququnun yaranması üçün əsasdır. Göründüyü kimi, məhkəmə onun qanunla qorunan mülkiyyət (gözlənilən mülkiyyət) hüququnu pozaraq əsassız qətnamə çıxarmışdır. Həmçinin, məhkəmə hazırki hüquq münasibətlərinin 1990-cı ildən yaranmasına baxmayaraq, həmin dövrdə qüvvədə olan qanunvericiliyin normalarına istinad etmədən, onun qanunla qorunan hüquqlarını pozaraq, əsassız nəticəyə gəlmişdir. Eləcə də, məhkəmə tərəfindən həmin mənzilin onun yeganə və daimi yaşayış yerinin olması nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Iddiaçı Quliyev Elman Təvəkkül oğlu məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; -152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; -152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Hazırkı işdə iddia təmin edilmədiyindən və qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Iş materiallarında olan Bakı şəhər Icra Hakimiyyəti MKTD-nin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, Quliyev Elman Təvəkkül oğlunun yaşayış sahəsinin adına rəsmiləşdirilməsi barədə müraciətinə baxılmışdır. Bildirilmişdir ki, dövlət mənzil fondu evlərində yaşayış sahəsinin kirayə müqaviləsi, yaşayış sahəsi orderi əsasında bağlanır. Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, Şamaxı yolu *D saylı evin *** saylı mənzilinin onun istifadəsinə verilməsi barədə order təqdim edilmədiyindən E.Quliyevin xahişini təmin etmək mümkün olmamışdır.
16. Iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin ## #### 2025-ci il tarixli məktubundan görünür ki, Quliyev Təvəkkül Hüseyn oğlu ünvan 1 ünvanda faktiki məskunlaşmışdır.
17. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ## #### 2025-ci il tarixli məktubundan görünür ki, ##.##.1948-ci il təvəllüdlü X4 dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında məlumat qeydə alınmamışdır.
18. Iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ## ######## 2025-ci il tarixli məktubundan görünür ki, «Giriş-çıxış və qeydiyyat» idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (IAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, ##.##.1948-ci il təvəllüdlü X4 2001-ci ilə qədər dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. ##.##.1948-ci il təvəllüdlü X4 ##.##.2002-ci il tarixdən ##.##.2025-ci il tarixədək dövlət sərhədindən hərəkəti barədə IAMAS bazasında məlumat qeydə alınmamışdır.
19. Iddiaçının apellyasiya şikayətində qeyd etdiyi əsas dəlil ondan ibarətdir ki, o ailəsi ilə birlikdə 1990-cı ildən mübahisəli mənzildə yaşayır. Həmçinin, o, şikayətində qeyd edir ki, sözügedən mənzildə təmir və abadaşdırma işləri aparmış, həmin ünvanda yaşamaqla özünə məxsus əmlakları da həmin mənzildədir, həmin mənzilə dair kommunal və digər xərcləri ödəməsi onun məhz həmin ünvanda daimi yaşamasının təkzibedilməz sübutudur.
20. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Lakin iş materiallarında iddiaçının mübahisəli mənzilə dair istifadə hüququ verən hər hansı rəsmi sənəd müəyyən olunmur. Həmin mənzil hazırda dövlət mənzilə fonduna aid olmaqla Qaradağ rayon Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansında və *** saylı Mənzil-Kommunal Istismar Sahəsinin xidməti dairəsindədir.
21. Həmçinin, iş materiallarından göründüyü kimi, həmin mənzilin sonuncu icarəçisi X4b və həmin şəxsin qeydiyyatdan çıxması və hara köçməsi barədə məlumat yoxdur.
22. Bundan əlavə, iddiaçının mübahisəli mənzildə təmir və abadlaşdırma işləri apararaq ailəsi ilə birlikdə yaşaması iş materialları ilə təsdiq olunmur. Əksinə, iş materialları ilə sübut olunur ki, iddiaçı başqa ünvanda qeydiyyatda olmaqla özünə məxsus olan fərdi yaşayış evində yaşayır.
23. Iddiaçı apellyasiya şikayətində həmçinin qeyd edir ki, hazırki hüquq münasibətlərinin 1990-cı ildən yaranmasına baxmayaraq, birinci instansiya məhkəməsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin normalarına istinad etmədən, onun qanunla qorunan hüquqlarını pozaraq, əsassız nəticəyə gəlmişdir.
24. Iddiaçının bu dəlilinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisəli mənzildə hər hansı dövrdə yaşaması iş materialları ilə sübuta yetirilmədiyindən və onun hazırki dövrdə məhkəməyə müraciət etdiyini nəzərə alaraq birinci instasiya məhkəməsi hazırda qüvvədə olan qanunvericiliyin normalarına istinad edərək düzgün nəticəyə gəlmişdir. Buna görə məhkəmə kollegiyası iddiaçının bu dəlilini də əsassız hesab edir.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Dövlət mülkiyyətində olan mübahisəli mənzildən istifadə hüququnun tanınması üçün heç bir əsas yoxdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Iddiaçı Quliyev Elman Təvəkkül oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov