Məhkəmə qərarları › İş №2(3-7)-102/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-102/2026

06.04.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-102/2026 06.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə (Açar sözlər: subroqasiya qaydasında pul tələbi) Hakimlər X5 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 qızının katibliyi, Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2025-ci il tarixli Pİ0031/25 saylı işə dair sığorta aktının, ##.##.2025-ci il tarixli daşınmaz əmlaka dəymiş zərərə dair ekspert rəyinin surətlərindən görünür ki, İddiaçı ASC-də sığortalı olan Əsədov İldırım Əli oğluna məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən evə subasma nəticəsində 2046 manat zərər dəymiş və həmin zərər İ.Ə.Əsədova ödənilmişdir.

2. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № *******, qeydiyyat nömrəsi 1618019702, qeydiyyat tarixi ##.##.2018 olan çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən evin dövlət reyestrində * nömrəli reyestr kitabının *** nömrəli vərəqində İ.Ə.Əsədovun adına qeydə alınmışdır.

3. ##.##.2024-cü il tarixli əmlakın sığortası şəhadətnaməsinin surətindən görünür ki, İ.Ə.Əsədova Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən ev ##.##.2024-cü il tarixdən ##.##.2027-ci il tarixədək İddiaçı ASC-də sığortalı olmuşdur.

4. ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il tarixli aktların surətlərindən görünür ki, İ.Ə.Əsədova məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən evin dəhliz, mətbəxt və yataq otaqlarına Cavabdeh yaşadığı həmin binanın 8-ci mərtəbəsində, ev 14, mənzil 23-də yerləşən evinin hamamında su çəninin daşması nəticəsində su axaraq zərər dəymişdir.

5. İddiaçı tərəfin cavabdehə ünvanladığı bildirişin surətindən görünür ki, dəymiş zərərin əvəzinin ödənilməsi ona bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir.

6. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim M.Ş. Niftəliyev) iddianın təmin edilməsi, Cavabdeh 2046 manat və 40,46 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2086 (iki min səksən altı) manat 46 (qırx altı) qəpik tutularaq, İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, İ.Ə.Əsədova məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən evin dəhliz, mətbəxt və yataq otaqlarına Cavabdeh yaşadığı həmin binanın 8-ci mərtəbəsində, ev 14, mənzil 23-də yerləşən evinin hamamında su çəninin daşması nəticəsində su axaraq 2046 manat zərər dəymişdir. Həmin məbləğ İddiaçı ASC tərəfindən İ.Ə.Əsədova ödənilmişdir. Belə olan halda, İddiaçı ASCnin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdehdan tələb etmək hüququ vardır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124, 284.1, 284.5.1-284.5.3-cü maddələrinə istinadla əsaslandırılmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il, e-2(013)- ****/**** saylı qətnaməsindən ## ###### 2025-ci il tarixdə icra şöbəsi tərəfindən çağırılan zaman məlumatı olmuş və ##.##.2025-ci il tarixdə qətnaməni rəsmi qaydada əldə etmişdir. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il, e-2(013)- ****/**** saylı qətnaməsi ilə tam razı deyil. Məhkəmə tərəfindən göndərilən sənədlər ona təqdim olunmadığından kiçik iddiaya etirazını və iddia ilə bağlı sübutları təqdim edə bilməmişdir. Həmçinin məhkəmə qətnaməsi poçt tərəfindən təqdim olunmamışdır. Bu səbəbdən də, vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Məhkəmənin diqqətinə çatdırmışdır ki, ailə üzvləri ilə birlikdə Tərtər rayonu, Qaradağlı kəndində yaşayır. Mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil ** nömrəli evi vardır. Mənzil binanın 8-ci mərtəbəsində yerləşir. Həmin evdə yaşamırlar, hərdən gedib qalırlar. Həmin binanın su xəttində, ana xətdə, şaxta hissədə, yəni binanın üstündə qəza baş vermiş, yəni ana xətt partlamış və nəticədə su axaraq, 9-cu mərtəbəyə və oradan aşağı mərtəbələrə su axmışdır. Nəticədə həm 9-cu mərtəbə, həm 8-ci mərtəbə və ondan aşağıda yerləşən mərtəbələrdə yerləşən bəzi mənzillərə maddi zərər dəymişdir. Baş vermiş hadisə nəticəsində onun da mənzilinin divarları yuxarı mərtəbədən su axması nəticəsində zədələnmişdir. Bu bütün binada yaşayan sakinlərə məlumdur. Qətnamədə qeyd edilmişdir ki, ona məxsus mənzilin hamamında su çənin daşması nəticəsində su axaraq hadisə baş vermişdir. Bu, tamamilə yalandır. Binanının ana su xəttinin zədələnməsinə və vurulmuş zərərə görə o, cavabdeh deyildir. Mülki qanunvericiliyə görə, zərər zərərvuran tərəfindən ödənilməlidir. Məhkəmə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün, məhkəmə baxışı zamanı sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış və həmin sübutlar əsasında hüquq normalarına müvafiq qiymət verməyərək, Azərbaycan Respublikası MPM-nin 76 və 88-ci maddələrinin tələbləri pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, onların mənzili 8-ci mərtəbədə, ziyan dəyən mənzil isə 6-cı mərtəbədə yerləşir. Sözügedən ziyan, hansı ki 6-cı mərtəbədə yerləşən mənzilə suyun axması ana xəttin onların mənzilinə su təchiz edən borusunun çatlaması ilə baş vermişdir. Bundan sonra, onların iştirakı olmadan sığortadan nümayəndələr çağırılmış və 2100 manat cərimə təyin edilmişdir. Mənzilin həyat yoldaşının mülkiyyətində olmasına dair çıxarışı mövcuddur. Təyin olunan cərimə məbləğinin azaldılmasını xahiş etmişdir.

13. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin tərəf (nümayəndəsi) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 936.1.Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.

16. Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh apellyasiya şikayətində qətnaməni bütvlükdə mübahisələndirdiyindən qətnamənin əsaslığı tam olaraq yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası cavabdehin etibarnamə üzrə nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, işdə olan sübutlarla müəyyən olunur ki, İ.Ə.Əsədova məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-də yerləşən evin dəhliz, mətbəxt və yataq otaqlarına Cavabdeh yaşadığı həmin binanın 8-ci mərtəbəsində, ev 14, mənzil 23-də yerləşən evinə subasma nəticəsində 2046 manat zərər dəymişdir.

21. İş materiallarından da göründüyü kimi, bu hadisə sığorta hadisəsi kimi dəyərləndirilmiş, həmin məbləğ zərərçəkmişin sığorta müqaviləsi əsasında sığortaçı İddiaçı ASC tərəfindən İ.Ə.Əsədova ödənilmişdir.

22. Qanunvericiliyin istinad olunan müvafiq normalarından göründüyü kimi, sığorta ödənişi həyata keçirildikdən sonra sığortaçı zərərçəkmiş sığortalı və ya faydalanan şəxsin zərərin vurulmasında təqsirli olan şəxsə qarşı tələb hüququnu subroqasiya qaydasında əldə edir.

23. İşdə olan sübutların təhlili ilə müəyyən olunur ki, İ.Ə.Əsədova məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 14, mənzil 17-ə cavabdeh Cavabdeh yaşadığı həmin binanın 8-ci mərtəbəsində, ev 14, mənzil 23-də yerləşən evinə cavabdehin yaşadığı evdən su axıdılması nəticəsində maddi zərər dəymişdir. Bu halda, cavabdeh dəyən maddi zərəri ödəmək öhdəliyi daşıyır.

24. Cavabdeh tərəfin apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, işin araşdırılan halları ilə şikayətin dəlilləri təsdiqini tapmır.

25. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün olaraq nəticəyə gəlmişdir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

27. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin olunmasın. Ağdam Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar